Modern.az

Milli Məclis saxtalaşdırıldığı bildirilən qanunlar barədə açıqlama verdi

Milli Məclis saxtalaşdırıldığı bildirilən qanunlar barədə açıqlama verdi

22 Dekabr 2009, 09:34

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında deputat Pənah Hüseyn “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara edilən əlavə və dəyişiklikdən sonra yaranmış anlaşılmaz vəziyyət barədə açıqlama verilməsini tələb etmişdi.

Milli Məclisin bir müddət öncə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara etdiyi əlavə və dəyişikliklərdən sonra sayğaclaşdırma işi yeni qaydada tənzimlənməliydi. Belə ki, bu qanunlara müvafiq olaraq istehlakçılar üçün elektrik enerjisi, qaz və su sayğaclarının quraşdırılması və dəyişdirilməsi təchizatçı müəssisələrin hesabına həyat keçirilməlidir.

Lakin həmin qanunlar Milli Məclisdə qəbul olunandan sonra rəsmi qəzetlərdə başqa məzmunda dərc edilib.

Belə ki, qüvvəyə minən mətndə "istehlakçılar" sözü "fiziki şəxslər" sözü ilə əvəzlənib. “Su təchizatı və tullantı suları haqqında” qanunda isə sayğacların quraşdırılması ilə bağlı olan müddəa ümumiyyətlə çıxarılıb.

Pənah Hüseyn qanun layihələri ilə bağlı yaranmış vəziyyətlə bağlı araşdır

ma tələb etmişdi

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında spiker Oqtay Əsədovla Pənah Hüseyn arasında elə bu məsələyə görə mübahisə yaranıb.

O.Əsədov demişdi ki, sözügedən qanun parlamentdə qəbul ediləndən sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin iclası olub və ona dəyişiklik edilib.

Belədə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əvvəlcə edilən əlavə və dəyişikliklərdən sonra istehlakçılar üçün elektrik enerjisi, qaz və su sayğaclarının quraşdırılması və dəyişdirilməsinin təchizatçı müəssisələrin hesabına həyat keçirilməsi nəzərdə tutulurdusa, MM-in Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin sonradan qanunlara etdiyi düzəliş nəticəsində sayğacların quraşdırılması və dəyişdirilməsinin təchizatçı müəssisələrin deyil, istehlakçıların boynunda qalıb.   

Modern.az-ın məlumatına görə, Milli Məclis məsələyə dair rəsmi açıqlama verib. Mətbuat xidmətindən saytımıza daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

"Son vaxtlar bir sıra müxalifət yönümlü mətbuatda ölkənin qanunvericilik orqanında əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlara qarşı qarayaxma kampaniyasına başlanılıb. Belə ki, sentyabrın 30-da Milli Məclisdə qəbul olunmuş "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə mütərəqqi bir qanun bəzi müxalifətçilər və onlara xidmət edən mətbu orqanlar tərəfindən az qala cəmiyyət qarşısında cinayət kimi dəyərləndirilir, sənədin bir sıra məqamları ətrafında əsassız ajiotaj yaradılır. Onlar məsələnin məğzinə varmadan rəsmi dövlət orqanlarını və dövlət məmurlarını saxtakarlıqda ittiham edir, guya Milli Məclis tərəfindən qəbul edilmiş qanunun mətni ilə mətbuatda dərc olunan mətn arasında kəskin fərqlər olduğu barədə əsassız fikirlər söyləyirlər. Əslində isə ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş bu sənəd enerji, qaz və su təchizatı sahəsində yaranan münasibətlərin tənzimlənməsinə, qarşıya çıxan mübahisəli məsələlərin əhalinin xeyrinə köklü surətdə həllinə yönəlmişdir. Bu vaxta qədər bu sahədə bir sıra nöqsanlar mövcud idi. Bir nəfərin istifadə etdiyi enerji, qaz və ya suya görə borcu yaranırdısa, bütöv bir binanın təchizatı dayandırılırdı və digər abonentlər bundan əziyyət çəkirdilər. İndi isə bu hallara yol verilməyəcək. Sanksiyalar fərdi qaydada tətbiq olunacaq. Yəni təkcə borcunu ödəməyən abonentin təchizatı dayandırılacaq. Yeni qanunda istehlakçılara verilən elektrik enerjisinin və qazın dəyəri yalnız sayğac göstəriciləri əsasında ödənilir. Vacib məqamlardan biri də odur ki, sayğacda göstərilən dəyər tam ödənildikdən sonra hesablamalarda səhv etmiş təchizatçının əlavə ödəniş tələb etməsinə yol verilmir. Sənədin Milli Məclisə daxil olmuş mətnində sayğacların bütün istehlakçılar üçün təchizatçı müəssisə tərəfindən quraşdırılması nəzərdə tutulmuşdur. Qanun layihəsinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 17 və 30 sentyabr 2009-cu il tarixli iclaslarında müzakirəsi zamanı deputatlar bu müddəanın təchizatçı müəssisələrin maddi maraqlarını tam ifadə etməməsi barədə fikirlər söyləmişlər. Belə ki, "Azərenerji", ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi və "Azərsu" müəssisələrinin özləri müxtəlif tipli səhmdar cəmiyyətləridir və onların gəlir əldə edən başqa hüquqi şəxslərə sayğac quraşdırılmasında "maddi yardım göstərməsi" iqtisadi baxımdan düzgün deyil. Çünki bu sırada onlarla fabrik, zavod, iri şirkətlər, şadlıq evləri, restoranlar, iri ticarət və əyləncə mərkəzləri, böyük mənfəətlə işləyən bu kimi çoxsaylı müəssisələr vardır ki, onlar da öz ehtiyaclarını ödəmək üçün bir deyil, bir neçə xüsusi sayğaclardan istifadə edirlər. Bu sayğacların isə dəyəri adi sayğaclardan dəfələrlə çoxdur. Məhz buna görə bu tipli qurğuların hüquqi şəxslərin öz hesabına quraşdırılması iqtisadi baxımdan daha məqbuldur. Əhaliyə isə bu sayğaclar ailənin gəlir səviyyəsindən asılı olmayaraq pulsuz - təchizatçının hesabına quraşdırılmalıdır. Millət vəkillərinin diqqət yetirdiyi başqa bir məqam isə su sayğaclarının quraşdırılması ilə bağlı məsələ olmuşdur. Belə ki, su sayğaclarının quraşdırılması texnologiyası bir qədər fərqlidir: qaz və enerji sayğacları mənzillərdən kənarda, divarüstü boruların və kabellərin üzərində qurulur. Su sayğaclarının isə əksər hallarda divarın içi ilə çəkilmiş borularda quraşdırılması tələb olunur. Bu isə yeni təmir olunan sanitar qovşaqlarının, divarlarının sökülməsinə, mənzil sahiblərinin narahatçılığına və əlavə xərclərə səbəb olur. Buna görə də, təklif edildi ki, su sayğacları əhali üçün könüllü qaydada, əsasən mənzildə təmir işləri aparılarkən quraşdırılsın. Bu sayğaclar quraşdırılana qədər isə, əhali su pulunu mövcud tarif əsasında, 1 nəfər üçün iri şəhərlərdə ayda 1,32 manat, digər şəhərlərdə 1,02 manat məbləğində ödəyə bilər. Göründüyü kimi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından bu sahədə göstərilən xidmətin hələlik mövcud qaydalarla ödənilməsi daha məqbuldur. Qeyd olunmalıdır ki, indiyədək Bakı şəhəri üzrə abonentlərin 60,3 faizi su sayğacları ilə təmin olunub. Bütövlükdə ölkə üzrə isə bu göstərici 41,5 faiz təşkil edir. Növbəti iki ildə Bakı şəhəri üzrə sayğaclaşmanın başa çatdırılması nəzərdə tutulur, regionlarda isə bu proses beynəlxalq maliyyə institutlarından dövlət zəmanəti ilə alınan kreditlər hesabına, layihələr çərçivəsində həyata keçiriləcək. Bu sayğaclar əhali üçün pulsuz quraşdırılacaq. Yuxarıda göstərilənləri nəzərə alaraq, Milli Məclisin müvafiq komitəsi 30 sentyabr tarixli iclasında qanun layihəsinə müəyyən dəyişikliklər edilməsini məqsədəmüvafiq hesab etmiş və bu dəyişiklikləri qanunun təşəbbüskarı ilə razılaşdırmışdır. Əslində, qanunun qəbulu cəmiyyətdə sivil münasibətlərin möhkəmlənməsinə, iqtisadi münasibətlərdə iştirak edən tərəflərin hüquq və vəzifələrinin daha aydın ifadə olunmasına yönəlmişdir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir