Modern.az

Bakıda Səudiyyə Ərəbistanı Krallığının milli bayramı qeyd olundu

Bakıda Səudiyyə Ərəbistanı Krallığının milli bayramı qeyd olundu

Aktual

23 Sentyabr 2019, 21:34

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

 

Modern.az xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin Bakıdakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr açılış nitqi ilə çıxış edərək bildirib ki, ölkəsi Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcək.

 

" 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib. Bu il milli bayram "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunub".

 

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir.

"Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın gücləndirilməsində qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayan səfir Azərbaycanın Baş Naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin Ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb. O qeyd edib ki, bu səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb".

 

Daha sonra çıxış edən Azərbaycanın Maliyyə naziri Samir Şərifov Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına  təbriklərini çatdırıb.

 

Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır.

"Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. İndiyədək Azərbaycan ilə Krallıq arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzrə danışıqlar gedir" .

 

S.Şərifov qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.


“Səudiyyə Ərəbistanı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu prinsipial mövqeyini yüksək qiymətləndirir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər