Arxiv
16 İyun 2019, 09:10 | ÖLKƏ
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ

Vəzirovlar Şuşada məşhur nəsil olub. Ulu babaları Mirzə Əliməmmədağa İbrahim xan Cavanşirə vəzirlik eləyib, elə nəsil də soyadını burdan götürüb. Şuşalılar bu nəsli həm də ağır seyid kimi tanıyıblar. Ən əsası isə əzəldən elmə, təhsilə hörmətləriylə ad qazanıblar.

Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Mirabdulla oğlu Şuşanın ziyalı, savadlı bəylərindən olub, İranı, Turanı gəzib-dolaşıb. Oğlanlarını Şuşadakı rus məktəbində oxutdurub. Deyirlər, böyük oğlu Əbdülhəsən xüsusi biliyə sahibmiş. Hamı inanırmış  ki, ondan nəsə çıxacaq. Heyf ki, ömrü vədə vermir,  21 yaşında dünyadan köçür. Rəhmətliyin yaxşı kitabxanası varmış. Sahibinin ölümündən sonra  kitabxananın açarını ancaq mərhumun qardaşına - Yusifə  etibar eləyirlər. O da saatlarla kitabxanada oturub oxuyarmış...


Diplomat


Balaca Yusif  ilk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbiylə tanınmış molla Mehdinin məktəbində alır.  Sonra atası onu mollaxanadan çıxarır, oğlunun təhsiliylə bir müddət özü məşğul olur. Fars, türk dillərini öyrədir. 1896-cı ildəsə Yusif  imtahan verib Şuşa realnı məktəbinə qəbul olunur.

1906-cı ildə Yusifin atası Məşədi Mirbaba dünyasını dəyişir.  Ailənin bütün yükü 19 yaşlı Yusifin çiyinlərinə düşür. Amma onun yatalaq xəstəliyinə yoluxub yorğan-döşəyə düşməsi  Vəzirovları çox ağır duruma salır. Başsız, köməksiz, pulsuz qalan ailəyə yalnız  qonşuları - Həsənxan, Nifti, Fərəc adlı qardaşlar  kömək eləyir. Onlar   illər öncə Güney Azərbaycanın Çəmənzəmin kəndindən qaçıb Şuşaya gəlmişdilər. O vaxt Məşədi Mirbaba  onlara əl tutub öz həyətində sığınacaq vermişdi. İllər sonra rəhmətlik kişinin yaxşılığı onun ailəsinə qayıtmışdı.  Deyilənə görə, Yusif  “Çəmənzəminli” təxəllüsünü də elə bu qardaşların şərəfinə götürüb.

...Şuşada ermənilərin yerli camaata verdiyi zülmlər, qırğınlar  Vəzirovları doğma yurddan didərgin salır. Ailə Şuşadan Aşqabada köçür.


Fikrət Vəzirov (oğlu):


- Atamsa o vaxt Bakı Realnı Məktəbində təhsil alırmış.  Məktəb indiki Iqtisadiyyat Institutunun binasında yerləşib. Təhsilini bitirəndən sonra atam da bir müddət Aşqabadda yaşayıb. O dövrlər atamın əsərləri Aşqabadda məşhurmuş. Bəzi hekayələri orta məktəb dərsliklərinə salınırmış. 

Gənc Yusif  Bakıda təhsilini  bitirəndən sonra Kiyevdəki İmperator Univerisitetinin hüquq fakültəsində oxuyur.   Kiyevdə yaşadığı dövrdə siyasi mübarizəyə qatılır. “Müsavat”ın  Kiyev şöbəsinə başçılıq edir. Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı səfiri vəzifəsində çalışır.

1919-cu ildəsə Azərbaycanın İstanbulda  səfiri təyin edilir. Sovet hökuməti qurulandan sonra Türkiyədən Fransaya üz tutur.

 


Paris günləri...

Fransa onu yaxşı qarşılamır, gözəl həyata qonaq eləmir.  Çörəkpulunu min əziyyət bahasına qazanır. Gah zavodda işləməli olur, gah da yazdığı məqalələrin qonorarına möhtac qalır.

Fikrət Vəzirov:

-
Atam Fransada olanda kiçik qardaşı Mirabdulla da onunla yaşayırmış.  Əmim həm diplomatiya fakültəsində oxuyurmuş, həm də işləyirmiş. Hələ dolanışıqları o qədər də pis deyilmiş. Əmim xəstələnəndən sonra acı günlər başlayır. Atam 1921-ci ildə gündəliyində yazır ki, qardaşının müalicəsi üçün Məhəmməd Əmin Rəsulzadəyə,  Əlimərdan bəy Topçubaşova məktub yollayıb. Xahiş eləyib ki, ona  pul sarıdan kömək göstərsinlər. Məhəmməd Əmin Rəsulzadə cəmi 3 dollar  göndərib, Topçubaşovdansa heç bir xəbər-ətər çıxmayıb. Bütün bunlar atamın əsərlərinin üçüncü cildində var.  

 

Başqalarına yazı yazıb faiz  alırdı

 

Yusif Vəzir Çəmənzəminli dolanmağın başqa yolunu da tapmışdı. Əsərlərinin birinci cildində (“Bir qaçqının dəftərindən”) yazır ki, “Parisdə küçəylə gedirdim, təsədüfən 17 il bundan qabaq bir yerdə oxuduğum Bakı ermənisiylə rastlaşdım. Heç birimizin pulu yoxuydu.  Amma istəyirdik ki, bir yerdə oturub qarındolusu yemək yeyək. Birdən ağlıma yaxşı fikir gəldi. Dedim, burda bir rus mühərriri yaşayır, qaçqınlardandı. Gəl, gedək, ondan pul alaq.  Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alıb öz adına çap elətdirir. Əvəzində qazandığının 25 faizini mənə verir”.


Yusif Vəzir Çəmənzəminli çox sonralar - Bakıya qayıdanda da  bu yolla ailəsini dolandırmalı olur.  Oğlu Orxan Vəzirov “Atam Yusif Vəzir Çəmənzəmənli haqqında...” adlı kitabında belə bir xatirə yazıb:


“Atam ailəsini dolandırmaqçün  ədəbiyyat həvəskarlarına evdə dərs deyirdi. Belə həvəskarlardan biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində  (orkestrdə nəfəsli alətdə çalırdı)  çalışan Ağasəf Ağayev idi. Maddi çətinlik çəkdiyimiz üçün atam Ağasəfə müxtəlif hekayələr də yazıb verirdi. O isə həmin hekayələri öz adı ilə qəzet və jurnallarda çap etdirir, qonorarın müəyyən hissəsini  atama verirdi. Atamın Ağasəfə yazdığı hekayələrdən biri də “Al toxmağım, vur toxmağım” idi. Ağasəf bu hekayəni 1937-ci ildə öz adından “Pioner” jurnalında çap etdirmişdi”.

 

Çəkdiyi rəsmsə Şmerlinqin adıyla çap olunub

 

Çəmənzəminli yazıçılıq həvəsinə “Molla Nəsrəddin” jurnalının birinci sayını görəndən sonra düşüb. Bunu özü elə o vaxtlar etiraf eləyib.
“Bir gün məni ilk və son dəfə yoluxmağa gələn əmim Haşımbəy Vəzirov  yenicə nəşrə başlayan “Molla Nəsrəddin” məcmuəsinin ilk nömrəsini  gətirmişdi.  “Molla Nəsrəddin” məndə yazıçılıq həvəsi yaratdı”. (“Molla Nəsrəddin”, 24-cü say, 1906.)

Sonralar nasir kimi tanınan Çəmənzəminli jurnala ilk  töhfəsini  rəssam kimi göndərir. “Onda hələ rəsmə həvəsim də çox idi. Bir-neçə karikatura göndərdim. Müzəffər şahın Avropa xəritəsi qarşısında durub “Ah, Avropa, görəsən, səni bir də nə vaxt görəcəyəm?-deyən karikaturanı da mən göndərmişdim”. (“Molla Nəsrəddin”, 24-cü say, 1906)

Həmin rəsm tezliklə məcmuədə çap olunur. Amma müəllifin adıyla yox, jurnalın rəssamı Şmerlinqin imzasıyla. Bu, Çəmənzəminlinin ovqatını korlayır. “Karikaturanın Şmerlinqin imzası ilə çıxması bir az məni dilgir etdi. Buna baxmayaraq, Şuşada erməni-türk davasını körüklədən çar generalı Qoloşapova da bir karikatura çəkdim. Bu da senzura qurbanı oldu”. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, səh:110)

 Amma rəssamlığa “Molla Nəsrəddin”dən başlamayıb. Hələ 1904-cü ildə əmisi oğlu Mirhəsən Vəzirovla Şuşa realnı məktəbində “Fokisnik” adlı ədəbi məcmuə buraxırlar. Həmin məcmuədə cəsarətli məqalələr, karikaturalar çap olunurmuş. Məqalələri Mirhəsən yazırmış, Cəmənzəminlisə rəssamlıq eləyirmiş. Musəvi, Çəmənzəminli, Olyus-bunlar da rəssamın təxəllüsləriymiş.  Fikrət Vəzirovun gümanınca, Olyus təxəllüsü Olqa, Yusif adlarından yaranıb.  Demə, Çəmənzəminli o vaxtlar Olqa adlı rus qızını sevirmiş. Bu imza da onun şərəfinə “doğulub”.

İndi onun rəsm əsərləri Nizami adına Ədəbiyyat Muzeyində, Salman Mümtaz adına Ədəbiyyat İnstitutunda saxlanılır.  Zərdabinin, Turgenevin, Arximedin portretləri, ata-anasının birgə şəkilləri, müxtəlif  karikaturalar... Bir də Şuşanın min dərdə dərman gül-çiçəkləri...


40 yaşında evlənib

1925-ci ildə kiçik qardaş Mirabdulla dünyasını dəyişir. Onun ölümündən bir il sonra Yusif Vəzir Çəmənzəminli Fransadan Bakıya qayıdır. 1927-ci ildə Bilqeyis adlı xanımla ailə qurur. Tanışlıqlarının maraqlı tarixçəsi var:


Oğlu Fikrət Vəzirov:

- Anamgilin əsli Gürcüstandandı. Köçüb Bakıya gəliblər. Anamı birinci Əzət bibim (Yusif Vəzir Çəmənzəminlinin bacısı) bəyənib. Bibim indiki Şeyx Şamil küçəsində yaşayan Əziz adlı bir qadının evinə gedib-gəlirmiş, çoxdanın tanışıymışlar.   Anamgil də həmin qadının evində yaşayırmış. Bibim anamı görən kimi gəlib atama deyir:  “Yusif, sənə yaxşı qız tapmışam. Sizi mütləq tanış eləyəcəm”. Onda atamın 40 yaşı varmış. İndiki Bünyad Sərdarov küçəsində Qönçə bibimlə bir evdə kirayə qalırmışlar. Bibim anamı dilə tutub atamın yaşadığı evə gətirir. Yaxşı qonaqlıq verirlər. Atam da qıza göz qoyur, xoşuna gəlir. İşi uzatmır, elə həmin gün anamın barmağına üzük taxır.

 

Gürcü qızı Nino

 

....Amma “N” onun gənclik sevgisi  olub.  Gündəliyində bu hərfi tez-tez yazarmış. Onu sevdiyini, necə tanış olduğunu ancaq o dəftərə etibar eləyib. Adını açıq yazmağısa heç ora da qıymayıb...

“Bakı 22 aprel 1907-ci il.”N”lə  yeddi aydı qonşuyuq. O, bizdən bir mərtəbə aşağıda yaşayır...”

 - Sonra sevgisini başı bəlalı “Əli və Nino”  əsərində qələmə alır. (Əsərin müəllifi mübahisəlidi-S.Ç) Əsərdə belə bir yer var: Əli xan deyir ki,  mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikoloy küçəsində, məktəb yolunda rast gəlmişdim. Gündəlikdə də yazır ki, “N”  Qızlar Gimnaziyasında oxuyur- indiki şəkil qalereyası yerləşən küçədə. Atamın yazılarından belə məlum olur ki, “N”ə böyük sevgisi varmış. Amma atam onunla  heç vaxt evlənməzdi. Çünki “N” gürcü qızı idi-Nino Kipyani.  Atamsa çox millətsevər adam olub. Kiyevdə, Parisdə yaşayanda qızlar özü ona evlənmək təklif eləyirmiş. Həm ağlına, həm də görünüşünə görə. Amma atam “ancaq öz millətimin qızı ilə evlənəcəm” – deyib, onların təklifini rədd eləyib. 

 

“Atamı ermənilər tutdurdu”

Bilqeyis evdar qadın olsa da, bir-birilərini yaxşı başa düşürlər. Üç uşaq sahibi olurlar. Güzəranları da pis keçmir. Yusif Vəzir Çəmənzəminli həm hüquqşünas kimi işləyir, həm də indiki Neft Akademiyasında ədəbiyyatdan dərs deyir. Bədii yaradıcılığından da qalmır. “İki od arasında” (“Qan içində”), “Həzrəti- Şəhriyar”, “Altunsaç” və başqa əsərlərini elə  o dövrdə yazır. Neft tarixini araşdırmaqla da məşğul olur. 1935-ci ildə SSRİ-nin çəkdiyi ilk səsli film sayılan  “Çapayev”i Azərbaycan dilinə tərcümə eləyir.

...1937-ci ildə həyat dəyişir.Müxtəlif  bəhanələrlə onu işdən çıxarırlar.  1938-ci ildə ailəsini Bakıda qoyub, iş dalınca Özbəkistana gedir. Ürgənc şəhərində rus dilindən dərs deyir.  Məktəbin kitabxanasını da ona tapşırırlar...

Fikrət Vəzirov:

- Atam hər ay bizə pul göndərirdi. Təzə-təzə pulsuzluqdan canımız qurtarırdı ki, yenə hər şey puç oldu.  Qonşumuzda Okayev adlı erməni yaşayırdı. Deyirdilər, “NKVD”-yə işləyir. Bizi dilə tuturdu ki, atamızın ünvanını öyrənsin.  Deyirdi,  atanız mənim dostumdu, ona məktub yazacam. Amma anam ona  inanmırdı. Atam bizə nə göndərirdisə, nənəmgilin ünvanına yollayırdı. Heç kəsin atamdan xəbəri yoxuydu.  Bəziləri elə bilirdi, onu tutub aparıblar. Elə dövr idi ki, söz soruşmağa da hamı bir-birindən ehtiyat eləyirdi.

1939-cu ildə atam evimizə gəldi. Nalçikə istirahətə getdik. Avqustun 3-də təzədən Özbəkistana qayıtdı...

1940-cı ilin yanvarın 27-də Bakının sifarişiylə onu tutdular. Atamın gəlişini erməni qonşumuz xəbər eləmişdi. Markaryan, Qriqoryan adlı ermənilərinsə onun həbsində xüsusi rolu olub.

 


Dərbədər

 

- Məktəbdən gəlib gördüm ki,  anam ağlayır. Dedi, atanızı həbs eləyiblər. Evin altını-üstünə çevirib gediblər. Atamdan ilk məktub Nijni Novqorod vilayətinin “Suxobezvodnoe” stansiyasından gəldi.  Məktubdan oxuduq ki, ona 8 il iş kəsiblər. Həmişə bizə yazırdı ki, siqaretdən korluq çəkirəm, nə qədər imkanınız varsa, göndərin.

1941-ci ilin noyabrın 15-də evimizə gəlib dedilər,  sizi də sürgün eləyirik.  Nənəm birinci  atamın yazılarını yığışdırdı. Səhər saat 9-da bizi maşına doldurdular. Keşlədə “Meyvə-tərəvəz bazası” deyilən yerə gətirdilər. Ziyalıların çoxu ordaydı. Milliyətcə erməni olan “NKVD” işçiləri camaata ağalıq eləyirdi. Gah deyirdilər, qatar gəlib sizi Gəncəyə aparacaq,  gah da eşidirdik ki, Mardaketə göndərəcəklər. Sonra  Qubaya getməyimizə icazə verdilər. Gecəni evimizdə yatdıq. Səhərə kimi “NKVD” işçiləri qapımızı təpiklədi. Hava işıqlananda  yola düşdük.

Qubada bizi qeydiyyata götürmürdülər. Ona görə də  çörək almaq üçün “kartoçka” vermirdilər. Çox çətin günlər yaşadıq, 1942-ci ildəsə Dərbəndə köçməyə məcbur olduq. Dərbənd rəhbərinin qonşusu anamgilin tanışı çıxdı. Bizə birotaqlı ev verdilər. 1943-cü ildə Dərbəndi aclıq götürdü. Orda qalmaq mümkün deyildi. Çörək əvəzinə adambaşına 100 qram düyü, ya da noxud verirdilər. Ordan da Şəkiyə getdik...

...Atamın ölüm xəbərini bizə Əzət bibim verdi. Xəbəri onun yaşadığı ünvana  göndərmişdilər. 1943-cü ilin yanvarın 3-də rəhmətə gedibmiş.

Bakıya 1944-cü ilin axırları qayıda bildik. Bir az rahat yaşayaq deyə, anam qəsdən pasportunu itirib, təzəsini aldı. Köhnə pasportdakı möhürü görən kimi qapılar üzümüzə bağlanırdı. 

Davud Bədəlbəyli adlı yaxşı bir insan vardı. Bizi- mənimlə qardaşım Orxanı Energetika Texnikumuna götürdü. Tapşırdı ki, bu uşaqlardan muğayat olun, bunlar Çəmənzəminlinin oğullarıdı. Axırda onu da ailəsi ilə Tomsk vilayətinə sürgün elədilər, güya arvadının İranda qohumu varmış...

 ...Biz atasız yaşamağı qismətimiz bildik. Onsuz da buna alışmaqdan başqa çarəmiz qalmamışdı. Amma yazıq nənəm ümidini kəsmirdi. “Balam qayıdacaq” – deyirdi. Hər dəfə qapı açılanda ürəyi tikələnirdi...

 
...O isə çoxdan həsrətdən, şaxtadan cəsədə dönənlərə qarışmışdı...        
 
2001-ci il.


Səfurə Çərkəzqızı
“Sevdalılar” kitabından

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?