Modern.az

Ərəb baharı”ndan doğan radıkallıq,  Şimali Afrika və Yaxın Şərqdə kimlik problemi - TƏHLİL

“Ərəb baharı”ndan doğan radıkallıq,  Şimali Afrika və Yaxın Şərqdə kimlik problemi - TƏHLİL

11 İyun 2019, 08:28

“Ərəb baharı”nın Şimali Afrıka və Yaxın Şərq regionuna müsbət yeniliklər gətirəcəyi gözləntiləri özünü doğrultmadı. Əksinə, regionda ciddi qarşıdurmalar, xaos, idarəçilik böhranı və yeni münaqişələrin əsası qoyuldu. Digər tərəfdən, ərəb dünyasında kimlik anlamı əsaslı dəyişikliklərə məruz qaldı. Məlumdur ki, kimlik faktorunun formalaşması üçün coğrafi, milli, dini və siyasi amillər mühüm rol oynayır. Ərəb baharından əvvəl bəzi ərəb ölkələrində kimlik dini, digərlərində milli anlamda dərk edilirdi, bir sıra dövlətlərdə isə ölkənin adı ilə bağlı idi. Şərti olaraq bu ölkələri üç qrupa bölmək olar.

 

Kimliyin din ilə müəyyən olunması

 

Səudiyyə Ərəbistanında kimliyin din ilə müəyyən olunması, yəni müsəlman faktoru ərəb kimliyi faktorundan və səudiyyəli faktorundan daha güclüdür.

 

Kimliyin ölkə adı ilə müəyyən olunması

 

Livanda isə əksinə olaraq livanlı faktoru güclüdür, çünki, Livanda hamı ərəbcə danışsa da yunanlar, siryaklar, ermənilər, assuriyalılar, druzlar və digər qeyri-ərəb xalqlar yaşayır. Ümumilikdə müsəlmanların sayı üstünlük təşkil etsə də, Livanda xristian ərəblərin sayı ayrıca götürülmüş  sünni və şiyələrin sayından daha artıqdır. Bu ölkədə vətəndaş müharibəsi və etnik-dini münaqişələr insanların yaxşı yadındadır. Elə bu səbəbdən də Livanda prezidentin xristian, baş nazirin sünni, spikerin isə şiə olması vacib şərtdir. 

 

Kimlikdə dövlət-rəhbər vəhdəti

 

Bəzi ərəb ölkələrində illər boyu dövlət və rəhbər arasında fərq olmayıb (Liviya-Qəddafi, Misir-Mübarək, Suriya-Əsəd, İraq-Səddam və s.). Hakimiyyətlərinin ilk illərində bu rəhbərlər xalqları arasında səcdə ediləcək dərəcədə populyar idilər. Avropa modelindən istifadə edərək, onlar cəmiyyəti misirlilik, suriyalılıq, liviyalılıq və iraqlılıq bayrağı altında birləşdirməyə müvəffəq oldular. Bu ölkələrdə kimliyin ölkə adı və rəhbərin adı ilə bağlı olmasını müşahidə edirik. Ölkə başçısının adının kimliyin ayrılmaz hissəsi kimi qəbul olunması üçün həmin rəhbərlər təhsil, təbliğat, tarixin öz adı ətrafında formalaşdırılması, dövlət televiziyası, mətbuat və eləcə də kütləvi dövlət tədbirlərindən istifadə edərək insanlarda dövlətçilik anlayışını və rəhbərin dövlətçiliyin yeganə təminatçısı olması düşüncəsini yarada bilmişdilər.

 

Lakin ərəblər yalnız Şimali Afrika və Yaxın Şərqdə yaşamırlar. Latın Amerikasında 17 milyondan artıq ərəb məskunlaşmışdır ki, bunlar da əsas etibarilə xristian dininə mənsubdurlar. Kaliforniya Riversayd Universitetinin (University of California Riverside) professoru Migel Karreras (Miguel Carreras) qeyd edir ki, ərəblər Latın Amerikası ölkələri əhalisinin cəmi 5%-ni təşkil etsələr də, siyasi və sosial həyatda qeyri-proporsional uğurlar qazanmışlar.
Son 60-70 il müddətində Latın Amerikasında 8 ərəb mənşəli prezident seçilmişdir:

 

- Julio Teodoro Salem, 1944-cü il Ekvadorun Livan əsilli prezidenti

- Julio Sesar Turbay, 1978-1982-ci illər Kolumbiyanın Livan əsilli prezidenti

- Jacobo Majuto Azar, 1982-ci il Dominikan Respublikasının Livan əsilli prezidenti

- Carlos Saul Menem, 1989-1999-cu illər Argentinanın Suriya əsilli prezidenti

- Abdalla Bucaran, 1996-1997-ci illər Ekvadorun Livan əsilli prezidenti

- Jamil Mahuad, 1998-2000-ci illər Ekvadorun Livan əsilli prezidenti

- Carlos Flores Facusse, 1998-2002-ci illər Hondurasın Fələstin əsilli prezidenti

- Elias Antonio Saka, 2004-2009-cu illər Salvadorun Fələstin əsilli prezidenti


Bundan əlavə, Fələstin əsilli Səid Musa 10 (1998-2008) il müddətində Belizin baş naziri olmuşdur.

 

Beləliklə, Latın Amerikası ölkələrində ərəblər öz milli-etnik mənşəyini fəxrlə bildirirlər.

 

Israildə yaşayan ərəblər ölkə əhalisinin altıda birini təşkil edirlər. Onlar İsrail pasportunun verdiyi üstünlüklərdən çıxış edərək özlərini İsrailli və ya öz iradələrinin əksinə olaraq İsraildə yaşamağa məcbur edilmiş ərəblər hesab edirlər. Ərəb etnologiyası üzrə tanınmış  tədqiqatçı Şibli Telhami göstərir ki, insanlara öz məqsədlərinə çatmaq üçün ən kəsərli variant kimi sərf edən identikliyi qabartmaq xasdır.

 

Avropa və ABŞ-da vəziyyət bir qədər fərqlidir. Avropada ərəblərin sayı 6 milyondan artıqdır. Son hadisələrə qədər onlar özlərini avropalı kimliyi ilə müəyyən edirdilər, çünki, Avropada yaşayır, Avropada çalışır, avropalılar kimi təhsil alır və avropalı kimi düşünürlər. Amerikada da eyni halı müşahidə etmək olar. ABŞ-a köçən ərəblər ABŞ-ı özünə vətən seçmiş digər miqrantlar kimi yeni cəmiyyətin tələblərinə uyğunlaşmışlar.

 

“Amerika və ərəblər” kitabında Ş. Telhami  yazır ki, insanların kimliyini dərketməsinə siyasi situasiya və xarici siyasət kimi faktorların təsiri böyükdür. 20-30 il əvvəl ŞAYŞ regionunda yalnız bir dövlət televiziyası mövcud idisə, indi asanlıqla CNN, Əl-cəzirə kimi kanallardan məlumat almaq olur. Reallıqda isə Qərb yönümlü siyasət dizaynerləri tərəfindən  yönləndirilən beynəlxalq televiziya kanalları 11 sentyabr hadisələrindən sonra ritorikanı müsəlmanların əleyhinə dəyişmişlər. Bunun nəticəsi kimi, “Ərəb baharı” da ərəblərin dəyişikliklər uğrunda mübarizəsi kimi deyil, daha çox islamın dağıdıcı xarakteri baxımından təqdim olunur. Məqsədli şəkildə “Ərəb baharı” haqqında proqramlarda nümayişçilərin istək və arzuları deyil, şiddət və qan dolu səhnələr nümayiş etdirilir.

 

Nəticədə, Avropada və ABŞ-da məskunlaşmış ərəblər natamamlıq kompleksi yaşamaqdadırlar. Çünki, Qərb yönümlü kanallar qısa müddət ərzində Yaxın Şərqi mistik 1001 gecə və dəvə karvanları məkanından terrorizmin beşiyinə çevirmişlər. Hətta ingilis dilində “ sweating like an Arab in the customs” kimi frazeoloji neologizm geniş istifadə olunmağa başlamışdır ki, bu da gömrükdə ərəb kimi tər tökmək mənasına gəlir və məlum hadisələrdən sonra ərəblərin ABŞ və Avropada sərhəd və gömrük məntəqələrində keçdiyi iztiraba işarədir.

 

Özünüdərketmə və kimliyin müəyyən olunması prosesində insanları ən çox narahat edən məsələ təhlükə altında olan etnik-dini kimliyin müdafiəsi zərurətidir. Artan anti-islam, anti-müsəlman təbliğatı fonunda, ərəblər Qərb ölkələrində müasir avropalı  kimliklərini bir tərəfə qoyaraq özlərini islamla eyniləşdirməyə və müsəlman mənşəyini qabartmağa daha meyllidirlər. Bununla da, sanki “bizə müsəlman olduğumuza görə üzr istəmək və İslama görə utanmaq gərək deyil” siqnalı verirlər.

 

Beləlikə, “Ərəb baharı”nın iflası Qərbə inamsızlıq, müsbət dəyişikliklərin baş verəcəyinə ümidsizlik, əvvəlki liderləri əvəz etmiş siyasətçilərə etimadsızlıq yaratmaqla bərabər radikal silahlı qüvvələrə öz sıralarına yeni könüllülər cəlb etmək imkanı açdı.

 

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər