Modern.az

Tərs...mülayim adam... - Tələbəsi ilə evlənən Ayaz Salayev - FOTOLAR

Tərs...mülayim adam... - Tələbəsi ilə evlənən Ayaz Salayev - FOTOLAR

Mədəni̇yyət

13 Oktyabr 2019, 09:50

Modern.az saytı tanınmış kinoşünas haqqında illər əvvəl yazılmış və elektron mediada dərc olunmamış yazını təqdim edir.

Kinoşünas, rejissor Ayaz Salayevin evindəyəm. Səfər üstə olduğundan  yaxınları-anası, qayınanası da  onlara qonaq gəlib. Söhbət üçün əla fürsətdi! 


...Amma analarını - Nərmin xanımı “əllərindən almağım” qızcığazlara yaman zülm elədi. Ən çox da balaca Kamiləyə. Söhbətin axırına kimi ağlayıb-sızladı...


İlk sualısa 2 yaşlı Saraya verdim (Yazı 2002-ci ildə hazırlanıb, o zaman Ayaz Salayevin qızları balacaydı-red):


- Atanı kim lap çox istəyir: sən, yoxsa Kamilə?

Cavab əvəzinə başını aşağı salıb gülümsədi...


- Maraqlıdı,  Nərmin xanımçün Ayaz müəllim necə adamdı?

- O elə göründüyü kimidi.


- Sizcə, o, necə görünür?


- Çox mülayim, sadə. Hərdən mənə elə gəlir ki, yumşaqlığı həddən artıqdı. Ailəcanlıdı. Kişilərdə bir xüsusiyyət var: ya ancaq sənəti sevirlər, ya da ailəni. Amma Ayaz müəllim hər iki tərəfə bölünməyi bacarır.


- Sənətkarın uğur qazanmasında onun ailəsi də böyük rol oynayır. Onun uğurlarında sizin əməyiniz var?

- Bunu Ayaz müəllim bilər. Amma yox, biz tanış olanda artıq onun sənətdə kifayət qədər uğurları vardı.


- Səhv eləmirəmsə, siz onun tələbəsi olmusuz?


- Nədənsə hamı belə bilir. Mən Mədəniyyət və İncəsənət Universitetinin ədəbi iş fakültəsini bitirmişəm. O isə kinoşünaslıqda dərs deyirdi. Birinci dəfəydi ki,  dərsə gedirdim. Hansısa müəllimimiz işə çıxmamışdı. Ayaz müəllim onun əvəzinə bizə mühazirə oxudu. Çox xoşuma gəldi. O gündən sonra hərdən icazə alıb mühazirələrində otururdum. Ayaz müəllim tələbələri ilə çox səmimi münasibət saxlayırdı. Həmişə onları harasa tədbirə, konsertə dəvət eləyirdi. Qrupla yaxın olduğumdan,  mən də onlarla gedirdim. Bir dəfə Ayaz müəllim mənə yaxınlaşdı, Kirxaya-konsertə dəvət elədi. Elə bildim ki, bütün tələbələri dəvət eləyib. Sonra telefonumu aldı, dedi, axşam sizə zəng eləyəcəm. Təəccübləndim. Amma bir söz demədim. Lap sonra anladım ki, o, məni görüşə çağırırmış. Konsertdən çıxanda mənə bulvarda gəzişməyi təklif elədi, razılaşdım. Sevgisini də, mənimlə ailə qurmaq istəyini də elə orda dedi.


- Necə qarşıladız bunu?

- Mənimçün çox gözlənilməz oldu. Təsəvvür eləyin də, müəllim kimi yanaşdığınız adamdan birdən-birə  belə sözlər eşidirsiz. Mən ona ancaq bir  neçə aydan sonra  razılıq verdim.


- Belə bir qərar verməkdə sizə  nələr təsir etdi: Ayaz müəllimin xarakteri, sənətkarlığı, yoxsa cəmiyyətdəki mövqeyi?

- Sənətkar kimi çoxdan onun heyranıydım.  O görüşdən çox əvvəl mən ona vurulmuşdum. Sadəcə, onu həqiqətən sevdiyimə əmin olmaq üçün vaxt lazımıydı.  O zaman mənim cəmi 17 yaşım vardı.  Bilirsiz də, bu yaşda qızlar necə olur?  Aktyorlara, məşhur adamlara vurulurlar. Mən də təxminən o vəziyyətdəydim. Amma heç zaman gözləmirdim ki, vurulduğum adam günlərin birində mənə evlənmək təklif edəcək.


- Deməli, Ayaz müəllim sizin arzuladığınız, amma əlçatmaz sandığınız adam olub.


- Bəli, nə vaxtsa onunla evlənəcəyimi ağlıma gətirmirdim. Ümumiyyətlə, bu barədə heç düşünmürdüm. Amma kinoşünaslıq fakültəsinin qızları mənə çox sataşırdılar. Deyirdilər, Ayaz müəllimin sənə gözü düşüb. Mənsə heç nə hiss eləmirdim. Bəzən biz kino evinə-hansısa filmin baxışına gedirdik. Ayaz müəllim onda anası ilə yaşayırdı. Evləri Hökumət evinin yanındaydı.  Ordan evə qayıdanda həmişə qonşuluqda yaşayan qızla “Azərnəşr”in qarşısındakı dayanacaqda oturub trolleybus gözləyirdik. Ayaz müəllim də bizim yanımıza gəlirdi. Biz trolleybusa minəndən sonra  o da 96 saylı avtobusla geri-evlərinə qayıdırdı. Qız mənə deyirdi ki, vallah, o, sənə vurulub, yoxsa bu boyda yolu niyə gəlib qayıdır?


- Sevgisinə əmin olandan sonra da mühazirələrində otururduz?

- Bəli, mən oxuduğum bütün illərdə, hətta  nişanlı olduğumuz vaxtlarda da onun mühazirələrini dinləmişəm. İndi vaxtım olsaydı, yenə dərsində oturardım.


- Nişanlandığınızı universitetdə necə qarşıladılar?

- Hamı məəttəl qalmışdı. Heç kəs gözləmirmiş.
 


- Ayaz müəllim sizdən əvvəl də ailə qurub. Bu, sizi, ailənizi narahat eləmədi?

- Xeyr. Anam mənə həmişə deyirdi ki, kimi sevsən, seçsən, onunla da ailə quracaqsan. Mən də sevdiyimi ondan gizlətmədim.


Ulduz xanım (Ayaz Salayevin qayınanası):


- Ayaz müəllimin bir dəfə evli olduğunu bilirdim. Elə ona görə də əvvəlcə tərəddüd elədim. Həm də Nərmin mənim yeganə balamdı axı. Amma hiss elədim ki, bir-birilərini sevirlər. Hislərə qarşı çıxmaq düz deyildi. Sonra Ayaz müəllimi yaxından tanıdım. Gördüm ki, mədəni, sadə adamdı. İndi də ondan razıyam. Nərmini də, uşaqları da çox istəyir. Allah başacan versin.


Nərmin xanım:


- Mən xoşbəxtəm!


- Amma xoşbəxtlərdə də həmişə nəsə çatmır. Nəyinsə arzusunda olurlar. Sizdə olmayan nədi?

- Maddi vəziyyətimiz bir az yaxşı deyil. Görürsüz də, evimiz darısqaldı. Qalan hər şey qaydasındadır. Amma bizimçün maddiyyat əsas deyil. Ona görə də evdə söz-söhbətimiz olmur.


- Deyirlər, sənətkarın həyatı, məişəti də bir az qeyri-adi olur. Sizdə bu qeyri-adilik nədədir?


- Yəqin ki, uzaqdan belə görünür. Mənə qalsa, bir qəribəlik görmürəm. Məişətimiz hamıda olan kimidir. Onu deyə bilərəm ki, Ayaz müəllim məişətdən çox uzaq adamdır. O, öz işi ilə məşğul olduğuna görə  ev problemlərini mən həll eləyirəm. Bazarlıq-filan mənlikdir.


- İki uşaqla bunları necə çatdırırsız?


- Bütün qadınlar kimi.


- Ayaz müəllimin uşaqlarla davranışı necədir?


- Onun hövsələsi çatmaz ki, uşaqları yedirsin. Əslində, bu, kişi işi deyil. Amma uşaqları yaxşı oynadar, nağıl deyər, nəyisə izah edər. Bu mənada mən ondan geri qalıram. O istəyir ki, övladları sənətkar olsun. Onun yolunu davam eləsinlər. Qızlarını ev xanımı kimi böyütmək istəmir. Evdar qadınlardan xoşu gəlmir.



- Onda, yəqin,  siz uşaqlar hələ balaca olduğuna görə işləmirsiz?


- Əlbəttə, uşaqlar çox balacadırlar. Böyük qızımız Sara hələ iki yaş yarımlıqdı. Kamiləsə beş aylıqdı. İndi mənim birinci işim onları böyütməkdi. Ayaz müəllim mənə heç bir qadağa qoymur. Əksinə, istəyir ki, mən də sənətimdə uğurlar qazanım.


- Ayaz müəllim çoxları üçün kənardan bir az da qeyri-adi, öz dünyasında olan adam təsiri bağışlayır...


- Bilmirəm, vallah, mən hiss eləmirəm. O, çox səmimi, açıqqəlbli insandı.


Görək, Ayaz müəllimin anası Roza xanım nə deyir?


- Mənim oğlum çox mülayim insandı. Heç kəsin qəlbini sındırmaz. Amma həmişə öz fikirləri olur.


- Uşaqlıqda necə olub?


- Necə olacaq, gecələri yatmağa qoymayıb. Elə hey ağlayırdı. Rəhmətlik anam kömək eləyərdi. Ona baxmaqçün işdən çıxıb evdə oturmuşdu. Ayazı çox ərköyün böyütmüşük. Bütün arzularını yerinə yetirmişik. Moskvaya oxumağa gedəndə qorxurduq ki, uyğunlaşa bilməyəcək. Həmişə naz-nemətlə böyüyən uşaq birdən-birə yataqxana şəraitinə düşmüşdü. Ürəyim dözmürdü,  işdən icazə alıb Moskvaya gedirdim. Orda Ayaz üçün ev xörəkləri bişirirdim. Amma Ayaz o mühitə tez öyrəşdi. Ayaz ayrı baladı. Bir az qeyri-adidi, heç kəsə oxşamır.


- Amma Nərmin xanım bu fikirlə razılaşmır.


- Yox, düşüncələri, fikirləri qeyri-adidir.Orta məktəbdə yazılı imtahan verəndə Ayaz qəribə bir inşa yazıb. O vaxt müəllim onu anlamayıb. Daha doğrusu, buna müəllimin səviyyəsi çatmayıb. Ona görə də “4” yazıb.


- Ancaq tərif elədiz ha...


- Tənqid də eləyə bilərəm. Məsələn, çox tərsdi. Ancaq öz bildiyini eləyir.


- Gəlin bir az da sənətkarlığından danışaq.


Nərmin xanım:


- Ayaz müəllim sənətkar kimi əvəzsizdir.Bizimkilər ona hələ layiqli qiymət verməyiblər. Məncə, o, Azərbaycanda bir nömrəli kinoşünas, rejissordu.


Roza xanım:


- Onun düşüncəsi, səviyyəsi çox üstündü. Oğlumdu deyə, demirəm. Doğrudan da, Ayaz bir nömrəli kinoşünasdı.


- Nərmin xanım, bir-biriniz üçün sənət mövzusunda maraqlı həmsöhbət ola bilirsiz?


Nərmin xanım:


- Əlbəttə, biz çox söhbət eləyirik. Özü də müxtəlif mövzularda. Deyə bilmərəm ki, həmişə fikirlərimiz üst-üstə düşür. Yəqin, belə olmasaydı, maraqlı həmsöhbət ola bilməzdik. Hərdən mübahisə də edirik. Hər ikimiz tərs  olduğumuza görə  axıra kimi fikrimizdə qalırıq.


Roza xanım:


- Hər ikisi yaradıcı adam olduğuna görə bir-birilərini anlayırlar.


- Kinoya baxışlarınızda onunla nədə razılaşmırsız?


Nərmin xanım:


- Bəzən Ayaz müəllimin çox sevdiyi rejissoru mən bəyənmirəm. Ya da əksinə...



- Siz ona həmişə Ayaz müəllim deyirsiz?

 

- Yox, yox, sadəcə, Ayaz deyə çağırıram. Tələbə vaxtı ona həmişə Ayaz Ramizoviç deyirdim. Hətta  nişanlananda da bunu tərgidə bilmirdim. O, məndən 17 yaş böyükdü. Ona görə də sən deməyə, ya adı ilə çağırmağa çətinlik çəkirdim. Evlənəndən sonra yavaş-yavaş öyrəşdim.


- Roza xanım, ana üçün övladı həmişə körpədi. Böyüyüb yaşa dolsa da, yenə ürəyi üstündə əsir. Oğlunuz sarıdan nədən nigaransız?


-Dənizə gedəndə rahatlığım pozulur. Qorxuram başına bir iş gələr.


Nərmin xanım:


- Hər ikimiz dəniz dəlisiyik. Havalar istiləşən kimi qaçırıq dənizə. Üzməyi də mənə Ayaz müəllim öyrədib.


Roza xanım:


- Bir də səfərlərə gedib-gələnə kimi ürəyimi yeyirəm. Təyyarəylə  gedir axı. Telefonda səsini eşidəndən sonra rahatlanıram.

 

...Evdəkilərlə sağollaşıb çıxanda birdən Saranın dili açıldi.  Bəlkə də, balaca qızı dilləndirən söhbət boyu yaranan doğmalıq idi, bəlkə də, lap əvvəldə ona verdiyim sualın nigarançılığından cəsarətlənmişdi. Bilmirəm,  əsas odu ki, Sara gec də olsa, sualımı cavabsız qoymadı: 


- Mən atamı çox istəyirəm. Ata toppuşdu axı...

 

 2002


Səfurə Çərkəzqızı,
“Sevdalılar

Redaksiyadan: Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinoşünaslıq fakültəsini bitirib.1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasında və "Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb.
1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film” fənnindən dərs deyib.
1995-ci ildə çəkdiyi "Yarasa” filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən təxminən otuz müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Müəllifi olduğu "Retro” verilişi dövrünün sanballı televiziya layihələrindən biri olmaqla yanaşı, kino zövqünün formalaşmasında müstəsna xidməti olub.
 Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Hazırda "Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışır. Bir neçə sənədli filmin ssenari müəllifidir.  
"Ata” (1989), "Yarasa” (1995), "Anlam” (1998), "Ağ-qara gecələr” (2014) və bir sıra başqa filmləri çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu