Modern.az

Jurnalistikaya magistratura üzrə qəbulun yazı mərhələsində ədalətsizlik? - Komissiya və DİM-dən cavab  

Jurnalistikaya magistratura üzrə qəbulun yazı mərhələsində ədalətsizlik? - Komissiya və DİM-dən cavab  

29 May 2019, 12:36

Dünən magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

 

İmtahan nəticələri açıqlansa da, Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bəzi bakalavrlar arasında narazılıqlar ortaya çıxıb.

Namizədlər II mərhələdə yazılan essenin (yazı işinin) düzgün qiymətləndirilməməsindən və prosesdə “tapşırığın” mühüm rol oynamasından şikayətçidirlər.

 

Öncəliklə, bu il Jurnalistika üzrə magistratura imtahanlarının II mərhələsində iştirak edib nəticəsindən narazı qalan bakalavr Leyla Hüseynovanın (Şərti ad) fikirlərini olduğunu kimi təqdim edirik:

 

“Magistraturaya qəbul imtahanlarının test mərhələsində nəticəm yaxşı oldu. Hətta müsahibə mərhələsində maksimum 15 baldan 14 bal topladım. Amma II, yəni yazı mərhələsində esseni yaxşı yazsam da, 20 balla qiymətləndirildim. Universiteti bitirəndən sonra 2 ilə yaxın müddətdə mediada topladığım təcrübə nəzərə alınmadı. Yazdığım essedə giriş, təhlil, nəticə - hər biri qeyd olunmuşdu. Lazımi faktlardan istifadə edilməklə yanaşı, müəyyən analitik məzmuna da yer verilmişdi. 

İmtahan nəticəmi öyrənəndə inana bilmədim. Çünki, yazdığım esseyə 30-dan yuxarı bal veriləcəyinigözləyirdim. Üstəlik,digər bakalavrlara verilən balla müqayisə edildikdə də ortaya bəlli bir ədalətsizlik çıxırdı.

İmtahana işləyərək, üstəlik heç bir hazırlığa getmədən hazırlaşmışam. O qədər zəhmətin qarşılığında bu nəticəni gözləmirdim.

Aydındır ki, insan zəhmət çəksə də imtahanda özünün itirə və bu səbəbdən zəif nəticə göstərə bilər. Lakin yazdığım esse 20 bala layiq deyildi”.

Mövzu ilə bağlı ilk olaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

 

Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında sadalanan faktların həqiqəti əks etdirmədiyini bildirib:

 

“İmtahan nəticələri dünən elan olunub. Hər kəs Dövlət İmtahan Mərkəzinin rəsmi saytında öz balı və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.Nəticələr ilə əlaqədar narazılığı olan hər kəs üçün Apelyasiya Komissiyası fəaliyyət göstərir. İradı olanlar komissiyaya müraciət edib, suallarına aydınlıq gətirə bilərlər. Lakin müraciət etmək o demək deyil ki, nəticələrdə hər hansı dəyişiklik ediləcək. Yalnız bakalavr haqlı olduğu halda nəticələrə müəyyən dəyişikliyin edilməsi nəzərdə tutulur”.

 

II mərhələ üzrə yazı işlərininqiymətləndirilməprosesində iştirak edən “Şərq”qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı dasəsləndirilən ittihamlarla razılaşmayıb:

 

“Tələbələrin şikayətləri varsa, Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Bu komissiyaya Bakı Dövlət Universitetinin və müxtəlif ali məktəblərin Jurnalistika fakültələrinin müəllimləri ilə yanaşı, baş redaktorlar və Mətbuat Şurası İdarə Heyətinin üzvləri cəlb olunur. Daxil olan müraciətlər əsasında jurnalistin işinə həvəsi varsa, potensialı yüksəkdirsə və haqlıdırsa, balın qaldırılma ehtimalı var.

Qiymətləndirilmə zamanıisə heç bir qeyri-şəffaflıqdan söhbət gedə bilməz.

Jurnalistika üzrə qabiliyyət imtahanı verənlər II mərhələdə esse yazırlar. Bəzən bakalavrlar qoyulan tələbləri tam ödəmir. 2 səhifə həcmində yazı tələb olunursa, 1 səhifədən də az yazırlar. Həddən artıq orfoqrafik səhvlərlə dolu yazılara da rast gəlinir. Hər bir ekspertin qarşısında Dövlət İmtahan Mərkəzinin qaydaları durur. Heç kim bu qaydalardan kənara çıxa bilməz.Tələbənin yazısında onun analizetmə qabiliyyətini və orijinal ifadələrdən istifadə bacarığını qiymətləndiririk. Yazılar bizə kodlaşdırılmış formada gəlir və bakalavr barədə heç bir şəxsi məlumat əks olunmur. Bəs, kim hansı formada“tapşırıla” bilər?! Ekspertləri qeyri-şəffaflıqda günahlandırmaq əsassızdır”.

 

Akif Aşırlının sözlərinə görə, qabiliyyət imtahanları ərəfəsində ekspertlər üçün seminarlar təşkil edilir:

 

“Təqdim olunan yazılar ekspertlər tərəfindən yoxlanılır. Dövlət İmtahan Mərkəzi hansı ekspertlərin daha yaxşı olduğuna qərar verir və obyektiv qiymətləndirməyi bacaran şəxslər seçilir.

Yoxlamada bizimlə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak edirlər.Qiymətlər arasında uyğunsuzluq yaranarsa, yazı işi avtomatik 3-cü ekspertə göndərilir”.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu həm bakalavr,  həm də magistraturaya qəbul imtahanlarının Dövlət İmtahan Mərkəzinin nəzarəti altında gedən proses olduğunu vurğulayıb:

 

“Komissiyanı DİM formalaşdırır və onların işinə nəzarət edir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi prosesdə  rol oynamır. Sadəcə olaraq fakültədən bəzən bir və ya iki müəllim komissiyanın üzvü kimi prosesdə iştirak üçün dəvət olunur.

Bu suala cavab verməkdə tərəddüd edirəm. Çünki işə DİM-in özünün seçdiyi mütəxəssislər cəlb edilir. Burda hər hansı subyektiv amillərin rol oynadığını düşünmürəm və açığı buna inanmıram. Belə fikirlər varsa, bakalavrlar DİM-ə müraciət edə bilərlər”.

 

Xatırladaq ki, Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar imtahanın ikinci mərhələsində inşa (esse) yazmalıdırlar.

 

Qeyd: Modern.az mövzunu davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər