Modern.az

“FED uçot dərəcəsini azaldacaq, dünyada valyuta müharibələri qızışacaq” - PROQNOZ

“FED uçot dərəcəsini azaldacaq, dünyada valyuta müharibələri qızışacaq” - PROQNOZ

İqtisadiyyat

30 İyul 2019, 16:02

İyulun 30-31-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclasında uçot dərəcəsinin yenidən nəzərdən keçiriləcəyi açıqlanıb.

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a danışarkən, Tramp administrasiyasının 1 il ərzində faizləri aşağı salması üçün FED üzərində çox ciddi basqılar qurduğunu diqqətə çatdırıb:

“Amerikada iqtisadi canlanmaya nail olmaq, kreditlərə çıxış imkanlarını daha da genişləndirmək üçün basqı qurmuşdu. FED müstəqil qurum olduğundan, bu basqılardan yayınmağı bacarırdı. Amma Amerika son vaxtlar basqıların artması, dünyada ticarət müharibələrilə yanaşı valyuta müharibələrinin də getməsi fonunda ixracatı yüksək olan hər bir ölkə kimi öz milli valyutasının dəyər qazanmasını istəmir. Son zamanlar FED-in faiz artırmaları digər valyutalar qarşısında dolların bahalaşamasına səbəb olmuşdu. 3 il əvvəl 1 avro 1 dollar 40 sent idisə, bu gün  avro 1 dollar 12 sentdir. Bu bahalaşma Amerikanın ixracat potensialına zərbə vurur. Bu basqılar nəticəsində FED-in rəhbərliyi dəyişdirildi. Trampın yeni FED rəhbərilə görüşü oldu. Gözlənti ondan ibarətdir ki, faiz dərəcələri 0,25 faiz aşağı salınacaq. Bu həm dolların dünyada bahalaşmasının qarşısını alacaq, həm də avro, yapon yeni, İsveçrə frankı, Britaniya funtsterlinqi  qarşısında ucuzlaşmasına səbəb olacaq ki, nəticədə iqtisadiyyatın stimullaşdırılmasına gətirib çıxaracaq”.

 

Ekspert hesab edir ki, bu, dünyada gedən valyuta müharibələrinin tərkib hissəsidir:

“Çox güman ki, FED bu həftə faiz dərəcələrini aşağı salacaq. Fikir ayrılığı 0,25 yoxsa 0,50 faiz ucuzlaşma ilə bağlıdır. Faiz dərəcəsinin 0,50 faiz ucuzlaşması daha radikal olar. Ona görə uçot dərəcəsinin 0, 25 faiz aşağı salınacağı proqnozu daha yüksəkdir. Çox güman ki, qərar da bu yöndə olacaq. Digər tərəfdən, Çinin, Britaniyanın, Avropa Birliyinin mərkəzi bankları da buna paralel olaraq faiz dərəcələrini aşağı sala bilərlər. Bu da dünyada ticarət müharibələrilə yanaşı, valyuta mühariblərinin daha qızışmasına səbəb olacaq”.

 

N.Cəfərli qeyd edib ki, uçot dərəcəsinin aşağı salınacağı ilə bağlı qərarın Azərbaycana təsirləri gözlənilmir:

“Əslində uçot dərəcəsinin Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Mərkəzi Bank da etiraf etdi ki, manat üçün tənzimlənən məzənnə rejimi tətbiq olunur. Artıq iki ildir ki, inzibati üsulla olsa belə, manat dollar qarşısında sabit məzənnəni qoruyub saxlaya bilir. Əslində bazar iqtisadiyyatı qaydalarına və “üzən məzənnə” rejiminə uyğun olsaydı, qonşu ölkələrin milli valyutalarının məzənnələrindəki dəyişikliklərin təsirlərindən oynamalar müşahidə olunmalı idi. Ən azından larinin, rublun ucuzlaşması manata təsirsiz ötüşməməli idi. Hazırda təsir etmir, deməli ölkəmizdə bazar qaydalarına uyğun olaraq, valyuta birjası fəaliyyət göstərmir, tənzimlənən məzənnə rejimi aktivdir. Ona görə də birbaşa heç bir təsiri gözlənilmir, amma dolayı təsirləri ola bilər.

 

Azərbaycanın Mərkəzi Bankı manatın taleyinə dair daxili imkanları ilə bağlı qərar verir. Neftin bahalaşması Azərbaycana imkan verir ki, manatın məzənnəsini stabil saxlaya bilsin. Məlum olduğu kimi, Azərbaycan ayrıca idarəolunmuş bir adada yerləşmir. Qonşu ölkələrlə ticarət əlaqələri, ticarət dövriyyəsi zamanı qonşu ölkələrin milli valytalarının dəyərdən düşməsi yaxud dəyər qazanması, istər-istəməz Azərbaycana gətirilən mal və xidmətlərin dəyərinə də təsir edir. Bu proses baş verərsə, qonşu ölkələrin milli valyutalarında dəyişiklik olarsa, əsas ticarət tərəfdaşımız olan Rusiya, Türkiyə, Gürcüstanda milli valyutaların məzənnəsində bahalaşma olarsa, o zaman həmin ölkələrdən Azərbaycana gətirilən mal-məhsulun qiyətlərinin də bahalaşması müşahidə edilə bilər”.

 

2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25% həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5%) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5%-ə kimi artırdı.

2018 ildə tənzimləyici 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75%-ə, 13 iyunda – 1,75-2%-ə, 26 sentyabrda – 2-2,25% və 19 dekabrda – 2,25-2,5%-ə kimi.

FED sonuncu dəfə iyunun 20-də uçot dərəcəsinin 2,25 - 2,5% səviyyəsində saxlanılmasına qərar vermişdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...