Modern.az

Musa Qasımlı: “Əgər Rəsulzadə bu gün sağ olsaydı, İlham Əliyevə müxalif olmazdı” - MÜSAHİBƏ

Musa Qasımlı: “Əgər Rəsulzadə bu gün sağ olsaydı, İlham Əliyevə müxalif olmazdı” - MÜSAHİBƏ

Müsahibə

16 Aprel 2019, 10:29

Deputat: “İnsanları mitinqə çağıranlar  xaos yaratmağa çalışırlar”


“Övladlarımla bağlı iki məsələdə güzəşt olmayıb: dərs və tərbiyədə”

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Musa müəllim, pedaqoq kimi də fəaliyyət göstərirsiniz, gənclərlə işləmək, ünsiyyətdə olmaq  çətindirmi?

- Bütün suallarınıza tam səmimi cavab verəcəyəm. Heç bir zaman gənclərlə işləmək çətin deyildir. Sadəcə, yolunu düzgün tapmaq lazımdır. Öz təcrübəmdən bəzi nümunələr söyləyim.  Universitetin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib Yardımlıda orta məktəbdə müəllim işləmişəm. Şagirdlərimə gənc dostum olaraq baxırdım. Tarix dərsini yazı taxtasında izah edirdim. Şagirdlərin bir çoxu növbəti dərsi elə sinifdə öyrənirdi. Onların heç də hamısına gələcəkdə ali məktəblərə daxil olan tələbə kimi baxmırdım. Şagirdlərin hamısı elm adamı, dövlət qulluqçusu ola bilməz. Bir sinifdən ancaq bir neçə şagird gələcəkdə alim ola bilər. Çətin olsa və  zaman aparsa da, onlara fərdi yanaşırdım. Bugünkü dövr də müəllimdən şagirdə yanaşmada xüsusi məharət tələb edir. Çünki şagird hər şeydən əvvəl, şəxsiyyətdir. Sabah gəlib səninlə bir yerdə çalışa bilər.

Orta məktəbdə iki ilə yaxın işlədikdən sonra BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasına qəbul olundum. Aspiranturanın ikinci kursundan artıq saathesabı seminar dərsləri aparırdım. Tələblərlə mənim aramda 5-6 yaş fərqi olurdu. Axşam və qiyabi şöbələrində məndən yaşca böyük olan tələbələr də var idi. Onlar da mənə xüsusi ehtiramla yanaşardılar. Mühazirə dərslərimdə tələbələrlə aşağıdakı şərtlərimi kəsirdim:
Birincisi, mənim dediklərimi olduğu kimi qəbul etməyin, etiraz edin, analitik düşünün. Rəqəmlər, xronologiya təhlil edilmədikdə cansıxıcı olur. Elm bir müəllimin mühazirəsi ilə inkişaf edə bilməz. Bütün insanlar heç bir zaman eyni cür düşünə bilməzlər. 
Sovet dövründə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və ya ideologiya məsələlərinə baxan katib bir fikir səsləndirirdi. İctimai elmlər sahəsində çalışan alimlər də onu əsaslandırmağa çalışırdılar.  Bu, vahid düşüncəyə, qəlib halına gətirib çıxarırdı. Sovet dövründə başqa cür də mümkün deyildi. Ancaq dünya heç vaxt bir düşüncə ilə irəli gedə bilməz. İnkişafın qanunauyğunluqları var: əksliklərin vəhdəti və mübarizəsi. Dünya yaranandan etibarən gecə-gündüz, xeyir-şər, müsbət-mənfi, pis-yaxşı daim olub. Dünyanın inkişafının təməli bundadır. Əkslikləri və ziddiyyətləri aradan qaldırmaq mümkün deyil, ancaq əsas məsələ onların necə həll edilməsidir: inqilab, dağıdıcılıq yolu ilə, yoxsa təkamül, islahatlar yolu ilə? Cəmiyyət təkamül, islahatlar yolu ilə inkişaf etməlidir. İnqilab qan, fəlakət gətirir. Müəllim hər şeyi öyrədə bilməz, öyrənməyin yolunu öyrədər. 

İkincisi, nə qədər sualınız varsa, verin. Yaxşı bildiyimi izah edəcəyəm. Zəif bildiyimi zəif izah etsəm də, növbəti dərsdə yaxşı izah edəcəyəm. Bilmədiyimi öyrənib gəlib cavab verəcəyəm. Əgər hansı müəllim deyirsə ki, hər şeyi bilir, o, məsələni dərindən bilmir. Bir dərs kitabını yaxşı bilmək olar. Elm isə hüdudsuzdur. 

Üçüncüsü, məndən sonra auditoriyaya heç kim daxil olmur. Auditoriyadan kimsə icazə alıb çölə çıxa bilməz. Yalnız qızlar istədiyi zaman çıxa bilərlər. Sağ olsunlar, məndən sonra auditoriyaya kimsənin daxil olduğunu xatırlamıram.


Tələbələrə aşağıdakı hadisəni danışdıqdan sonra mühazirəmə başlayardım: 

Bir dəfə professor mühazirəsini oxuduqdan sonra tələbələrə müraciət edir ki, kimin sualı var? Tələbələrdən biri sual verir. Həmin mövzu haqqında kifayət qədər dərin biliyi olmayan professor tələbəyə cavab verir. Daha sonra soruşur ki, başa düşdünmü? Tələbə deyir ki, professor, başa düşmədim. Professor yenidən izah edir və soruşur: başa düşdünmü? Tələbə yenə deyir ki, başa düşmədim. Professor üçüncü dəfə izah edir və yenə soruşur: başa düşdünmü? Tələbə deyir ki, xeyr. Professor deyir ki, sən cəhənnəmə başa düş, əsas odur ki, özüm başa düşməyə başladım. 

Tələbələrə deyirdim ki, əgər mühazirədə nəyi başa düşməyəcəksinizsə, o, sizin probleminiz deyil, mənim problemimdir. Əgər müəllim ən mürəkkəb məsələni sadə dildə tələbəyə izah edə bilmirsə, deməli, o mövzuya hakmi deyildir. Heç yadımdan çıxmır. Bəlkə də 15-20 ilin söhbətidir. Amerikaşünaslıq ixtisasında sonuncu dərsdə sinif nümayəndəsi olan Arzu adlı bir qız dedi ki, müəllim, biz təqdimat hazırlamışıq, ona baxaq. Dedim ki, olsun. Kompüteri işə saldılar. Oturub ekranda baxmağa başladıq. Onlar mənim bir ildə auditoriyada ən çox işlətdiyim ifadələri yazmışdılar. Mən auditoriyada daim deyərdim: “Sizdən generallar, dövlət adamları, nazirlər çıxacaq, siz möhtəşəmsiniz” və s. Tələbələrin hazırladığı təqdimatda son cümlə belə idi: “Siz möhtəşəm idiniz.” 

-  Bugünkü gənclər o şərtlərə tabe olurlarmı?

- İndi mən auditoriyaya az daxil oluram. Tələbələri vahid qəlibə qoymaq lazım deyil. Kim bir qrupda olan 25 tələbəyə gələcəyin alimi kimi baxırsa, yanlış düşünür. Çünki tələbələrin hamısı elm arxasınca  getmir. Onlar müxtəlif sahələrdə çalışacaqlar. Bir hadisəni danışım: Bir dəfə imtahan götürürdüm. Tələbələrdən biri dedi ki, sualların cavablarını bilmir. Nə üçün hazırlaşmadığını soruşdum. Dedi ki, qitədə keçirilən əlbəyaxa döyüş yarışında iştirak edib və birinci yerə yüksəlib. Tələbəyə sadə bir sual verdim: “Çempion olduğun zaman bayrağımız qaldırılanda dövlət himnimizi oxudunmu?”. Cavab verdi ki, bəli.  Himnimizi söyləməsini istədim. Oxudu. Dərhal qiymətini yazdım. O tələbə tarixçi alim, müəllim və ya dövlət qulluqlçusu olmayacaqdı. Onun faydası idman uğurları ilə Vətənə xidmət etmək idi



- Müəllim və tələbə münasibəti necə olmalıdır?

- Müəllim auditoriyaya ürəyini verməlidir. Tələbəni dərk etməlidir. Tələbə və müəllim ilk növbədə dost olmalıdır. Mən auditoriyada jurnaldan tələblərin adını və soyadını oxuyub qeydlər apardığımı xatırlamıram. Mühazirə mövzusunu yazar və imzamı qoyardım. Sinif nümayəndəsi isə dərsdə iştirak edib-etməyənlərin qeydiyyatını aparardı. Tələbələri oturduğu sıraya görə tanıyırdım. Seminar dərslərində bir neçə komanda yaradıb mövzuya dair diskussiya yaradardım. 

- Bizdə həmişə müəllim tələbənin biliyini qiymətləndirir.


- Çox vaxt özümə belə bir sual verirdim ki, biz həmişə tələbənin biliyini qiymətləndiririk, axı, bu ədalətsizlikdir, gərək təhsil alan da təhsil verəni, aldığı biliyi qiymətləndirsin. Ona görə də ilk dəfə olaraq tələbələrin mənim dərslərimi anonim qaydada qiymətləndirməsi üçün sorğu anket hazırlardım. Mühazirələrimin bitməsinə 2 həftə qalmış 75 nəfər tələbəyə həmin anketi paylayardım. Tələbələr keçdiyim dərslərə qiymət verirdilər. Bu, həm tələbələr, həm də mənim üçün faydalı idi. Tələblər özlərinə yeni münasibət görürdülər. Mən də oxuduğum mühazirələrin hansını onların əxz etdiklərini və etmədiklərini, səbəblərini bilməli və nöqsanları aradan qaldırmalı idim.  
Anket sorğusunda sonuncu sual davranışım barəsində olardı. Davranışımla bağlı suala bir dəfə anketdə belə cavab verilmişdi: “Sizin müəllim masasına söykənməyinizi bəyənmədim”. Bizim ən yaxşı müəllimlərimiz adətən masaya söykənib dərs deyirdilər. Bu, səmimi bir mühit yaradardı. Ancaq bir tələbə onu bəyənmədiyi üçün daha etmədim. Güc-bəla ilə müdafiə etmiş bir şəxs “mən professoram” deyib, özünü təkəbbürlü aparırsa, dərs zamanı əli cibində olursa, tələbə ilə özü arasında divar qurursa, tələblər ona necə ehtiramla yanaşa bilər?  Başa düşülməlidir ki, heç bir elmi ad və diplom adama ağıl, bilik və bacarıq vermir. Elm və təhsildə insanları bir-birindən diplom deyil, bilik, bacarıq, tərbiyə fərqləndirir. Müəllim, tələbəyə qarşı tələbkar olmalı, lakin onu gözüm-çıxdıya salmamalı, ruhlandırmalıdır. 

- Belə deyirlər ki, ali məktəblərimiz tələbə yetişdirə bilmir. Bu fikirlərlə nə dərəcədə razısınız?

- Bu, yanlış fikirdir. Dünyanın ən qabaqcıl universitetlərinə getsəniz orada azərbaycanlı müəllimlərə, professorlara, tədqiqatçılara rast gələrsiniz. Onlar Azərbaycan məktəblərində təhsil alıblar. Biz bugünkü inkişaf səviyyəmizə görə məktəbimizə, təhsilimzə borcluyuq. Əgər nöqsanlarımız varsa (onlar olub, var və bundan sonra da olacaq) bunun köklərini ailədə və təhsilimizdə axtarmalıyıq.  Müəllim dərsdə bütün bilikləri verə bilməz, bu, imkan xaricindədir, çalışmalıdır ki, Dövlət, Millət və Vətən məsələlərində tələbləri düzgün yetişsinlər. Bu gün bizim təhsilimizdə mövcud olan problemlərdən biri əsl vətəndaşların formalaşdırılması məsələsidir. Mən mühazirələrimə başlayarkən lövhədə iki ifadə yazardım: “Dövlət və Millət.” Deyərdim ki, biz Avropa və Amerika ölklərinin tarixinə dair mühazirələrdən ilk növbədə öyrənməliyik ki, onlar indiki inkişaf səviyyəsinə necə gəlib çıxıblar, böhranlardan necə xilas olublar, çətinlikləri necə dəf ediblər? 

- Ali məktəblərimizdən bir pedaqoq olaraq ürək dolusu danışdınız. Təəssüf ki, qeyd etdiyiniz müəllim tipini orta məktəblərdə görə bilmirik. Orta məktəbdəki son intihar hadisəsi müəllim laqeydliyini ortaya qoydu. 

- Təhsildə 3 əsas məsələ var: maddi-texniki baza, kadrlar və maliyyə-sosial məsələlər. Bu gün cənab Prezidentimiz İlham Əliyevin bilavasitə diqqəti nəticəsində və  Heydər Əliyev Fondunun xətti ilə ən müasir məktəblər tikilib.  Maddi-texniki təminat var. Bir zamanlar at ilə gedilən ən ucqar dağ kəndlərinə asfalt yol çəkilib, elektrik enerjisi problemi yoxdur. Təbii qazla təminat işləri davam etdirilir. Məktəblərdə müasir idman qurğuları, istilik sistemi var. Müəllimlərin maliyyə-sosial  problemlemləri də həll olunur. İş kadrların üzərinə düşür. Həmin məktəblərdə necə yaxşı dərs verməmək və necə yaxşı oxumamaq olar... Məktəblərdə ciddi qayda-qanun, intizam olarsa, yaxşı təlim, təhsil və tərbiyə də olar. 


- Sanki məktəblərdə şəxsiyyət yetişdirmək problemi yaranıb. Bunun həll yolu niyə tapılmır?

- Məsələyə olduğu kimi baxmaq lazımdır. Hər şeyi məktəbin üstünə yıxmaq düzgün deyildir. Şagird gününün çoxunu ailədə keçirir. Məktəbdə az olur. Ona görə ilk növbədə hər bir ailə övladının gələcəyini düşünməlidirlər. Məktəbdə isə bu problemin həlli birbaşa kadrlarla bağlıdır. Tarix boyu belə deyilib: “Hər şeyi kadrlar həll edir”.
 Əvvəllər  kənddə ən hörmətli, nüfuzlu şəxs müəllim idi.  Həmin dövrdə orta məktəbi yaxşı qiymətlə bitirənlər müəllim olmaq istəyərdilər. Kolxoz və sovxozlar dağıldıqdan sonra onlara hansısa yollarla rəhbərlik etmiş bəziləri bu dəfə məktəblərə doluşdular. Belə olduqda məktəbin yaxşı təhsil, təlim və tərbiyə verməsi, şəxsiyyət yetişdirməsində problem yaranar.  O zaman məktəbdə müəllim bir şagirdi cəzalandıranda evdə valideyni də cəzalandırırdı. Bu gün isə müəllim şagirdi cəzalandıran kimi az qala bütün valideynlər, qohum-əqraba məktəbə hücum çəkir. Axı, müəllim ömrünü-gününü valideynin övladının  təhslinə, təlim və tərbiyəsinə həsr edir. Valideyn də məktəblə maraqlanmalıdır. Valideyn-məktəb əlaqəsi sıx olmalıdır. 


-  Son vaxtlar məktəbdə baş verən intihar hadisəsi barədə nə deyərdiniz?

- Hər bir insan həyatı bizim üçün qiymətlidir. Ancaq bilirsiniz ki, insan övladı yaranandan bəri özünəqəsd, intiharlar olub, bu gün də var, sabah da olacaq. Onların qarşısını tamamilə kəsmək mümkün deyildir. Özünə qəsd etmək istəyən şəxs imkan tapan kimi bunu edəcək. Ancaq çalışmaq lazımdır ki, bizim cəmiyyətimizdə bunlar baş verməsin. İndi qloballaşma, internet dövrüdür. Amerikada baş verən hadisədən anındaca xəbər tuturuq. Uzağa getmək lazım deyil. Barak Obama kabinetində oturub bir dəqiqədən sonra Usama Bin Ladenə qarşı uzaq bir coğrafiyada həyata keçirilən əməliyyatı və necə öldürüldüyünü canlı izləyirdi. Dünya çox kiçilərək balaca kənd halına gəlib. Axına qarşı dayanmaq, qarşısını almaq mümkün olmadığndan prosesləri düzgün istiqamətə yönəltməyə çalışmaq lazımdır. Bu da birinci növbədə ailədən başlayır, sonra isə məktəbdə formalaşır. Hesab edirəm ki, yaxşı məktəb direktoru hər bir uşağın ailəsini tanımalıdır. Şəhər mühitində bu, çox çətindir. 1000-1500 şagirdin hamısının ailəsini  məktəb direktoru necə tanıya bilər? Ancaq sinif rəhbərləri hər bir ailəni tanımalıdır. Bu, onun vəzifə borcudur. Sinif rəhbərləri şagirdlərinin ailələrini tanımadıqca, problemlər olacaqdır. Müxtəlif proqramlar var ki, insanları özünə qəsdə təhrik edir. Bütün bunların hamısını təhsil sistemi və məktəblə bağlamaq düzgün deyil.  Hər şeyi olduğu kimi deməliyik. Heç bir övlad öz valideyninə görə məsuliyyət daşımır. Uşağın valideyni necədirsə, bunu uşağın başına qaxınc etməzlər. Bu, şagirdin günahı deyildir.

- Fərz edilir ki, orta məktəblərdə müəllimlərin şagirdlərdən  pul yığmaq ənənəsi dediyiniz məqamları kənara atır. Yəni müəllim və direktor pul yığmaq barədə düşünür.

- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, millətimizin gələcəyi təhsillə bağlıdır. Söylədiyiniz ənənə deyildir. Bizim millətdə belə bir iyrənc ənənə yoxdur. Bunlar yalnız  bəzi yanlış, xoşagəlməz təzahürlərdir. Dediyiniz halı  bütün təhsil sisteminə və məktəblərə aid etmək düzgün deyildir. Axı, rayon, kənd məktəblərində belə şeylər demək olar ki, yoxdur. Deməli, onları digər məktəblərdə də aradan qaldırmaq olar. Dərs verən şəxs təbiətinə görə müəllim doğulmalıdır. Hökumət məktəbləri tikir, hər şeylə təmin edir, deməli, bunun ardınca yeni kadrlar gəlməlidir. Bu proses inqilabi yolla olmaz, tədricən, təkalmül yolu ilə getməlidir.  Ancaq dünya təcrübəsində bəzən qəti addımların atıldığı da olub. Məsələn, 1957-ci ildə Sovet İttifaqı yerin ilk süni peykini buraxdıqda ABŞ hökuməti böyük təəccüblə bildirdi ki, axı, necə ola bilər, SSRİ süni peykini buraxır? Bunun səbəbi nədir?  Hakimiyyət onun səbəbini təhsil sistemində gördü. Nəticədə,  1937-ci ildə SSRİ-dəki repressiyalar 1950-ci illərdə Duayt Eyzenhaurein hakimiyyəti zamanı həyata keçirildi. Nə qədər köhnə düşüncəli, işini sevməyən, uşaqlara əzbərçilik öyrədən  müəllim vardısa, hamısı işdən çıxarıldı. 


- Təhsildən danışırıqsa dərslik məsələlərinə də toxunmalıyıq. Siz də dərslik müəllifi olmusunuz. Ancaq  problemlər tükənmir. Ya dərsliklər çox mürəkkəb yazılır, ya da tarixi faktlarla bağlı ciddi yanlışlıqlara yol verilir. Belə aydın olur ki, müəlliflər arasında fikir ayrılıqları mövcuddur. Biri digərinin fikrini həzm edə bilmir. Niyə təhsil üçün ortaq məxrəcə gəlmək mümkün deyil?

- Bu gün şagirdlərimiz milli dərsliklərimizlə təmin olunublar. Lakin dərsliklərin keyfiyyəti yüksək olmalıdır. Dərsliklər tez-tez yazılmamalı, ancaq daim təkmilləşdirilməlidir. Dərslik yazılmasına verilən mühüm prinsiplər vardır. İlk növbədə, həmin prinsiplərə ciddi riayət olunmalıdır. Metodlar müxtəlif ola bilər. Ancaq təməl prinsipləri adətən dəyişmir. İstər orta, istərsə də ali məktəblər üçün dərslik yazılanda mövcud tədqiqatların nəticələrindən istifadə edilir.  Dərsliyə mübahisəli məsələlər daxil edilməməlidir. Bir şəxs necə bir neçə dərsliyin müəllifi ola bilər? Hər bir alim dərslik yaza bilməz.Dərsliyin bir səhifəsində nə qədər xronolgiya, rəqəm, adam, yer adı olar? Mövzuda tarixi hadisə və proseslərin səbəbləri, gedişi, nəticələri verilməlidir. Dərsliyin dili sadə və anlaşıqlı olmalı, məsələlərin şərhi məntiqi verilməlidir. Dərsliyi yazan şəxs özünü dərs verən müəllimin və şagirdin yerinə qoymalıdır. Tarix dərsliyi şagirddə öz tarixinə, dövlətinə, vətəninə və millətinə qürur hissi yaratmalıdır, sevgi doğurmalıdır. İndiki bəzi dərsliklərdə təəssüf ki, bunları görməzsiniz. İnanıram ki, bu problem də tədricən aradan qaldırılacaqdır.

 - Bir qədər də AMEA-ya diqqət çəkək. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorusuz. AMEA-da Qafqazı araşdırmaq mümkündürmü? 

- Akademiyada aparılan islahatların ən uğurlu tərəflərindən biri ehtiyac duyulan  yeni institutların yaradılmasıdır. Onlardan da biri Qafqazşünaslıq  İnstitutudur. Bu institutu qurmağı tapşıranda dünyada Qafqaz regionunun hansı ölkələrdə və hansı səviyyədə öyrənilməsinə dair bir arayış hazırladım. Məlum oldu ki, Qafqaz regionunu ABŞ, Avropa ölkələri, Çin, Yaponiya,  Rusiya,  İran, Türkiyə, Gürcüstan və Ermənistanda sistemli şəkildə həm öyrənirlər, həm də öyrədirlər. Biz Qafqazda yaşayırıq və buna görə də ilk növbədə qonşularımızı öyrənməliyik.  İki ildir elmi-tədqiqat hesabat veririk. Bir neçə faktı söyləyim: 2017-ci ildə insititumuzun əməkdaşlarının xarici ölkələrdə 24, 2018-ci ildə isə 47 məqaləsi çap olunub.  Bunların əksəriyyəti nüfuzlu jurnallardadır. Bir neçə kitabımız nəşr edilib. Qafqazşünasların Birinci Beynəlxalq Formunu uğurla keçirmişik. İkincini yaxınlarda keçirməliyik. Digər beynəlxalq konfranslarımız da olub. İnstitutun 3 dildə nəşr olunacaq elmi jurnalına beynəlxalq indeks almışıq. İş hələ yeni başlanır.


- AMEA-da açılan institutlardan söz açdınız və bunun uğurlu olduğunu söylədiniz. Ancaq ictimaiyyətin böyük əksəriyyəti AMEA-dan narazıdır. Məsələn, bu yaxınlarda quşların adını dəyişdilər. Halbuki, dünya kosmosa uçur. Bizim alimlər quş adı dəyişməklə, velosiped icad etməklə məşğuldur. AMEA alimləri haqqında tənqidi fikirlərə cavabınız maraqlıdır.

- AMEA-da ciddi, dərin elmi-tədqiqat işləri  aparılır. Dövlətimiz üçün vacib olan işlər görülür. Axı, elmi iş bir gündə yazılmır. Yaxşı bir işin ortaya gəlməsi üçün xeyli zaman tələb olunur. Alim əməyi ağırdır. Onu görmək lazımdır.  Elə məsələlər var ki, müzakirə obyekti olmamalıdır. Quşların, çiçəklərin adlarını xalqımız qoyub, qoruyucusu da onun özüdür, ayrı-ayrı fərdlər deyildir. Hesab edirəm ki, yayılan informasiya yanlışdır. 

- Bir ara Milli Məclisdə də deputat həmkarlarınız arasında AMEA-nın ləğv edilməsi məsələsini gündəmə gətirənlər oldu. Sizcə, AMEA ləğv edilməlidirmi?

- Hər hansı bir qurumu ləğv etmək o qədər də çətin deyildir. Çətin olan yenisini qurmaq və inkişaf etdirməkdir. Doğrudur, dünyanın bir çox ölkələrində klassik anlamda akademiya yoxdur. Elmi-tədqiqat işləri universitetlərdə, elmi mərkəzlərdə aparılır. Amma bu gün Azərbaycan eliminə akademiya lazımdır. Reallığı görmək gərəkdir. Universitetdə müəllim dərsini verdikdən sonra öz qayğıları ilə məşğul olur. O, dərslərini əsasən alimlərin yazdıqları kitablar əsasında hazırlayır. Bu gün tədqiqatlar üstün olaraq AMEA-nın institutlarında aparılır. Akademiyanın Yüksək Texnologiyalar Parkı barədə eşitməmiş olmazsınız.  Sizə məsləhət görərdim ki, gedib ora baş çəkəsiniz. Gözlərinizə inanmayacaqsız. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xaqlının milli sərvətidir.
 

- İddialar arasında belə fikirlər var ki, yaşlı alimlər gənclərin akademiyaya ayaq açmasına imkan vermir. 

- Bu, tamamilə cəfəngiyyatdır. AMEA-da gənclərin elmə daha çox gəlməsi üçün təşviq layihələri həyata keçirilir, mükafatlar ayrılır. Bizim institutda işə qəbul edilənlərin hamısı gənclərdir. Onlar  erməni, gürcü, rus, fransız, ingilis, fars dillərini bilirlər. Bu gün akademiya bir çox dövlət qurumları üçün kadr yetişdirən mərkəzə çevrilib. Bir neçə əməkdaşımızı müxtəlif qurumlar işə dəvət edib. Buna sevinmək lazımdır. 

- Tarixçi olduğunuzdan bir məsələyə də münasibətiniz maraqlı olardı. Quba məzarlığı... Bildiyiniz kimi, həmin məzarlıq artıq dəfn olunub. Halbuki, tarixçilər arasında məzarlığın şüşəyə salınması təklifləri də var idi. Sizcə, tarixi soyqırımı şüşədə saxlamaq daha doğru olmazdımı?

- Bununla bağlı məsələ müzakirə edilərkən öz düşüncələrimi söyləmişdim: məzarlıqda tapılanların hamısının fotoşəkilləri çəkilsin, videolentə alınsın, sümüklər dəfn edilsin, foto və video sənədlərdən ibarət muzey yaradılsın. Sümüklərin dəfn edilməsini doğru qərar hesab edirəm. 


- Musa müəllim, gəlin söhbətin səmtini dəyişək. Qarşıdan parlament seçkiləri gəlir. Namizədliyinizi verəcəksizmi?

- Əvvəla, 2020-ci ilə hələ var. İkincisi, ağsaqqallar, böyüklər, seçici məsləhət görsə, namizədliyimi verəcəyəm. Ötən müddət ərzində necə deputat olduğumu seçən qiymətləndirə bilər.  Yalnız onu deyə bilərəm ki, 2015-ci ildən keçən zamanda səlahiyyətlərim çərçivəsində fəaliyyət göstərmişəm.  Seçicilərim üçün daim əlçatan deputat olmuşam. Heç bir müraciət diqqətdən kənar qalmayıb. Cib telefonum  24 saat açıq olub. Seçki zamanı görüşlərimdə iştirak edən seçicilərim telefon nömrəmi bilir. Heç bir şəxsi qapımda 10-15 dəqiqə gözlətməmişəm. Seçicimin bir problemi olubsa, istəyinə uyğun olaraq buradan Masallı və Yardımlıya evinə getmişəm, süfrəsi arxasında oturub bir stəkan çayını içmişəm. Seçildiyim dairədəki iri kəndlərin demək olar ki, hamısında, məktəblərdə olmuşam. 

- Seçiciləriniz əsasən hansı problemlərlə sizə müraciət edir?

- Bu gün Yardımlı və Masallı rayonlarında  yol, elektrik enerjisi, su problemi yoxdur. Qaz problemi də tədricən həll olunur. Buna görə də insanlar daim dövlət başçısına minnətdarlıq edirlər. Seçicilərim bəzi kənd məktəblərində müəllim çatışmazlığından şikayət və sosial yardımlarla bağlı müraciətlər edirlər. 

- Siz deputatlığa müstəqil namizəd kimi qatılmısız. Uzun illər Müsavat Partiyasının üzvü olmusuz. Sualım isə başqadır. Hazırda Müsavat Partiyasının daxilində baş verənləri görüb “nə yaxşı ki, zamanında partiya sıralarını tərk etdim” düşüncəsində olmusunuzmu?

- Mən mövqeyi aydın, birmənalı və konkret olan şəxsəm. Düşüncələrimi həmişə açıq deyərəm, ürəyimdə saxlamaram. Ən sevmədiyim şey riyakarlıq, ikiüzlülük, gündüz bir şey, axşam fərqli bir şey deməklə özünü siyasətçi kimi göstəməkdir. İndiki Müsavat Partiyası ilə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası arasında yalnız adda eynilik var. O zamankı hadisələrdə  bunu gördüm və bəyanat verərək, partiya sıralarını tərk etdim. 

- Bəzi iddialara görə, partiyalar ləğv olunmalıdır. Sizcə bu nə dərəcədə doğrudur?

-  Bu fikirləri yanlış hesab edirəm. Çoxpartiyalılıq Konstitusiyamızda təsbit edilib. “Siyasi partiyalar haqqında” qanun mövcuddur. Bizim inkişafımız demokratiya, çoxpartiyalılıq və azadfikirlilikdədir. Bu gün Azərbaycanda çoxpartiyalı sistem, demokratik mühit mövcuddur. Sadəcə, məsələ ondan ibarətdir ki, hansı fikir cəmiyyəti irəli aparır, hansısı geriyə sürükləyir? Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin bu  məsələdə seçimini etdiyi və tərəddüdünün olmadığı hamıya aydındır. İctimai rəyin mütləq əksəriyyəti ölkəni irəliyə aparan cənab Prezidentimizin yanındadır.


- Keçmiş silahdaşlarınız bu gün tez-tez mitinq qərarı verirlər. Mitinq qərarlarının verilməsinə necə baxırsız?

- Mitinqlərin keçirilməsi Azərbaycanda demokratiyanın mövcudluğunun göstəricilərindən biridir. Ancaq mitinqlər təşkil edilərkən belə bir suala cavab verilməlidir: xalqımız və dövlətimiz hansı şəraitdə irəli gedib, hansı şəraitdə geriyə? Hamı yaxşı bilir ki, bizim millət və dövlət xaos, anarxiya və qarışıqlıqda geri gedib və uduzub, Ermənistandan soydaşlarımız tarixi torpaqlarımızdan qovulub. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün gedişində Xocalıda soyqırımı törədilib. Ardınca Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi zəngin təbii sərvətləri olan rayonlarımız işğal edilib, məcburi köçkünlər ordusu yaranıb.  Dövləti yaradan millətdir. Milləti güclü edən dövlət xadimləri və dövlətdir. Dövlət zəif olanda millət başıaşağı olar. Biz xaos, qarışıqlıq milləti deyilik. Azərbaycanın gələcəyi anarxiya və  xaosda deyildir. Ölkəmizdə insanları mitinqlərə səsləyənlər ilk növbədə, pensiyaların, əlillərin, şəhid ailələrinin  maraqların əleyhinə fəaliyyət göstərirlər.  Çünki əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları yaranmaz və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş geniş islahatlar həyata keçirilməz, banklara olan borclar silinməz, pensiyalar, müavinətlər də artırılmazdı və s. Deməli, insanları mitinqə çağıranlar  xaos yaratmağa çalışırlar. Sabitliyin pozulması iqtisadi inkişafın qarşısını alır. İqtisadi inkişafın qarşının alınması isə mitinqə çıxanlaırn özlərinin əleyhinədir. 

- Sizcə, 2003-cü ildə partiya sıralarını tərk etməyiniz gec olmadı ki? Çünki cəbhə dövrünü yaşamış və görmüş insansınız. 

- Tarixi dəyişdirmək olmaz. 2003-cü il hadisələrində tamamilə aydın, açıq mövqemi ortaya qoydum. Bəyanat verərək Müsavat Partiyasının sıralarını tərk etdim. O zaman demişdim ki, xaos, anarxiya bizim inkişafımıza ziddir. Bu gün də eyni fikirdəyəm. O zaman Azərbaycan Respublikasının seçilmiş Prezidenti  İlham Əliyevi birmənalı olaraq müdafiə etmişdim, bu gün də açıq şəkildə istər ölkə daxilində, istərsə də xaricdə fəal müdafiə edirəm. Açıq söyləmək lazımdır,  cənab Prezidentimiz İlham Əliyevin alternativi, onunla  siyasi mübarizə apara biləcək ikinci şəxs yoxdur  və üfüqdə də görünmür. Cənab Prezidentimizin dövlətimizi və millətimizi layiqincə təmsil etməsi vətəndaşlarda qürur hissi yaradır. Onun Azərbaycan tarixində xəyallara gəlməyən etdiyi ilklər dövlətimizi və millətimizi bu səviyyəyə gətirib çıxarıb. Prezidentimizin siyasətinin başlıca qayəsi Azərbaycan vətəndaşının bu gün dünənkindən, sabah bu günkündən daha yaxşı yaşaması üçün bərabər imkanların yaradılmasıdır.Azərbaycan vətəndaşı bunları görür və dövlət başçısının yanındadır.


Xalq Cəbhəsinin hakimiyyətini insanlarımız yaxşı xatırlayır. Bu, Azərbaycan tarixində xaos, anaxiya illəridir. Hakimiyyətə küçədən gəlmək fəlakət törədir. Millətin maraqlarından danışan, lakin fəaliyyəti millətin əleyhinə olan şəxsləri dövlət hakimiyyət orqanlarına yaxın buraxmaq olmaz. Mən bir tarixçi olaraq həmişə inqilaba, dağıdıcılığa, xaosa və anarxiyaya çağıranların əleyhinə olmuşam, indi də qəti şəkildə əleyhinəyəm. Anarxiyada qaranlıq ünsürlər at oynadar. Anarxiya olan yerdə siyasi partiya necə fəaliyyət göstərə bilər? Bunu müaxlif patiyalar dərk etməlidirlər. Demokratiya anarxiya deyildir. Hər bir cəmiyyətdə olduğu kimi, bizdə də heç şübhəsiz, qüsurlar və çatışmazlıqlar vardır. Onları tədricən islah etmək lazımdır. Bu işi də cənab Prezidentimiz görür. Bilməliyik ki, güclü dövlət olmayan yerdə demokratiya olmaz. Demokratiya da öz növbəsində dövləti daha da gücləndirir.  

-2003-cü ildən sonra YAP-çı da ola bilərdiniz. Çünki partiyada formalaşmış   adamsınız. Maraqlıdır, Müsavat Partiyasına hansı məqsədlə üzv olmuşdunuz?

- Ölkəmizdə Müsavat Partiyasının tarixini bir neçə şəxs dərindən bilirsə, biri də mənəm.  Təşkilatla bağlı yüzlərlə ən məxfi sənədi oxumuşam. Sovet xüsusi xidmət orqanlarının ən məxfi arxivlərini araşdıraraq yazdığım “Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945” monoqrafiyamın əlyazmasını  2004-cü ildə ABŞ-a işləməyə gedərkən İstanbuldakı “Kaknüs” nəşriyyatı məndən alıb nəşr etdi. Hətta həmin nəşr bir neçə il əvvəl  Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən kitab sərgisində ən çox satılan kitab olmuşdu. Müsavat Partiyasının fəaliyyət tarixinin təcrübəsi göstərir ki, əgər Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bu gün sağ olsaydı, indiki Azərbaycan hakimiyyətinə, Prezident İlham Əliyevə müxalif olmazdılar, milli-dövlət maraqlar naminə əməkdaşlıq edərək dövlət quruculuğunda iştirak edərdilər.

 - Mənə maraqlıdır, keçmiş müsavatçı silahdaşlarınızla əlaqələriniz qalırmı?

- Kimləri deyirsiniz?


- İsa Qəmbər, Vurğun Həsənli, Arif Hacılı və başqaları.

- 2003-cü ildən sonra onları görüşməmişəm. Əlaqələrimiz də yoxdur. Müsavat Partiyasının qərargahının harada yerləşdiyini bilmirəm. Bir vaxtlar Müsavat Partiyasının rəhbərliyində birlikdə təmsil olunduğumuz bəzi şəxslərlə isə iş əsnasında görüşmüşük. 2013-cü ildə Nəsiman Yaqublunun Azərbaycan mühacirət mətbuatına həsr edilmiş doktorluq dissertasiya işinə BDU-da Müdafiə Şurasında məni rəsmi opponent təyin etmişdilər. Özü gətirmişdi. Mən də rəy yazdım. Lakin xaricdə səfərdə olduğum üçün  dissertasiya işinin müdafiəsində iştirak edə bilmədim.  Hazırda Türkiyə universitetlərindən birində çalışan (hansı universitet olduğunu bilmirəm) Nəsib Nəsibli ilə Türk Tarix Qurumunun 2018-ci ilin oktyabr ayında Ankarada keçirilən 18-ci konqresində ayaqüstü görüşmüşük.  Məryəm xanım Oruclu ilə AMEA-da neçə dəfə, Məlahət xanım Mürşüdlü  ilə isə  bu günlərdə Azərbaycan Dövlət İqtisad İqtisad Universitetində Aprel zəfərinə həsr edilmiş toplantıda salamlaşmışıq. Onların hazırda Müsavat Partiyasında qalıb-qalmamaları barədə məlumatım yoxdur. 

- Söz düşmüşkən,  tarixçi həmkarınız Cəmil Həsənli ilə əlaqələriniz barədə bilmək istərdim.

- Cəmil Həsənli ilə BDU-da eyni kafedrada işləmişik. Sonuncu dəfə onu ötən ilin oktyabr  ayında Türk Tarix Qurumunun Ankarada keçirilən 18-ci konqresində görmüşəm. Azərbaycandan xeyli adam var idı, o da gəlmişdi. Heç bir əlaqə saxlamırıq. 

 - Musa müəllim, həyat yolunuza nəzər salanda çoxşaxəli olduğu görünür. Siyasi partiya üzvü, deputat, tarixçi alim, AMEA-nın müxbir üzvü,  institut direktoru, pedaqoq və sairə. Bəllidir ki, bu mərhələlərə gələnə qədər yol keçmisiz. Açıq deyək, ucqar kənd mühitindən şəhər mühitinə düşmüsünüz. Musa Qasımlının uşaqlıq illəri necə keçib?

- Mənə digər bacı-qardaşlarım kimi, ilk növbədə  dürüst, doğrucul, ədalətli və zəhmətkeş olmağı, həddini, böyük-kiçiyin yerini bilməyi, böyük içəri girəndə ayağa qalxmağı, böyükdən bir addım da irəli keçməməyi öyrədiblər. Valideynlərimiz həmişə deyib ki, Uca Yaradanın varlığına və ədalətə  inanın, o, zəhmət çəkən və dürüst adamı arzusuna  çatdırar. Mən bunlara inanmışam və öz həyatımda həmin ədaləti görmüşəm. Orta məktəbi bitirəndə imtahan götürən  tarix müəllimi Ağaqulu Əliyev demişdi ki, heç bir ədalətli müəllim sənə “əla”dan başqa qiymət yazmaz”. 
1974-cü ildə qəbul imtahanında o ədaləti görmüşəm. Universitetdə təhsil alan zaman heç kimim olmayıb. Ədalətli müəllimlərim olub. Ədalətsizlik edərək,  “4” qiymt yazan bir-iki nəfər müəllimlə də üzləşmişəm. Allah onlara da rəhmət eləsin. Onların davranışlarını mənə deyib ki, belə olmaq olmaz. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Kənddə müəllim işləmişəm. Aspiranturaya qəbul olunmuşam. Kirayədə qalmışam. 28 yaşında namizədlik, 35 yaşım tamam olmamış isə doktorluq dissertasiyası müdafiə etmişəm. Ölkədə ən gənc elmlər doktoru, professor olmuşam. SSRİ EA-nın Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasəti Elmi Şurasının üzvü olmuşam.  Elmi Şuranın Tbilisdə keçirdiyi elmi konfransda tanış olduğum professor Namiq Axundov dövlət müstəqilliyi bərpa edildikdən sonra məni Milli Məclisdə Beynəlxalq münasibətlər şöbəsinə işə dəvət edib. 1997-ci ildə oradan öz istəyimlə ayrılmışam. Müxtəlif işlər təklif ediblər. Elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam. İndiyədək dünyanın təqribən 15 ölkəsində müxtəlif dillərdə 100-ə yaxın elmi məqaləm və onlarla kitabım nəşr edilib. 50-dən yuxarı beynəlxalq elmi konfransda məruzələr etmişəm. IV və V çağırışlar Milli Məclisinin deputatıyam. AMEA Qafqazşünaslıq İnstitutunu qurmuşuq, AMEA-nın müxbir üzvü seçilmişəm. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişəm. 
Bütün bunları ona görə söyləyirəm ki, mən haqq-ədaləti öz həyatımda görmüşəm. Mən isə tək deyiləm. Bunları görməyən və qiymətləndirməyən, naşükürlük edən insanın gözündən qan damar və yediyi burnundan piltə-piltə gəlib tökülər. Harada olmuşamsa, dövlət-milli maraqlar mənim üçün öndə olub. Müsavat Partiyasınını Divan üzvü olarkən xaricə elmi konfranslara gedən zaman müxtəlif partiyalara mənsub insanlar mübahisə edərkən deyərdim ki, təyyarənin pilləkanı ayrıldıqdan sonra mübahisələr və müzakirələr də Bakıda qaldı. Vətənin sərhədlərindən kənarda arxa ilə danışmazlar, mübahisələr etməzlər, dövlətin maraqlarını qoruyarlar. İndi də bu mövqedəyəm. Azərbaycan hamımızın evidir. Evin sözünü yad ölkədə danışmazlar.

- Yaşıdlarınızın tələbə həyatı da hamar olmayıb. Danışdıqları nümunələrdən bu qənaətə gəlmişəm. Məsələn, yataqxana mühiti, gecələri çörəksiz yatmaq, gündüzləri oxuyub gecələri fəhlə işləmək və sairə.

-  Mən BDU-nun indi artıq mövcud olmayan 7  saylı yataqxanasında qalmışam. Yataqxana həyatı maraqlı idi. Birinci kursda təhsil alarkən beşinci kurs tələbələri olan  Kəlbəcərdən Xəlil Rüstəmov, Tovuzdan Alı və Novruzla bir otaqda qalırdıq. Onların mənə qarşı davranışları çox mədəni idi. Xəlil deyərdi ki, sən bizə fikir vermə, yaxşı oxu, beşinci kursa gəlib çatanda boş vaxtların çox olacaq. Mən dərslərə hazırlaşanda Xəlil deyərdi ki, qalxın gedək, mane olmayaq, otaqdan çıxıb gedərdilər. Özlərinin yoldaşlarının otqalarına yığışardılar. Onlarla indi də əlaqəmiz var. Xəlil Gəncədə yaşayır. Digərləri isə Bakıda olurlar. Daha sonra Qubadan Müslüm Allahverdiyev və Masallıdan Şərif Bağırovla (Allah rəhmət eləsin)  bir otaqda qalmışıq. Otağımız qələbəlik olardı. Yalnız imtahan vaxtı otaq yoldaşlarım deyərdi ki, sualların cavabını sən hazırla. Mən də hər bir suala bir səhifəlik cavab hazırlayardım.  Oxuyardılar. Sonra zarafatla deyərdilər ki, yazanda elə yaz ki, oxuya bilək də, niyə bizi incidirsən?  50 manat əlaçı təqaüdü alırdım. Evdən də 50 manat göndərirdilər. Bir aya çatırdı. Ayda bir dəfə ucuz restoranlardan birinə gedərdik. Yataqxanada yemək bişirməyə vaxt olmayanda “Kvant” yeməkxanasında yeyərdik. Axşamlar isə dərsdən gələndə ac olardıq, yemək bişirmək vaxt apardığından qonşu yataqxananın birinci mərtəbəsindəki mağazadan çörək, balıq konservi və ya kolbasa alar və şirin-şirin yeyərdik. Axşamlar işləməmişəm. Ancaq işləyən tələbə yoldaşlarımız var idi.

- Siyasətçi, tarixçi deputat Musa Qasımlı ailədə necə həyat yoldaşı və övladlarına necə ata olub?

- Bu sualın cavabını evdəkilər bilir. İki qızım və iki oğlum var. İndi ailəlidirlər. Övladlarıma qarşı xeyli tələbkar və sərt olmuşam. İki məsələdə güzəşt olmayıb: dərs və tərbiyədə. Hər birinin dərslərini hazırlaması ilə ibtidai sinifdə şəxsən özüm məşğul olmuşam. Oxuduqlarının mahiyyətini izah etmişəm. Səhər tezdən dərsə gedəndə təkrar soruşmuşam və ala biləcəkləri mümkün qiyməti demişəm. Zərrə qədər çaşanda çantalarını əllərindən almışam və demişəm ki, əgər belə oxuyacaqsansa, onda məktəbə getmə. Ali məktəbə hazırlaşmaq üçün müəllim yanına gediblər. Orta məktəbi, universiteti əla və yaxşı qiymətlərlə bitiriblər. Təhsil müddətində himayə etməmişəm. Anaları deyərdi ki, bu uşaqların elə bil atası yoxdur.  Hər iki oğlum döyüş bölgəsində  xidmət edib. 2010-cu ilədək işə qəbul olunublar, rütbə daşıyırlar. Biri hüquq, o birisi isə iki ixtisas - iqtisadiyyat və hüquq təhsili alıb. Qızlarımın biri şərqşünas, filologiya üzrə fəlsəfə doktoru, dosentdir, digəri isə psixoloq təhsili, Çexiyada  Karlovo Universitetində ikinci təhsil alıb, ailəsi ilə birlikdə Çexiyada müvəqqəti yaşayır və dünyanın məşhur şirkətlərinin birində aparıcı mütəxəssis işləyir. Səfiriliyimizin bütün toplantılarında yaxından iştirak edirlər. Övladlarıma həmişə demişəm: dünyada iki şey var ki, xərclədikcə qurtarmaz: bilik və tərbiyə. Var-dövləti, sərvəti  Yaradan bir anın içində insanın əlindən ala bilər.  İndi onlar da nəvələrimlə də eyni cür davranırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi