Modern.az

Görkəmli jurnalist Nəsir İmanquliyevdən bəhs edən kitab təqdim olunub

Görkəmli jurnalist Nəsir İmanquliyevdən bəhs edən kitab təqdim olunub

22 Dekabr 2009, 17:22

Dekabrın 22-də M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında publisist Rəhilə Gülgünün “Xəbərin rəngi” kitabının təqdimat mərasimi keçirilib. Kitabda görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin həyat və yaradıcılığı əks olunub. Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəşr olunan“Silinməz izlər” seriyasından ikinci kitab olduğunu bildirib: “Bu seriyadan nəşr olunan “Göylər adamı” kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayev haqqındadır. “Xəbərin rəngi” kitabı isə mətbuat tariximizdə böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olmuş görkəmli jurnalistimiz Nəsir İmanquliyevdən bəhs edir”.  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, publisist Əli İldırımoğlu, “Ülfət ” qəzetinin baş redaktoru Aqil Dadaşov və  jurnalist Zemfira Məhərrəmlinin çıxışlarında Nəsir İmanquliyevin pedaqoji fəaliyyətindən, onun çağdaş mətbuatımıza örnək ola bilən meyarlarından söz açılıb. Tədbirin sonunda çıxış edən kitabın müəllifi Rəhilə Gülgün nəşrin geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu bildirib: “Kitabda Nəsir müəllimin xarakterik cizgiləri, onun haqqında müxtəlif məqalələr, həyatının anlarını əks etdirən fotoşəkillər toplanıb. Hər kəsə hörmətlə yanaşmağı bacaran və oxucu rəyinə çox böyük diqqət yetirən Nəsir müəllimdən bəhs edən bu kitabın da rəğbətlə qarşılanacağına inanırıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı