Modern.az

Çexiyanın Bakıdakı səfiri: “Təəssüf ki, Azərbaycana Çex pivəsi ixrac olunmur” - MÜSAHİBƏ

Çexiyanın Bakıdakı səfiri: “Təəssüf ki, Azərbaycana Çex pivəsi ixrac olunmur” - MÜSAHİBƏ

Müsahibə

28 Oktyabr 2019, 08:52

Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edidik.


- Cənab səfir, öncə müsahibəyə razılaşdığınız üçün Modern.az saytı adından sizə təşəkkür edirəm. İstərdim ki, dipolmatik fəaliyyətiniz barədə qısa məlumat verəsiniz.

-
Mən də öncə sizi və bütün oxucularınızı salamlayıram. Bu müsahibəni gerçəkləşdirmək  çox gözəl bir təşəbbüsdür. Bunun üçün sizə və saytınıza təşəkkür edirəm.
Mən artıq bir ildir ki, Çexiya Respublikasının Azərbaycandakı səfiriyəm. Diplomatik fəaliyyət müddətim ərzində bir çox ölkələrdə, Çexiyanın diplomatik sektorlarında müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycandan öncə Ukranyada Çexiyanın missiya rəhbəri, Belorusda isə Çexiyanın fövqaladə və səlahiyyətli səfiri olmuşam.


- Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında məlumatıydınızmı?

-
Çox maraqlı sualdır. Azərbaycanı buraya gəlməzdən öncə neft ixrac edən bir ölkə kimi tanıyırdım. Mən potsovet ölkələrinin bir çoxunda olmuşam və onlar arasında çox böyük fərqlər görmüşəm. Azərbaycanda özümü çox rahat və xoşbəxt hiss edirəm, çünki bizim ölkələrimiz arasında oxşarlıqlar çoxdur. Bu o deməkdir ki, Çexiya və Azərbaycan respublikaları təxminən eyni ölçüdə əraziyə malikdirlər. Ərazilərimiz iqlim cəhətdən də çox oxşardı: Azərbaycanda 9, Çexiyada isə 8 iqlim qurşağı var. Əhalimizin sayı da təxminən eynidir.
Eyni zamanda, fərqlərimiz də var. Birinci fərq bizim fərqli dinlərimizdir. Növbəti fərq odur ki, Azərbaycanda dəniz var, Çexiya ərazisində isə yoxdu. Bizim insanlarımız yayda dəniz olan ölkələrə, əsasən də keçmiş Yuqoslaviya ərazisindəki ölkələrə, İtaliya və Yunanıstana səyahət edirlər. Mən çox çalışıram ki, Çexiya əhalisi yayda dincəlmək üçün Azərbaycana da gəlsinlər. Ölkənizin güclənməkdə olan turizm imkanları var. Həmçinin, Azərbaycan rəhbərliyi də ölkədə turizmin inkişafında çox maraqlıdır.


- Cənab Ekert, Azərbaycan-Çexiya və əks istiqamətdə hazırda birbaşa təyyarə uçuşları  yoxdur. Halbuki, Azərbaycandan Çexiyaya səyahət edən insanların sayı kifayət qədər çoxdur. Hər iki istiqamətdə birbaşa uçuş reyslərinin açılması planlaşdırılmı?


- Ölkələrimiz arasında xeyli məsafə var. Mən səfir olaraq birbaşa uçuşların açılmasında çox maraqlıyam və istərdim ki, bu mümkün olsun. Bunun üçün hər iki ölkədə təbliğat və ölkələrarası əlaqələr gücləndirilməlidir. Turizmlə yanaşı, iş, bines və sairə səbəblə də insanlar ölkələrimizə səyahət etməlidirlər. Hələ ki yalnız yay mövsümü ilə əlaqədar olaraq 4 ay - iyun, iyul, avqust və sentyabr aylarında Çexiya və Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirilir.


- Çexiyadan Azərbaycana təyyarə ilə səyahət etmək təxminən nə qədər vaxt aparır?

-
Bu çox yorucudur. Biz Moskvadan, Minskdən və İstanbuldan Azərbaycana gələ bilirik. Bu isə 7-8 saat çəkir. Birbaşa uçuşlarla isə daha rahat və daha tez - cəmi 3 saat yarıma Azərbaycana gələ bilirik.


- İl ərzində  nə qədər insan Azərbaycandan Çexiyaya səyahət etmək üçün səfirliyinizə müraciət edir? Müraciətlər hansı aylarda daha çox olur?


-
Müraciətlər əsasən yay aylarında və dekabrda çox olur. Yay aylarında Çexiyaya getmək istəyən insanalar apreldən müraciət etməyə başlayırlar. Azərbaycanlılar əsasən Çexiyanın Praqa, Brno və Karlovı Varı şəhərlərinə səyahət edirlər. Lakin mən istərdim ki, digər şəhərlərimizə də səyahət etsinlər. Başqa şəhərlərimizdədə çox maraqlı və görməli yerlərimiz var.
Ümumilikdə şengen vizası ilə gedənlər də daxil olmaqla il ərzində Azərbaycandan 8 min insan Çexiyaya səyahət edir.


Çexiyanın Azərbaycandakı səfirliyindən vizanın alınması prosesi təxminən nə qədər çəkir? Viza almaq istəyən Azərbaycan vətəndaşları nə qədər rüsum ödəməlidirlər?

-
Vizaların verilməsi prosesi adətən bir həftə çəkir. Lakin bəzi səbəblərlə əlaqədar olaraq müddət uzana da bilər. Viza üçün 35 dollar ödənilir. Əlavə sənədlər üçün isə kiçik miqdarda ödənişlər istənilir.


Müşahidələr göstərir ki, bu gün bir çox Azərbaycan gəncləri məhz təhsil üçün Çexiya universitetlərinə üz tuturlar. Hazırda Azərbaycandan Çexiyaya təhsil üçün getmək istəyənlər də kifayət qədər çoxdur. Bu barədə Çexiyanın Azərbaycandakı səfirinin müsahibəsindən məlumat almaq tələbələrimiz üçün də çox maraqlı olardı..


- Həqiqətən də, təhsil millətin və dövlətin gələcəyini müəyyən edən əsas sektordur. Çexiyanın təhsil sistemi orada təhsil almaq istəyən bütün Azərbaycanlı tələbələrin üzünə açıqdır.


- İl ərzində  Azərbaycandan Çexiyaya təhsil almağa nə qədər tələbə gedir?


- İl ərzində Azərbaycandan Çexiyaya təhsil almaq üçün rəsmi olaraq 230 tələbə gedir. Qeyri-rəsmi olaraq gedən tələbələrin sayı isə bundan iki dəfə çoxdur.

- Çexiyada təhsil almaq istəyən tələbələrdən nə tələb olunur?


- Mən vurğulamaq istərdim ki, öncə tələbələr ingilis dilini mükəmməl səviyyədə bilməlidirlər. Xüsusilə də “Advances” səviyyəsində imtahan verərək, yüksək bal toplamalıdırlar. Daha sonra isə dövlət proqramlarına və xüsusi təqaüd proqramlarına qatılaraq, Çexiyada təhsil ala bilərlər.


- Çexiyadakı təhsilin üstünlüyü nədən ibarətdir? Ən çox əcnəbi tələbə Çexiyanın hansı universitetlərində təhsil alır?

-
Çexiyada tələbələrə müasir dünya standartlarına cavab verən təhsil verilir. Hazırda bir çox dünya ölkələrindən Çexiyaya təhsil almaq üçün tələbələr gəlir. Çexiyada təhsilin əsas özəlliyi də odur ki, ölkəmizdəki təhsil ödənişsizdir. Yəni savadlı bir tələbə ödənişsiz olaraq Çexiyanın dünya və Avropa standartlarına cavab verən universititetlərində təhsil ala bilər. Ən çox tələbə Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində və Brno şəhərinin Mosarik Universitetində təhsil alırlar. Qeyd edim ki, Mosarik Universititeti Çexiyanın birinci prezidentinin adını daşıyır.


- Cənab səfir, Çexiya dünyada öz pivəsi ilə çox məşhurdur. Bizə deyə bilərsinizmi, Çexiya pivəsinin nəfis dadındakı sirr nə ilə əlaqədardır? Hazırda çex pivəsi hansı ölkələrə ixrac olunur və bu ticarət sizin ölkənizə gəlir gətirirmi?

-
Madəm ki, bunu öyrənməyə həvəslisiniz, mən sizə bununla bağlı ən vacib məqamları deyəcəm. Birinci sirr ondan ibarətdir ki, pivə istehsalında Çexiya ərazisində olan xüsusi mineral sulardan istifadə olunur.
2-ci isə ona xüsusi maddələr əlavə olunur. İxrac isə əsasən Yaponiyaya olunur və müəyyən qədər də, gəlir gətirir.
Təəssüf ki, Azərbaycana Çexiya pivəsi ixrac olunmur. Çexiyanın bu gün çox böyük istehsal potensialı var. Bizim istehsal ənənəvi texnologiyalar üzrə, yeni texnologiya əsasında aparılır.

- Söylədiniz ki, Çexiyada mineral sular çoxdur. Azərbaycanda da xeyli sayda mineral su mənbələri var. Bir çox insanlar söyləyirlər ki Çexiyanın məşhur “Karlovı Varı” mineral suyunun dadı, Azərbaycanın Kəlbəcər ərazisində qaynayan “İstisu”yun dadına çox yaxındır. Çox təəssüf ki, Kəlbəcər 20 ildən artıqdır Ermənistan dövləti tərəfindən işğal olunub...


- Yuxarıda söylədiyim kimi, bizim ölkələrimiz iqlim cəhətdən çox yaxındırlar. Azərbaycan mineral və müalicəvi ehtiyatlarla çox zəngin bir ölkədir. Mən Naftalan neftinin mealicəvi əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Orada olduğum zaman müşahidə etdim ki, Naftalana müalicə üçün xeyli sayda turist  gəlir. Çexiyadakı “Karlovı Varı” suyunu içmək üçün dünyanın bir çox ölkələrindən turistlər gəlirlər. “İstisu”ya gəlincə isə ondan içməsəm də, gözəl dadı olduğunu bəzi azərbaycanlılardan eşitmişəm. Çexiya Azərbaycanın strateji tərəfdaşıdır. 2015-ci ildə Azərbaycan və Çexiya prezidentləri arasında strateji tərəfdaşlığa aid qarşılıqlı sərəncamlar imzalandı və bu əməkdaşlıq bütün sahələrdə öz müsbət nəticəsini verəcək.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə Çexiya bu məsələdəki mövqeyi ilə bağlı ATƏT-in Minsk qrupuna öz təkliflərini verir.



- Çexiyanın müstəqilliyə gedən yolu ilə bağlı sizdən qısa məlumat almaq istərdik..


- Mən müstəqillik tariximiz baxımından da Çexiya və Azərbaycanın yaxınlığını vurğulamaq istərdim. Çexiya da Azərbayca kimi ilk dəfə müstəqilliyə 1918-ci ildə qovuşub. Avstrya-Macarıstan İttifaqı dağıldı və biz Çexoslovakiya adı ilə müstəqil olduq. Lakin bizdə o zaman sizdən fərqli olaraq, qadınlara seçki hüququ verilməmişdi. Bu baxımdan siz 1918-də mövcud olmuş dövlətinizlə fəxr edə bilərsiniz. Çünki məhz Azərbaycanda, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verildi. Bu baxımdan 1918-də mövcud olmuş Azərbaycan müasir düşüncə tərzi ilə bir çox Qərb ölkələrini də geridə qoymuşdu.

Çexiyanın müstəqillik tarixi isə heç də asan olmadı. 1938-ci ildə almanlar Çexiyaya soxuldular və həmin ildə “Münhen razılaşması”na görə, Çexiya öz müstəqilliyini itirdi. 1 sentyabr 1939-cu ildə isə İkinci Dünya Müharibəsi başladı. 1945-ci ildə İkinci Dünya Müharibəsinin bitməsiylə əlaqədar Çexoslovakiya, Polşa, Macarıstan, Rumıniya kimi ölkələr müstəqillik əldə etsələr də, qalib ölkə SSRİ-nin siyasətini yeridirdilər. Biz 1993-cü ilə kimi Çexoslovakiya olaraq mövcud olduq. 1993-cü il 1 yanvarda isə biz slovak müttəfiqlərimizdən ayrılaraq, tamamən müstəqil Çexiyaya çevrildik.

- Çexiya və Slovakiyanın ayrılması necə baş verdi? Hazırda Slovakiya ilə münasibətləriniz necədir?


- Biz müharibə ilə yox, suveren şəkildə bir-birimizdən ayrıldıq. İndi hər ikimiz müstəqil Avropa ölkəsiyik və çox yaxşı əlaqələrimiz var.


- Çexiya əhalisi hazırda ən çox hansı sahələrdə çalışır? Əhalinin əsas gəlir mənbəyi nədir?


- Bizim çox yaxşı ənənələrimiz vardır. Məsələn,  bizim böyük həcmdə billur istehsal edən bir çox müəsisələrimiz var. “Çexiya xrustalları”  dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda məşhurdur. Azərbaycanda son illərin ən mükəmməl tikililərdən olan “Baku Flame Tovers”in və “Baku Cristal Holl”un tikintisində Çexiya billurundan geniş istifadə olunub.
Çexiyada sənayenin bütün sahələri inkişaf etməkdədir. Maşınqayırma sahəsində Çexiyanın xeyli təcrübəsi var. Çexiya istehsalı olan “Baxerov” və “Skoda” maşınlarına bu gün Azərbaycanda da rast gəlirəm. Elə mənim Azərbaycandakı xidməti maşınım da Çexiya istehsalıdır.


- Söylədiyiniz kimi, Çexiya ixracla məşqul olan ölkədir. Bəs ölkə iqtisadiyyatı xarici bazardan asılı olaraq dəyişirmi?

-
Ölkə iqtisadiyyatı demək olar ki, stabildir. Biz istehsalçı ölkəyik. İxrac isə xarici bazar  qiymətlərinə uyğun olaraq müddətli şəkildə tənzimlənir. Odur ki, ölkə iqtisadiyyatı artan xətt üzrə yüksəlməkdədir.


- Bəs tranzit ölkə olmağı Çexiyaya gəlir gətirirmi?


Çexiya bu baxımdan da Azərbaycana bənzəyir. Azərbaycan və Çexiya strateji əhəmiyyətli ölkələrdir. Azərbaycan uzun illərdir Şərqlə Qərbin astanasında tranzit ölkə kimi fəaliyyət göstərir. Azərbaycan iki böyük ölkə olan Rusiya və İranın timsalında, Avropa və Asiyanı əlaqələndirir. Çexiya da iki böyük Avropa ölkəsi Rusiya və Almaniyanı əlaqələndirir.


- Son olaraq Azərbaycan və Çexiya arasındakı iqtisadi və ticari dövriyyə, investsiya yatırımları haqqında məlumat almaq istərdik..

-
Çexiya Azərbaycandan neft alır və bu sahədə Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Çexiyadan Azərbaycana il ərzində təxminən 70 milyon dollarlıq mal ixrac olunur olunur. Azərbaycan tərəfdən isə bizə neft ixrac olunur. Bizim ölkələrimiz arasındakı ticarət dövriyyəsi 1,2 milyard dollar üzərində dəyişir.

- Cənab səfir, oktyabrın 25-də Çexiyanın müstəqilliyinin 26-cı ildönümü tamam oldu. Bu münasibətlə sizi və Çex xalqını təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirik..


- Mən də xoş və səmimi təbrikiniz üçün sizə təşəkkür edirəm. Bütün Azərbaycan xalqına sağlam və xoşbəxt gələcək diləyirəm. Diqqətinizə görə minnətdaram...

 


Leyla ŞAH

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...