Modern.az

Hərəmxana saxlamayan xanın sarayı - UNESCO-ya düşən Şəkidən REPORTAJ

Hərəmxana saxlamayan xanın sarayı - UNESCO-ya düşən Şəkidən REPORTAJ

Reportaj

8 İyul 2019, 13:51

Təkəlduzçu: ““Nəlbəki rəqsi” əsərimə 2 min dollar da verirlər satmıram”


Şəbəkəçi Tofiq Rəsulov: “Vatikan kilsəsini şəbəkə üsulu ilə yığmışıq”

 

Yolumuz daşından-divarından tarixi məlumat tökülən Şəkiyədir. Bakıdan hərkətə başlayan avtobusumuz təbiətin müşayiətilə 352 kilometrlik məsafəni qət edərək, mənzil başına yetişir. Səfərdə məqsəd Şəki sənətkarları - təkəlduzçu Güləndam Alxasova və şəbəkəçi Tofiq Rəsulovla görüşdür. O sənətkarlar ki, bankdan götürdüyü kredit hesabına fəaliyyətlərini genişləndirib, hətta artıq xaricə çıxmağa hazırlaşırlar.

 

Təkəlduzçu xanımın Mehriban Əliyevaya etdiyi hədiyyə...

 

Modern.az-ın məlumatına görə,1955-ci ildə Şəkidə anadan olan Güləndam Alxasova dekorativ tətbiqi və təsviri sənət nümunələri üzrə rəssamdır. Şəkinin yeganə xanım rəssamıdır ki, Rəssamlar İttifaqının üzvü seçilib.

14 yaşından sənətkarlıqla məşğul olmağa başlayan Güləndam Alxasova ilk dəfə olaraq Şəki şəbəkəsi və Şəki halvasının naxışlarını özündə əks etdirən sənət nümunələri hazırlayıb. "AccessBank"ın dəstəyilə özünə emalatxana açan Güləndam Alxasova Şəki şəbəkəsi və halvasını özündə əks etdirən əl işindən həm xalça, həm avtomobillər üçün örtük, həm süfrə, həm də pərdələrin hazırlanmasında istifadə edir. G.Alxasova həm də Şəkidə Əlillərin Reablitasiya Mərkəzinin rəhbəridir.  Xanım öz bildiklərini əlil uşaqlarla da bölüşür:

“35 nəfər davamçım var. Onların arasında gəlinim, II qrup əlil oğlum da var, digərləri də əlil uşaqlardır”.


Təkəlduzçu xanım deyir ki, həm əlil uşaqlar, həm də müəyyən xəstəlikləri olan insanlar üçün xüsusi vasitələr - “motorikalar” hazırlayır. Həmin “motorikalar” düyüdən, noxuddan, qarabaşaq və s.dən ibarət olur.


G.Alxasova həmin “motorikalar”ın ideyası oğurlanmasın deyə, hələlik mətbuata çıxarmır:

“Qonorar aldıqdan sonra “motorikalar”ı nümayiş etdirəcəm. Mən "AccessBank" ilə uzun müddətdir əməkdaşlıq edirəm. "Şəki" filialının əməkdaşları mənə çox dəstək olublar. Onların dəstəyilə bu işləri həyata keçirə bilirəm. Artıq hazırladığım əl işlərini xaricə çıxarmaq istəyirəm. Banka müraciət etmişəm, ümid edirəm ki, “yox” deməyəcəklər. Onların dəstəyindən sonra 200-dən çox əl işimi satmışam. Hazırda Ankara, İsveçdən mənə təkliflər gəlir. Xüsusilə Türkiyə səfirliyi və TİKA ilə əməkdaşlıq edirəm”.


Əl işlərini xüsusi ustalıqla hazırlayan təkəlduzçu xanım bəzən onları satmağa qıymadığını deyir:

“Elə əsərlər ki, onlar satılanda sanki bir damarım quruyur. Alan xeyrini görsün! Amma özümdən asılı deyil, istər-istəməz arxasınca ağlayıram. Elə bil qız köçürürəm. Elə əsərlərim də var ki, onları sata bilmirəm. Məsələn, imkanlı adamlar, avropalı turistlər “Nəlbəki rəqsi” əsərimə 2 min dollar da verirlər satmıram. Çünki ondan bir dənədir və yenisini hazırlamaq çox vaxt aparar”.

G.Alxasova bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və akademik Nərgiz Paşayevaya öz əl işi olan şərfləri hədiyyə edib.

 

“Vatikandakı kilsə şəbəkə üsulu ilə yığılıb”

 

G.Alxasova ilə sağollaşıb şəbəkəçi Tofiq Rəsulovla görüşə yollanırıq. Şəbəkə yüzlərlə, bəzən minlərlə ağac və şüşə parçasının birləşməsindən əmələ gələn dekorativ tətbiqi incəsənət nümunəsidir. Sənətin mahiyyəti ondan ibarətdir ki, hissəciklər bir-birinə keçirilməlidir. Təsəvvür edin, nə mismar, nə də yapışqandan istifadə olunur. Başqa sözlə, rəngli şüşələr taxtanın ovulmuş hissəsinə oturdulur. Bu isə şəbəkəni dünyanın ən unikal incəsənət növlərindən birinə çevirir.



Onun hazırladığı işlərin maddiyyat qarşısında əvəzsiz olduğunu vurğulayan sənətkar, müştərilərinin daha çox imkanlı şəxslər, iş adamları olduğunu bildirir:


“45 ildir bu sənətdəyəm. Bizdə bu işin məktəbi var. Böyük oğlum da bu sahədə çalışır. Sifarişlərimiz həddindən çox olur. Azərbaycanda kifayət qədər tanınmışlardan, restoran, kafe, fərdi ev sahiblərindən, hətta Fransadan, Vatikandan sifarişlər almışıq. Vatikanda kilsə şəbəkə üsulu ilə yığılıb”.

Sənətkar deyir ki, ortament nə qədər kiçik olursa, qiymət bir o qədər bahalaşır:

“Orta hesabla şəbəkənin kvadratı 8 manatdan başlayır. Elə işlər var ki, onun hazırlanmasında 3 min, 5 min, 15 min taxta parçasından istifadə edilib. Əsər hazırlanmazdan əvvəl onun eskizi çəkilir. Eskiz hazırlanandan sonra artıq şəbəkənin ölçüsü və onun neçə hissədən ibarət olması bilinir. 1 kvadratmetr şəbəkə bəzən 15 min hissədən ibarət olur və onun ərsəyə gəlməsi üçün yarım, hətta bir il lazım olur. Şəbəkənin sadə forması isə 3 min hissədən ibarət ola bilər və onun hazırlanması 1-2 ay vaxt aparır. Hər detal isə 12-15 əməliyyata hazırlanır. İçliklərin yonulması, şüşələrin lazımi ölçüdə kəsilməsi işin ən ağır tərəfidir. Ağacın emalı prosesi ən önəmli mərhələlərdən biridir. Çünki məhz bu amil şəbəkənin uzunömürlü olmasına təsir edir”.

 

Dəftərxana otağının tavanın alçaq olmasının sirri...

 


Elə səfər çərçivəsində öyrənirik ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bu xəbərdən sonra Şəki Xan sarayını ziyarət etmədən Bakıya qayıtmaq günah olar deyərək, biletlərimiz əlimizdə sarayı ziyarət etmək üçün növbəmizi gözləyirik. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir.

XVIII əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 32 metr uzunluğa malik olan iki mərtəbəli sarayın eni 8, hündürlüyü 10 metdir, divarının qalınlığı 1 metr 10 sm-dir, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir, bünövrəsi yoxdur. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilib. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulub.


Kifayət qədər məlumatlı olan bələdçi Üzeyir bəy xan sarayı, oradakı otaqlar, otaqların divarlarındakı, tavanındakı rəsmlərin sirlərini bizimlə bölüşür.


O deyir ki, saray inzibati yay binası kimi istifadə edilib, burada daimi yaşayış olmayıb:


“Divanxana adlanan otaqda əmrlər, qərarlar verilib. Divarlardakı təsvirlərin çəkilməsi zamanı təbii boyalar hazırlanıb, hamısı əl işidir. Boyaların alınmasında otlardan, çiçəklərdən alınmış rənglərdən, yumurtanın sarısı, qızıl suyu və sirkədən istifadə edilib.

Dəftərxana adlanan otaqda isə sənədlər yazılıb, dövlət sirləri saxlanılıb. Bu otağın divarında rəsmlərin olmaması yazı yazan adamın diqqətinin yayınmaması üçün imiş. Divanxanada çıxan qərarla bağlı sənədlər burada saxlanılıb. Bu otağın tavanı digərlərindən 50-60 sm alçaqdır. Çünki üstündə Hüseyn xanın xanımının otağı yerləşib. Burada danışılan dövlət sirlərini qadınlar eşitməsin deyə, arası torpaq qatı ilə doldurulub.

Xanın arvadının otağının divarındakı rəsmlər digərlərindən seçilir, onların zövqünə görə bəzədilib. Bu otaqda xanımlar yığışarmış. Saraydakı kişilər və qadınlar üz-üzə gəlməsin deyə, ayrı-ayrı pilləkənlərdən istifadə olunub. Otaqlar bir-birindən aşağı hissədən arakəsmələrlə ayrılır. O vaxt insanlar yerdən oturublar, yel də aşağı hissədən çəkir. Ona görə, qapıların alt hissəsini hündür ediblər ki, yerdən oturanda yel çəkməsin”.

 

Hərəmxanası olmayan yeganə xan...


Hüseyn xan yeganə xandır ki, hərəmxanası olmayıb. Arvadı, 3 oğlu və 3 qızı ilə yaşayıb. Müştaq təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın qonaq otağındakı pəncərlər müasir jalüz funksiyasını daşıyır. Xanın şəxsi otağının təsvirləri digərlərindən fərqlənir. Nar ağacı təsviri cənnət meyvəsini bildirir, bütövlük mənasını verir, birlik rəmzi kimi qiymətləndirilir. Yeganə meyvədir ki, başında tac var. Vaxtilə xanların da başında tac olub. Narın ulduzlarının sayı cütdürsə, dənələrinin də sayı cütdür, yox əgər sayı təkdirsə, deməli nar dənələrinin sayı da təkdir. Bu otaqda digər bərpaçı rəssam, şamaxılı Qurbanəlinin (1884) adı qeyd edilib.

Bələdçi Üzeyir bəyin sözlərinə görə, pəncərələr siyirmə vasitəsilə yuxarı qaldırıldıqda otaq funksiyasını itirərək, eyvan olur, bağlananda isə eyvan funksiyasını itirərək otağa çevirilir.


Bəldçi deyir ki, otaqda şeir məclisləri qurulub, şerlər söylənib:

“Divarboyu döyüş, ov səhnələri, bayraqlar, gerblər təsvir edilib. 400-ə yaxın insan obrazı var ki, bir-birinə oxşayır, amma təkrarlanmır. Təsvirlərdə hər hansı döyüşdən səhnə yoxdur, memarın təxəyyülüdür.

Tavanda ərəb əlifbası ilə binanın memarı ustad Abbasın adı, onunla üzbəüz hissədə isə bərpaçı rəssam olaraq Qarabağlı Qəmbərin adı qeyd edilib. Bina təxminən 10 ilə tikilib. İki ilə binanın tikintisi, 8 ilə dekorasiya işləri görülüb. Saray 6 dəfə bərpa edilib. Sonuncu dəfə bərpa 2002-ci ildə həyata keçirilib. Binanın 85 faiz orjinal, 15 faizi bərpadır. 15 faizinin əsasını döşəmə və dam örtüyü, bəzi şəbəkə və rəsmlərdəki dəyişikliklər təşkil edir. Orjinal şüşənin qalınlığı 1 mm, bərpa olunan şüşələrin qalınlığı 3 mm-dir. Sarayda buta təsvirləri Şəkinin qədim ipəkçilik mərkəzi olmasına dəlalət edir. İpəyi hazırlayan barama qurdudur. Butanın təsviri məhz barama qurdunun üstündəki təsvirdən götürülüb. Butanın bir mənası da odur ki, insanın əvvəli də, axırı da buta formasındadır. İnsan ana bətnində buta formasında dayanır. Qədimdə ölünü də buta formasında dəfn edirmişlər. Şəkinin Fazıl kəndində labirint formasında aşkarlanmış qəbirlərdə insanların buta formasında basdırıldığı məlum olub”.

 


Bizimkilərin və Avropalıların “fərqi”...

 

Bələdçi sarayda əşyaların yoxluğunu onun memarlıq abidəsi olması ilə izah edir:


“Biz bura əşyaları qoysaq, divardakı rəsmlərin qarşısını kəsəcək. Ona görə də əşyalar muzeylərdə saxlanılır. Xanın beşiyi, xalatı, bayraq Bakıdakı Tarix muzeyindədir”.


Bələdçi Üzeyir bəy həm də ziyarətçilərdən xeyli giley-güzarını dilə gətirir, “sözəbaxmayan”lardan şikayətlənir:

“Xaricilərə bir dəfə toxunmaq olmaz deyirsən, anlayış göstərirlər. Özümüzünkülər isə “niyə olmaz, “nə səbəbə olmaz” deyib qışqırır, hələ az qalırlar bir səni döyələr də. Əsasən Avropalı qonaqlar tarixlə çox maraqlanırlar, ərəbləri belə şeylər çox maraqlandırmır”.


Bakı-Şəki-Bakı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?