Modern.az

Ekspert: “Piyada keçidlərinə divar boyası çəkirlər, pullar isə cibə gedir”

Ekspert: “Piyada keçidlərinə divar boyası çəkirlər, pullar isə cibə gedir”

Aktual

27 Sentyabr 2019, 15:02

Piyada keçidi deyərkən hər kəsin ağlına yolun digər tərəfinə təhlükəsiz şəkildə adlamaq gəlir. Ancaq hamı keçidlərdən istifadə edirmi? Müşahidələrdən aydın olur ki, icazəsiz yerlərdən keçənlər az deyil.

 

“Niyə keçiddən istifadə etməyib həyatınızı təhlükəyə atırsınız” sualını verəndə demək olar ki, eyni cavabları eşidirik: piyada keçidi çox uzaqadadır; ora qədər getmək vaxt itkisidir; daha yaxın yerdə salsınlar; keçidlərdə eskalator işləmir; ayaqla çıxmaq olmur və s.

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a piyada keçirdləri ilə bağlı vəziyyətdən danışıb:


“Əvvəlki illərlə müqayisədə piyada keçidləri ilə bağlı vəziyyət bir az yaxşılaşıb. Əvvəllər az yerlərdə yeraltı və yürüstü piyada keçidlərinə rast gəlirdiksə, indi bunlar çoxalıb. Sadəcə bəzi piyada keçidləri uyğun yerlərdə tikilmir. Bəzi yerüstü keçidlərə (zebralar) boya çəkilsə də, üç aydan sonra yoxa çıxır. İnsanlarda da tənbəlləşmə müşahidə olunur. Əziyyət çəkib, bir az qabağa getməyin dərdindən  ən təhlükəli magistral yollarından belə keçirlər. Həm öz həyatlarını təhlükəyə atırlar, həm də sürücüyə problem yaradırlar. Nəticədə də yüksək sürətlə gələn sürücü idarəetməni tənzimləyə bilmir və piyadanı vurur. Belə  olan hallarda isə piyada ölümü halları artır, sürücü  isə həbsə düşür. Ortada 2 ailəyə ziyan dəyir, biri əzizini itirir, digəri isə sərbəst yaşamaq azadlığından məhrum olur.
Məsələn, baxırsan ki, 4 zavod yan-yanadır. Onlardan da yalnız birinin qarşısında piyada keçidi var. O biri zavodun işçiləri gəlib ordan keçmirlər ki, biz tərəfdə də olmalıdır. Daha fikirləşmirlər ki, qanunda bu yoxdur ki, hər 50 metrdən bir piyada keçidləri nəzərdə tutulsun. Qanuna görə, yaşayış məntəqələrində 150-300 metr məsafədə piyada keçidləri qoyulmalıdır. Yaşayış yerlərindən kənarda, yüksək sürətli magistral yollarda 400-700 metrdən bir piyada keçidləri ola bilər.  Ancaq düşünmürəm ki, belə təhlükəli yerlərdə bu məsafəni qət etmək çətin olsun. Çünki ömürlük şikəst olmaqdan, ölməkdənsə, insanlarda bir az məsuliyyət hissi olsa, daha yaxşı olar”.


Müsahibimiz bu məsələdə adiyyatı qurumları da qınayıb:

“Keçidlərdəki ekskalatorların əksəriyyəti işlək vəziyyətdə deyil. Vətəndaşlar da haqlı olaraq şikayət edirlər ki, yağış yağanda  eksalatorlar işləmir, gəlib düzəldən olmur. Adiyyatı qurumlar aldığı ekskalatorun texniki vəziyyətinə də ciddi nəzarət etmir. Nəticədə də belə bir vəziyyət yaranır, tez sıradan çıxır. Bəzi ölkələr müxtəlif variantlardan istifadə edirlər. Yerüstü keçidlərdə reklamlar, yaxud da məhsullar satışa çıxarılır. Nəticədə oradan əldə olnunan pul kimlərinsə ciblərinə yox, birbaşa  bu kimi problemlərin həllinə sədrf edilir. Dünyada bu cür metodlar var, nəticədə, keçidlər qorunur,  hər gün də təmizliyinə nəzarət olur. Bizdə isə bu adət-ənənə tərsinə işləyir. Adətimizdir ki, pulu cibə qoyaq, istədiyimiz yerə xərcləyək. Bəlkə də o puldan yalnız 2-3 faizi bu işə xərclənir, qalanı  isə cibə gedir. Dövlət tərəfindən vəsait ayrılsa da, normal şəkildə əməl edən yoxdur. Kimisi oğluna bahalı maşın alır, kimisi qızına cehiz, bunu da ictimailəşdirəndə aqibətləri bəlli olur”.


Elməddin Muradlı məktəblərin olduğu ərazilərdə keçidləri zəruri sayır:


“Bəzi sürücülər o qədər azğınlaşıblar ki, şagirdlərin həyatı belə düşünmürlər. Sürücü uzaq məsafədən görməlidir ki, qabaqda keçid var. Onlarla şagird belə məsuliyyətsizliyin qurbanı olub, şikəst vəziyyətə düşüb. Birində keçid yoxdur, birində nişan olmur. Hər ikisini eyni anda görmək mümkün deyil. Yerüstü keçidlər lap biabırçı vəziyyətdədir. Bir dərs ilində 3 dəfə yerüstü keçidi rəngləyirlər. Ölkə var ki, elə keyfiyyətli boya ilə rəngləyir ki, aradan 10 il də keçsə, rəngi əvvəlki vəziyyətində qalır. Ancaq  bizdə kitaba yazanda keyfiyyətli boya kimi sənədləşdirilir, əslində isə yerə adi divar boyası çəkilir. Valideyn olaraq hər birimiz uşağa tapşırırıq ki, keçiddən keç. Uşaq da çıxır, keçidi tapa bilmir. Bu cür məsələlər bizi çox yorur. Nə qədər eyni şeylərdən gileylənmək  olar. Olmaz ki, bizim ölkədə də hər şey qaydasında işləsin?
Dövlətin ayırdığı vəsaiti yeməsək, 50 faizini həmin işə sərf etsək, möcüzənin şahidi olarıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır