Modern.az

Azay Quliyev QHT layihələrinin maliyyələşdirilməmə səbəblərini bəyan etdi

Azay Quliyev QHT layihələrinin maliyyələşdirilməmə səbəblərini bəyan etdi

24 İyun 2019, 16:06

"Layihələr QHT Şurasının "Qrant müsabiqəsinin keçirilməsi qaydaları"nın 7 saylı əlavəsində layihələrin maliyyələşməsi üçün müəyyən olunan meyarlara cavab vermədikdə maliyyələşdirilmir".

Modern.az xəbər verir ki, bunu SƏLİS elektron vətəndaş proqramının tətbiqinə dair brifinqdə QHT Şurasının sədri Azay Quliyev deyib.

O bildirib ki, vətəndaş qiymətləndirməsi prosesində səsvermə qaydalarının pozulması halı aşkar edildikdə, layihənin mövzusu müsabiqə istiqamətinə uyğun olmadıqda, layihələr maliyyələşdirilmir. Həmçinin layihəni təqdim edən QHT-nin qanunvericiliyə riayət etməməsi və ya həmin QHT-nin Şura qarşısında götürdüyü müqavilə öhdəliyini yerinə yetirməməsi haqda Katibliyin arayışı olduqda layihəyə pul ayrılmır.

A.Quliyev QHT layihələrinin hesabatlılıq vəziyyətinin onlayn müşahidəsindən də söz açıb. Qeyd edib ki, 5 iş günündən 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir. 16 iş günündən 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyənin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir. 31 iş günündən 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak hüququndan məhrum edilir. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.
Azay Quliyev bildirib ki, gələcəkdə rəqəmsal hökumətlə bağlı da təqdimat olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi