Modern.az

Bir zamanların ən məşhur ixtisasına maraq azalıb - ARAŞDIRMA

Bir zamanların ən məşhur ixtisasına maraq azalıb - ARAŞDIRMA

2 Oktyabr 2019, 10:55

 

İllər əvvəl orta statistik azərbaycanlı qızının həkim və ya müəllim, oğlunun prokuror və ya polis olmasını arzulayırdı. Necə deyərlər, qeyd edilən peşələr bir növ brend ixtisaslar sayılırdı. Əksəriyyət də “filankəsin qızı həkimlikdə oxuyur”, “filankəsin oğlu hüquqda oxuyur” təqdimatından “şahə qalxırdı”.

Bəs indi, maliyyə-biznes sahələrinin, neft-qaz sektorunun daha çox inkişaf etdiyi bir dövrdə abituriyentlərin ixtisas seçimi zamanı ilk yerdə yazdığı fakültələr hansılardır?

 

Modern.az bu sual ətrafında 2011-2018-ci tədris illəri üzrə abituriyentlər tərəfindən üstünlük verilən ixtisaslarla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib. Statistika göstərir ki, illər əvvəl azərbaycanlılarda baş qaldıran həkimlik sevdası hələ də öz mövqeyini qoruyub saxlamağı bacarıb.

Belə ki, 2011-2012-ci tədris ilində bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Tərcümə (rus dili-ingilis)” ixtisasına daha çox üstünlük veriblər.

2012-2013-cü tədris ilində Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində abituriyentlərin seçimi əvvəlki ildəki kimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)" ixtisasına daha çox üstünlük veriblər.

2013-2014-cü tədris ilində yenə də Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. Bütün ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub.

2014-2015-ci tədris ilində Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına üstünlük veriblər. Lakin onu da qeyd edək ki, bu ixtisas Azərbaycan bölməsində ərizədə birinci yerdə göstərilməsinə görə (234 nəfər birinci yerdə göstərib) ikinci yerdədir.

2015-2016-cı tədris ilində abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük veriblər. I ixtisas qrupundan başqa, digər

ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” ixtisasına üstünlük veriblər.

2016-2017-ci tədris ilində məlum olub ki, abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük vermişlər. I və II ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Kompüter elmləri”, II ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasına üstünlük veriblər.

 

2017-2018-ci tədris ilində isə abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşqçi (idman növləri üzrə)” ixtisaslarına üstünlük veriblər. I və II ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. Belə ki, I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, II ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına üstünlük veriblər.

 

Bununla belə, qeyd etmək lazımdır ki, bütün illər üzrə oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrup üzrə DİM-in müəyyənləşdirdiyi minimal tələbləri ödəyərək müsabiqədə iştirak edən abituriyentlərin sayı bir-birinə yaxındır və hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri, əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar.

Təhlillər göstərir ki, orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir.

Azərbaycan bölməsində qız abituriyentlər, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) daha az maraq göstərirlər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır.

IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarını təxminən 2 dəfə üstələyir.

2015-ci ildə xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının IV qrupdan V qrupa keçirilməsinin nəticəsi olaraq, orta statistik oğlan abituriyentin xüsusi qabiliyyət ixtisaslarından ibarət V ixtisas qrupuna istəyi orta statistik qız abituriyentə nisbətən daha yüksəkdir.

Araşdırmamızdan belə nəticəyə gəlmək olar ki, bir zamanların ən məşhur ixtisaslarından biri olan "Hüquqşünaslıq"a maraq azalıb, "Müalicə işi"nə maraq isə daha da artmaqdadır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir