Modern.az

Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı

Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı

Analitika

24 May 2019, 15:57

Bir neçə gün öncə CNBC kanalı ABŞ Dövlət Departamentinin bir neçə yüksək səviyyəli rəsmisinə istinadən Amerikanın Türkiyəyə S-400 zenit raket sistemlərini almaqdan imtina üçün iki həftə vaxt verdiyini yazdı. Adlarının açıqlanmasını istəməyən bu mənbələrin CNBC-yə verdikləri bəyanat istər Türkiyə, istərsə də Rusiyada ciddi reaksiyalara səbəb oldu. Amerikadan verilən bəyanatda iyun ayının ikici həftəsinə qədər rəsmi Ankaranın Rusiya ilə S-400 sistemlərinə dair imzaladığı sazişdən imtina etməyəcəyi, əvəzinə Amerikanın “Patriot” sistemlərini almayacağı təqdirdə nəticələrin ağır olacağı deyilir. Ağır nəticələr dəyərkən isə Türkiyənin F-35 qırıcılarından məhrum ediləcəyi, ABŞ sanksiyaları ilə üzləşəcəyi və NATO ilə münasibətlərdə ciddi problemlər yaşayacağı nəzərdə tutulur.

Hər şeydən əvvəl onu qeyd edək ki, S-400 ilə bağlı ABŞ ilə Türkiyə arasında gərginliyin olması heç kəsə gizli deyildi. Hətta bu, iki ölkənin rəsmiləri, xüsusilə də prezidentlər, xarici işlər və müdafiə nazirləri tərəfindən səsləndirilən bəyanatlarda dəfələrlə açıq şəkildə ortaya qoyulmuşdu. Heç şübhə yoxdur ki, hazırda da rəsmi səviyyədə bu məsələ ciddi müzakirə olunur və gərginlik davam edir. Lakin adı açıqlanmayan mənbələrin KİV vasitəsi ilə Türkiyəyə “səhvini düzəltmək” üçün 2 həftə vaxt verməsi və bu bəyanatın tirajlanması, ən yumşaq ifadə ilə, diplomatik etiketlə bir araya sığmır. Bununla belə, CNBC vasitəsilə ictimailəşdirilən bu mövqe bir neçə məqsədə xidmət edir.

Birincisi, Türkiyədəki ictimai rəyi təsir etməklə anti-Ərdoğan əhvalını mümkün qədər artırmaq; ikincisi, onsuz da çətin günlər keçirən Türkiyə valyutasına və iqtisadiyyatına əlavə gərginliklər yaradacaq spekulyasiyalara rəvac vermək; üçüncüsü, iyunda yenidən keçiriləcək İstanbul seçkilərinə qədər AKP-nin əlini, dolayısı ilə də olsa, bir qədər də zəiflətmək. Əslində, hazırda Türkiyədə iqtidarın əsas qayğısı məhz ikinci amillə bağlıdır. Belə ki, iqtisadi çalxantılar, lirənin kövrəkliyi və son iki həftədə yenidən ciddi dəyər itirməsi birinci və üçüncü dediklərimizi gücləndirən əsas amildir.

Bütün bunlara baxmayaraq, S-400-lərlə bağlı son verilən qeyri-rəsmi bəyanata türk rəsmilərinin cavabı çox dəqiq və kəskin oldu. Həm Ərdoğan, həm də Çavuşoğlu Türkiyənin Rusiya ilə müqaviləni gözdən keçirmək və ya ləğv etmək haqqında düşünmədiyini, bir neçə həftə sonra S-400 hissələrinin Türkiyəyə gətiriləcəyini bəyan etdilər. Türkiyənin müdafiə naziri Hülusi Akar isə 2 gün əvvəl verdiyi açıqlamada türk hərbiçilərinin S-400 sistemləri üzrə təlim keçmək üçün artıq Rusiyaya getdiklərini və növbəti təlimlər üçün əlavə şəxsi heyətin göndəriləcəyini dedi.

Görünən odur ki, Türkiyə geri addım atmaq niyyətində deyil, əslində sağlam siyasi düşüncəyə görə heç atmamalıdır da. Çünki bu nöqtəyə gəldikdən sonra Türkiyənin geri addım atması ABŞ-la mövcud gərginliyi aradan qaldımayacaqdır, üstəlik də Moskva ilə münasibətlərdə dərin yaralar açacaqdır. Bu isə Türkiyənin regional liderlik strategiyası ilə tərs-mütənasib olardı. Digər tərəfdən ABŞ-ın istədiyi addım atılarsa, Türkiyə hakim partiyasını əyaqda tutan əsas arqument – Türkiyənin yenidən öz taleyinə sahib çıxmaq mübarizəsi – ortadan qalxar.

Bəs geri addım atmayacağı təqdirdə Türkiyəni nələr gözləyir?

Hər şeydən əvvəl, ABŞ-ın CAATSA (Amerikanın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə Aktı) çərçivəsində sanksiyalar. Artıq ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 almaqla bu Aktın 231-ci maddəsini (Rusiyanın kəşfiyyat və yaxud müdafiə sektoru ilə sövdələşmə etmə) pozduğunu ifadə edib. Dolayısı ilə S-400 ilə bağlı proses yekunlaşarsa, CAATSA çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcək. Bunun qarşısının alınması üçün ABŞ prezidenti Konqresə məktub göndərməli və Türkiyə ilə Rusiya arasında bu sövdələşmənin mühüm olmadığını, NATO və ABŞ-ın hərbi əməliyyatlarına mənfi təsir etməyəcəyini elan etməlidir. Trampın bunu edəciyi isə zəif ehtimaldır. Dolayısı ilə S-400-dən imtina etməyəcəyi təqdirdə Türkiyənin iqtisadiyyatını daha ağır sınaqlar gözləyir. ABŞ-ın Türkiyə ictimaiyyətinə çatdırmaq istədiyi əsas mesaj da məhz budur. Lakin türklərin xarakterini nəzərə alsaq, bu halın milli mübarizə əhvalı ilə əhalinin Ərdoğan ətrafında daha sıx birləşməyə səbəb ola biləcəyini də proqnoz etmək mümkündür.

Türkiyəni gözləyən digər sərt addım da, F-35 qırıcı layihəsindən kənarda qalmaq və bu beşinci nəsil qırıcıları hərbi inventarına qatmaq imkanlarından məhrum olmaqdır. Lakin bu, ABŞ üçün, şahmat dili ilə desək, “suqsvanq” effekti yaradacaq bir məqamdır. Başqa sözlə, Türkiyəni cəzalandırmaq üçün etdiyi hər həmlə özününü vəziyyətini bir qədər də mürəkkəbləşdirə bilər. Çünki Rusiya da Su-57 beşinci nəsil qırıcıları istehsal edir və Türkiyəyə özünün Su-57 satmaq üçün olduqca uyğun şərtlər təklif edir. Artıq Türkiyədə də bu istiqamətdə rəy bildirən rəsmilər vardır. Ərdoğanın bir neçə gün əvvəl S-500 müdafiə sistemlərinin Türkiyə ilə Rusiyanın birgə istehsal etmək niyyəti və bununla bağlı Rusiya ilə mövqelərinin yaxın olması haqda bəyanatı da ABŞ-ın S-400 ilə bağlı təzyiqinin əks təsir yaratmasıdır.

Ərdoğan ilə Putinin sonuncu görüşündə S-400-lərin ilk partiyasının (Türkiyə 2.5 milyard dollara iki S-400 sistemi və dörd batarya alır) iyun-iyul ayında təhvil veriləcəyinə dair razılıq əldə olunmuşdur. Bu vaxtın yaxınlaşması fonunda Amerika ilə Türkiyə arasında münasibətlərin daha da kəskinləşəcəyi və ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözləniləndir. Qardaş ölkənin müdafiə naziri Hülusi Akarın 22 mayda jurnalistlərə verdiyi müsahibədə “S-400 müzakirələrində irəliləyiş var, lakin biz mümkün Amerika sanksiyalarına hazırlaşırıq” deməsi də bunun bariz göstəricisidir. Bariz görünən digər bir məqam da odur ki, belə sanksiyalardan itirən ancaq rəsmi Ankara olmayacaq, həm də Vaşinqton itirəcək. Hazırda ABŞ-Rusiya münasibətlərinin yenidən “Soyuq müharibə” dövründəki “sıfır cəmli oyun” yanaşmasına kökləndiyini nəzərə alsaq, bu prosesdə ABŞ-ın itirdiyi qədər qazanan biri də olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi