Modern.az

Kişi ginekoloq: “Doğuş proseslərində iştirak etdikcə, bu sahə daha da maraqlı gəldi” - SÖHBƏT  

Kişi ginekoloq: “Doğuş proseslərində iştirak etdikcə, bu sahə daha da maraqlı gəldi” - SÖHBƏT  

Reportaj

19 Sentyabr 2019, 08:28

Rəşad Sultan: “Tibb Universitetində oxuduğum müddətdə ginekoloq olmaq ağlımdan belə keçməyib”


4-5 il öncəyə kimi Azərbaycanda ginekoloq qadın peşəsi sayılırdı. Bəlkə də bu, həm də mentalitetlə əlaqəli idi, belə ki, cəmiyyətimiz ginekoloqun yalnız qadınlar olmasına öyrəşmişdi. Amma  artıq bir çox xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da ginekoloq peşəsi qadınların “inhisarından” çıxıb. Son illər ölkəmizdə xeyli peşəkar kişi ginekoloq yetişib.
Bakıdakı kişi ginekoloqlara müraciət edən hamilə qadınların da sayı kifayət qədər çoxalıb və doğuşunu onlara etibar edən zərif cinsin nümayəndələri az deyil.

Elə Modern.az-ın budəfəki müsahibi də kişi ginekoloqdur.

Yeri gəlmişən, bundan sonra saytımızda “Peşəkarlar, sənətkarlar” rubrikası altında bu qəbildən olan həmsöhbətlərimizlə tanış olacaqsınız.

Beləliklə, ginekoloq  Rəşad Sultanla maraqlı söhbəti təqdim edirik.

 

Arayış:  Rəşad Sultan 1977-ci il 26 oktyabr Bakıda anadan olub. 1983-cü ildə  Səbail rayonunda orta məktəbə gedib, 1993-cü ildə ümumtəhsil müəssisəsini bitirib. Elə həmin ildə   Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub.  Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra bir il  “Azərsutikinti”  xəstəxanasında ümumi cərrahiyyə  ixtisası  üzrə internatura keçib.  2000-2002-ci illərdə hərbi xidmət keçib.
Hazırda ehtiyatda olan tibb xidməti baş leytinantıdır. 2003-cü ildə Türkiyədə tibb diplomumun təsdiqi imtahanı verib.  2004-cü ildə uzmanlıq imtahanı verərib, 2009-cu il də 5 illik ixtisaslaşmanı bitirərək, Azərbaycana qayıdıb. Artıq 10 ildir ki, mama-ginekoloq  ixtisası üzrə fəaliyyət göstərir. Hazırda “Caspian Hospital”da çalışır.


Fikirləşdim ki, tibb pul qazandıran sahədir…”

“O
rta məktəbdə keçdiyimiz bütün fənlərə qarşı marağım olub.  Humanitar, dəqiq fənlər fərqi yox idi. Lakin dəqiq fənləri daha yaxşı bildiyimə görə valideynlərimin məsləhəti ilə tibbə yönəldim.  Çünki tibb elə bir sahədir ki, burada həm elm, həm də sənət var. Biz ixtisas seçərkən yalnız marağımızı yox, praktik cəhətdən necə pul qazanacağımızı da nəzərə alırıq. Mən də fikirləşdim ki, tibb pul qazandıran sahədir qərara gəldim ki, bu istiqamətə yönəlim. 
Tibb Universitetində oxuduğum müddətdə ginekoloq olmaq ağlımdan keçməyib.   O vaxtkı düşüncəyə uyğun olaraq, tibbdə oxuyan bütün oğlanlar cərrahiyə və ya ona yaxın sahəni seçirdilər.  Elə bu düşüncə ilə də universiteti bitirərkən cərrahiyyə ixtisasını seçdim. Əsgərlikdən qayıdandan sonra işsiz idim. Dövlət təyinat verirdi, düzdür. Lakin o təyinatla da sadəcə poliklinikada işə düzələ bilərdik ki, orada da heç bir perspektiv yox idi, nə kariyera, nə də maddi baxımdan.  
Buna görə də heç bir dəstək olmadan üz tutdum Türkiyəyə. Türkiyədə imtahan verərkən bəlli bir siyahı verdilər. Siyahıda seçəcəyimiz ixtisaslar var idi. Açığı,  cərrahi ixtisas seçmək istəyirdim. Siyahıda da bu sahə ilə bağlı mənə uyğunu ginekologiya idi. Ginekologiyanı yazanda doğuş prosesində olmaq, bir qadını müayinə etmək heç ağlıma da gəlmədi. O vaxtkı ideologiyaya görə elə bilirdim ki, kişi ginekoloq ancaq əməliyyat edə bilər. Lakin ixtisasa başlayandan sonra gördüm ki, seçdiyim sahənin əsasını elə doğuş prosesi və hamiləlik patalogiyaları təşkil edir.  İstənilən işdə belədir ki, zaman-zaman işin  dərinliklərinə getdikcə, sevməyə başlayırsan. Mən də doğuş prosesində iştirak etdikcə, bu sahə daha da maraqlı gəldi”.   


“Dünyaya ikinci dəfə gəlsəm mama-ginekoloq olmazdım”

 

“Bu  ixtisasda tibbin heç bir sahəsində olmayan bir həyəcan, stress və gözlənilməz olaylar var. Çünki ixtisasımı hər nə qədər sevsəm də, stressi böyükdür.  Gözlənilməz hallar insanı yorur. Həkim futbolda qapıçı kimidir. Qapını 10 dəfə zərbədən qoru, sənə heç kim təşəkkür etmir, lakin qapıya buraxdığın bir qolla səni xatırlayırlar. Eləc də həkim, 10 həyatı qurtar, heç kim dönüb “sağ ol” deməyəcək, “borcudur” deyib keçəcək. Lakin vay o gündən ki. Sənin səhvin olmadan xəstənin halı ağırlaşsın, bax onda bu, hamının yadında qalacaq”.

 
İxtisas seçməzdən qabaq tanıdığım bütün qadınlardan soruşurdum ki, ginekoloq olsam, yanıma gələcəksiniz?”

“Məni bu sahəyə bacım yönəltdi. O deyirdi ki, mentalitet zamanla dəyişəcək, insanlar kişi ginekoloqa daha pis baxmayacaq. Anam da eyni məsləhəti verib deyirdi ki, vaxt gələcək qadınlar daha çox kişi ginekoloqa üstünlük verəcək.  Ətrafımdakı qadınların çoxu seçimi normal qarşıladı, müsbət cavab verməyənlər də, bitərəf qalanlar da var idi. 
Türkiyədə ixtisasa yiyələnərkən gördüm ki, ginekoloqların 50 faizi kişidirsə, 50 faizi də qadındır. Qadınlar da çox rahatlıqla kişi ginekoloqa müraciət edirdilər.   Elə qadınlar var ki, deyir ki, “ölsəm belə, kişi ginekoloqa müraciət etmərəm”.    Buna görə də qadın ginekoloqa müraciət edən xanımlar kişilərə müraciət edənlərdən daha çoxdur. Bəzi pasiyentlərim olur ki, müayinədə utanırlar.  Belə olan halda da qadın kolleqlardan xahiş edirik ki, müayinəni onlar həyata keçirsinlər”.



“Məni indi də qınayanlar var ki, ginekoloq qadın işidir”

“Hətta həkim yoldaşlarımdan belə ginekoloq olmağımı normal qarşılamayanlar olub.  Məsələn, ilk dəfə ginekoloq ixtisasını oxuyacağımı deyəndə həkimlərdən biri təəssüflə bildirmişdi ki, “aa, niyə ora düşdün?”.  Daha bilmirdi ki, təsadüf nəticəsində yox, könüllü şəkildə bu ixtisasa yiyələnirəm. Gülənlər, heyrətlənənlər də az deyil. Bir neçə gün əvvəl  bir məclisdə də yenə dedilər ki, “ginekoloq kişi işi deyil”.  Lakin bu fikirlər yox, dar düşüncələr məni üzür”.

 

“Bir xanım üçün ginekoloq olmaq çətindir, nəinki kişi üçün”

 

“Feminizmə meyilli biri kimi fərq qoymaq istəməzdim ki, kişi ginekololar qadınlardan daha yaxşıdır. Düzdür, qadınlar fiziologiyada, hormonlardan dolayı   xəstəyə daha emosional  ola bilirlər. Lakin  bir insan öz ixtisasını tam bilirsə, burada qadın və ya kişi yaxşıdır deyə, ayrı-seçkilik etmək düzgün olmaz.   İngilislərin belə bir ifadəsi var: “Mamalıq qanlı peşədir”.  Yəni gecənin ortasında bir hamilə qadının sancısı tuta bilər. Belə olan halda qadın həkim öz yatağından qalxıb  xəstəxanaya getmək məcburiyyətindiə qalır. İşin bu trəfinə gələndə hə, qadına bu baxımdan çox çətindir. Çünki yuxusuzluq, evdə uşaqların məsuliyyəti birbaşa olaraq xanımlarda problem yarada bilir”.


“Qeysəriyyə əməliyyatının mənfi təsirləri uzun zaman qalır”

“Düzdür  qeysəriyyə bir xanımın doğuşu üçün çox rahat üsul ola bilər, uşağı itirmək riski minimaldır. Lakin ana üçün doğuşdan bir müddət sonra ağırlaşmalar çox olur. Bu cür doğuş prosesindən sonra ana uzun müddət xəstəxanada qalır, qızdırma, uşaqlığın iltihabı, qarındaxili bitişmə kimi problemlər yaşayır.  
Sonrakı doğuş prosesləri də qeysəriyyə ilə olacağına görə, cərrahi  müdaxilə nəticəsində qadının həyati riski çox olur.  Buna görə də demək olar ki, bütün inkişaf etmiş ölkələrdə normal doğuş təbliğ olunur.  
Onu da  qeyd edim ki, əgər göstərişli şəkildə, yəni həkim deyirsə ki, uşaq dünyaya qeysəriyyə əməliyyatı ilə gələcək, bu halda təbii doğuş olmaz. Çünki qadın israr edərək, təbii doğuş həyata keçirsə, həm uşaq, həm də özü üçün həyati risk böyük olar.  Lakin psixoloji məqamlardan dolayı, məcburiyyət olmasa,  təbii doğuşdan qeysəriyyəyə qaçmaq olmaz. Bəzən həkimi xəstənin yaxınları tələsdirir, tez-tez sual verirlər ki, “uşaq niyə olmur?”. Belə olan halda həkim də yorulur, qeysəriyyə edir ki,  bu cür suallardan canını qurtarsın”.

 

“Abort etdirənlərin çoxu iki-üç uşaqlı qadınlar olur”

“Sevindirici haldır ki, hələ ki mənə 18 yaşdan aşağı abortla bağlı müraciət olmayıb. Nikahdankənar hamilə qalıb abort etdirənlər də az deyil. Hamiləlik fizoloji bir hal olsa da, qadın sağlamlığı üçün riskli bir vəziyyətdir. Hamliləlik varsa, o bir şəkildə sonlanmalıdır. Ya düşük olacaq, ya abort, ya da süni və təbii doğuş.  Bunların da arasında ən az təhlükəli olanı abortdur.  Ona görə də inkişaf etmiş ölkələrin əksəriyyətində aborta icazə verilir.  Tibb elmi üçün ən ideal olanı qadın əgər uşaq istəmirsə, əvvəlcədən tədbir görməsidir. Yəni mexaniki prezervativ yol, spiral və  ya tabletlərdən istifadə. Çünki abort əsnasında uşaqlığın deşilməsi, qanaxma, infeksiya və s. kimi problemlər yaşanır. Qorunma metodlarından uyğun olan seçimi isə xanım həkim ilə müyyənlişdirsə, daha yaxşı olar”.


“Hamilə qadınlar şirniyyata meyilli olurlar, lakin olmaz, ziyandır”


“Hamiləlik müddətində qan şəkəri, qan təzyiqi normadan aşağı olur.  Belə olan halda da böyüklər qadına məsləhət görür ki, şərbət içsinlər, konfet-şokolad yesinlər.  Düzdür, hamımız  bilirik ki, şəkər düşəndə şirniyyatdan istifadə etmək  lazımdır.  Lakin şəkərdən həddindən artıq istifadə edəndə insulin ifraz olunur və şəkər əvvəlkindən də aşağı düşür.  Belə olan halda döl də, ana da artıq çəki alır.  Bir nömrəli qida sudur. Hamilə qadınlar  yaxşı olardı ki, gün ərzində 3 litr su içsinlər. Tez-tez, lakin az-az yemək lazımdır. Yəni  hamilə qadın gündə 3 dəfə yox, 5-6 dəfə yeməlidir. Tərəvəzi çox yemək lazımdır ki, mədədə daimi olaraq qida olsun, doyumluluq hissi yaransın.  Eyni zamanda, meyvə-tərəvəz mədə-bağırsağa da xeyirdir. Tez-tez rastlaşıram ki, hamilə qadınlar qəbizlikdən şikayətlənirlər.   Qəbizliyin də çarəsi meyvə və tərəvəzdir. Şirniyyat və un məhsullarından uzaq durmaq lazımdır. Ət, toyuq, xüsusilə də  balıq yemək faydalıdır”.

 


Xanımımın doğuş prosesini başqa kişi həmkarıma etibar edərəm”


“İkinci dərəcəli yaxınlarımın doğuş prosesində olmuşam. Düzdür, digər xəstələrə nisbətdə doğum öncəsi onlardan daha çox həyəcan keçirsəm də, hər şey əməliyyat zamanı avtomatik proses kimi davam edib. Xanımımın doğuş prosesini isə özüm həyata keçirmək istənmərəm. Çünki belə hesab edirəm ki, bu estetik cəhətdən düzgün deyil. Bu mövzuda başqa kişi ginekoloq həmkarıma güvənərəm.   Qaydalara görə, ataların qadınla bərabər doğuşa girməyinə icazə var. Lakin deyim ki, mən atalar prosesdə olarkən rahat olmuram. Çünki onlar otaqda olarkən həkim daha stresli olur”.


“Bəziləri belə düşünür ki, qadınlar kişi ginekoloqa ərlərinə görə müraciət etmirlər”


“Bəzən  elə düşünürlər ki, kişi ginekoloqa ona görə müraciət azdır ki, xanımın həyat yoldaşı qısqanır.  Lakin müşahidə edirəm ki, ər öz yoldaşına deyir ki,  “nədən utanırsan, həkimdir, rahat ol”. Lakin qadın özü özlüyündə utanır. Yəni ailədən hər hansı basqını  hiss etmirəm, sadəcə, qadınlar özləri kişi ginekoloqdan çəkinir”.


“Hər qadın bir gün mütləq ana olacaq”


“Yaxşı olardı ki, xanımlar həkimin qoyduğu proqnozdan  panikaya düşməsinlər. Min dərd varsa, min bir dərman var. Sonsuzluq  deyə bir  termin artıq köhnəlib. Bu günün qaydalarına görə, istənilən qadın ana ola bilər.  Sadəcə, xanım buna həqiqətən inanmalıdır. İlk növbədə qadın bioloji varlıqdır. Sosial həyatda aktiv olmalı, ömrünü yalnız çoxalmağa həsr etməməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...