Modern.az

Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı

Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı

22 Sentyabr 2019, 12:05

Yurdum bizdən uzaq düşüb,
Biz ellərə çatammırıq.
İçimizə sazaq düşüb,
Gecələri yatammırıq.

Qan ağlayır içim, çölüm,
Ahım qalxıb şahə mənim.
Bağrım yanır göyüm-göyüm,
Haqq kəsilib mənə qənim.

Qarabağ sızıltılı, yurd dərdli istedadlı şair-publisist Qələndər Xaçınçaylının yeni kitabı bu günlərdə işıq üzü görüb. “Dəyişmirik” adlı şeirlər kitabına şairin son dövrlər qələmə aldığı şeirləri və eyniadlı bir poeması daxil edilib. “Təknur” mətbəəsində çap olunan,  156 səhifədən ibarət  kitabın ön sözü –redaktorluğu  şair-publisist Əli Rza Xələfliyə məxsusdu.

Tanımayanlar üçün bildirək ki, Qarabağın gözəl guşələrinin birində -Ağdamda doğulub boya-başa çatan Qələndər Xaçınçaylı  Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair - yazıçı, publisistdir... 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub.

Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır.  İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" - publisistika (2008), "Şərəfli ömür" - (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunub. İlk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti çap olunub. Onun kitablarının adlarından da göründüyü kimi, Qələndər Xaçınçaylı bütün yaradıcılığını  Qarabağ müstəvisində,  vətənpərvərlik və mübarizlik çevrəsində toplayır,

Doğrusu, şairin  bu  görüşünün də mövzusunda Qarabağ olması biz oxucuları təəcübləndirmədi. O, bu dəfə də,  qəlb çırpıntısı ilə, sadə, poetik dillə xalqına məhəbbətini pıçıldayır, düşmənə nifrətini hayqırır,  eyni zamanda Qarabağlı günlərin xoş ətrini, acı həsrətini hər gün, hər an yaşadığını hər misrasında önə çəkir:

Ağdam kimi yuvam talan,
Kolanı tək obam qaldı.
Deyilən vəd tamam yalan,
Susub ağzım, dilim laldı.

 Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada düşür: "Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir".

 Bəli, dahilərin sözlərini Q. Xaçınçaylının simasında təsdiq edə bilərik. Qəlbinin qanı ilə yazıb misralarını...“Dəyişmirik” i vərəqlədikcə bəzən  ümidsizliyə qapılan, bəzən döyüş ruhuna hakim olan, bəzən isə üsyan edən şairin ağrı-acısı yurd itirən hər kəsi öz təsir dairəsinə salır. Ötənlərə dönürsən, keçmişini , qayğısız günlərini xatırlayırsan,  nə vaxtsa,  ürəkdən güldüyünün  fərqində olursan və təsirdən çıxan kimi bu günün reallığı ilə üz-üzə qalırsan.  Vətən həsrətinin verdiyi yetimlik, yurd acısının könüllərimizdə açdığı dərin yaralar, üzümüzə həkk olunmuş kədər cizgiləri, solğun simalardan cəkilib getmiş gülüşün yerini dolduran ümidsiz məchulluq...Yenə də bir üsyan qalxır dilindən, gözlərindən:

Səni Allah cildində gördüm...

Sənə baş əydim,

Sənə təslim oldum.

Amma sən Allah ola bilmədin...

Yedin haqqımı,

Əlimdən aldın azadlığımı...

Qəribədir,  Qələndərin şeirlərində poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarına vara bilmək bacarığı oxucunu bir də özünə yönləndirir. “Durumun belə olmasında mənim də günahım varmı?”-deyə düşünən oxucu  sanki özü-özünə hesabat hazırlayır: 

Nə günə qalmısan, a qoca dünya,
Zalım qəh-qəh çəkir, məzlum göz yaşı...
Sən dəvər, silkələn, yerindən oyna…
Atılır başıma min nadan daşı.

Aynada hər iki üzünə bir bax,
İblislər çoxalıb, şeytan daş atır.
Hanı mərhəmətli dediyin Allah?!
Ədalət torpağın altında yatır.

 “Dəyişmirik” poeması isə şairin bu günku günümüzlə səsləşən, həyata, insanlara, mübarizəyə, gələcəyə, ideyalara hərtərəfli baxışlarından , bəşəriyyətin təhlükəli taleyinə niğarancılıqdan doğub, yaranıb.

Kitabın “Ön söz” ündə müəllifin yaradıcıllığından söz açan Əli Rza Xələfli də bildirir ki, şairin yaradıcılığında və həm də poeziyasında əsas ünsiyyət səmimiyyətdə görünən dildir:” Mövzu, məna, mahiyyət səmimiyyətə güvənəndə oxucunun mənəvi mühitinə daha əsaslı təsir göstərir ”.

 Bir dəfə millət vəkili, tanınmış yazıçı-publisist Aqil Abbas tədbirlərin birində Qarabağ mövzusunda yazan şairlərdən söhbət açarkən  demişdi:"Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti ilə yanan poeziyası var. Onun "Qarabağın ağlar gözü", "Qarabağa gedən yollar", "Dünya mənim söz qalamdır", "Dərd ürəyimdə mamır bağlayıb" kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir”.

İnanırıq ki, Qələndər Xacıncaylının bu kitabı da geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanacaq. Məncə, oxumağa dəyər!


 Əntiqə Rəşid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir