Modern.az

Azərbaycanlı jurnalistlər Ermənistana və Qarabağa getsin, getməsin? – Deputatlar da DANIŞDILAR

Azərbaycanlı jurnalistlər Ermənistana və Qarabağa getsin, getməsin? – Deputatlar da DANIŞDILAR

19 Aprel 2019, 13:02

Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərlərinin təşkil olunması barədə razılığa gəlinib.

Lakin əldə olunan razılıq birmənalı qarşılanmayıb.

Azərbaycan ictimaiyyətində müəyyən kəsim  torpaqlar işğaldan azad olunmayınca,  jurnalistlərin Yerevana, Dağlıq Qarabağa səfər etməsini məqsədəuyğun hesab etmir. Təbii ki, jurnalistlərin səfər etməsini qəbul edənlər də var.


Bəs Milli Məclisin deputatları necə düşünür?


İşğal dövründə azərbaycanlı jurnalistlər Yerevana, Dağlıq Qarabağa səfər etməlidirlərmi?

Modern.az saytı bir neçə deputatın fikrini öyrənməyə çalışıb.

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov düşünür ki, onun üçün ən əsas məsələ danışıqların substantiv mərhələyə keçməsidir.


“Məhz Azərbaycan öz səylərini həmişə danşıqlar prosesində bu istiqamətdə qoyub, qoyur və bundan sonra da güman ki, qoyacaq. Biz görürük ki, Moskva danışıqlarından sonra Yerevan bəyanatlar verir ki, “nəsə omayıb. Belə danışıqlar baş verməyib. Bu məsələ bu cür müzakirə olunmayıb. Bu məsələlərlə bağlı belə razılıqlara gəlməmişik”. Bu, birinci dəfə deyil. Hansısa məsələdə iştirak edib sonra imtina etmək  ermənilərin adətidir. Yadınızdadırsa, bir nmüddət əvvəl bütün dünya ictimaiyyəti danışıqların formatının dəyişdirilməsi ilə bağlı Paşinyanın ortaya atdığı fikri rədd etdi. Sonra Paşinyan heç nəyi dəyişdirmək fikrində olmadığı barədə bəyanat verdi. Baxmayaraq ki, bir müddət əvvəl bəyan edir ki, danışıqlar formatı mütləq dəyişdirilməlidir. Təəssüflər olsun ki, danışıqların ən əsas mahiyyəti qarşılıqlı intizamın formalaşmasıdır. Ermənistan tərəfi bu qarşılıqlı inamın formalaşmasını hər danışıqlardan, hər söhbətlərdən sonra dərhal pozmağa cəhd göstərir. Ona görə də təəssüflər olsun ki, bütün bu məsələlərə bir az pessimist yanaşıram”.

Deputat Asim Mollazadənin sözlərinə görə, münaqişənin həlli ilə bağlı danışıqların təşəbbüsünü ələ almaq üçün bu təklifləri irəli sürürlər:

“Xatırlayıram ki, 6-7 dəfə Rusiyanın sülh təşəbbüsü olub. Lakin ondan qabaqkı  görüşlər, konfranslar unudulub. Belə başa düşürəm ki, əsas məqsəd danışıqların mahiyyətini, diqqətini tamamilə fərqli istiqamətə yönəltməkdir. Hazırda Azərbaycanın gözlədiyi və münaqişənin həlli üçün zəruri addımlar işğal olunmuş ərazilərimizin azad edilməsidir. Bu, sülh istiqamətində atılan ən düzgün addım, inkişaf üçün şərait yaradan yeganə məsələdir. Xatırlayıram ki, zaman-zaman jurnalistlərin, QHT-lərin - vətəndaş cəmiyyəti nümayəndələrinin mütəmadi görüşləri İstanbulda, Londonda, Fransada  təşkil edilib. İfadə olunan mənfi fikirlərin əsas mahiyyəti odur ki, Rusiya danışıqların inkişafına deyil, danışıqların səngiməsinə, hansısa fərqli istiqamətlərin yenidən geri qaytarılmasına yönəlmiş  təkliflər irəli sürür. Mənə elə gəlir ki, Minsk qrupunun uğursuzluğunun əsas mahiyyəti də bundan ibarətdir. Onlar hüququn aliliyi deyil, danışıqların bir proses kimi əbədi davam etməsinin tərəfdarıdır”.

Deputat Elman Məmmədov bir şərtlə jurnalistlərin getməsini qəbul edəcəyini deyir:

“Suala cavab verməzdən qabaq öz fikrimi səsləndirəcəm. Fikrimcə, bu illər ərzində ermənilər və Ermənistan, həmçinin  onlara torpaqlarımızı işğal altında saxlamaq üçün şərait yaradan beynəlxalq qurumlar, xüsusilə,  ATƏT-in Minsk qrupu danışıqlar zamanı belə müxtəlif təkliflər, bəyanatlar  verməklə ermənilərin xeyrinə vaxt udurlar. Status-kvonu qoruyub saxlamağa çalışırlar. Moskva görüşü Lavrovun rəhbərliyi ilə keçirilən görüş idi. Jurnalistlərin Dağlıq Qarabağa səfər etməsinin pis fikir olduğunu demirəm. Belə fikirləşirəm ki, bu da növbəti prosesi uzatmaq üçün Lavrov və digərləri tərəfindən irəli sürülmüş fikirlərdir. Uzun illərdir ki, danışıqlar boyu ermənilər vaxtı uzadıb nə ediblər?! Sadəcə vaxtı uzada-uzada işğal altında olan ərazilərimizdə, xüsusilə Dağlıq Qarabağ ətrafında olan 7 rayonda kütləvi şəkildə qanunsuz məskunlaşma həyata keçiriblər. Sabah onlar deyəcəklər ki, baxın burada yaşayanların hamısı ermənilərdir. Burada azərbaycanlılar yaşamır. Bu  qeyri-qanuni məskunlaşma davam edir, say çoxalır. Digər tərəfdən azərbaycanlılara, türklərə aid nə varsa hamısını silib öz izlərini qoyurlar. Torpaq işğal altında ola-ola, qanunsuz məskunlaşmalar davam edə-edə, işğal altındakı  ərazilərimizdə öz nişanələrini yarada-yarada növbəti dəfə bu təklifi ortaya atıblar. Dolayısı yolla belə fikirləşilir ki, ora icmalar da, jurnalistlər də gəlsin. Ancaq torpaqlar işğal altında qalsın.  Jurnalistlərin gedib-gəlməsinin əleyhinə bir söz demirəm. Onu deyirəm ki, gedib-gəlmədən öncə şərtlər irəli sürülməlidir. Öncə torpaqlar işğaldan azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Eyni zamanda, digər məsələlər də həll olunsun. Ondan sonra getsinlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi