Bu gün Biləsuvar rayonunda qəzaya düşən və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov ilkin müayinədən sonra Bakıya göndərilib.
Modern.az xəbər verir ki, bu barədə Trend-ə xəstəxanadan bildirilib.
Bildirilib ki, R.Zeynalov sürücüsü ilə birlikdə xəstəxanaya çatdırılıb. Təcili təxirəsalınmaz yardımdan sonra o, Bakıya Mərkəzi Gömrük Hospitalına göndərilib.
Qeyd edək ki, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov xidməti avtomobili - “Range Rover”in qəzaya uğraması nəticəsində özü və sürücüsü ilə birlikdə qəzaya uğrayıb. O, sağ budun burma sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.
***
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olmuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.