Modern.az

Bizimkilər - Aygün Muradxanlı: Bir yazımla bağlı yaşadıqlarımı heç vaxt unutmayacam” - MÜSAHİBƏ

Bizimkilər - Aygün Muradxanlı: “Bir yazımla bağlı yaşadıqlarımı heç vaxt unutmayacam” - MÜSAHİBƏ

Media

10 Aprel 2019, 09:30

“Qəzetçi faktla işləyirsə, zaval görməz”

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Növbəti qonağımız tanınmış jurnalist Aygün Muradxanlıdır.


Aygün Muradxanlı Bakıda doğulub, BDU-nun Jurnalistika fakültəsini bitirib. Birinci kursun ikinci semestrindən – 1991-ci ildən işləməyə başlayıb. İlk iş yeri Səhiyyə Nazirliyinin “Şəfqət” qəzeti olub – makinaçı. Bir neçə ay “Şəfqət”də işləyəndən sonra Azərbaycan Xalq Cəbhəsinin mətbuat xidməti ilə əməkdaşlığa başlayıb, yeni yaranan qəzetlər üçün reportajlar yazıb. 1992-ci ildə artıq ölkəyə səs salan “Press-fakt” qəzetinin yaradıcı heyətində idi, siyasi gündəmin mərkəzi olan parlamentdən reportajlar hazırlamağa başlamışdı.
1993-cü ildə “Yeni Müsavat”ın parlament müxbiri olub. Ardınca yolu “Azadlıq” qəzetindən, Turan İnformasiya Agentliyindən, “Bakinskie vedomosti”dən, Azadlıq Radiosundan keçib. 2012-də yenidən “Yeni Müsavat”a gəlib. İndi də ən çox Müsavat Media Qrupu ilə əməkdaşlıq edir. “Yeni Müsavat” üçün, Musavat.com üçün yazır. Bu yaxınlarda blogerliyə keçərək, Aygunmuradxanlı.com-u açıb.

İki qızı var. Böyük qızı Qərbi Kaspi Universitetində ingilis dili tərcüməçiliyi üzrə təhsil alır. İkinci kursu bitirir. Kiçik qızı isə bu il Türkiyədə ali məktəb imtahanlarına qatılacaq.

 

- İlk olaraq ənənəvi sualımızdan başlayaq. Necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?

 

- Xalam Mailə Muradxanlı ölkənin tanınmış jurnalistlərindən idi. O, mənim xalam yox, həm də idealım olub. Bəzən soruşurlar, niyə xalanla eyni soyadı daşıyırsan? Həyat elə gətirdi ki, məni də onun anası Zabitə xanım yetişdirdi, pasport alanda ana babamın soyadını götürdüm. Muradxanlılar 150 ilə yaxındır Azərbaycanın ictimai-siyasi həyatındadırlar. Babamın əmisi İbrahim bəy Muradxanov çar Rusiyası dönəmində Dumanın 4 azərbaycanlı deputatından biri olub. Cümhuriyyət dönəmi, sovet işğalı, 30-cu illərin repressiyası bizim ailədən yan keçməyib. Göz açandan evimizdə polemikalar görmüşəm, siyasi quruluşların ailəmizə qazandırdığı uğurlar və məhrumiyyətlər haqqında xatirələri eşidərək böyümüşəm. Ona görə jurnalistikanı seçməyim təbii prosesin sonucu da sayıla bilər. 5 yaşımda yazıb-oxuyurdum. “Kommunist”, “Bakı” qəzetlərini köçürmək sevimli məşğuliyyətim idi. Anam dil-ədəbiyyat müəllimidir. Hər dəfə o, evdə şagird dəftərlərinin üstünü yazanda, istəyirdim mənə də versin. Anam deyirdi, nə zaman xəttin gözəl olar, səhvsiz yazmağı öyrənərsən, onda verərəm. Çıxış yolunu hər gün poçtalyonun evimizə gətirdiyi qəzetləri köçürməkdə tapmışdım. İndi də hadisələr, məkanlar yadımda daha çox qoxu ilə asossasiya olunur. Görünür, mən həm də o təzə qəzet qoxusunun təsirindən çıxa bilmədim. İndiyə qədər ailə üzvlərimiz bir yerə yığışanda uşaqlığımda mənə siyasi liderlər haqqında verdikləri sulları, mənim cavablarımı yada salıb gülürlər. Qəzetləri o qədər köçürmüşdüm ki, bütün siyasi liderlərin vəzifələrini əzbərləmişdim. 5 yaşlı uşağın Leonid İliç Brejnevin Sov.İKP Mərkəzi Komitəsinin baş katibi, Siyasi Büronun üzvü olmasını deməsi böyükləri əyləndirirdi. Beləcə, qəzet köçürməkdən “qəzet yazmağa” doğru gedirdim. Orta məktəbin son siniflərində oxuyanda artıq Sovetlər Birliyi dağılmaq ərəfəsindəydi. Ermənistanın Azərbaycana təcavüzü başlamışdı, milli düşüncə yenidən dirçəlirdi, müstəqillik ideyası sürətlə yayılırdı və media bu prosesin aparıcı gücü idi. Biz məktəbi 20 Yanvar faciəsindən bir neçə ay sonra bitirdik. O zamankı informasiya blokadası xəbərin, xəbərçiliyin önəmini artırmışdı. Bu dalğada mən də qəzetçiliyi seçdim.

 


- Bir çox həmkarınız fəaliyyətini ölkə xaricində davam etdirir. Sizin də əlaqələriniz genişdir, heç ölkədən getmək barədə düşünmüsünüz?

 

- Tez-tez səfərlərdə oluram, amma heç zaman Azərbaycandan kənarda yaşamaq istəməmişəm. Bəlkə də özəl bir məcburiyyət olsaydı, gedərdim. Ancaq bu, heç zaman könüllü baş verə bilməz. Bizim nəsilin bir çox məsələlərdə bəxti gətirmədi. Qarabağ savaşının, müstəqil dövlət quruculuğunun ən ağır dönəmləri bizim kadr kimi yetişəcəyimiz illərə düşdü. Ali məktəbə daxil olduq, böyük bir imperiya dağıldı, ikinci respublika qurulmağa başladıq. Dərsliklər arxaizm toplusuna çevrildi, yenisini yazmağa para yox, savaş ölkə həyatını iflic edib, siyasi çaxnaşmalardan sistem quruculuğuna zaman yox... Bu təlatümlər yalnız biz ali məktəbi bitirəndən sonra sakitləşdi. Ona görə bizim nəsil özünü şəxsi nümunələrlə - partiya məclislərindəki dartışmalarla, ictimai xadimlərin çıxışları ilə, azad mediada aydınların yazdıqları ilə yetişdirməyə məcbur oldu. 5-10 il sonra doğulsaydım, yəqin mən də yaxşı təhsil ardınca xaricə gedərdim. Ölkəmə qayıtmaq şərti ilə...

 

- Peşəkar jurnalistsiniz, jurnalistikamızın indiki vəziyyətindən danışmağınızı istərdik.

 

- Peşəkar jurnalistlər arasında bu suala müsbət cavab verə biləcək bir nəfər də tanımıram. Jurnalist etikası haqqında elementar bilgisi olmayanların internetin verdiyi azadlıqdan sui-istifadə edib ziyanlı informasiyaları tirajlaması bu sahədə dərin yaralar açıb. Bir an öncə həm elektron, həm çap mediasında qayda-qanun yaratmaq gərəkdir.

 

- Bir müddət əvvəl sayt açmışdınız, amma bağlandı. Saytınızın bağlanmağına səbəb nə idi?

 

- Korrespondent.az saytını qısa müddət saxlaya bildik – təxminən yarım il. Dünyada azad media reklam üzərində qurulur və böyüyür. Azərbaycanda mediada reklam bazarı tamamilə qapalıdır. Təbii, əlaqələr var, biz asılılıqla yaşaya bilərdik. Amma bu, keyfiyyətə təsir edəcəkdi. Buna getmək istəmədik.

 


- Öz blogunuz var, yazılarınız blogdan daha çox oxunur, yoxsa saytlardan?

 

- İnternetin imkanları genişdir. İstənilən yazını günlük 15-20 dollarla yüzminlik səhifələrdə tirajlamaq olur. Bundan başqa, hər yazarın öz auditoriyası var. FB səhifəmdə izləyicilərimin sayı 13 minə yaxındır – 5 min dostumu, 8 min də izləyicimi nəzərdə tuturam. İnstagram da həmçinin... Yəni ortada tanınan imzaların gündəmə uyan yazısı varsa, tirajı toplamaq problem deyil.

 

- Jurnalist üçün bütün yazıları önəmlidir, ilk yazdığınız yazıdan danışa bilərsiniz?

 

- İlk yazdığım yazı yəqin məktəbin divar qəzeti üçün olub – mövzusu yadımda deyil. Ancaq qəzetçiliyə başladığım ilk dönəmlərdə bir yazımla bağlı yaşadıqlarımı heç vaxt unutmayacam. "Azadlıq" qəzetində çalışırdım. Bu qəzet jurnalistikanı seçənlər üçün etalon idi. Hikmət Sabiroğlunun necə redaktor olmasını “köhnə qəzetçilər” bilir – yazını çox diqqətlə oxuyar, bəzən qələmi ilə yazının altını üstünə çevirər, hər sözün üstündə əsərdi. Hikmət bəyin redaktəsindən kimin yazısı az düzəlişlə çıxırdı, az sonra avtoritet olurdu. Çeçenistan savaşının qızğın dönəmi idi. Səhrə komandirlərindən Əhməd Zakayev Bakıyadaydı. Görüşüb müsahibə almışdım. Yazını redaktora verib, kənardan redaktə prosesini izləməyə başladım. Hikmətin yaşıl qələmi sətirlərin üzərindən enir, amma o, heç bir düzəliş etmirdi. Ortada gördüm ki, deyəsən, artıq yazını redaktor kimi yox, oxucu kimi oxuyur. Bitirib, başını qaldıranda otaqda olduğumu fərq elədi. “Azadlıq” qəzetinin Xaqani,33-dəki redaksiyanın siyasət şöbəsi böyük bir otaqda yerləşirdi. Baş barmağını yuxarı qaldırıb “əla” işarəsini göstərəndə bayaqdan içimə çəkdiyim nəfəsdən rahatlıqla azad olmuşdum. Yazını ondan alıb qəzetin səhifələndiyi otağa – yığıcıların yanına necə uça-uça getdiyim indi də yadımdadı.

 

- Jurnalistika sahəsində kifayət qədər tanınırsınız. Heç deputatlığa namizədliyinizi irəli sürmək barədə də fikirləriniz olub?

 

- Mediada karyerasını quran hər bir yazar millətin sözçüsüdür. Uzun illər həm siyasəti, həm də sosial təbəqələri daha yaxından izləmək imkanı qəzetçiliklə ciddi məşğul olanlara ölkəyə, ölkədə və dünyada gedən proseslərə daha yaxından bələd olmaq imkanı qazandırır. Qanunlar nə üçündür? Vətəndaşa daha keyfiyyətli həyat qazandırmaq üçün. Topluma daha dərindən bələd olanların qanun yaradıcılığında iştirakı, sözsüz, bu prosesi sürətləndirər. Millət vəkilliyi son dərəcə məsuliyyətli işdir. Mili Məclisin ən fəal və seçicisi tərəfindən sevilən üzvlərindən Qənirə Paşayeva qəzetçilikdən parlametə keçidin ən gözəl örnəklərindən birini yaradıb. Düşünürəm, bu ənənəni yaşatmağa dəyər. Amma qərarım seçkiöncəsi prosesdən asılı olacaq.

 


- Övladlarınıza tərbiyə verərkən hansı məqamlara diqqət etmisiniz?

 

- Dostluğa, şəffaf münasibətlərə. Ailəmizdə qadağan olunan mövzu demək olar, yoxdur. Bəzən onlar yaxın çevrələrindəki gənclərin çox sadə həyat hadisələri haqqında “atam, anam bu məsələri bizim yanımızda danışmırlar” sözlərinə təəccüb və gülüşlə reaksiya verirlər. Onlara ən əsası seçməyi öyrətməyə çalışmışam. Amma basqı ilə yox, təcrübə ilə. Çünki kiçik yaşlarında xırda məsələrlərlə bağlı qərar verə bilməyənlərin vacib məsələlərdə doğru seçim edəcəyinə inanmıram. Əgər uşaq 15 yaşında hündürdaban ayaqqabı geymək eşqinə düşübsə, sən ona hündür dabanın onurğanı əymə, ayaq əzələlərində yorğunluq yaratmaq ehtimalı haqqında 3 gün mühazirə oxusan da, mənası olmayacaq. O ayaqqabını sadəcə almaq gərəkdir. Geyinəndən 20 dəq sonra nə demək istədiyinizi anlayacaq. 3-4 belə təcrübədən sonra övladlar böyüklərin daha çox bildiyinə inanmağa başlayırlar. Amma yanlış qərarı hər fürsətdə yada salmağı da doğru saymıram. Bu dostluğu pozar. Deyəndə də zarafatla, yumşaq... Münasibətləri belə qurmağa çalışmışam. Hələlik sonuclardan razıyam.

 

- Yazdıqdan sonra peşmançılıq çəkdiyiniz yazılar olub?

 

- Yox. Belə yazım yadıma gəlmir. Hərdən yolum Mərkəzi Kitabxanaya düşür. Köhnə qəzetləri vərəqləyəndə öz yazılarım da qarşıma çıxır, təbii. Bu gün də hamısının altına imzamı çəkinmədən qoyaram.

 



- Dünyanın neçə ölkəsində olmusunuz? Getdiyiniz ölkərə jurnalist kimi səyahət etmisiniz, yoxsa sıradan bir turist kimi?

 

- Təbii, ölkədən turist kimi də çıxmışam, amma daha çox qəzetçi kimi səyahət etmişəm. Türkiyə, Gürcüstan, Ukrayna, Fransa, Almaniya, Rusiya.. xeyli ölkə gəmişəm. Səyahət insana stimul verir. Gəzirsən, görürsən, zənginləşirsən, özün də nələrsə yaratmaq haqqında düşünürsən. Qəzetçi üçün bunun üzərinə bir də yazılacaq mövzuları gəlin. Hər səfərdən qayıdanda bəzən növbəti səfərə qədər diktafonumda müsahibələr qalır. Bəzən bilərəkdən saxlayıram, məqamını gözləyirəm. Bəzən vaxt darlığından yazmaq imkanım olmur. Səfərlərə həm də yaxşı örnəkləri ölkəmdə təbliğ etmək şansı kimi baxıram. Ona görə də istər turizm olsun, istər işgüzar səfər, yol mənim üçün yeni informasiyalarla tanışlıq şansıdır.

 


- Saytlar, qəzetlər və televiziyalar bayağı məsələləri önə çıxardığı üçün tənqid olunur. Bayağı məsələləri önə çıxarmaq cəmiyyətin tələbidir, yoxsa bu tələbi mətbuat formalaşdırır?

 

- Burada bir faktoru əsas götürmək doğru deyil. Bu gün heç bir məsuliyyət hissi dərk etmədən ziyanlı “xəbər” yayanların və onları sosial şəbəkələr üzərindən paylaşanların kimliyini araşdırsanız, onların çox aşağı biliyə sahib, elementar etikadan xəbərsiz, dar düşüncəli insanların olduğunu görəcəksiniz. Ancaq bu o demək deyil ki, bu sahəyə məsul insanlar prosesi nəzarətsiz qoymalıdırlar. Bir neçə gün öncə Space telekanalı cərimələndi. Bu yaxşıdır. Amma Azərbaycan efirində ədəbsizlik yayan, bayağı söhbətlərə, mahnılara meydan verən verilişlər, dəfələrlə saxtalığı işfa edilən tok-şoular qalırsa, bir nümunə reallığı dəyişmək gücündə olmayacaq. Kompleks yanaşma olmasa, bu sürəc çox uzun çəkə bilər.

 

- Yazılarınıza görə sizə hədə-qorxu gələnlər olub?

 

- Qəzetçi faktla işləyirsə, zaval görməz. Fakt olmadan, subyektiv düşüncələrlə konkret ünvanlara yüklənmək tərzim deyil. Amma faktla yazanda da qıcıqlananlar, özünü düzəltməkdənsə, güzgünü sındırmaq istəyənlər olur. Milli Məclis üzvlərindən birinin fəaliyyətini tənqid etdiyim üçün bir müddət köməkçiləri və yaxın çevrəsinin hədələri ülə üz-üzə qaldım. Heç bir özəl faktor olmadığı üçün geri çəkilmədim. Qanun yaradıcılığı ilə məşğul olmaq yerinə bəddi səviyyəsi yerlərdə sürünən şeirlərinə bayağı mahnılar yazdırıb gündəmə gələn şəxslə çəkişmələrimiz uzun sürmədi – qarşılıq verəcək arqumenti olmadığı üçün susmağa məcbur oldu.

 

- Nə baş versə jurnalistikadan getməyə qərar verərsiniz?

 

- Jurnalistika ilə ciddi məşğul olmaq zamanla onu həyat tərzinə çevirir. Meydan daralanda yazmaq həvəsi azala bilər, amma bu qələmdən birdəfəlik imtina düşüncəsi yaratmır. Çünki, jurnalistikaya tramplin kimi baxmayıb bu peşəyə gerçəkdən xidmət edənlər toplumu yazmaqla, deməklə sağlamlaşdıracaqlarına inananlardır. Özümü bu sırada gördüyümçün fərqli bir iş haqqında düşünmürəm. Amma zaman başqa reallıqlar da ortaya çıxara bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi