Arxiv
18 İyun 2019, 11:03 | MÜSAHİBƏ
Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” - MÜSAHİBƏ

“Özümü ucuzlaşdırmaqdan qoruyuram”
 

“Qardaşım oğlu dalaşdığı adamı öldürmüşdü, axı buna mən nə edə bilərəm?!”

Milli Məclisin 33 saylı Xətai birinci seçki dairəsindən olan YAP-çı deputatı Hüseynbala Mirələmov Modern.az saytına müsahibə verib.

- Hüseynbala müəllim, sizinlə görüşümüz səhər saatlarına təsadüf edir. Adətən yaradıcı adamların gecə həyatı qaynar olur. Yəni ən yaxşı əsərlərini gecələr yazırlar. Siz bu məsələləri necə qaydasına qoyursunuz?

- Məndə yaradıcılığa ayrılan vaxt bir qədər fərqlidir. Gecələr yox, sübh çağı yazmağa başlayıram. Ya orta, ya da ali məktəbdə oxuyurdım, “İzvestiya” qəzetində böyük yazıçı Çingiz Aytmatovun maraqlı müsahibəsi çap olunmuşdu.  O zamanlar çox gənc idim, Çingiz Aytmatov yaradıcılığını çox sevirdim. Müsahibədə bir hissəni özüm üçün  qeyd etdim. Müxbir sual verir ki, “siz əsərlərinizi nə vaxt yazırsınız?”. O da “hər gün səhər saat 5-də həm oxuyub, həm də yazıram. Həmin vaxt hamı şirin yuxuda olur. Bir sən, bir də ilahi varlıq oyaq olur” cavabını verir. Çingiz Aytmatovun həmin kəlməsini özüm üçün kəşf etdim. İndiyə kimi hər gün səhər saat 5-də yaradıcılıqla məşğul oluram. Bir stəkan çay qarşımda, ilahi varlıq  və sən... Hamı da  yatır. İndi zəmanə də fərqlidir. İnformasiya bolluğunun içində yaşayırıq. Bu qədər informasiyanın içində düz-əməlli televiziya izləmək də olmur. İnanın, səmimiyyətimə, ən qiymətli, obrazlı fikirlər sübh çağı insanın beyninə gəlir. Həm də sübh çağı dünyanın da bakirə vaxtıdır. Bu proses səhər saat 8 ya da 9-a qədər davam edir.

- Bəs səhər çağının yuxusuzluğu növbəti işlərinizi görməyə mane olmur?


- Hesab edirəm ki, insan üçün 7 saat yatmaq normaldır. Bu yuxu müddəti insana bəs edir.

- Yaradıcı mühitdən sonra siyasi işlərinizlə məşğul olursunuz. Həm siyasətdə, həm də ədəbiyyatda olan həmkarınız Musa Quliyev müsahibəsində deyib ki, siyasət yaradıcılığı qurudur. Bir növ öldürür deyək. Siz necə düşünürsünüz?

- Mən bu barədə fərqli düşünürəm. Viktor Hüqodan sizə maraqlı bir misal gətirmək istəyirəm. Viktor Hüqo deyir ki, “Səfillər” romanındakı Qavroş obrazını yaradanda uzun bir yola çıxıb: “Səfillərlə, sərxoş insanlarla, gün ərzində dilənib axşam körpünün altında yatanlarla dostlaşmışdım. Səfil uşağın həyatını öyrənmək üçün bəzən olurdu ki, onlarla yatırdım”. Sözün həqiqi mənasında Qavroşla tanış olarkən mükəmməl obraz olduğunu görürsən. Yazıçı o həyatı yaşayaraq, yazıb. Siyasətdə də, istehsalatda da mütləq maraqlı obraz olur. Məsələn, bir neçə gün öncə bir yerdə oturub çay içirdim. Qonşu masada əyləşən adamlar maraqlı söhbət edirdilər. Çox diqqətlə onları dinləyir və ləzzət alırdım. Həmin adamlar, onların dialoqları, xarakterlərin toqquşması ədəbi məktəbdir. Siyasətin özü də həyatdır. Orada da insanlar və obrazlar var. Siyasətə həyat, məktəb kimi baxıram. Təbii, bunlar şəxsi fikrimdir.

- Bəzən eyni anda həm siyasəti, həm də yaradıcılığı daşımaq çətin olur...

- Bilirsiz, siyasət nə vaxt yaradıcılığı qurudur?! O zaman sən heç nə yazma, oxuma... Ədəbiyyatı bük, qoy sandığa... Ancaq get, siyasətlə məşğul ol! Əlbəttə, bu zaman quruyarsan. Kim olur-olsun, mütləq qurumalısan. Məsələn, mən hər gün oxumalıyam.


- Daha çox
kimləri oxuyursunuz? Yerli, yoxsa əcnəbi müəlliflərə üstünlük verirsiniz?

- Əsasən  klassiklərə üstünlük versəm də, müasir ədəbiyyatımızı da oxuyuram. Əlimə keçən ilk kitabı yeni olan gənclər də var. Belə deyək də, oxuma çevrəm genişdir.

- Sizin əsərlərinizdə sanki tarixi obrazlar daha  çoxdur. Deyəsən tarixlə maraqlanmağı sevirsiniz?

- Tarixi çox diqqətlə öyrənirəm.  Nadir şahin həyatından bəhs edən “Sonuncu fateh” romanını yazmışam. Nadir şah görkəmli Azərbaycan türküdür. Sonuncu Azərbaycan fatehidir ki, Hindistanı fəth edib. Hətta Çinə getməyə hazırlaşırdı, ancaq tale imkan vermədi. Yeganə hökmdardır ki, türk sultanlarına təriqət məsələsi ilə bağlı məktub yazaraq, sünni-şiə məzhəbini aradan götürməyi məsləhət edib. Çünki bu ideologiya sonradan yaranıb. Nəyə lazımdır axı, sünni-şiə məsələsi... Təəssüf ki, türk sultanları onun məktubuna soyuq cavab veriblər. Nadir şahı yatdığı çadırda öldürüblər. Mənə elə gəlir ki, onun öldürülməsi təriqət məsələsinə görə olub.  Ancaq bu barədə yazmırlar. Şəxsi fikrimdir. Nadir şah təriqətin qurbanı olub. Onun bütün ailəsini məhv etdilər. Hər bir azərbaycanlı bilməlidir ki, tariximizə silinməz izlər qoymuş Şah İsmayıl Xətai, Nadir şah bizim fəxarətimizdir. Həmişə deyirəm ki, Azərbaycan tarixində Şah İsmayıl Xətai, Nadir şah və Heydər Əliyev nümunə yaradıb. Bunlar Azərbaycan  üçün tarixdirlər. Onlar bizim dağılmış, əldən çıxmış torpaqlarımızı birləşdiriblər, Azərbaycanı bütöv ediblər.

- Sünni-şiə məzhəbinin faciəyə yol açdığından danışdınız. “Günəş ləkə götürməz” adlı məqalənizdə yazmısınız ki, “bu gün bir adamın bir adama “sünnisən, yoxsa şiə” sualının verilməsi ayıb sayılır”. Ancaq bu gün də o sual verilir.

- Mənə rast gəlməyib. Əgər hələ də soruşurlarsa, bu çox pis haldır. Hazırda Osmanlı imperiyasının tarixini çox diqqətlə öyrənirəm. Bu da səbəbsiz deyil. “İki şah, iki sultan” adlı trilogiya yazıram. Əsər XIV əsrdən başlayır. İlk dövlətin hökmranlığını yaradan Bürhanəddin olub. Hökmranlıq Bürhanəddindən sonra Uzun Həsənə, Uzun Həsəndən sonra isə Şah İsmayıl Xətaiyə keçir. Bunların hamısı bir-birinə qohumdur. Təsəvvür edin, tarixdə özüm üçün bir şey kəşf etdim. Qaraqoyunluların hökmdarı Cahan şah şair olub. İkinci Mehmet də şair olub.

- Şah İsmayıl Xətai də həmçinin...

- Elə ora da gəlirəm. Sultan Səlim Yavuz da şair olub. Maraqlı kəşfim ondan ibarətdir ki, bunların hamısı şair kimi də tanınıblar.

- Siyasətlə də öz yerində məşğul olublar.

- Əlbəttə, hamısı tarixi hökmdardırlar. Bu əsərin süjeti çox mürəkəbdir. Təsəvvür edin ki, qəhrəmanlarımdan təkcə Məhəmməd Şah Qacar hökmdardır. Əsərin  mürəkkəbliyi ondadır ki, qalan hökmdarların hamısı həm də şairdirlər. Əsəri oxuyanda 2 nəfər boylanmalıdır. Şair və hökmdar Fateh Məhəmməd, yaxud da, hökmdar və şair Şah İsmayıl Xətai. Bu obrazlarda hər ikisini yaratmalısan, özü də fərqli. Çünki hökmdar ürəyi və qətiyyəti başqadır, şair humanizmi tamam başqa. İnşallah, bu ilin axırı 3-cü hissəni bitirirəm.

Türklər və azərbaycanlılar arasında baş verən döyüşlə bağlı ziddiyyətli fikirlər var. Onlar bir cür, biz də başqa cür qiymət veririk. Ümumilikdə şəxsi və milli ambissiyaların əleyhinəyəm. Çox istəyirəm ki, həqiqət üzə çıxsın. Kimdir günahkar?! Nə üçün ərazisi 3 milyon kvadrat kilometrə yaxın olan Azərbaycan Səfəvilər dövləti məğlub oldu?! Niyə onu Sultan Səlim Yavuz məğlub etdi?! Hörmətli akademikimiz Ramiz Mehdiyev bu sahədə çox böyük tədqiqat işləri aparıb. O, Azərbaycan tarixini araşdıran ən böyük tədqiqatçılardan biridir. Şah İsmayılı tədqiq edən çox böyük akademiklərdən, tarixçilərdəndir. Ramiz Mehdiyevin son kitabı var ki, Sultan Səlimlə Şah İsmayılın yazışmaları, məktubları haqqındadır. Bu qiymətli sərvətdir. Bu kitab mənə çox böyük köməklik edib. Məktubların birində Şah İsmayıl Sultan Səlimə yazaraq yalvarır ki, “gəl müharibə etməyək. İkimiz də türkük. Bizi Roma papaları qızışdırır”. Şah İsmayıl Sultan Səlimə məktubda sual verir: “Müharibə nə üçündür?! Var-dövlət üçün olduğunu deyirsən?!. Gəl, sənə sarayımın bütün sərvətlərini bağışlayım, ancaq müharibə etməyək”. Təəssüf ki, Sultan Səlim Çaldıran düzünə qoşun çəkir. Osmanlı imperiyası müasir silahlarla silahlanmış, Fransadan top almış, Səfəvi ordusu isə adi dayan doldurum tüfənglərlə müharibəyə girir. Sultan Səlimin ordusu yuxarıda, Şah İsmayılın ordusu isə aşağıda dayanır. Şah İsmayılın müridləri ona yalvarır ki, “gəl gecə hücum edək, topları dərəyə aşıraq”. Şah İsmayıl isə “mən karvanbasan quldur deyiləm. Müharibəni kişi kimi edirəm” deyir. İki il bundan qabaq “Azərbaycan” qəzetində “Günəş ləkə götürməz” adlı məqaləm çıxdı. Həmin məqaləmdə belə cümlə var: “Şah İsmayıl Xətainin şübhəli əxlaq prinsipləri məni çox narahat etdi. Sən şair deyilsən qardaş, hökmdarsan!”.



- Görünür, Şah İsmayıl
Xətai siyasi meydanda şair humanizmi nümayiş etdirib.

- Tamamilə doğru deyirsiniz. Belə olmaz. Həmin məqalədə onun bu halını tənqid etmişəm. Siyasi meydanda şair kimi çıxış etmək olmaz. Ona görə də məğlub olur. Bu çox mürəkkəb mövzudur. Bütün bunları deməkdə məqsədim odur ki, “İki şah,  iki sultan” trilogiyamda heç bir milli ambissiyalara qoşulmadan “kimdir günahkar?!” sualının cavabını tapmaq istəmişəm. Gələcək nəsillər bunu bilməlidir.

- Maraqlı məqam yarandı. Siyasətdə həqiqət olmur. Bu öz yerində. Şairlərə çox vaxt xəyalpərət kimi yanaşılır. Bir adam hər ikisinə sahibdirsə, nə etməlidir?

- Siyasətlə məşğul olan şair siyasi məqamda şairliyi unutmalıdır. Böyük dövlətin taleyini hansısa şıltaq hisslərinə qurban verməməlisən. Hər ikisi başqa-başqa dünyalardır. Siyasi arenada hökmdar kimi qəti olmalısan. Çünki sənin ölkənin, millətinin taleyi həll olunur.

- Tariximizdə saray ədəbiyyatı da olub. Bunu dana bilmərik. Təbii saray ədəbiyyatına yanaşmalar eyni ola bilməz. Bu gün deyə bilərikmi ki, Azərbaycanda saray ədəbiyyatının nümayəndələri var?

- Birincisi, bizim ictimai quruluş saray ədəbiyyatından çox uzaqdır. Demokratik, şəffaf, sivil dövlətdə yaşayırıq. Ulu öndərimiz elə şəffaf dövlət yaratdı ki, burada saraydan söhbət gedə bilməz. Yalnız və yalnız dövlət başçısı, ya da məmurlarından biri görkəmlidirsə, həyatını xalqın, Azərbaycanın çiçəklənməsi yolunda fəda edibsə, onun haqqında niyə əsər yazmayasan. Yeri gəlmişkən, misal olaraq deyim. 2005-ci ildə ilk dəfə Moskvada rusiyalı dostum Andrianovla bir yerdə ulu öndərlə bağlı “Görkəmli adamlar haqqında” seriyasından kitab çıxartdıq. Sizə deyim ki, bu gün o kitab dünyanın 48 dilinə tərcümə olunaraq, çap edilib. Biz ulu öndərimizi, onun əbədi heykəlini bütün dünyanın qəlbində yaşatmaq üçün çalışmışıq. Demək istəyirəm ki, saray söhbəti ola bilməz.

- Bu yaxınlarda Ramiz Rövşənə “Xalq şairi” fəxri adı verildi. Ramiz Rövşən daha çox müxalif fikirləri ilə tanınıb. Bunu necə qiymətləndirirsiniz?
 

- Dövlət başçısının son sərəncamında elə adamlar vardı ki, əgər orada iqtidar-müxalifət məsələsi qoyulsaydı, çox böyük əksəriyyəti o adı almamalı idi. Ancaq dövlətimizin başçısı onlara şair, yazıçı kimi yanaşdı, istedadlarına qiymət verdi. Bu çox önəmli haldır. Hesab edirəm ki, cənab prezidentimizin yaradıcı adamlara göstərdiyi ən təqdirəlayiq addımlarından biridir. Onun üçün Azərbaycan şairi, Azərbaycan yazıçısı var. Onun üçün iqtidar-müxalifət məsələsi yoxdur. İqtidar-müxalifət məsələsi siyasət müstəvisində ola bilər, ancaq ədəbi müstəvidə yoxdur. Yazıçıya, şairə ən gözəl qiyməti verdi. Bu cür hal demokratik, sivil azad dövlətlərdə baş verir.

- Ədəbiyyatdan söz düşmüşkən, bir çox mükafatlar var ki, yaradıcı insanlara təqdim olunur. Məsələn, “Qızıl qələm”, “Cəlil Məmmədquluzadə” və sairə mükafatlarını bir çox hallarda ədəbiyyata, yaradıcılığa dəxli olmayan adamlara verirlər.

- Düzü kimlərə nə verildiyini bilmirəm. Ancaq mən “Qızıl qələm” mükafatını,  “Rəsul Rza” beynəlxalq mükafatını, Yusif Məmmədəliyev adına “Qızıl kəlmə” və sair mükafatları almışam.


- Söhbət sizdən getmir.

- Ümumiyyətlə, hesab edirəm ki, qırmızı xətti keçmək olmaz. Əgər o adam layiq deyilsə, sən ona mükafat verirsənsə, bu şit görünür. Əgər bu şəxs ədəbiyyatla yaşamırsa, bunu anlamırsa, verdiyin mükafat nə olacaq?! Zəif yazıçıya Nobel mükafatı ver. Elə bilirsən ki, onu oxuyacaqlar?! Oxumayacaqlar. Sadəcə olaraq, həmin mükafat həmin adama yükdür. Böyük yazıçılara təqdim edilən mükafat fəxarətdir, layiq olmayan adamlara ağırdır, yükdür.

- Bu necə tənzimlənməlidir?

- O mükafatı təqdim edən adam gərək ədalətli olsun.

- Hüseynbala müəllim, sizin bir çox əsərləriniz tamaşaya qoyulub və maraqla da qarşılanır. Son zamanlarda tamaşaçılar üçün səhnə əsərləri yazırsınızmı?

- 2 ilə yaxındır ki, Milli Dram Teatrında “Vəsiyyət” tamaşam anşlaqla nümayiş olunur. Çoxdandır ki, Gənc Tamaşaçılar Teatrında “Miras” adlı tamaşam Bəhram Osmanovun quruluşunda gedirdi. Bəhram müəllim mənə deyir ki, o tamaşanı yenidən işləyib yeni quruluşda teatrda nümayiş etdirəcək. Sumqayıt teatrında “Vicdan hökmü” tamaşam gedib. Qusardakı Ləzgi Dram teatrı bu yaxınlarda məni də dəvət edib. “Vəsiyyət” əsərimi tamaşaya qoymuşdular.

- Əsərləriniz tamaşaya qoyularkən məmurlar, deputatlar, nazirlər arasında sizə dəstək olanlar varmı?

- Mənim üçün dəstək odur ki, tamaşalarıma gedib baxırlar. Bu mənim üçün mənəvi stimuldur. Belə hallar çox olur..

- O zaman ad çəkə bilərsinizmi? Bizə də maraqlıdır ki, hansı nazir, yaxud da məmur öz yazıçısının tamaşalarına gedib baxır...

-  Milli Məclisin birinci müavini Ziyafət Əsgərov özü mənə deyib ki, “Vəsiyyət” tamaşama ən azı 6 dəfə baxıb. Hətta həmişə baxacağını deyir. Rəhmətlik energetika naziri Natiq Əliyev tamaşalarıma sevə-sevə baxardı. Xarici işlər nazirinin müavini Xələf Xələfov da tamaşalarıma  baxır. Milli Məclisin deputatlarından Eldar İbrahimov, Şəmsəddin Hacıyev, İsa Həbibbəyli, Hadi Rəcəbli, Əhliman Əmiraslanov da tamaşaçılar sırasındadır. Baş nazirin müavini Əli Əhmədov bütün tamaşalarıma baxıb. Hesab edirəm ki, sənətə, ədəbiyyata meyl olmalıdır.

- Yaradıcılığınızdan xeyli danışdıq. Sizin parlament həyatınız da var. YAP Xətai rayon təşkilatının sədrisiz. Tamaşaçı, oxucu auditoriyanız olduğu kimi, seçici ordunuz da var. Seçicilərinizlə tez-tez görüşürsünüz?

- Seçicilərimi əsasən YAP-ın Xətai rayon təşkilatının qərargahında qəbul edirəm. Nə vaxt mənə xəbər versələr filan seçici gəlib, yanımda adam yoxdursa, dərhal seçicimlə görüşürəm. Qapıma gələn seçicilərimi geri qaytarmaq söhbəti yoxdur. İmkanım daxilində qaldırdığı məsələləri həll edirəm. Bəzən torpaq, ev istədiklərini deyirlər. Yaxud da məhkəmə kəsişmələri olduğunu bildirirlər. Hansı ki, bu məsələlər bizim statusumuza aid deyil. Bunu da normal qaydada izah edirəm. Gücüm çatdığı qədər problemlərinə yardımçı oluram. Aidiyyatı qurumlar vasitəsilə həll etməyə çalışıram.

- Amma parlamentdə heç danışmırsınız. Halbuki, yaradıcı adamsınız. Sizin söz ehtiyatınız daha çoxdur.

- Tamamilə doğru deyirsiz. Siz də şahidsiz ki, bütün mövzular haqqında saatlarla danışa bilərəm. Eyni zamanda, komitəmizin bütün iclaslarında danışdığımı deyə bilərəm. Komitədə qaldırdığım məsələni yenidən plenar iclasda qaldırmağı özümə ar bilirəm. İnanın səmimiyyətimə. Bəzən çıxış etmək üçün yazılıram. Bir də görürəm ki, məndən qabaqkı deputat o məsələni deyir. Deyilən məsələni yenidən deməyim doğru deyil. Bəlkə də yazı-pozu adamı olduğumdan irəli gəlir. Ucuz təşkilatçılığı sevmirəm. Fikirləşirəm ki, Eldar İbrahimov, ya da Hadi Rəcəbli deyib də, mən daha niyə danışım! Bir növ özümü ucuzlaşdırmaqdan qoruyuram.


- Yaradıcı insanlarda azadlıq eşqi daha güclüdür.

- Tamamilə doğrudur.

- Hüseynbala müəllim, siyasi fəaliyyətiniz azadlığınızı buxovlaya bilirmi?

- Buxovlaya bilmir. Yeri gələndə siyasətdə də sözümü kəskin deyə bilirəm.
 

- 2010-cu ilin parlament seçkiləri zamanı müxalifət nümayəndəsi  Fuad Qəhrəmanlı ilə debatınız bir neçə həftə müzakirə olunmuşdu.  Həmin debatı necə xatırlayırsınız?

- Əlbəttə, yaxşı olmadı. Bunu pisləyirəm. Qarşı tərəf dövlətimizin əleyhinə əxlaqsız ifadələr işlətdi. Mən də onun cavabını verdim. Əgər mənim içimdə qəzəb yaranırsa və görürəm ki, həmin adam böhtan atır, ədalətsiz söz deyir, mütləq onun cavabını verirəm. Yenə deyirəm, ucuz təşkilatçılığı sevmirəm.

- Bir ara mətbuat qardaşınız oğlundan yazırdı, vəz sizin adınızı da yazırdılar. Hadisə ilə yaxınlığınız olmuşdu?

- Əvvəla, qardaşım oğlu kimlərləsə dalaşmışdı. Dalaşan zaman hər iki tərəf bir-birini təhqir etmişdi. Sonra qardaşım oğlu dalaşdığı adamı öldürmüşdü. Buna mən nə edə bilərəm?! Siz deyin!

- Hər halda, heç nə...

- Mən evimdə yatmışam və səhəri eşitmişəm ki, belə hadisə olub. Hadisədə günahkar olan qardaşım oğlu tutuldu və cəzasını aldı. Hesab edirəm ki, bu məsələni mənim adımdan reklam etdilər. Mətbuatda qəribə tendensiya var. Hansısa bacım oğlunu işdən çıxarırlar. Bu zaman şəklimi də qoyub yazırlar. “Deputatın bacısı oğlunu işdən çıxartdılar”. Bəlkə də o qohumu illərlə görmürəm. Bu yaxşı tendensiya deyil.


- Hətta adınızı biznes kralı kimi təqdim ediblər...
 

- Mənim ailə üzvlərimin biznesi ola bilər, ancaq mənim biznesim yoxdur. Bildiyiniz kimi, YAP Xətai rayon təşkilatının sədriyəm, yaradıcı adamam. Hardan vaxtım oldu ki, gedib bizneslə məşğul olum.

- Parlamentdə masa yoldaşınız Hadi Rəcəblidir. Deyəsən, sizin yoldaşlığınızın tarixi də qədimdir.

- Biz 5-ci sinifdən bir yerdə oxumağa başlamışıq. Tale elə gətirdi ki, 50 ildən sonra parlamentdə yanaşı oturduq.

- Yaradıcı adamlar təkliyi daha çox sevirlər. Təkliyi sevən adamların dostu olurmu? Məsələn, sizin dostunuz varmı?

- Mən dostluğu sevirəm. Eldar İbrahimov, Hadi Rəcəbli, İsa Həbibbəyli, Cavanşir Paşazadə, Nizami Cəfərov, Bəxtiyar Sadıqovla dostluq edirəm. Dostlarımı sevirəm. Mən heç vaxt tək ola bilmərəm. İnsan o zaman tək qalmaq istəyir ki, ədəbi dünyaya səyahət edir. O zaman təklik daha sevimli olur. Çünki öz düşüncələrinlə, qəhrəmanınla tək qalırsan və onu yaradırsan.

- Hüseynbala müəllim, neçə övladınız var?

- 4 övladım var. Üçü oğlan, biri qızdır. 2 oğlum hüquqşünas, 1 oğlum diplomatdır, qızım isə həkimdir.

- Ailədə ata-övlad münasibətləri necədir?

- Çox səmimi münasibətlərimiz var. Övladlarım mənsiz hansısa addımı məsləhətsiz atsınlar, bu mümkün deyil. Hər şeyi mənimlə məsləhətləşirlər. Bu belə də olmalıdır. Allah Mirzə İbrahimova rəhmət eləsin. “Böyük dayaq” filmində belə bir cümlə var: “Ailə yumruq kimi olmalıdır”. Hər kəs bir yerə çəkilsə. Krılovun təmsilinin gününə dönər. Hər bir evin ağsaqqalı olmalıdır.


- Bir çox müasir gənclər sərbəst və ağsaqqalsız yaşamağa üstünlük verirlər.

- Axı evin ağsaqqalı onlara nə edir?!

- Hesab edirlər ki, böyüklər sərbəst yaşamağa mane olurlar...

- Sərbəst yaşasınlar. Onların qarşısını almıram. Sadəcə deyirəm ki, bu addımı atma, yanlışdır, ay sərbəst yaşamaq istəyən gənc! Ağsaqqallar sərbəst yaşamağın əleyhinə deyil. Ağsaqqallar gəncliyi uçurumdan qorumaq üçün narahatdır. Kim istəməz ki, onun övladları sərbəst yaşamasın. Yaşasınlar, ancaq səhv etməsinlər. Həyat təcrübəm bunu deməyə əsas verir. Bəzən kiçik səhv o gənci intihara gətirib çıxarır. İntihar gəncliyi məhv edir. Söhbət bundan gedir. Təcrübəli oldğumdan bilirəm, övladım, ya da qohumum o addımı atırsa, uçuruma gedir. Sadəcə qoymaq istəmirəm o məhv olsun.  Kimsə sərbəst yaşamağın əleyhinə deyil, o cümlədən də mən. Belə atalar sözü var: “Məsləhətli don gen olar”. Övladın atası ilə məsləhətləşməsi çox yaxşıdır.

- Həyat yoldaşınız hardasa çalışırmı?

- Həyat yoldaşım heç vaxt çalışmayıb. Evdar qadındır. 4 uşağı böyütmək, onlara sevgi vermək asan deyil. 10 nəvəmiz var. Həyat yoldaşımın başı nəvələrə elə qarışıb ki, məni də yaddan çıxarıb. Ancaq nəvələrlə məşğuldur.

- Hüseynbala müəllim, təşəkkür edirik redaksiyamıza gəldiniz...

- Siz sağ olun! Söhbətin sonunda nəvələrdən danışdıq. Hamıya demək istəyirəm ki, ailə tərbiyəsi çox böyük məsələdir. Məktəblərdə keçirilən görüş zamanı gənc analara belə məsləhətim olur: “Azərbaycanın gələcəyi sizdən asılıdır. Gələcək həm də sizin beşikdə laylay dediyiniz körpələrdən asılıdır. Onları elə tərbiyə edib böyütməlisiniz ki, vətən onlar üçün amal, müqəddəs olsun”.
Yalnız belə olmalıdır. Vətəni sözdə yox, əməldə sevməliyik. Spartalılar haqqında maraqlı film var. 300 spartalı böyük ordunu məğlub edir. Ona görə ki, ortada vətən sevgisi, vətən məhəbbəti var. Elə etməliyik ki, gələcək övladlarımız Azərbaycanı həm ana, həm də vətən kimi sevsinlər.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İtirilmiş  torpaqlarımız...” silsiləsindən V YAZI - (Qazax rayonu) 15 Oktyabr 2019, 10:34 Vaşinqtonla Ankara arasında “soyuq küləklər” – Türkiyədən 50 nüvə bombası çıxarılacaq 15 Oktyabr 2019, 10:33 İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa edilib 15 Oktyabr 2019, 10:31 Çirkaba batıb, çamur atanlar... 15 Oktyabr 2019, 10:27 “Avro-2020”nin seçmə mərhələsi - Bu gün daha 9 oyun keçiriləcək 15 Oktyabr 2019, 10:24 Trampdan Türkiyəyə qarşı sanksiya QƏRARI  15 Oktyabr 2019, 10:13 Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM 15 Oktyabr 2019, 10:03 “Xaqibis” 66 can aldı 15 Oktyabr 2019, 09:56 Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub 15 Oktyabr 2019, 09:55 DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq 15 Oktyabr 2019, 09:50 Türkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə Görüşü 15 Oktyabr 2019, 09:40 Ermənilər cəbhədə pulemyotları işə saldılar 15 Oktyabr 2019, 09:25 Rəsmi Bakı “Kuhner Fondu”nun üzvlərinin adını “qara siyahı”dan çıxardı 15 Oktyabr 2019, 09:21 Türk ordusu Suriyada 595 terrorçu zərərsizləşdirib 15 Oktyabr 2019, 09:12 Futbol oynamağa gedən məktəbli itkin düşdü 15 Oktyabr 2019, 09:02 Məşhurların son günü - Rüfət Mehdiyevin qızı: “Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik” - FOTOLAR 15 Oktyabr 2019, 08:58 Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı: “Qazancım maşın sürməyə imkan vermir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 08:07 Bakıda bir nəfər intihar etmək istədi 15 Oktyabr 2019, 07:59 Türkiyə dünya çempionundan xal aldı - VİDEONƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14