Modern.az

Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ

Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ

9 Avqust 2019, 13:34

Deputat: “Azərbaycan 2-3 günün içərisində torpaqlarını azad edə bilər”

"Lakin dünya dövlətləri, böyük güc sahibləri öz istədiklərini diktə edirlər”


“Hərdən xəbərlər dərc olunur, “deputat seçiciləri ilə görüşüb”, axı burada qəribə nə var?” 



Milli Məclisin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Eldar müəllim, Azərbaycan parlamentinin müxtəlif xarici ölkələrdə nümayəndə heyətləri var və onlar Xarici İşlər Nazirliyi ilə paralel olaraq, ölkəmizin diplomatiya siyasətini həyata keçirir. Sizin rəhbəri olduğunuz nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT) Azərbaycanın son illər gördüyü işlər barədə geniş məlumat istərdik.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra biz bir çox beynəlxalq qurumlara üzv olduq. Onların içərisində bu yaxınlarda 25 illiyini qeyd etdiyimiz QDİƏT Parlament Assambleyası da var. Bizim prioritet addımlarımız sırasında bu təşkilatların tədbirlərində iştirak etməklə bərabər, bütün xarici əlaqələrin önündə Qarabağ problemini qabartmaq, hansısa şəkildə həll olunmasına dəstək verilməsinə nail olmaq dayanır. Sovetlər dağılandan sonra Azərbaycana miras olaraq, Qarabağ problemi qaldı. Sonradan Gürcüstan, Ukrayna hadisələri də baş verdi. Amma artıq 30 ilə yaxındır ki, Qarabağ işğal altındadır. Beynəlxalq təşkilatlarda, tədbirlərdə torpaqlarımızın 20 faizini işğal edən dövlət də bizimlə birlikdə iştirak edir. Ona görə, istər-istəməz qarşıdurmalar yaranır. Konflikt formasında olduğumuzu deməzdim. Amma biz çalışırıq öz ədalətli mövqeyimizi, işğala məruz qaldığımızı ortaya qoymaqla bərabər, həm də torpaqlarımızın işağldan azad olunması üçün müxtəlif sənədlərin, hüquqi aktların qəbulunu həyata keçirək.

Bütün dünya ölkələri bilir ki, Azərbaycan torpaqları işğalı olunub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, o cümlədən, digər təşkilatların hüquqi əhəmiyyətli sənədlərinə əməl olunmur. Bu məsələyə ikili standartlar tətbiq olunur, hər bir dövlət ilk növbədə öz maraqlarını ortaya qoyur, sonra digər dövlətləri nəzərə alır. Problemə ədalətli baxılmır.

Buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti bütün beynəlxalq qurumlarda dövlətin mövqeyini müdafiə edir. Biz 2018-ci ildə Kiyevdə qətnamə qəbul edilməsinə nail olduq. Orada konkret göstərildi ki, işğal olunmuş torpaqlar Azərbaycan torpaqlarıdır, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var və o torpaqlar qeyd-şərtsiz boşaldılmalıdır.

Digər tərəfdən, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə də hazırıq. Azərbaycan əsgəri 2016-cı ilin aprelində zəfər yürüşünə çıxdı. Ermənilərə göstərdik ki, Azərbaycan Silahlı Qüvvələri nəyə qadirdir. Təəssüf ki, böyük dövlətlərin ciddi təsiri ilə zəfər yürüşünün qarşısı alındı. Buna baxmayaraq, biz böyük bir ərazimizi azad etdik, bayrağımızı Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpəyə asdıq. Azərbaycan bu gün o qüvvəyə malikdir ki, 2-3 günün içərisində öz torpaqlarını azad etsin. Lakin gerçəkliklər də var. Dünya dövlətləri, böyük güc sahibləri öz istədiklərini diktə edirlər. Bu gün qarşımıza qoyulub ki, torpaqlar sülh yolu ilə azad edilsin, dialoq aparılsın. Mən sual verirəm, Ermənistan danışıqlardan qaçırsa, hansı dialoqdan söhbət gedir? Son zamanlar Ermənistana gələn yeni rəhbərliyin, ümumiyyətlə, hansı mövqeyi tutduğunu anlamaq olmur. Sadəcə həmin qüvvələr hakimiyyətə gələndən verdikləri vədi həyata keçirə bilmirlər və buna əməl edə bilməyəcəklər. Bunun üstünü ört-basdır etmək üçün belə addımlar atırlar, populist, reallığı əks etdirməyən fikirlər səsləndirirlər.

Qayıdaq mənim rəhbərlik etdiyim nümayəndə heyətinə. Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 53-cü iclası keçirildi. Azərbaycanın dəvətinə baxmayaraq,  erməni nümayəndə heyəti toplantıya gəlmədi. Orada 20-dən yuxarı dövlətin parlament nümayəndə heyəti iştirak edirdi. Mən onların qarşısında çıxışım zamanı da Ermənistanın sülhə niyyətli olmadığını diqqətə çatdırdım. Onlar Bakıdakı toplantıya gəlməməklə guya öz təhlükəsizliklərini təmin ediblər. Necə olur ki, mən qorxmadım, Ermənistan kimi terror, işğalla birbaşa əlaqəsi olan ölkədə keçirilən toplantıya nümayəndə heyətimizlə birlikdə qatıldım. Ermənilər hər cür bəhanə ilə danışıqlardan yayınırlar.


- Ayrı-ayrı nümayəndə heyətləri öz fəaliyyətlərində nələri diqqətə almalıdırlar ki, Qarabağla bağlı vacib işlər görülsün?

- Bütün təşkilatlardakı nümayəndə heyətlərimiz aktiv addımlar atırlar, müəyyən qərarların qəbul olunmasında əmək sərf edirlər. Hamıya asan gəlir ki, getdin, orada sənədi imzaladın, bitdi. Amma elə deyil. Müxtəlif söhbətlər aparmaq, fərqli dövlətlərin nümayəndələrinə öz fikirlərini çatdıra bilmək lazımdır. Biz bunu edirik, bundan sonra da edəcəyik. Ən böyük narahatlığımız isə böyük dövlətlərin  ikili standartlarla, ədalətsiz qərarlar çıxarmasıdır.

Azərbaycan diasporu son illər aktiv fəaliyyətə keçib. Bir şeyi vurğulamaq vacibdir ki, xarici dövlətlərdə Ermənistanın xeyrinə qərarların verilməsində erməni diasporunun böyük əməyi var. Faktiki olaraq, bu gün Ermənistana ən yaxşı dəstək verən onların diasporudur. İnkişaf etmiş ölkələrin dövlət strukturlarında təmsil olunan kifayət qədər çox erməni var. Bu dövlətlərdə erməni diasporu bizimkindən güclüdür. Ölkə başçısı bu işlərlə bağlı əsaslı dəyişikliklər etdi. Sabiq həmkarımız Fuad Muradov diaspor fəaliyyəti ilə bağlı böyük işlərə imza atır. Biz də onu dəstəkləyirik. Bu bizim üçün yeni başlanğıcdır. Ermənistan hər hansı bir tədbirə çox sayda ermənini götürüb gəlir. Biz isə hər hansı xarici ölkədə yaşayan azərbaycanlıları bir yerə yığmaq üçün çox çalışmalı oluruq. Ermənilərdəki aktivlik bizimkilərdə yoxdur. Əminəm ki, Fuad Muradov buna nail olacaq. Qısa müddətdə onun bu sahədə etdikləri hamımızı sevindirir.

Ermənilər özlərinə qarşı bir dənə mənfi rəyə belə icazə verməzlər. Amma bizimkilərin arasında inciklik, küsülülük, polemika müşahidə olunur. Halbuki, dövlət maraqları ön plana çəkilməlidir. Xaricdəki bəzi soydaşlarımız şəxsi maraqları naminə vətəni, torpağı da yaddan çıxarırlar. Olub ki, tədbir keçirəndə diaspor nümayəndələri də qatılıblar. Amma onların bəziləri öz şəxsi mənafeyini dövlətin mənafeyindən üstün tuturlar. Özləri haqqında isə düşünürlər ki, guya böyük, ilahi şəxslərdirlər, Azərbaycan onlara dəstək olmur. Halbuki, Azərbaycan hər bir oğluna, qızına lazımi köməkliyi edir. Ona görə, bu proses qarşılıqlı olmalıdır.

Azərbaycanın nüfuzu dünyada gündən-günə artır. 1995-ci ildə birinci dəfə ümummilli lider Heydər Əliyevlə Fransaya gedəndə, taksi sürcüsünü başa sala bilmirdik ki, Azərbaycandan - Bakıdanıq. Ölkəmizin adını belə tanımırdılar. Uzun söhbətimizdən sonra nəyi isə anlada bildik. Ancaq indi ən kiçik ölkəyə belə getsən, Azərbaycanı tanıyırlar. Ölkəmizin bütün dünyada tanınmış dövlətə çevrilməklə bərabər, siyasi, iqtisadi inkişafında özünün dəst-xətti var. Bu, ümummili liderimizin fəaliyyəti ilə başlayıb, cənab Prezident İlham Əliyev bu xətti layiqincə davam etdirir.

Biz çox böyük itkilər vermişik. Tək torpaqlarımızı deyil, mənəvi maddi, insan itkilərimiz kifayət qədər çox olub. Bütün bunlar bizim sürətli inkişafımız üçün maneə olub. Qarabağ problemi olmasaydı, düşünün, Azərbaycan indi necə yüksək pillələrdə olardı, necə inkişaf edərdi. 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz hələ də dövlətin himayəsindədir. Onların yaşayışının yaxşılaşdırılması üçün gözəl binalar tikilir, təhsil haqqından azad edilirlər, müxtəlif imtiyazlar verilir. Bunun özü də büdcədən kifayət qədər çox vəsaitin ayrılmasına səbəb olur.

Mən öz çıxışımda da qeyd etmişdim ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə kifayət qədər çox qayğı göstərir. Halbuki, köçkünlərin dövlətdən tələb etdiyi torpaqlarına qayıtmaqdır. Çünki azərbaycanlılar torpaqlarına bağlı insanlardırlar. Adi bir şeyi deyim, köçkünlər bayramlarda, anım günlərində öz ata-babalarının qəbrini ziyarət edə bilməməkdən narahat yaşayırlar. Baxın, Dilqəm və Şahbaz necə torpaqlarına bağlı insanlardılar ki, doğulduqları el-oblararını görmək, doğmalarının qəbrini ziyarət etmək üçün həyatlarını təhlükəyə atıblar. Hələ də erməni girovluğundan əziyyət çəkirlər. Ölkə prezidenti dəfələrlə müraciət edib ki, gəlin, “hamını hamıya dəyişək”. Bu günahsız insanları orada saxlamağın nə xeyri var? Erməni rəhbərlərinin apardığı siyasət isə qana, qırğına xidmət edir.

- Ermənilər sadəcə vaxt qazanmağa çalışırlar. Törətdikləri işğalı, torpaqlarımızı bizim yadımızdan çıxarmaq istəyirlər...

- Nikol Paşinyan son çıxışında deyir ki, Qarabağ Ermənistanın bir hissəsidir. Mən isə cavab verirəm ki, nəinki Qarabağ, Ermənistan əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycanın döyünən ürəyidir. Hamı bilir ki, Ermənistan ərazisi Azərbaycanın torpağı olub, İrəvan xanlığı Azərbaycan xanlığı olub. Qarabağ da Azərbaycan ərazisidir. Burada başqa məqam yoxdur. Ermənilər özlərinin qondarma tarixini yaradıblar. Özlərini elit xalq sayırlar. Onların bu pafosları reallığa uyğun deyil. Ermənilər özləri də yaxşı bilirlər ki, XIX əsrin əvvəllərində Rusiya tərəfindən Türkiyədən, İrandan bura köçürülüblər. Biz Ermənistana rəğmən öz mübarizəmizi aparmalıyıq, torpaqlarımızı azad etməliyik  və müharibəyə də hazırıq.

- Zaman keçir. 30 il bir nəslin ömrü deməkdir. Zamanı itirdikcə, Qarabağı da itirmirik ki?


-
Mən yenə qeyd edirəm, Qarabağ Azərbaycanın döyünən ürəyidir. Bu məsələ nəsildən nəsilə ötürülür...

- Amma Zəngəzur məsələsi də var...

- Zəngəzur da Azərbaycan torpağı olub. Bunu hamı bilir.

- İndi deyirik, Qarabağ bizimdir. Amma 50 il bundan əvvəl deyirdik, Zəngəzur da bizimdir. Bu gün isə sanki taleyimizlə barışırıq. Eyni vəziyyət Qarabağla bağlı təkrarlana bilərmi?

- Beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər var. Bu sənədlərdə yazılır ki, sərhədlər dəyişilməməlidir. Xalqların öz müqəddəratını təyin etmə haqqı da qeyd olunur, amma ilk növbədə sərhədlərin toxunulmazlığı önə çəkilir. Qarabağı qaytarsaq, lazım gələrsə, orada yaşayan əhaliyə ən yüksək muxtariyyət verilə bilər. Bunu ölkə başçısı da dəfələrlə ən yüksək tribunalardan qeyd edib.



- Millətin etibarını qazanmaq üçün məmurların, deputatların xalqın içərisində olmasının vacibliyi də tez-tez qabardılır. Bəzən deyirlər ki, məmurlar xalqın içərisində ola bilmirlər. Bu nə dərəcədə doğrudur?

- Ölkə başçısı İlham Əliyev 2018-ci ildəki seçkilərdə 86 faiz səs topladı. Bu, xalqın Prezidentə olan münasibəti, etimadıdır. Çünki prezident xalqın içərisindədir. Bir ilin içərisində əgər Prezident 265 dəfə rayonlara gedib, xalqla ünsiyyətdə olursa, özü şəxsən onların müraciətini toplayırsa, əlbəttə ki, camaatın etibarını qazanacaq. 

Oturasan kabinetdə ki, deputatam, nazirəm. Bu şəkildə camaatın etimadını qazana bilməzsən. Nazir də, deputat da, xalqın içərisində olmalıdırlar. Həmkarlarım məndən inciməsinlər. Hərdən xəbərlər dərc olunur, məsələn, deputat seçiciləri ilə görüşüb. Mən düşünürəm ki, axı burada qəribə nə var?  Deputatın vəzifəsidir. Onu seçiciləri, insanlar seçiblər, əlbəttə ki, gedib görüşməlidir. Bunu elan etmək lazım deyil ki?! Bütün məsələlərin həlli mümkün olmaya bilər, amma insanları dinləmək, onların yanında olmaq lazımdır.

- Sizcə, niyə bəziləri insanların içinə çıxmaq istəmir?

- Tələb çoxdur. Millət vəkili isə buna qulaq asmalı, vətəndaşın ərizəsini almalı, üzərinə götürdüyü işini sona çatdırmalıdır. Nəticə olsa da, olmasa da insanları dinləmək vacibdir. Məsələn, elə seçici olur ki, gəlib, mənə deyir, oğlum adam öldürüb, amma günahı yoxdur, onu buraxdırın. Mən həmin yaşlı ananın, atanın ərizəsini alıram, prokurorluq, məhkəmə ilə danışıram və yenidən seçicimi yanıma çağırıram. Valideyndir, övladının yaxşılığını istəyir, amma ona izah edirəm ki, vəziyyət düşündüyü kimi deyil. Çalışıram dəstək olum, deyirəm ki, cəzasını çəksin, azadlığa çıxanda kömək edərik. Elə adam var ki, doğrudan da günahsız yerə cəza almalı olur. Araşdırdıqda həqiqət ortaya çıxır, biz də köməklik edə bilirik.

- Bölgələrdə çox zaman insanlar şikayət edirlər ki, deputatın qəbuluna düşə bilmirik. Sizinlə bağlı da bu cür hadisə baş veribmi? Məsələn, illərlə qəbulunuza düşə bilməyən seçiciniz olubmu?

- Elə bir şey olmayıb. Nəinki illərlə, hətta həftələrlə belə düşə bilmədiyini deyən adam tapılmaz.

Mən ölkə başçısına minnətdaram, hər bir deputata yer verilib ki, seçicilərlə görüşək. Mənə də bu şərait yaradılıb. Köməkçimə tapşırmışam, həftənin 6 günü hər gün ofisdə olur. Axşam saat 6-da bağlayıb, evinə gedir. Hər bazar günləri isə mən özüm Bakıda olduqda gedirəm, orada görüşlərimi keçirirəm. Müxtəlif əlamətdar hadisələr, müraciətlər, şikayətlər olduqda rayonlara da gedirik.

Qəbuluma düşə bilməyən seçici ola bilməz. Onların özləri ilə də maraqlana bilərsiniz. Seçicilər bunu təsdiq edərlər. Çünki camaatla bizim aramızda ünsiyyət yaranıb. Bəzən elə məsələlər olur ki, icra hakimiyyətinin, bələdiyyənin səlahiyyətindədir. İnsanlar yenə də mənə müraciət edirlər. Barmağı yanan uşaq, anasına qaçan kimi ilk yardım olaraq, deputat ağıla gəlir. Belə də olmalıdlr.

- Onda, deməli, deputatlığın həzzi ilə bərabər əziyyəti də var. Elədirmi?

- Hər bir işin əziyyəti var. Xoş günü də, çətini də var. Bizim üstümüzə hər problemlə gəlirlər.

- Olubmu ki, seçicilərlə bağlı müraciətinizi hansısa dövlət qurumu, komitə cavablandırmasın?

- Bir gün cavab verilməyəndə, ikinci, üçüncü gün mütləq cavab verilib. Xüsusilə, “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmişə müraciətimizə müsbət cavab verib. Əvvəllər kommunal xidmətlər – işıq, qaz, su problemləri ilə bağlı çox şikayətlər eşidirdik. İndi bu problemlər ciddi dərəcədə azalıb.

Mənə Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinin rəhbəri müraciət etmişdi ki, xəstəxanın şirin su təchizatı ilə bağlı çatışmazlığı var. Əvvəl Səhiyyə Nazirliyi ilə əlaqə saxladım. Daha sonra isə “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynova məsələnin həlli üçün zəng etdim. Ona minnətdarlığımı bildirərm. Hətta dedim siz suyu çəkin, mən xərcini qarşılayım. Amma o, bu məsələni özü həll etdi.

108 nömrəli məktəbdə də su problemi var idi. Təhsil naziri Ceyhun müəllimlə danışdım, problemi həll edə bildik. Ceyhun Bayramova xüsusi təşəkkür edirəm ki, bütün müraciətlərimizə anında cavab verir.

- Seçicilər arasında ən maraqlısı Bakı kəndlərinin sakinləri hesab olunur. Hətta əvvəllər bu kəndlərdə kriminal hadisələr də çox idi. Siz namizədliyinizi buradan verəndə çətinlik çəkmədiniz?

- Bakı kəndləri mənə doğmadır. Burada nəsil-nəcabətə diqqət edirlər, insanlar bir-birinin əslini-kökünü tanıyır, ehtiram göstərirlər. Mənim də ailəmi, ata-babalarımı, soyumu tanıyırlar.

Son zamanlara qədər Nardaranda, Maştağanın özündə kriminal hadisələr yaşanıb. 5-10 ilə qədər xoşagəlməz hadisələr baş verirdi. Siz bilirsiniz ki, həmin kəndlərdə dinə daha çox etimad göstərirlər, inanırlar. Söhbət yox, hamımız Allaha inanırıq, yaddan çıxarmırıq. Amma bununla yanaşı, dindən sui-istifadə olmaz. Hüquqi dövlət anlayışında belədir. Birinci dövlətimizdir, sonra dinimizdir. Biz dua edəndə də deyirik ki, Allahu-tala dövlətimizi, dinimizi qorusun. Dini radikallar da olur Bakı kəndlərində. Beş-altı il əvvəl Nardaranda xoşagəlməz hallar yaşandı. Sonradan məlum oldu ki, həmin şəxslər haradansa gəlib. Düşünürəm, dövlət buradakı radikallığın qabağını vaxtında aldı və düzgün elədi. Eləməsəydi,  onlar qol-qanad açacaqdılar. Bu gün bizim qəsəbələrə baxın. İnkişaf göz qabağındadır. Maşallah! Nardaranın özündə də hər şey çox yaxşıdır. İnkişaf edir.

- Növbəti parlament seçkilərinə qatılmaq fikriniz varmı?

- Baxarıq. Seçkilərə hələ bir ildən çox vaxt var. Götür-qoy edərəm. Demirəm ki, bacarmaram. Bacarığım, üstəlik o zonada nüfuzumuz da kifayət qədərdir. Amma gözləyək, bir il də keçsin. Görüm bir il sonra səhhətim, sağlamlığım yerində olacaqmı?! Ona da baxmaq lazımdır.

Bir neçə gün sonra Qurban bayramıdır. Biz cənab Prezidentin adından qurbanlar kəsib paylayacağıq. Əvvəllər məscidlərdə qurbanlıq paylayırdıq. Sonra gördük ki, qarışıqlıq düşür. Ailələrə ev-ev paylamağa başladıq. Qabaqcadan siyahılar tuturuq. Bilgəhdəki, Maştağadakı, Zabratdakı, Nardarandakı ağsaqqallarla danışırıq. Yerdə qalanları məscidlərə paylayacağıq. Ən çox ehtiyacı olan ailələrə qurban əti verilir. 


- Son 2 ay müddətində 4 medal almısınız. Bu yaxınlarda “Cümhuriyyət medalı” ilə təltif olundunuz. Hər kəsin həyatında bir medal olur; əməyə görə medal, olimpiya medalı və sair. Ümumiyyətlə, sizin üçün medal nə deməkdir?


- Medal, hər adam üçün xoş nəticədir. Əməyə verilən qiymətdir. Dəyərdir. Çox bahalı deyil, bəlkə də onun qiyməti 50 manatdır, amma dəyəri çox böyükdür, ölçüyəgəlməzdir. Əzizdir. Mənim gözümdə dəyəri milyonlara bərabərdir. Yəni, yaxşı mənada dəyəri yoxdur, ölçüyəgəlməzdir. Çox sağ olsun, cənab Prezident mənə 2011-ci ildə orden də vermişdi. Ondan əvvəl də medallar almışdım. Son zamanlar aldığım medallar siyasi fəaliyyətimlə bağlıdır.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda toplantısı keçirilirdi. Həmin vaxt mənə medal vermək istəyirdilər. Mən həmin medalı İrəvanda qəbul etmədim. Etiraz etdim. İşğalçı erməninin əlindən medal almaq istəmədim. O, QDİƏT-in yaranmasının 25 illiyi ilə əlaqədar “Şöhrət” medalı idi. Mənim çıxışımdan sonra Türkiyə, Gürcüstan, Ukrayna rəhbərləri də imtina etdilər. Bu erməniləri şoka saldı. Çünki onlar təntənəli şəkildə medalı verməyi düşünürdülər. KİV nümayəndələri də dəvət olunmuşdu. 6 aydan bir sədrlik dəyişdiyinə görə, bu missisya bizə verildikdə, Milli Məclisin sədri Oqtay Əsədov bizə medalı çatdırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə başçısı tərəfindən bu sahədə əməyi olan şəxslər yubiley medalı ilə təltif edildi. Onların içərisində mən də var idim.

QDİƏT nümayəndə heyətinin fəaliyyəti Xarici İşçlər Nazirliyi ilə birbaşa əlaqədardır. Biz hər hansı tədbirlərə qatılanda nazirliyə məlumat veririk. Onlar da nə isə sənəd olan kimi bizə göndərirlər. Bir yerdə bu məsələləri işləyirik. Mən bununla əlaqədar Elmar Məmmədyarova təşəkkürümü bildirirəm. O da məni XİN-in 100 illiyi ilə bağlı “Diplomatiya medalı” ilə təltif etdi. Həmçinin, Milli Məclisin sədri Oqtay Əsədov mənə Parlamentin yaranmasının 100 illiyi ilə əlaqədar medalı verdi.

Bu cür əhəmiyyətli medallara layiq görüldüyüm üçün Prezidentə, Oqtay Əsədova və Elmar Məmmədyarova xüsusi təşəkkürümü çatdırıram.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...