Modern.az

Qənirə Paşayeva: "Narkomanların qeydiyyata cəlb olunması prosesi gücləndirilməlidir"

Qənirə Paşayeva: "Narkomanların qeydiyyata cəlb olunması prosesi gücləndirilməlidir"

Parlament

25 Dekabr 2009, 17:52

“Azərbaycan parlamentinin deputatı hesab edir ki, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqənda” qanun layihəsinin müzakirəyə çıxarılması çox vacibdir. Bu problem Azərbaycanda narahatlıq doğurur. Çünki ilk dəfə bu infeksiyaya yoluxmanın qeydə alınmasından keçən dövr ərzindəki artım tempi də hamımızı narahat edir. Ona görə də çox sərt qanunvericilik  başası olmalıdır”-deyə dekabrın 25-də Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bildirib. 

Q.Paşayevanın sözlərinə görə, ən əsas məsələ HİV daşıyıcılarının üzə çıxarılması olmalıdır: “Statistikaya nəzər salanda görürük ki, HİV daşıyıcılarının 63,3 faizi, ümumilkdə isə 1992-ci ildən 2009-cu ilə qədər nəzər salsaq 64,4 faizi ineksion narkotik istifadəsi nəticəsində baş verib.

Rəsmi statistikada da qeyd olunur ki, narkomanların sayi qeydiyyatdan keçən narkomanların sayı qədər deyil. Əgər narkomanların sayı daha çoxdursa, deməli risk qrupu da daha çoxdur”.

 

Millət vəkili deyib ki, həmin narkomanların qeydiyyata cəlb olunması prosesi bu qanunun qəbulundan sonra daha da gücləndirilməlidir: “Maarifləndirmənin aparılmasına da ciddi fikir verilməlidir. Bu xəstəliyin qarşısının zamanında alınmasına çox ehtiyac var. Maarifləndirmə üçün ən böyük çəki televiziya və radioların üzərinə düşür”. 

Q.Paşayeva deyib ki, layihədə maarifləndirmə məqsədilə İctimai Televiziyada və dövlət televiziyasında ayda cəmi 20 dəqiqə vaxt ayrılması ilə bağlı müddəanın nəzərdə tutulması azdır: “Hesab edirəm ki, bu müddət ən azı 90 dəqiqə olmalıdır və özəl televiziyalar da maarifləndirmə prosesində iştirak etməlidirlər”-deyə o, vurğulayıb.

Qeyd edək ki, parlamentdə müzakirələrdən sonra “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?