Modern.az

KİTABI KİMLƏR YAZMALIDIR? – “Qeyri-peşəkarların, reputasiyası zədələnmişlərin…”  

KİTABI KİMLƏR YAZMALIDIR? – “Qeyri-peşəkarların, reputasiyası zədələnmişlərin…”  

28 Aprel 2019, 12:52

Ölkədə kitab adı çəkiləndə kitabın təbliğatçısı, nəhəng kitabxanası olan, Azərbaycanda Nobel mükafatı laureatlarının tədqiqatçısı, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevdə yada düşür. Onunla Təhsil Nazirliyinin başlatdığı “Hər gün oxu”kampaniyası ilə bağlı qısa söhbəti təqdim edirik:

 

- Etibar müəllim, Təhsil Nazirliyinin başlatdığı və mütaliə həvəsini artırmağa xidmət edən #HərGünOxu kampaniyasına siz də fəal qoşuldunuz. “Ədəbiyyat üzrə Nobel mükafatçıları” , “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Məktəbli fəlsəfəsi” və s. kitabların müəllifisiniz. Kitab işini bilən bir şəxs kimi ölkədə kitabın durumunu necə qiymətləndirərdiniz?

 

– Kitaba münasibət xeyli dəyişib. Yeni modern kitab mağazaları yaranıb. Tərcümə ədəbiyyatlarının sayı artıb. Düşünürəm ki, bu işə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında nəşr edilən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası güclü təkan verdi. Bununla yanaşı kitabla bağlı keçirilən mədəni aksiyalar olduqca vacibdir və özünü müsbət mənada göstərir.

- Elm sahələri üzrə yazılan və tərcümə olunan kitablarda vəziyyət necədir?

– Elm sahələrində populyar ədəbiyyatların yazılması və tərcüməsində boşluqlar var. Açıq etiraf edim ki, bu istiqamətlərdə tələbələrə yetərincə ədəbiyyatlar verə bilməmişik. Gənclərin idrakı təbiət elmləri istiqamətində də inkişaf etməlidir. Düşünürəm ki, ali məktəb rəhbərləri bu istiqamətdə işlərini intensivləşdirməlidirlər. Alimlərimiz dərs deməklə yanaşı vəsaitlərin yazılması və tərcüməsində də maraqlı olmalıdırlar.

- Yeri gəlmişkən, sabiq Prezident Heydər Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə xeyli kitablar yazılıb. Ümumiyyətlə, sizcə kitabı kim yazmalıdır? Bu sahədə problemlər nədən ibarətdir?

 

– Fikrimcə, bu cür kitabları gələcəkdə də cəmiyyətdə böyük nüfuza malik olan şəxslər yazmalıdırlar. Bu işə qeyri-peşəkarların, reputasiyası zədələnmişlərin qoşulmasına qətiyyən yol vermək olmaz. Məsələn, tezadlar.az saytında vaxtilə həbsdə olmuş, özünü tədqiqatçı-politoloq kimi qələmə verən Rövşən Novruzoğlunun və Asif Mərzilinin Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdikləri kitabdan parçalar dərc olunur.

Bir daha təkrar edirəm: Rövşən Novruzoğlu hamının bildiyi səbəbdən həbsdə yatmış adamdır. Asif Mərziliyə gəldikdə isə, bu yaxınlarda Mətbuat Şurasının İdarə Heyəti onun rəhbərlik etdiyi qəzeti və saytı yenidən “reket qəzetlər” sırasına daxil edib. Sosial şəbəkələrdə bu şəxslər haqqında axtarış versəniz onların əsl simaları ilə tanış ola bilərsiniz. Ancaq reputasiyaları korlanmış bu iki tip özlərinə cəmiyyətdə bəraət qazandırmaq üçün Heydər Əliyev Fondu, Fondun rəhbəri, ölkənin birinci vitse-prezidenti haqqında kitab yazırlar. Düşünürəm ki, bu yolverilməzdir və bunun qarşısı tezliklə alınmalıdır. Artıq bütün ölkə ictimaiyyəti Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahəsindəki nəcib işlərinin şahididir. Rövşən Novruzoğlu və Asif Mərzili kimilərinə bu işdə nə ehtiyac var və onlar açıq-aşkar korlanmış reputasiyaları ilə görülən işlərə kölgə salmağa çalışırlar.

- Sizin elmin populyarlaşdırılması istiqamətində xeyli məqalələriniz və kitablarınız var. Hal-hazırda hansı kitab üzərində işləyirsiniz?

 

– “Elmin tarixinə yeni baxış” kitabı üzərində işlərimi tamamlamaq üzrəyəm. Yəqin ki, yaxın vaxtlarda həmin kitab da elm adamlarının ixtiyarına veriləcək.

 

Azpolitika.info

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?