Modern.az

Cənnət yaratmaq üçün qeyrət lazımdır - FOTOLAR

Cənnət yaratmaq üçün qeyrət lazımdır - FOTOLAR

8 İyul 2019, 23:36

Arzu Qazıyeva

“Böyük dayaq” bədii filmində qəhrəmanların belə bir dialoqu var:
- Qeyrətimiz olsa, Muğan düzündə cənnət yaradarıq. 
- Avazın yaxşı gəlir, oxuduğun quran olsa. Çətin işdir. 
- Əlbəttə çətin işdir, amma insan əlində hər şey mümkündür. 

“Böyük dayaq” filmi 1962-ci ildə çəkilib. 57 il qabaq kino dili ilə deyilmişdi ki, cənnət yaratmaq üçün qeyrət lazımdır. Amma 60 ilə yaxındır ki, - təsəvvür edin bir, yarım əsrdir ki, - qeyrətimizi cənnəti qurub-yaratmağa səfərbər etmirik. Halbuki Azərbaycan bütün mənalarda doğrudan da yer üzündə cənnət ola bilərdi. Əfsuslar ki, qeyrət cənnəti piltə-piltə, kərpic-kərpic uçurmağa çatdı. Bilirsiz bu necə olur? İndi hamısını bircə-bircə danışacam, sizin əziyyətiniz yalnız dinləməyə qalacaq. Onu da özünüzə çox görsəniz, vallah, heç ondan da incimərəm, onsuz da biz bir-birimizi artıq illərdir ki, dinləmirik. 

Xeyli vaxt idi ki, sənədli-bədii filmlər sahəsindən getmişdim, ingilissayağı getmişdim. Məni sarıbaşlılar dilləndirdilər, Qax rayonunun Sarıbaş kəndinin sakinləri.

Sarıbaş Azərbaycanın Dağıstanla sərhəd ərazisidir. Sonuncu dayaq nöqtəsi desəm daha düzgün olar. Sovet dövründə ən varlı kənd olub. Kəndin inkişaf etmiş infrasturkturlu yer olmasının göstərici orda kanalizasiya sisteminin mövcudluğu ilə ölçülürdü. Təsəvvür edin bir, dəniz səthindən 1800 metr hündürdə, hər tərəfi hündür dağlar və sıx meşəliklər olan ucqar dağ kəndində kanalizasiya sisteminin olması bilirsiz nə deməkdir? Aydın olmaq üçün bir müqayisə ilə deyim: Avropa deməkdir! Mən hələ Sarıbaşda elektrik stansiyası, məktəb, idman zalı, xəstəxana, klub, kitabxana, 500 ildən də çox tarixi olan qədim məscid, yaşı lap əvvəllərə gedən qədim oğuz məzarlığı və sairəni demirəm. Sarıbaşda həyat vardı, qaynayan həyat. Kolxoz dağıldı, sarıbaşlılar da dağılışdılar. Hərə başını götürüb yaşamaq dalınca bir tərəfə getdi. Kənd daş-daş söküldü. İndi burda cəmi 10 ailə qalıb - heç yerə getməyən və getmək istəməyənlər. Hə, bir də qulaq göynədən səssizlik və o səssizliyin də səsi – sarıbaşlıların dirəniş göstərən baxışlarının harayı! Bax, 70 ildə kolxoz adı ilə qurulan mirası kolxozdan sonra 30 ildə dağıtmağımızdır bu günkü qeyrət. Adam yoxdursa sərmayə də qoyulmur, ancaq sərmayə qoyulmalıdır ki, adam da yaşasın. Bu birinci toyuq, yoxsa yumurta fəlsəfəsidir sanki. Halbuki, Sarıbaş həm də və ən əsası strateji əhəmiyyəti olan məntəqədir. Bizim sərhəddimiz yalnız ermənilərlə bitmir axı. Torpaqlarımıza, abidələrimizə - saysaq, görün nə qədər iddiaçı var. Yaşamayanda, sahib çıxmayanda metrə-metrə gedir, ayılanda isə ya itki faktıyla barışmalı oluruq, ya da sonu görünməyən müharibələrə qatılırıq. 

Kəndə yollananda icradan bizə bir nümayəndə də qoşdular. Bizə bələdçi lazım idi, amma o, ağzımızı pusurdu. Biz sarıbaşlıları çəkirdik, amma icradakıları daha çox dağılmış evlərin çəkilib-çəkilməməsi narahat edirdi. Biz insan mənzərələrinin təsviri ilə məşğul idik, icradakılar isə “nailiyyətlərin” statistikası ilə. Bax budur, bizi içəridən az-az dağıdan. Bir şeyi birdəfəlik anlamaq gərəkdir ki, problemlər bəşəriyyət öləndə bitəcək. Həyat, yaşamaq təkcə adamın özünün şəxsi evində evi ilə bitmir, adama kəndlidir deyə “cəhənnəmə ki, necə alınır, o cür də yaşasın” münasibətini bəsləmək olmaz, insana insan kimi yanaşılmalıdır. Lap adam ayağı dəyməyən adada da, əgər orda bircə insan belə məskunlaşırsa. 

Sarıbaşın tarixi qədimliyi, türk etimologiyası nonsens deyil. Çünki Azərbaycanın elə bir guşəsi yoxdur ki, orda minillilərin izi görünməsin. Bu mənada Azərbaycan nəhəng tarixi muzeydir. Sarıbaşınsa istisnalığı ondadır ki... 

Kənd ən uca dağların içindədir. Başdan-başa müxtəlif ölçülü, formalı qənbər daşlardan ibarətdir. Onlardan tikilmiş evlər də, amfiteatr yollar da birlikdə qənbər daşlarının tamamlanmış memarlıq fakturasını yaradıb. Məhəccərlərin naxışlarından bir daha heç yerdə görməyəcəksiz. Burda təbiət ram olunmayıb, vəhşidir. Ancaq vəhşi təbiətin də öz gözəlliyi var. Havanın büllur saflığı tərkibindəki kristalları gözə görünən edir. Dağların başını qəfil alan duman bir anda ya yağışa çevrilir, ya da bir anda dağılır. Nəfəs dolu səslə İNSANı səsləyin, çağırışınız dağların başında da əks-səda verəcək. Otların xışıltısı, yarpaqların pıçıltısı, böcəklərin cırıltısı, quşların civiltisi alətlərdə çalınmayan təbii simfoniyadır. Təbiətin orkestrinə arada at kişnəməsi, nalların tıqqıltısı, malların böyürtüsü də əlavə olunur, hardansa fasilələrlə gələn gülüş səsləri, hardasa uşaq mübahisələri, hardansa gələn səslər, səslər... bu iri miqyaslı orkestri təsəvvür edə bilirsiz? O gözə görünməsə də anladır ki, kənddə həyat hələ var. Sarıbaşın öz sərhəddi dərin uçurumlardır, aşağı hər zaman baxa bilərsiz, sizi fəndgircəsinə özünə çəkməyəcək. Torpağa ayağınızı yalın basın, o öz enerjisini sizə ötürəcək, təmənnasız-filansız. Gecələr əlinizi səmaya uzadın, istədiyiniz ulduzu götürə bilərsiz, çünki onlar sizə çox yaxın olacaqlar. 

Sarıbaşlılar xüsusi adamlardır, anadolu şivəsində danışırlar. Ağbəniz, sarışın, sinəsi bayatılarla dolu sadə kəndlilərdir. Onların yaşayışı çətindir. İş yox, mədəni məşğuliyyət yox, məktəb bağlı, klub fəaliyyətsiz, səhər naxura – axşam axura, toyuq-cücə... kəndə yalnız 60-cı illərin hərbi villisi işləyir. O da çala-çuxur, daşlıq iki çaydan keçməli olur. Qış düşəndə isə zülm də birə-beş artır. Ancaq onlar bunda da bir məna tapırlar. Sarıbaşlılar qənbərli kəndin canlı qənbər daşlarıdırlar. Onlarla təbiət arasında qəribə bir həmahənglik var. Əgər bu gün xəritədə Sarıbaş kəndi hələ qalıbsa, buna görə yalnız və yalnız onlara “sağ olun!” demək düşür. 

Doğrudan da istəyimiz olsa, hər şeydə şəxsi mənfəət vərdişini tərgitsək, vətənimizi şüar xətrinə yox, həqiqətən sevsək, Azərbaycanın hər bucağında cənnət yarada bilərik. Məgər hər şey insanın əlində deyil?! Sarıbaşı turist məkanına çevirmək olar. Məgər avropalı vəhşi təbiətdə dincəlməyi sevmir? Sarıbaşı canlı kinopavilyona çevirmək olar. Məgər dünyada kino çəkilmir? Sarıbaşı sadəcə yaşatmaq lazımdır, məgər tarix daha yazılmayacaq?

...Mən ilk dəfə idi ki, yaradıcılıq işimi bitirəndə sevinc hissi yaşamırdım, qəribə hisslər vardı içimdə. Qatarda başa düşdüm ki, sən demə... vurulmuşam, mən Sarıbaşa, onun daşının, torpağının, suyunun, çiçəklərinin, böcəklərinin, cana rahatlıq gətirən əzəli və əbədi səsli səssizliyinin sehrinə düşmüşəm! Sarıbaşı istisna edən də onun bu sehirli cazibə qüvvəsidir, bəlkə də heç bir yerdə olmayan bir qüvvə. Bilirəm ki, ora yenə qayıdacam, mütləq qayıdacam, bu təkcə sarıbaşlı cazibənin məni çəkdiyinə görə olmayacaq, həm də ona görə baş verəcək ki, sevməyi bacaranlar üçün etiraflar da tükənmir!

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?