Modern.az

Azərbaycanda sovet əmanətlərinin qaytarılmasına kimlər mane olur?

Azərbaycanda sovet əmanətlərinin qaytarılmasına kimlər mane olur?

31 Yanvar 2012, 00:31

Millət vəkili Əli Məsimlinin arqumentləri...

“Milli Məclisdə sovet dövründən banklarda qalan əmanətlərin qaytarılmasını nəzərdə tutan qanun hazırlanmır”. Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev yanvarın 30-da keçirilən mətbuat konfransında deyib.
Səfa Mirzəyev onu da deyib ki, əmanətlərin qaytarılması çox mürəkkəb bir məsələdir: “Bu mürəkkəblik həm də makroiqtisadi məsələlərlə bağlıdır. Digər problem əmanətlərin uçotu ilə bağlıdır. Azərbaycanda hərc-mərclik və qanunsuzluq olan dövrlərdə dələduzlar əmanətlərin saxta uçot kitablarını hazırlayıb. Bunlar heç bir əsası olmayan kağızlardır. Daha bir problem ondadır ki, işğal edilmiş ərazilərdən bank əmanətlərinin uçot kitabçalarını tam şəkildə çıxarmaq mümkün olmayıb. Eyni zamanda 1990-cı illərin əvvəllərində Azərbaycandan getmiş şəxslərin əmanətlərinin qaytarılması da problem olaraq qalır”.

Səfa Mirzəyevin sözlərinə görə, bir məsələni də nəzərə almaq lazımdır ki, dünyada iqtisadi böhran hökm sürən dövrdə Azərbaycanda külli miqdarda vəsaiti dövriyyəyə buraxmaq makroiqtisadi sabitliyi poza bilər: “Sözsüz ki, əvvəl-axır bu əmanətlər qaytarılmalıdır. Amma bu ədalətli qərarı qəbul edəndə elə etməliyik ki, Azərbaycanın iqtisadi sabitliyinə xələl gəlməsin”.

Modern.az saytı Aparat rəhbərinin bu fikirlərinə Milli Məclisə əmanətlərlə bağlı qanun layihəsi təqdim edən iqtisadçı deputat Əli Məsimlinin münasibətini öyrəndik.
         
Deputat bildirdi ki, sovet dövründən qalmış əmanətlərin qaytarılmasına dair qanun layihəsini üçüncü dəfə Milli Məclisdə 2011-ci ilin noyabrında 2012-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə özü təqdim edib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” 2005-ci il 26 oktyabr tarixli sərəncamına uyğun surətdə hazırlanıb. 2005-ci il 26 oktyabr tarixli həmin sərəncamında üç ay müddətində qanun layihəsi və müvafiq mexanizmin hazırlanması məqsədi ilə baş nazir başda olmaqla əlaqədar nazirlik və baş idarələrin rəhbərlərinin iştirakı ilə xüsusi komissiya yaradılıb:

“Bu problemin həll edilməsi və mexanizminin müəyyən edilməsi istiqamətində xeyli iş görülsə də, sonda qanun layihəsini həmin komissiya yox, mən ortaya qoydum.
2011-ci ilin noyabrında Milli Məclisdə 2012-ci ilin büdcəsi müzakirə olunarkən maliyyə naziri komissiyaların iclası zamanı sovet dövründən qalan əmanətlərin qaytarılması üçün həm vəsaitin, həm də iradənin olduğunu bildirdi və müvafiq qanunun qəbul edildiyi təqdirdə əmanətlərin qaytarılmasında məlum problemlərdən başqa digər bir problemin olmadığını bildirdi. Biz də bunun müqabilində əmanətlərin qaytatılmasına dair qanunun 2008 və 2010-cu illərdə hazırlanıb təqdim olunduğunu bildirdik və əmanətlərin qaytarılmasına nə vaxt başlanılacağı sualını qaldırdıq. Sonra da hökumət nümayəndələri və millət vəkillərinin gözü qarşısında əmanətlərin qaytarılmasına dair qanun layihəsi, qaytarılma mexanizmi və bu qanun qəbul edidikdən sonra Vergi Məcəlləsində və “Dövlət borcu haqqında” Qanunda zəruri dəyişiklikləri əks etdirən paketi İqtisadi siyasət komitəsinin sədrinin stolunun üstünə qoyduq. Lazımdırsa müəlliflikdən imtina etməyə hazır olduğumuzu da bildirdik. Maliyyə nazirinin bu məsələ ilə bağlı Milli Məclisin iclasındakı açıqlaması optimizim yaratdı və bu mövzu 2011-ci ilin noyabrından başlayaraq yenidən intensiv müzakirə olunmağa bəşlayıb”-deyə Ə.Məsimli bizimlə söhbətdə vurğuladı.

Ə.Məsimli deyir ki, onun Milli Məclisin iclasında hökumət nümayəndələrinə verdiyi sualı tez-tez özünə da verirlər ki, əmanətlər nə vaxt qaytarılmağa başlayacaq:

“Mən də cavab verirəm ki, keçmiş SSRİ-yə daxil olan hər bir yeni müstəqil dövlətin sovet dövründən qalma əmanətləri əhaliyə qaytarmaq borcudur və Azərbaycan hökuməti də bu addımı nə qədər tez atsa,bir o qədər yaxşıdır”.

Keçmiş əmanətçilərin sənədlərində problemə gəlincə, deputatın sözlərinə görə, 2 rayonda bununla bağlı problemlər var:
“Xarab olan əmənət kitabçaları da var. Eyni zamanda elə əmanət kiatabçalaı var ki, orada əmanətçinin adı, soyadı qeyd edilib, amma təvəllüdü yoxdur. Ona görə də əmanətlər qaytarılmağa başlanılarkən hər 10 əmanətçidən ikisinin sənədlərində problemin olması etimal var. Amma bütün bunlar əsas vermir ki, 2 milyon insanın əmanəti qaytarılmasın. Bu qəbildən olan insanların 5,4 milyard əmanəti var. Onun 4,8 milyardı inventarlaşdırılıb. Digər regionlarda olduğu kimi, işğal olunan ərazədəki əmanətlərin məbləği də əmanətlərin az hissəsini təşkil edir.
Əmanətlərin qaytarılmsı ilə əlaqədar məsələyə yanaşdıqda, daha çox hallandırılan əmanət kitabçalarının kütləvi surətdə saxtalaşdırılması ehtimallarına gəldikdə isə qeyd etmək lazımdır ki, əmanətlərlə bağlı sənədin bankda, necə deyərlər “kötüyü” var. Təzminat ödənilərkən əmək kitabçasından əlavə əmanətçinin adına açılan şəxsi hesab vərəqəsinə, ilkin mədaxil orderinə, gündəliyə və əmanətlər barədə mühasibat sənədlərində olan məbləğə baxılır və tutuşdurma aparıldıqdan sonra ödəniş həyata keçirilir. Bunun əsasında bilgisayar texnologiyasını tətbiq etməklə mərkəzləşdirilmiş informasıya sistemi yaratmaq və saxta əmanət kitabçalarını aşkarlamaq olar. Burada şübhəli sənədlərin ekspertizadan keçirilməsi də nəzərdə tutlur. Qanunda problemli məsələlərə sonuncu ildə baxılması nəzərdə tutulur. Vətəndaşların əmanət qalıqlarına görə təzminat verilməsi haqqında qanunvericiliyin pozulmasına görə təqsirkar olan hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşımalıdırlar”.

Əmanətlərin qaytarılmasının makroiqtisadi sabitliyi pozacağı və güclü inflyasiyaya səbəb olacağı barədə deyilənlərə münasibət bildirən Əli Məsimlinin fikrincə, əmanət qalıqlarına görə təzminat verilərkən makroiqtisadi sabitliyə, eləcə də ölkənin maliyyə-bank sisteminin sağlamlığına xələl gətirməyən üsullardan istifadə edilib:
“Təzminat ödənilən müddətdə hər il orta hesabla dövriyyəyə əlavə olaraq 300 milyon manat (əslində bundan az) əlavə pul vəsaiti daxil ola bilər.
Həmin məbləğ Azərbaycanın sürətlə artmağa başlayan valyuta ehtiyatlarının illik artımının cəmi 1,7%-i qədərdir. Bu məbləğ əhalinin 2010-cu ildəki pul xərclərinin cəmi 1,5%-i, ölkənin pərakəndə əmtəə dövriyyəsinin 1,6%-i səviyyəsində, dövriyyədə olan pul kütləsinin 2%-dən aşağı olduğundan, ciddi inflyasiya mənbəyi ola bilməz. Bankın və əmanətçilərin maraqlarını uyğunlaşdırmaq məqsədilə əmanət qalıqlarına təzminat müvafiq icra orqanı tərəfindən banka verilmiş kredit resurslarından əldə olunan faiz hesabına da ödənilə bilər”.

O ki qaldi əmanətlərini 2-ci və 3-cü mərhələdə alanların əlinə çatacaq pul vəsaitinin 2-ci mərhələdə əmanətləri alanlarla müqayisədə inflyasiyaya məruz qalmalarına dair fikirlərə, Əli Məsimli bildirdi ki, layihədə bunun qarşısını almaqdan ötrü layihənin ikinci ilindən başlamaq şərtilə əmanətlərin hər il inflyasiyaya uyğun indeksləşdirilməsi nəzərdə tutulub:

“Bundan əlavə layihədə göstərilib ki, əmanətçinin istəyindən asılı olaraq əmanət qalığına görə təzminatın nağd pulla ödənilmə üsulu ilə yanaşı, qiymətli kağızlarla hesablaşma, depozitə köçürülmə və istənilən növ xüsusi hesabın açılması üsullarından da istifadə edilə bilər. Bu prinsipin reallaşdırılması həmin pulların bir hissəsinin faiz ödənilməklə əlverişli şərtlərlə bankda saxlanılmaqda davam etdirilməsi vasitəsilə dövriyyəyə əlavə pul kütləsinin daxil olmasını məhdudlaşdırmaq məqsədi güdür”.

Əli Məsimli sovet dövründən qalma əmanətlərin qiymətli kağızlar vasitəsilə qaytarılması varıantına münasibət bildirərkən qeyd etdi ki, bu qanun layihəsi hazırlanarkən həm beynəlxalq təcrübə, həm də sosioloji sorğu vasitəsilə əmanətçilərin mövqeyi öyrənilib:

“Əhalinin əksəriyyəti əmanətlərini nəqd pul formasında istəyir. Ona görə də təzminat həm nağd pul şəklində, həm qiymətli kağızlarla verilə bilər, həm də depozit şəklində əmanətçinin bank hesabına oturdula bilər
Mübahisəli məsələlərin ən ciddisi Azərbaycanda əmanətləri olan, lakin hazırda ölkədə yaşamayan və Azərbaycan vətəndaşı olmayanlar tərəfindən təzminat almaq iddiaları ilə əlaqədar ola bilər. Digər ölkələrin təcrübəsinə əsaslanaraq qanun layihəsinin 4-cü maddəsinin 3-cü bəndində göstərilib ki, əmanət qalığına görə təzminat ödənilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir. Bu prinsip Rusiya və digər ölkələrdə əmanətlər qaytarılarkən də tətbiq olunub. Əmanət Bankına 1 yanvar 1992-ci ilə qədər əmanət qoymuş hər bir Azərbaycan vətəndaşı həmin tarixə qədər olan əmanət qalığına görə bu qanunla müəyyən edilmiş qaydada təzminat ala bilər. Azərbaycan vətəndaşlığı haqqında Qanunun 8-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına səbəb olmur. Ona görə də əgər əmanətçi Azərbaycan vətəndaşıdırsa, onun harada yaşamasından asılı olmayaraq, bu Qanunun 8-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, təqdim etdiyi şəxsiyyət vəsiqəsi və əmanət kitabçası və müvafiq formada doldurulmuş ərizə əsasında təzminat ala bilər. Azərbaycandan köçüb gedənlərə gəldikdə isə onların xeyli hissəsi ölkəni tərk etməzdən əvvəl əmanətlərini Bankdan çıxarıblar. Bununla yanaşı köçüb gedənlərin bir qismi bankdakı hesablarını bağlamayıb. Dağlıq Qarabağ isə 1989-cu ildən əmanətlər üzrə balanslarını və statistik hesablarını Azərbaycan Əmanət Bankından çıxarıb və Rusiya Əmanət Bankına təhvil verib. Ona görə də Dağlıq Qarabağ əmanət idarəsinin əmanətçilərinin Azərbaycan Əmanət Bankında əmanət hesabları yoxdur. Həmin əmanətlərə təzminat hazırda bu qondarma "qurumun" büdcəsindən ödənilir.
Bu sahədə yarana biləcək mübahisəli məsələlərə Qanun layihəsinin 7-ci maddəsinə görə əmanətlərin qaytarılmasının sonuncu ilində baxılması nəzərdə tutulub. Həmin qəbildən ola biləcək iddiaların məlum hissəsinə isə Ermənistandan çıxarılan 300 mindən artıq soydaşımızın orada qalan əmanətlərinə aydınlıq gətiriləndə baxıla bilər. Məlum olduğu kimi, Ermənistan 2006-cı ildən başlayaraq əmanətlərin qaytarılması istiqamətində addımlar atır. Amma Ermənistandan çıxarılan soydaşlarımızın orada qalan əmanətlərinə aydınlıq gətirilməyib. Doğrudur, Azərbaycan Əmanət Bankında qalan əmanətlər yalnız Azərbaycan vətəndaşlarına məxsus olduğundan təbii ki, burada Ermənistandan qovulmuş bacı və qardaşlarımızın əmanətləri yoxdur. Bununla belə, bu məsələnin problemli olmasını və Ermənistanın həmin əmanətləri qaytarmayacağını nəzərə alaraq, qanun layihəsinin 7-ci maddəsinin 6-cı bəndində göstərilib ki, Ermənistandan zorla çıxarılmış və hazırda Azərbaycan Respublikası vətəndaşı olan soydaşlarımızın Ermənistan tərəfindən qaytarılmayan əmanətlərinə görə bu qanunla müəyyən edilmiş prinsiplərdən istifadə olunmaqla müvafiq icra orqanı tərəfindən hazırlanmış xüsusi qaydalar üzrə təzminat ödənilməsinə baxılması təklif olunur”.

Deputat bildirdi ki, əmanətçi vəfat etdikdə, ona əmanət qalıqlarına görə hesablanmış təzminat müvafiq sənədlər təqdim edilməklə, qanunvericiliklə müəyyən edilmiş qayda və müddətdə əmanətçinin hüquqi varisinə verilir:

“Qanun layihəsinin 11-ci maddəsinin tələblərinə görə əmanət qalıqlarına görə təzminat verilməsinin səmərəli təşkilini təmin etmək məqsədilə müvafiq icra orqanı tərəfindən zəruri tədbirlər kompleksini özündə əks etdirən fəaliyyət proqramı, mexanizm, eləcə də məlumat bazası, reyestr, bu qanunun tətbiq dairəsinə aid əmanət qalıqlarına görə təzminatın hesablanması, uçotu, ödənilmə qaydaları, təlimatlar və digər sənədlər hazırlayıb həyata keçirməlidir. Eyni zamanda inflyasiya nəticəsində dəyərdən düşmüş əmanətlərə təzminat verilməsi prosesində qarşıya çıxan problemlərin həllini sürətləndirməkdən ötrü, ölkə, şəhər və rayon səviyyələrində xüsusi komissiyalar, müvafiq orqanlarda isə görülməli işlərin miqyasına uyğun qurumların formalaşdırılması məqsədəuyğun hesab edilir.
Qanun layihəsinin 12-ci maddəsinin tələblərinə görə bu qanunun prinsipləri əsasında hazırlanan proqramın və digər sənədlərin reallaşdırılmasına nəzarətin Milli Məclis və onun orqanı olan Hesablama Palatası vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Əmanət qalıqlarına təzminat verilməsini həyata keçirən orqan ildə bir dəfə müvafiq proqramın yerinə yetirilməsinin vəziyyəti barədə Milli Məclisə hesabat verməlidir. Əmanət qalıqlarına görə təzminat verilməsinə ictimai nəzarəti həyata keçirməkdən ötrü isə Müşahidə Şurasının yaradılması təklif olunur”.

Elşad EYVAZLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü