Tahir Kərimov
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi
2019-cu il sentyabrın ikinci dekadası Qahirədə və Misirin digər şəhərlərində hökumətə qarşı kütləvi aksiyalarla səciyyələndi. Aksiyalar xaricdən, bu zamanadək tanınmayan 43 yaşlı Məhəmməd Əlinin video çağırışlarından başladı. Ənənəvi olaraq, Misirdə əsas siyasi mübarizə islamçılarla dünyəvi baxışlılar arsında olmuşdur. Məhəmməd Əli nə islamçı, nə də dünyəvi baxışlı mövqeyindən çıxış edir. Məhəmməd Əli sırf iqtisadi problemləri gündəmə gətirməklə tanındı. O, deyir: “İstər islamçı olaq, istər liberal, bundan(Sisidən) yaxa qurtarmalıyıq.” Onun siyasi fəaliyyətinə aid yalnız bir məqam məlumdur. 2012-ci ildə Məhəmməd Mursiyə qarşı etiraz mitinqlərində iştirak edib. Həyatı haqqında geniş məlumat yoxdur. Universitetdə təhsil alıb, daha sonra pul qazanmaq istəyi təhsilə üstün gəlib və universiteti yarımçıq tərk edərək şirkət çalışdırıb. Şirkəti Misir Müdafiə Nazirliyinin bir sıra sifarişləri üzrə tikinti işlərini həyata keçirib. Güləşlə məşğul olub. Filmlərdə ikinci dərəcəli rollara çəkilib. Özü də həvəskar səviyyədə film çəkib. Çəkdiyi film 2019-cu ildə Lüksemburqda keçirilən “Sülh Naminə İncəsənət” festivalında Lüksemburq Sülh Mükafatına layiq görülmüşdü. Film iqtisadi sıxıntılardan təngə gəlmiş misirlilərin qayıqlarla Aralıq dənizini keçib Avropaya üz tutması barədədir. Məhəmməd Əlinin heç bir siyasi cərəyana, siyasi partiyaya mənsub olmaması, sistemin içərisində olaraq, oradakı haqsızlıqlara qarşı çıxması ona qarşı Misir cəmiyyətində müəyyən maraq oyatdı.
Hal hazırda Məhəmməd Əli Barselonada mühacir həyatı yaşayır. Məhəmməd Əli Sisi və onun yaxın ətrafının bahalı villalar tikdirdiklərini bildirir. Sisi onun dediklərinin heç birini təkzib etmir. “Bəli biz tikirik, amma mən bunu Misir üçün edirəm.”-o, deyir.
Məhəmməd Əli düşünülmüş plan üzrə hərəkət edir. Onun sentyabrın 20-nə ilk mitinq çağırışı Misirin derbisi hesab olunan Zamalek-Əl Əhli futbol matçından sonraya təsadüf etməli idi. Qahirənin nəqliyyat sistemi oyundan sonra azarkeş ordusunu yalnız qismən daşıya bilir. Beləliklə, metro stansiyasına daxil ola bilməyən azarkeşlər də nümayişçi fonu yaratdılar. Nümayiş zamanı 350-dən artıq adam həbs edilmişdi. Həbs olunanlar içərisində Misirin tanınmış fəalı və İnsan Haqqları üzrə hüquqşünas Mənhinur Əl Məsri (Manhienour El-Masry) də var. BBC və CNN tələsik “müxalifətin 6 il edə bilmədiyini 3 günə bacaran podratçı”, “aktyor Sisi hakimiyyətini laxladır” kimi xəbərlərlə efiri doldurdular.
Lakin, Misir cəmiyyətində Məhəmməd Əliyə maraq nə qədər yüksək olsa da, Tahrir meydanına sonrakı nümayişlərə ilk günlər qədər adam toplanmır. Mübarəkdən sonra fəal xarici müdaxilə ilə müşayiət olunan iki inqilabi hakimiyyət dəyişikliyi yaşamış misirlilər anlayırlar ki, təcrübəsi olmayan subpotratçının xaricdən çağırışları kütləvi aksiyalar üçün yetərli deyil. Sonrakı günlər Sisi tərəfdarlarının daha izdihamlı nümayişləri bunu təsdiq etdi.
Sisi patriotik lozunqlarla danışır, o, həyatını Misirin gələcəyinə həsr etdiyini deyir. Mubarək dönəminin harınlamış son illərini və Mursinin səriştəsiz idarəçilik dövrünü görmüş misirlilərin böyük qismi Sisiyə üstünlük verir. Sisi kənd əhalisi, ordu personalı, jurnalistlər, tanınmış adamlar arasında çox populyardır.
General Abdel Fəttah Əl Sisi, 2013-cü il iyulun 3-də Misirin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursini hərbi çevriliş vasitəsilə devirmişdir. Mursinin ölkə idarəçiliyindəki səriştəsizliyi artıq onun əvəz olunmasını zəruri etmişdi. Hərbi çevriliş zamanı 1000-dən artıq adam qırılsa da, misirlilər Sisini bir xilaskar kimi gördülər. 2014-cü ildə Sisi 97% səslə prezident seçildi. Qərbin tam dəstəyini alan Sisi Konstitusiyanın 140-cı Maddəsində prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılmasını təklif etdi. 596 deputatın 485-i Konstitusiyaya dəyişiklikləri dəstəklədilər. Beləliklə, prezidentlik müddəti 4 ildən 6 ilədək uzadıldı və prezidentə iki dəfədən artıq müddətə seçilmək haqqı tanındı. Bu isə Sisinin 2034-cü ilədək prezident qalmasına yol açır.
Misirdə xarici müdaxilə nəticəsində hakimiyyət dəyişikliyi ehtimalı da çox azdır. Misir Amerikadan ən çox hərbi yardım alan ikinci ölkədir(ildə 1.2 milyard dollar). Tramp Sisi ilə 7 dəfə, yəni heç bir digər ölkə rəhbəri ilə görüşmədiyi qədər görüşmüşdür. Hər görüş zamanı da onu “dostum” adlandırıb, “Misirdə fantastik işlər gördüyünə görə” tərifləmişdir. Sisi iki dəfə Ağ Evə dəvət almışdır. Prezidentlər təkcə 2019-cu ildə üç dəfə görüşmüşlər. Bu görüşlərdən əlavə, Melanya Tramp 6 oktyabr 2018-ci ildə Misiri ABŞ birinci xanımı qismində ziyarət etmişdir. Səfər zamanı o, Sisinin xanımı Entessar Amer və özü ilə görüşmüşdür. Yaxın Şərq Siyasəti üzrə Tahrir İnsitutundan(Tahrir İnstitue for Middle East Policy), araşdırmaçı Timoti Kaldas bildirir ki, “Melaniyanın səfəri Trampın Sisiyə dəstəyinin təzahürüdür.”
İndiki şəraitdə Avropa ölkələri Afrikanın əhali sayına görə üçüncü ölkəsində qarışıqlığın yaranmasını, böyük qaçqın axınının Avropaya üz tutmasını istəmirlər. Hadisələrin gözlənilməz ssenari ilə inkişaf etməsi, qarışıqlıq yaranması, vəziyyətdən nəzərdə tutulmayan qüvvələrin(xüsusilə islamçıların) istifadə edərək demokratik yolla belə olsa, hakimiyyətə gəlməsi Amerikanın da Misir və Yaxın Şərq üzrə planlarına daxil deyil.