Modern.az

Ömür var, bir dastana sığışmaz...

Ömür var, bir dastana sığışmaz...

Ədəbi̇yyat

23 Aprel 2019, 12:30

Ailə albomumuzda onlarla şəkil içərisində gözümün, könlümün yaddaşına hopan biri də var ki, hər dəfə o şəklə baxanda xəyal məni xeyli uzaqlara aparıb çıxarır. Sağda Mədəd əmi, solda Mədəd əminin ömür-gün yoldaşı Ziyafət mama, ortada anam Şərəbanı... Başkeçidin Qızılkilsə kəndində, bizim evin həyətində çəkilib. Uşaqlığımdan mənimlə bir yerdə böyüyən armud ağacı, anamın əkdiyi qızılgül kolları, bir az arxada, çəpər boyunca boy-boya verən ağaclar  da şəkildən baxır. Şəkli Mədəd əminin oğlu Ədalət çəkib...

 

Atam dünyasını dəyişəndən sonra anamı Bakıya – yanıma gətirmişdim. Növbəti ildə, özünün ifadəsilə deyirəm, yazın burnu dəlinən kimi, hazırlaşmağa, məni də tələsdirməyə başladı və Bakıda istilər düşəndə bir-iki günlüyə macal tapıb onu kəndə apardım. Anam kənddə qalacaq, mən Bakıya dönəcək, avqustun sonlarında məzuniyyət götürüb yenidən kəndə qayıdacaqdım.

 

Məndən sonra Mədəd əmi ailəsi ilə birlikdə Başkeçidə gedəndə bizim kəndə gəlib, anama baş çəkmişdi. Həmin şəkil o zaman çəkilmişdi və şəkildən kəndimizin iyun ayının gözdolduran yaşıllığı yağır. Yaxşı xatırlayıram, şəkli Mədəd əmi mənə mən kənddən qayıdandan bir qədər sonra vermişdi və həm bu şəkil, həm də kənddə rastlaşdığım bir mənzərə üstündən artıq iyirmi il keçməsinə baxmayaraq, hələ də məndə təsvirəgəlməz kövrək hisslər oyadır. Kəndə çatdığımın, bəlkə də, elə ilk saatları idi, anam olub-keçənlərdən, təzə xəbərlərdən danışdı, sonra da “gör sənə nə göstərəcəm” deyib məni həyətimizdəki tövlənin şüşəsinin tən yarısının kəsildiyi pəncərəsinin önünə gətirdi, barmağı ilə içəridə - pərdinin üstündəki qaranquş yuvasına işarə elədi, “bir ora bax, biz burda olmamışıq, ev-eşiyin boş qalduğunu görüb qaranquşlar çıxıb gediblər” dedi. Boş qalmış qaranquş yuvasından bir heçlik yağırdı... Üstündən illər keçib, 2000-ci ilin yayı mənə həmişə o şəkli və boş qalmış qaranquş yuvasını xatırladır. İndi anam da dünyada yoxdu, Ziyafət mama da. Və mən soyuq bir yaz gecəsində oturub Mədəd əmi ilə bağlı bu yazının ilk sətirləri yazıram, canımda bir üşütmə var və yüz faiz əminəm ki, bu üşütmə xəzrinin Bakıya gətirdiyi iliyə işləyən soyuqdan deyil, bəlkə də vaxtında fərqinə varmadığımız atalı-analı, dostlu-tanışlı, qaranquş yuvalı günlərimizin arxada, əlçatmazlıqda qalmasındandı...

* * *

Mədəd əmi Başkeçidin Gəyliyən kəndindəndir, ulu Tanrının yazısı ilə uşaqlıq illəri rəhmətlik anasının Dunus kəndində keçib, bir müddət bizim kəndimizdə - Qızılkilsədə oxuyub. Oxucuların məlumatı olsun deyə yazıram, adını çəkdiyim bu qonşu kəndlərin hərəsi sanki üçbucağın bir bucağıdır və Başkeçidin bağlı-bağatlı, çeşməli-bulaqlı kəndlərindəndir və qoca Şindinin başından bu kəndlər nərdtaxtanın zərləri kimi görünür. Mədəd əmimin ömür nərdtaxtasında ilk zərlər bizim o kəndlərdə atılıb. Orta məktəbi Kirovisidə qızıl medalla bitirib. Arxasında tək anası və dayısı Mürsəl – qohum-əqrəbadan Allah razı olsun, onlar öz yerində - başının üstündə Allahı, bizim tərəflərin ağzı ilə desək, əlləşib-vuruşub ki, adam arasına çıxsın. Allah da anasının dualarını eşidib, özünün zəhmətini yerə vurmayıb, bir evin bir balaca otağına sığışan balaca bir oğlan illər sonra bütün Başkeçidə, Borçalı çökəyinə sığışmayan Mədəd Coşqun kimi təsdiqləyib özünü...

* * *

Bizim ailənin uşaqları Mədəd Coşqunu həmişə “Mədəd əmi” deyə çağırmışıq. Atam onu bizə təkcə keçmiş şagirdi kimi yox, həm də dostu kimi təqdim eləmişdi, yaxın bir adam kimi sevdirmişdi və biz onu Mədəd əmi kimi tanıyırdıq. Atam kənd müəllimi idi və o vaxtlar, yaxşı yadımdadır, müəllimlər onların adlarını ucaltmış keçmiş şagirdlərindən ağızdolusu danışar, onları bizə - məktəblilərə nümunə göstərərdilər. Başkeçid beynəlmiləl rayon olduğundan burada məskunlaşan xalqlar arasında, sözün yaxşı mənasında, həyatın bütün sahələrində əslində gözəgörünməz bir yarış gedirdi: hansı məktəbin məzunları arasında medal alanların, ali məktəblərə qəbul olunanların sayı çox oldu, yaxud hansı kənddən daha çox müəllim, yaxud həkim çıxıb və s. Üstündən uzun illər keçsə də, müəllimlər keçmiş günləri vərəqləyəndə unudulmaz, üzağardan məzunlar sırasında hökmən onun da adını çəkərdilər.

 

Mən atrıq böyüyüb, orta məktəbin yuxarı siniflərinə keçəndə bildim ki, Mədəd Coşqun bizim rayonun ilk professional jurnalistidir. İki dildə - azərbaycanca və gürcücə çıxan rayon qəzetimiz “Trialeti”nin Azərbaycan şöbəsinin redaktoru idi. Trialeti 1929-cu ildə ləğv edilən Borçalı qəzasının dörd nahiyəsindən biri idi və qəzetin adı bizim rayonu da ağuşuna alıb üzü aran Borçalıya doğru sallanıb gedən füsünkar gözəlliyə malik yüksəkliyin, boyun-boyuna verən dağların adından götürülmüşdü. Bir qədər qabağa qaçıb onu deyim ki, Başkeçiddə doğulan hər bir adamın yaddaşında öz izini qoymuş “Trialeti” qəzeti 1990-cı illərin əvvəlinə qədər yaşadı, böyük bir ölkənin çökməsi ilə başlanan hərc-mərclik bu ucqar dağ rayonuna da gəlib çatanda fəaliyyəti dayandırıldı. Qəzet ilk dəfə 1933-cü ildə “Sosializm maldarlığı” adı ilə işıq üzü görmüşdü və adından da göründüyü kimi, əsas vəzifəsi bir rayonun maldarlarının sosializmə töhfələrini (!) işıqlandırmaq idi... Sonralar iş elə gətirdi ki, tədqiqat məqsədilə Gürcüstanda Azərbaycan dilində çap olunan mətbuat orqanlarının, o cümlədən “Trialeti”nin müxtəlif illərdə çap edilən nömrələrini ardıcıl şəkildə oxumalı oldum. Qəzet 1960-cı illərdən sonra nömrədən-nömrəyə dəyişir. Qəzetin hər sayında, sözsüz ki, o vaxtın siyasi ab-havası duyulur, amma Azərbaycan dilində olan cəmi iki səhifədə təsərrüfat xəbərləri ilə yanaşı, ədəbiyyata, mədəniyyətə, incəsənətə aid yazılar görünməyə başlayır və bir qədər sonra bu, ardıcıl xarakter alır, qəzetin demək olar ki, hər sayında ən azı bir-iki şeir çap olunur, uzun illərdən bəri “sandıq ədəbiyyatı” üçün yazan şairlər üzə çıxmağa başlayır, Başkeçid folklor nümunələri sinələrdən, yaddaşlardan həmin o iki səhifəyə köçürülür, saz-söz adamları o iki səhifənin işığına yığışır, “Trialeti” Başkeçid ədəbi mühitinin püxtələşməsinə öz töhfələrini verir... Sözsüz ki, bütün bunlar Mədəd Coqunun milli ədəbiyyatımız və mənəviyyatımız qarşısında əvəzsiz xidmətlərindən idi. Zənnimcə, bu məsələni ədəbi-mədəni yaddaşımız naminə xüsusi qabartmağa ehtiyac vardır.

Məlum bir həqiqəti burada xatırlatmaq məcburiyyətindəyəm. Azərbaycan mətbuatı tarixinin müəyyən bir dövrü Tiflislə bağlıdır. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”... Tiflisdə milli düşüncənin daşıyıcıları idi. Gürcüstan Demokratik Respublikası (1918-1921) dövründə, eləcə də sovet hakimiyyətinin ilk on ilində Tiflisdə işıq üzü görən qəzet və jurnallarda Azərbaycan ədəbiyyatına dair materiallar dərc olunurdu. Ümumən Gürcüstan türk-müsəlman ədəbi mühiti həmin mətbuat orqanları ilə sıx əlaqə inkişaf edir, püxtələşir, boya-başa çatırdı. XX əsrin birinci yarısında Gürcüstanda yaşayıb-yaratmış yazıçı və şairlərin ədəbi talelərini Tiflisdə çıxan qəzet və jurnallarsız təsəvvür etmək mümkün deyildir. 1930-cu illərdən sonra mənzərə tamamilə dəyişir. Zəngin tarixi ənənələr üzərində formalaşan “Yeni fikir”, “Yeni kənd”, “İşıq yol”, “Dan yıldızı” və b. mətbuat orqanları bağlanır - gerçəklikdən sadəcə yaddaşlara köçür, ortada məhdud tirajla çap edilən rayon və yeganə respublika miqyaslı “Sovet Gürcüstanı” (müstəqillik dövründə “Gürcüstan”) qəzeti qalır və onların funksiyası olmasa da, ədəbi mühitin bütün ağırlığını daşımalı olurlar. Dmanisidə - Başkeçiddə həmin missiyanı “Trialeti” yerinə yetirir. Bu gün çox cəsarətlə söyləmək olar ki, Mədəd Coşqun “Trialeti”dəki rəsmi fəaliyyəti - redaktorluğu və şəxsi bədii yaradıcılığı ilə qəzetin ətrafında bir ədəbi ocaq yarada bilmişdi. Az bir zaman içərisində qəzetdə müxtəlif nəsilləri təmsil edən onlarla şairin imzası göründü. Bu gün onların bir çoxu artıq özünü təsdiqləmiş qələm adamları kimi tanınırlar. Rəhmətlik atam Şamı müəllim də ədəbiyyat həvəskarı, şeirə-sözə bağlı adamıydı, “Koroğlu” dastanından, Aşıq Ələsgərdən, Səməd Vurğundan şeirlər söyləyərdi və özünün hərdən yazdıqlarını səliqə ilə qalın bir dəftərə köçürərdi. Atamın yazdığı təmsillər Mədəd əminin redaktəsindən sonra “Trialeti”də çap edilirdi.

 

“Trialeti”də - Mədəd Coşqun ədəbi ocağının başına yığışan şair və yazıçılar ümumən Borçalı ədəbi mühitinin tanınmış simaları idilər.  İladi Öməroğlu, Səadət Buta, Seyfəddin Əliyev, Mehman İsayev, Məhəmmədəli Mustafayev, Knyaz Aslan, Namaz Hümmətoğlu, Zülfüqar Amin və bəlkə də mənim adlarını unutduğum bir sıra qələm adamlarının şeir və hekayələri mərkəzi qəzetdə - “Sovet Gürcüstanı”nda da dərc olunurdu. Burada hökmən Rəhmətlik Murtuz Muradovun adını xüsusi çəkmək lazım gəlir. O, Borçalı ədəbi mühitinin tanınmış simalarından, nüfuzlu ədəbi şəxsiyyətlərindən idi. “Sovet Gürcüstanı”na, sonralar “Gürcüstan” qəzetinə uzun illər rəhbərlik etmiş rəhmətlik Süleyman Süleymanlının özü də saz-söz adamı idi və respublikanın azərbaycanlılar yaşayan bütün kəndlərində onun xüsusi hörmət-izzəti vardı. Onu da çox yaxşı xatırlayıram ki, Səadət Butanın qəzetdə dərc olunan hər şeiri bizim kənddə, o cümlədən bizim evdə təkrar-təkrar oxunardı. Səadət xanım mənim rəhmətlik bacımın sinif yoldaşı, atamın ən sevimli şagirdlərindən idi...

 

“Sovet Gürcüstanı” bir hökumət qəzeti olsa da, respublikada fəaliyyət göstərən ədəbi qüvvələrin tribunasına çevrilmişdi. 1960-cı illərin sonuna doğru qəzetdə Borçalı ədəbi mühitinin dirçəlməsi üçün məqsədyönlü tədbirlər görülürdü. 1969-cu ilin bir bahar günündə, qəzetin 41-ci sayında “Çeşmə” adlı xüsusi səhifə oxucuların görüşünə gəldi. “Çeşmə”nin nübar nömrəsində Mədəd Coşqunun “Beşik” şeiri dərc olunub. Həmin nömrədə Dünyamalı Kərəm, Əlixan Binnətoğlu, Əli Vüqarlı, Bəhram Mehdi və Səadət Nəbiyevanın (Səadət Buta) şeirləri də var. Təxminən on il sonra, 1980-ci ildə “Çeşmə” ədəbi almanaxı işıq üzü gördü. Bu, əsl ədəbi-mədəni hadisə idi. Onu deyim ki, Sovet hakimiyyəti illərində Gürcüstanda yaşayıb-yaradan şairlərin Azərbaycanda kitablarının nəşri kifayət qədər çətin iş idi, bəlkə də mümkün deyildi və üstəlik ortada vəziyyəti çətinləşdirən başqa bir məsələ də var idi. 1940-cı illərin sonlarında SSRİ miqyasında Azərbaycan türklərinə qarşı açıq-aydın diskriminasiya siyasəti (Soydaşlarımızın Qərbi Azərbaycandan – tarixi torpaqlarımızdan məcburi köçürülmələrini xatırlayın) ədəbi-mədəni sferanı da əhatə edirdi. Tiflis Azərbaycan Dram Teatrının fəaliyyəti dayandırılmış, Gürcüstan Yazıçılar İttifaqının nəzdindəki Azərbaycan bölməsi bağlanmışdı. Belə bir vəziyyətdə hansısa şairin, yaxud yazıçının kitabının çapından söhbət belə gedə bilməzdi və ona görə də “Çeşmə” almanaxının işıq üzü görməsi əslində xəyalların gerçəkləşməsi idi. Əkrəm Cəfər, Bəxtiyar Vahabzadə və Arif Əmrahoğlunun “Çeşmə” ilə bağlı Azərbaycan mətbuatında yazıları dərc edildi. “Çeşmə”nin səhifələrində 32 şairin şeirləri toplanmışdı.  “Çeşmə”nin ardınca dalbadal üç kitab halında “Dan ulduzu” toplusu oxucuların görüşünə gəldi. Toplunun birinci sayında 136, ikinci sayında 135, üçüncü sayında 102 şair, yazıçı və daramaturqun əsərləri dərc edildi. S.Süleymanlı, M.H.Bəxtiyarlı, Ə.İsmayıllı, N.Saraclı, Ə.Binnətoğlu, B.Oruclu, H.Vəliyev həmin ədəbi topluların dünyaya göz açması üçün əllərindən gələni etdilər. Həmin topluların araya-ərsəyə gəlməsində Mədəd Coşqunun da xüsusi zəhməti vardı.

***

1990-cı illərin əvvəllərində dünyanın altıda birini təşkil edən nəhəng dövlətdə baş alıb gedən siyasi hərcmərcliklər, dərin iqtisadi böhran, Moskvanın əli ilə təşkil olunan milli qarşıdurmalar çox şeylərin üstündən qalın bir xətt çəkdi və başkeçidlilərin yaddaşınının  bir parçası olan “Trialeti” qəzeti də fəaliyyətini dayandırdı. Yaxşı yadımdadır, olduqca gərgin siyasi hadisələrin qəfil sel kimi adamları yaxaladığı bir vaxtda Mədəd Coşqun Azərbaycana gəldi, Tovuzda “İnam” adlı qeyri-rəsmi bir qəzet buraxdı. “İnam”ın bir neçənömrəsi çap olundu. Mədəd Coşqun “İnam” vasitəsilə yurddan pərən-pərən düşümüş başkeçidliləri Vətənə dönüş gününün hökmən gələcəyinə inandırmaq istəyirdi...

 

Mədəd Coşqun 1990-cı illərin əvvəllərindən başlayaraq təxminən iyirmi il Bakıda müxtəlif mətbuat orqanlarında çalışdı. Bədii yaradıcılığını davam etdirdi. Qəzet və jurnallarda şeirləri dərc olundu. İkicildlik “Seçilmiş əsərlər”i çap edildi. Tale elə gətirdi ki, “Azərbaycan” nəşriyyatında bir neçə il onunla qonşu oldum, readaksiyalarımızın otaqları üzbəüz idi. Hər gün görüşür, olub-keçənlərdən danışırdıq, atamın dostu indi mənim dostumuydu və tam səmimiyyətlə deyirəm ki, bununla fəxr eləyirdim, indi də fəxr eləyirəm və Mədəd Coşqun – Mədəd əmi öz adını mənim tərcümeyi-halıma yazdırmış ən əziz, ən doğma adamlardan biridir. Sadə adamdı. Böyüklə böyük, kiçiklə kiçik. Yaşca özümdən böyük çox az sayda adamlardan biridi ki, ona “sən” deyə bilirəm. Bir dəfə ailəsi ilə birlikdə bizdə qonaq idi. Mənim qardaşlarım da gəlmişdilər. Söhbət vaxtı qardaşım görür ki, iki kəlmədən-bir Mədəd əmiyə “sən” deyirəm, özünü saxlayıb məclisin sonunu gözləyir. Hamı çıxıb gedəndən sonra mənə iradını bildirdi. Dedim Mədəd əmiyə başqa cür müraciət eləyə bilmərəm, razılaşdı mənimlə...

***

Mədəd əmi təpədən-dırnağa milli adamdır. Dövrün tələbi idi, uşaqlarını rayon mərkəzindəki rusdilli məktəbə qoymuşdu. Evdə, ailədə həmişə türk əxlaq normaları hökm sürdüyündən nə Sədaqət, nə Ədalət, nə də Mətanət, necə deyərlər, heç vaxt “rusdilli” olmadılar. Sədaqət orta məktəbi əla qiymətlərlə, Tbilisi Dövlət Universitetinin rus şöbəsini fərqlənmə diplomu ilə bitirdi. Heyif, çox heyif ki, onu çox tez itirdik, nadir istedada malik idi, rus dilindən əlavə, ərəb və ingilis dillərini mükəmməl bilirdi, bir müddət SSRİ-nin Bağdaddakı diplomatik korpusunda çalışmışdı. BBC radiosunun Azərbaycan Xidməti onun sonuncu iş yeri oldu. Ədalət Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirdi. Yaxşı şair, yaxşı nasirdir, Rusiyada və Ukraynada iki şeirlər kitabı, Azərbaycanda doğma dildə “Tiflisdə yeddi məhbus” romanı çap olunub. Mətanət nümunəvi müəllimədir. Hər birinin evində müxtəlif dillərdə yüzlərlə kitabdan ibarət kitabxana var. Onlar üçün heç vaxt dil baryeri olmayıb, lakin düşüncələri, təfəkkürləri ilə həmişə bir türk olaraq qalıblar!

***

Mədəd əmi etibarlı bir dostdur. Keçdiyi ömür yolunda yüzlərlə adamla qarşılaşıb. Dost dediklərinin isə hamısını mən də yaxşı tanıyıram. Onlardan bir neçəsi artıq dünyasını dəyişib. Mədəd əmi hər görüşümüzdə hökmən onlardan danışır, onları xatırlayır. Rəhmətlik Murtuz Muradovla, Seyfəddin Əliyevlə keçən günlərini vərəqləməkdən yorulmur. Bir neçə il bundan əvvəl Yazıçılar Birliyində şair-tərcüməçi Vilayət Rüstəmzadənin xatirə gecəsindəki çıxşını xatırlayıram. Qəhər boğa-boğa çıxış elədi. Tədbirdən sonra bir xeyli piyada yol getdik, yolboyu da Vilayətlə keçirdiyi günlərdən, gənclik çağlarından danışdı. Mədəd əminin dosta sədaqəti, tam səmimi deyirəm, ayranı balından baha olan indiki dünyamızda bir həyat dərsidir. Mədəd əminin dostlarından danışanda gərək hökmən Əlləz Ovçiyevin, Zakir Paşayevin, Ramiz həkimin adlarını çəkəm. Əlləz Ovçiyev atamın, Zakir Paşayev anamın qohumudur, mənim üçün də çox əziz, çox hörmətli adamlardır. Mədəd əminin dostları ilə vaxtı çox nadir hallarda dəyişə biləcək görüş günləri var, yayda isə Başkeçiddə bir yerdə olurlar...

***

Mədəd əmi haqqında ürəyimdən keçənlərin, yaddaşıma hopanların hamısını yazsam, bir dastana sığışmaz. Bu yazını yaza-yaza Mədəd əmiyə can sağlığı arzulayıram və indi gecənin bu aləmində bir daha əmin oluram ki, həyatda hər kəsə dastan-ömür qismət olmur, gərək bu dastanı özün yaradasan. Elə bu düşüncələrlə də qəlbimin dərinliyindəki kövrək hisləri, bayaqdan bəri ürəyimi gəmirən nostaljini özümdən uzaqlaşdırmağa çalışıram. Yaxşı ki, sabah açılmağa doğru gedir...

 

Şahbaz Şamıoğlu   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!