Modern.az

Ekspert: “Açıq məlumatları rəqəmsal yanacaq da adlandırmaq olar...”

Ekspert: “Açıq məlumatları rəqəmsal yanacaq da adlandırmaq olar...”

21 İyun 2019, 14:23

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi tərəfindən Açıq Məlumatlar Portalı ölkədə Elektron hökumət quruculuğunda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilirdi. Lakin 5 ilə yaxındır ki, yaradılan portala inteqrasiya prosesi gözlənilən kimi sürətli baş vermədi. Ümumiyyətlə bu portaldan gözləntilər nədir?

 

İKT üzrə jurnalist-ekspert Rəşad Cəfərov Modern.az-a bildirib ki, portalın əhəmiyyəti çox böyükdür və təsir sferası genişdir:

 

“Əvvəla qeyd edim ki, bu portal ölkədə startap ekosisteminin inkişafından tutmuş, iqtisadiyyatın yüksəlməsinə, sahibkarların, vətəndaş cəmiyyəti nümayəndələrinin və ya məmurların belə müəyyən qərarlar qəbul etmələrində böyük əhəmiyyətə malikdir.

 

Təsəvvür edin, hələ bir neçə il öncə “McKinsey Global” institutunun analitikləri hesablayıblar ki, Açıq məlumatlar (ictimai məlumatlar) və fərdi mənbələrdən paylaşılan məlumatlar qlobal iqtisadiyyata bir ildə 3 TRİLYON dollar dəyər qata bilər”.

 

Hazırda Açıq Məlumatlar Portalında 19 dövlət qurumunun 600-dən çox məlumatı yer alır. Bu məlumatlardan 7 mobil tətbiq hazırlanıb – poçt, bank məzənnələri, kənd təsərrüfatı, əyləncə mərkəzləri, mobil nömrə daşınması ilə bağlı və s. Bu tətbiqlərin hər biri demək olar ki, gündəlik həyatımızda dadımıza çatan tətbiqlərdir. İndi təsəvvür edin, saytda məlumatların sayı 60 mindir və yardımıza çatacaq tətbiqlərin də sayı minlərlədir...

 

Rəşad Cəfərov bildirib ki, açıq məlumatları rəqəmsal yanacaq da adlandırmaq olar:

“Bilirsiniz, əslində bir açıq məlumatdan müxtəlif tətbiq və xidmət yaratmaq mümkündür.

Yaxşı xatırlayıram, “Açıq Məlumatlar” portalı ilə tanışlığım “Bakutel” tədbirində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYNT) Məlumat Hesablama Mərkəzinin (MHM) stendində olmuşdu. Və elə həmin sərgidə MHM-in portaldakı startapların inkişafı üçün keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılmışdı. Həmin tədbirdə qalib iştirakçılardan biri ilə söhbətləşmək imkanımız oldu. Söhbət zamanı belə nüans ortaya çıxdı ki, əgər saytda açıq məlumatların sayı daha çox olsaydı, biz daha funksional tətbiqlər hazırlaya bilərdik.

 

Maraqlıdır, niyə qurumlar məlumatlarını, startapçılar dili ilə desək, maşın oxuyacaq dilə salıb opendata.az saytına inteqrasiya etmirlər. Bunun bir neçə səbəbi ola bilər. Amma bu səbəblərdən daha aydın görünəni qanunvericilikdə qurumlar qarşısında bununla bağlı hansısa bir tələbin nəzərdə tutulmaması və buna sərf olunacaq maliyyə vəsaitinin ayrılmamasıdır. Necə deyərlər, hələ bu məlumatların sayta yerləşdirilməsi və bir neçə mobil tətbiqin olmasına görə saytın operatoruna, burda məlumatlarını yerləşdirən qurumlara və startapçılara “çox sağ ol” düşür”.

 

Ekspert qeyd edib ki, bir fəaliyyət ki, iqtisadiyyata dolayısı ilə milyonlarla dollar dəyər qata bilər, o səbəbdən bunu qanunvericiliklə tənzimləməyə, həmçinin bu istiqamətin inkişafına maliyyə vəsaitinin ayrılmasına dəyər:

 

“Açıq Məlumatların bir məkandan (opendata.az) əldə oluna bilinməsi startapçılar üçün xüsusi texniki əhəmiyyətlidir. Son zamanlar ölkədə startap ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər, aparılan fəaliyyət, keçirilən tədbir və müsabiqələr xüsusi zərurət yaradır ki, Açıq Məlumatlar portalının fəaliyyəti, zənginləşdirilməsi istiqamətində də işlər sürətləndirilsin. Çünki, yaradılmaqda olan startap ekosisteminin iştirakçılarına inkişaf etmək üçün müxtəlif alətlər verilməlidir. Və bu alətlərdən ən birincisi də deyərdim ki, “Açıq Məlumatlar” portalıdır.

 

Ötən ilin noyabrında Cənab Prezidentin fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradıldı. Fərmanda agentliyin yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən STARTAPLARI) təşviq edən, innovasiya təşəbbüskarlığını təbliğ edən bir qurum olaraq yaradılması qeyd olunur. İnnovasiyalar Agentliyi Açıq Məlumatlarla bağlı dövlət siyasətini həyata keçirmək məsuliyyətini cəsarətlə öz üzərinə götürməli və bu istiqamətin inkişafını təmin etməlidir”.

 

Rəşad Cəfərov həmçinin bildirib ki, bu portalın inkişafında özəl sektor da maraqlı olmalıdır:

 “Məncə, dövlət qurumları ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlər də startapların inkişafı üçün investisiya qoyuluşundan əlavə Açıq məlumatlarının opendata.az saytına inteqrasıyasını təmin etməlidir. Bu “balıq verməkdənsə, balıq tutmağı öyrətmək” olardı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir