Modern.az

“Rusiyadakı səfirliyimizlə bağlı nikbin fikirlər eşidə bilmədim” - Moskvadan qayıdan jurnalistlə MÜSAHİBƏ

“Rusiyadakı səfirliyimizlə bağlı nikbin fikirlər eşidə bilmədim” - Moskvadan qayıdan jurnalistlə MÜSAHİBƏ

Müsahibə

31 Oktyabr 2019, 09:56

Bir neçə gün öncə Qarabağ Azadlıq Təşkilatının təşkilatçılığı ilə Rusiyaya səfər təşkil olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan diasporu, Rusiya-Azərbaycan əlaqələri və bu kimi mövzular müzakirə edilib. Təşkil edilən səfərdə mətbuat nümayəndəsi olaraq Azərbaycandan “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy iştirak edib.

 

Modern.az səfərlə bağlı E.Paşasoydan müsahibə alıb.

 

- Rusiyadakı soydaşlarımızın Qarabağ məsələsi ilə bağlı fikirləriniz maraqlıdır...

 

- Biz bir sıra hallarda hesab edirik ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız ölkəmizdə baş verənlər barədə o qədər də məlumatlı deyil. Amma Rusiyadakı soydaşlarımızın Azərbaycanla nəfəs aldığını müşahidə etdim. Onlar nəinki Qarabağ həqiqətlərdən bəhs edirdilər, hətta tez-tez “Qarabağın azad olunması üçün savaş əmri niyə verilmir?”sualını eşidirdik. Soydaşlarımızın bəzilərinin ailəsində şəhid olanlar olub, eyni zamanda Qarabağ müharibəsi iştirakçıları ilə görüşdük. Onlar deyirdilər ki, təki savaş qərarı verilsin, müraciət olunmasa da, mən dərhal Azərbaycana qayıdıb Qarabağ döyüşlərinə qatılacağam. Bu məsələdə çox emosional yanaşma var. Amma hesab edirəm ki, məsələlər sırf emosional yanaşma prizmasında çözülməməlidir. Bu istiqamətdə müzakirələr aparılmaqla yanaşı, eyni zamanda soyuqqanlı davranışa da ehtiyac var. Şimal qonşumuzdakı bəzi soyuqqanlı azərbaycanlılar hesab edirlər ki, Rusiya faktorunun olmasını unutmaq olmaz. Onların fikrincə, mövcud şəraitdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı həlledici qərar verilərsə, Rusiya amili də nəzərə alınmalıdır. Çünki Rusiya Ermənistanın müttəfiqidir, Ermənistan Rusiyanın tabeliyində olan dövlət statusunda çıxış edən marionet dövlətdir. Prosesləri soyuqqanlı şəkildə izləyib, qiymət verməyi bacaran insanlar hesab edirlər ki, indi Azərbaycan üçün bir şans yaranıb. Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyəyə inkişaf edir, həmçinin Azərbaycana qardaş ölkənin Türkiyənin də Rusiya ilə münasibətləri milli maraqlarımıza tam uyğun səviyyəyə qalxıb. Bu, Qarabağ məsələsinin ədalətli həlli üçün bizə əlavə imkan yaradan mühüm amildir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq əlaqələrinin olması düşmənimizi ciddi şəkildə narahat edir. Rusiyadakı soydaşlarımız da düşünürlər ki, bir neçə il sonra Vladimir Putin hakimiyyətdə olmaya bilər. Yəni Rusiyanın başına elə biri gələr ki, o halda Azərbaycanın şansı indiki ilə müqayisədə azala bilər. Bu narahatlıqları bölüşməmək mümkün deyil. O mənada var gücümüzlə hərəkətə keçmək, Rusiya ilə işləmək lazımdır! Bu iş təkcə dövlət səviyyəsində aparılmamalıdır. Necə deyərlər, dövlətə yardım vaxtıdır! Hətta ictimai təşkilatlar səviyyəsində körpülərin qurulmasına zərurət var. Rusiya ictimaiyyəti arasında təbliğat aparmalıyıq. Biz Rusiya cəmiyyətini inandırmalıyıq ki, bu torpaqlar Azərbaycanın ərazisidir və Azərbaycan heç zaman güzəştə getməyəcək. Deməli, müharibə etmək də Qarabağın gerçək sahibi olaraq bizim hüququmuzdur. Paralel olaraq Rusiyanın Ermənistana təzyiq göstərməsi üçün də əlimizdən gələni etməliyik. Hər halda, Rusiyadakı soydaşlarımız, diaspor təşkilatlarımız bu işdə bizə ciddi dəstək verə bilərlər. Yetər ki, onların vahid mərkəzdən idarə olunması, onların “Hər şey Qarabağ üçün!” devizi altında birləşdirilməsi təmin olunsun.

 

- Rusiya Azərbaycanlıların ən çox yaşadığı ölkə olaraq tanınır. Bu ölkədəki Azərbaycan diasporunun vəziyyəti necədir?

 

- Həm aktual, həm də ürək ağrıdan bir məsələyə toxundunuz. Rusiya azərbaycanlıları özləri də etiraf edirlər ki, onların ən ciddi problemi birləşə bilməmələridir. Qeyri-rəsmi rəqəmlərə görə, Rusiya ərazisində 4 milyona yaxın azərbaycanlı yaşayır. Təkcə paytaxt Moskvada və Moskva vilayətində yaşayan soydaşlarımızın sayı buradakı ümumi əhalinin 10 faizini təşkil edir. Təsəvvür edirsinizmi bu, nə deməkdir? Yəni hardasa 20 milyon əhali yaşayırsa, onun 2 milyonu azərbaycanlılardan ibarətdir. Bu çox ciddi bir göstəricidir. Təkcə Moskva şəhəri və Moskva vilayətində Ermənistan əhalisinin sayı qədər azərbaycanlı yaşayır. Bunun özü bizə imkan verir ki, Rusiya ilə daha sıx münasibətlər qura bilək. Lakin çox təəssüf ki, bizim Rusiyadakı diasporumuzun tam formalaşa bilməməsi, aradakı incikliklər, bir sıra hallarda qarşılıqlı ittihamlar, önə keçmək uğrunda ənənəvi mübarizələr konsolidasiya istiqamətində irəliləyişlərin əldə olunmamasını tətikləyir. Bir neçə ilə öncə azərbaycanlıların bir hissəsini öz ətrafında birləşdirən Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) ləğvi də soydaşlarımız üçün əlavə problemlər yaratdı. Rusiyanın demək olar ki, bütün regionlarını əhatə edən bir qurumun müxtəlif əsaslar gətirilməklə sıradan çıxarılması milli maraqlarımıza zərbə oldu. Etiraflar var ki, burada müəyyən dairələrin maraqları da ciddi rol oynayıb. İstisna olunmur ki, Azərbaycana qarşı fəaliyyət göstərən erməni diasporunun da bu işdə müəyyən rolu olub. Amma artıq bu məsələ keçmişdə qalıb və nəhayət ki, növbəti mərhələ üçün hamı birləşmə zərurətini dərk edir. İndi azərbaycanlıları öz ətrafında birləşdirən və leqal olaraq fəaliyyət göstərən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) təşkilatıdır. Bu qurum Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvüdür. Düzdür, AzərRos ətrafında da bir müddət problemlər yaşandı və hələ ki, narazılıqlar tam səngiməyib. Yeri gəlmişkən, təşkilatın prezidenti Mehriban Sadıxovanın təşəbbüsü ilə qurumun yaranmasının 20 illiyi ilə bağlı tədbirə də qatıldıq və müşahidə aparmaq imkanımız oldu. QAT sədri Akif Nağı da tədbirdə çıxış etdi, Qarabağ məsələsilə bağlı Rusiya azərbaycanlılarından nələr gözlədiyini tribunadan açıqladı.  Eyni zamanda haqlı olaraq bildirdi ki, azərbaycanlıları birləşdirən ən böyük ideya məhz Qarabağ məsələsi ola bilər. Təbii ki, parçalanmış diasporumuzu bir araya gətirmək üçün bu məsələ həlledici olmalı, digər məsələlər, şəxsi ambisiyalar arxa plana keçməlidir. İndiki mərhələdə gözlənti var ki, təşkilata yeni nəfəs veriləcək. Əslində Rusiya kimi nəhəng ölkədə azərbaycanlıları öz ətrafında cəmləyən belə bir təşkilatın olması çox vacibdir. Çünki rəsmi təşkilatdır, il ərzində 3-4 dəfə vilayət rəhbərləri ilə birlikdə Rusiya prezidenti ilə görüşmək imkanları olur. Azərbaycan diasporunun sözünü birbaşa prezident Putinə çatdırmaq şansından özümüzü niyə məhrum edək ki? O mənada hesab olunur ki, müəyyən bir sağlam mühit yaratmaqla təşkilatın mövcudluğunu qorumaq mümkündür. Qeyd edim ki, Rusiya azərbaycanlıları içərisində kifayət qədər nüfuzlu, sözünün çəkisi olan ziyalılarımız var və onlar da diasporumuzun birliyi, bütövlü naminə çalışırlar. AzərRos-un təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən belə ziyalılardan biri, akademik Fazil Qurbanov önəmli bir təklif irəli sürdü ki, azərbaycanlıların bir araya gəlməsi üçün bir üst qurum yaradılsın. Bu təşəbbüs dəstəklənərsə, soydaşlarımızın fəaliyyətin əlaqələndirilməsi, perspektiv planların müzakirəsi və həyata keçirilməsi baxımından çox faydalı addım atılmış olar. Eyni zamanda, Rusiya azərbaycanlılarının mədəniyyət mərkəzinin yaradılması təklifi də irəli sürüldü. İndi önəmli məsələ azərbaycanlıların digər diaspor təşkilatlarının bir araya gəlməsi, arada körpülərin yaradılması, perspektiv planda isə Rusiya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin yaradılmasıdır. Əvvəllər bu istiqamətdə bir sıra addımlar atılıb, amma sona çatdırılmayıb. Azuolunan budur ki, Rusiyadakı azərbaycanlı iş adamları da bu layihəyə dəstək versin və Mədəniyyət Mərkəzi azərbaycanlıları öz ətrafına toplayan, onların isti ocağına çevrilən bir ünvana çevrilsin. Bu mənada soydaşlarımız Azərbaycan dövlətindən də dəstək verilməsini xahiş edirlər.

- Rusiyadakı Azərbaycan diasporu erməni diasporuna qalib gələ bilirmi?

 

- Səfər zamanı ürəkaçan bir neçə məlumat eşitdim. Moskvada gənc diaspor üzvü Şamil Tağıyev bildirdi ki, son vaxtlaradək ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayraq” adlandırdığı əski parçasını hətta Rusiyada keçirilən rəsmi tədbirlərdə də qaldırırdılar. Bununla bağlı hətta küçələrdə azərbaycanlı və ermənilər arasında davalar da olub, erməni təxribatının qarşısını almaq üçün cəhdlər edilib. Lakin soydaşlarımız erməni təxribatının qarşısını dava-dalaşsız almağın yollarını tapıblar. Belə ki, onlar dövlət qurumlarına rəsmi ərizə ilə müraciət edərək bildiriblər ki, buna Rusiya vətəndaşı olaraq etiraz etmək hüquqları var, Dağlıq Qarabağ adlı dövlət yoxdur, onun bayrağı da yoxdur. Qeyd olunub ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, həm də burada yaşayan azərbaycanlıların kəskin etirazına səbəb olur. Bu müraciətdən sonra separatçıların “bayraq” adlandığı əski parçasını Rusiyanın rəsmi tədbirlərinə qaldırmaq rəsmən qadağan edilib. Düzdür, ermənilər yenə də özlərinin tədbirlərində belə təxribatlara əl atırlar, amma hər halda əvvəlki kimi həyasızlıqlarını davam etdirə bilmirlər.

Daha bir fakt: Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, “Lazarev klubu”nun təsisçilərindən biri Konstantin Zatulin işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfərləri və eyni zamanda Ermənistanda anti-Azərbaycan çıxışlar etməsi ilə bağlı rəsmi etiraz sərgilənib. Professor Kamran Rüstəmov bildirdi ki, Zatulin Dağlı Qarabağa gedəndə 62 nəfərin imzası ilə Dövlət Dumasına etiraz məktubu göndərilib və etiraza müsbət qarşılıq verilib. Yeri gəlmişkən, Zatulin ermənilərlə tam əhatə olunmuş birisidir, hətta qeyri-rəsmi məlumatlara görə, Rusiyadakı erməni oliqarxlar ona hansısa yollarla ayda 30 min dollara yaxın vəsait verir. Üstəlik, ermənilərə xidmətinə görə Kreml yaxınlığında ona mənzil bağışlayıblar. Ermənistana səfərlərini də onlar təşkil edirlər. Azərbaycanlıların artıq müşahidəçiliyə son verib aktiv hərəkətə keçməsi, etiraz bildirməsi çox sevindiricidir. Bir sıra hallarda Azərbaycanın Xarici İşlər Nazirliyinə bu kimi iradlar ünvanlanır ki, rəsmi Bakı niyə etiraz bildirmir? Təbii ki, etiraz edənlər haqsız deyil. Amma mən elə bilirəm ki, bu məsələlərlə bağlı Rusiya azərbaycanlıları da sözlərini desələr, etiraz səslərini qaldırsalar, bir sıra hallarda rəsmi Bakının müdaxiləsinə ehtiyac qalmaz. Rusiya öz vətəndaşının sözünə daha tez reaksiya verir, çünki burada həm də iqtisadi maraqlar var. Rusiya azərbaycanlıları dövlət büdcəsinə böyük vəsait köçürürlər. Təbii ki, iş adamı olan soydaşlarımızın milli məsələlərdə mövqe nümayiş etdirməsi çox arzuolunandır. Bu mənada Rusiyanın onların çağırışına laqeyd qalması mümkün deyil.

 

- Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turlar təşkil olunur, turistlər cəlb olunur. Bununla bağlı Rusiyada yaşayan azərbaycanlılar hansı addım atır?

 

- Əslində bu, narahatlıq doğuran bir məsələdir. QAT rəhbərliyi ilə birgə Rusiyada keçirilən tədbirlərdə də Qarabağa edilən qanunsuz səfərlərə etirazlar səsləndi. Azərbaycanın turizm potensialın danışılarkən diaspor üzvlərindən biri haqlı olaraq irad bildirdi ki, Rusiyadan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq səfərlər təşkil olunur, bəs, bunun qarşısı necə alınmalıdır? Çox təəssüf ki, biz orada ciddi cavab eşidə bilmədik. Amma hər halda, tədbirdə iştirak edən politoloq, hərbi ekspert Aleksandr Perençiyev öz çıxışında bildirdi ki, bu məsələ ilə bağlı ictimai təşkilatlar da öz sözünü deməlidir, azərbaycanlılar fəal şəkildə iş aparmalıdırlar. Qarabağa qanunsuz səfər edən şəxslərə izah olunmalıdır ki, Qarabağda müharibə bitməyib və hər an dəhşətli olaylar baş verə bilər. Deməli, günün birində açılan cavab atəşi onların da ömrünə son qoya bilər. Azərbaycan və Rusiya arasındakı əlaqələr, eyni zamanda, hər iki dövlətin prezidentlərinin dostluq münasibətləri də bu kimi səfərlərin yolverilməz olduğunu diktə edir, bunu rəsmi çevrələrə də daim xatırlatmaq gərəkdir. Hesab edirəm ki, bu məsələ ilə bağlı bizim görəcəyimiz işlər çoxdur.

Bir müşahidəmi də sizinlə bölüşmək istərdim. Səfər çərçivəsində biz Rusiyadakı Azərbaycan səfirliyinə də baş çəkmək istədik. Amma ünvana yetişəndə gördük ki, artıq iş vaxtı bitib və səfirliyin qapıları bağlıdır. Səfirliyin yaxınlığındakı parkda qoyulmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət etdik. Bu zaman ətrafdakı insanların da maraqla bizə baxdığını müşahidə edib onlara yaxınlaşdım. Nizami Gəncəvi haqqında soruşduqda, dedilər “əlbəttə, tanıyırıq, Nizami Gəncəvi böyük fars şairidir”. Təbii ki, mən onlara Nizaminin bəşəri şəxsiyyət olmaqla yanaşı, Azərbaycan şairi olduğunu söylədim və sonda məlumatsız olduqlarını etiraf etdilər. Bir az kənarda heykəli qoyulmuş nəhəng Müslüm Maqomayevi ziyarət edərkən daha çox şaşırdım. Abidəyə sarılmış bir uşaq diqqətimi çəkdi. Valideynləri ilə birlikdə gəlmişdi. Onların bu sevgisinin haradan olduğunu öyrənmək istədim. Bu, kimin heykəlidir, soruşanda cavab belə oldu: “Bu, bizim Müslümdir”. Hətta israrla bildirdilər ki, Maqomayevin Azərbaycana aidiyyatı yoxdur. Mən Müslüm Maqomayevin “Ey, əziz Anam, Azərbaycan!” mahnısını xatırladanda bir az duruxdular. Ən şokedici məqam bilirsiniz nə idi? Uşaq bunu eşidəndə qayıtdı ki, “mən Azərbaycan haqqında məlumatlıyam, siz Bakıdan erməniləri zorla qovmusunuz”. Açığı, bir az da heyrətlə neçənci sinifdə oxuduğunu soruşdum. Dedi 3-cü sinifdə oxuyur və bunları ona erməni sinif yoldaşı danışıb. Uşaqdan bəs, sinif yoldaşın sənə Qarabağ haqda danışıbmı, soruşanda “əlbəttə, danışıb, Qarabağ Ermənistan torpağıdır”, söylədi. Təsəvvür edirsinizmi? Bunu 3-cü sinif şagirdi deyirdi. O anda hansı hisslər keçirmək olardı? Valideynləri də demək olar ki, o uşağın mövqeyində idilər. Deməli, yaşıdı olan erməni bir rus uşağın beyninə yeridib ki, azərbaycanlılar onları qovub, əzib, Qarabağ da onlarındır. Biz rus uşaqlarının da zəhərlənməsinə, gələcəkdə yeni zatulinlərin yetişməsinə imkan verməməliyik!

Bir neçə dəqiqəlik müşahidələr göstərdi ki, biz yalnız Rusiya hakimiyyəti ilə deyil, Rusiya cəmiyyəti ilə də ciddi şəkildə işləməliyik.

 

-Rusiyadakı azərbaycanlıların təhsili ilə bağlı vəziyyət necədir?

 

- Qeyd edim ki, ali məktəblərə daxil olan gənclərimizin sayı ildən-ilə artır. Moskva Dövlət Universitetinin tələbələri olan, yüksək intellektli gənclərimizlə söhbət məni olduqca məmnun etdi. O qədər vətənpərvər, savadlı, perspektivli gənclərdirlər ki. Özü də bildirirdilər ki, nə təhsil zamanı, nə də sonrakı mərhələlərdə milli ayrıseçkiliklə üzləşmirlər. Müxtəlif sahələrdə işləyən çoxsaylı gənclərimizin sorağını eşitmək də xoş oldu. Yəni şimaldakı azərbaycanlılarla bağlı zaman-zaman bədxahlarımızın səsləndirdiyi “bazar adamları” ifadəsi artıq keçmişdə qalıb. Bu yerdə qeyd edim ki, Rusiyadakı fəal azərbaycanlıları, ziyalıları narahat edən bir məsələ də var. Belə ki, Rusiya qanunları ölkədə yaşayanların ana dilində təhsil almasına imkan verir. Yetər ki, bununla bağlı təşəbbüslər olsun. Moskvadakı general Kərim Kərimov adına orta məktəbin direktor müavini Ramidə Qasımova bizimlə söhbətində bildirdi ki, onlar azərbaycanlı uşaqların Azərbaycan ədəbiyyatı, tarixi barədə bilgili olmasını istəyirlər. Lakin bununla bağlı tədris materiallarının hazırlanması istiqamətində dəstəyə ehtiyac var. Həmçinin azərbaycanlı valideynlərdən təşəbbüsə qoşulmalarını xahiş etdi. Məncə, bunun azərbaycanlıların öz dillərini qoruyub-saxlamaları və Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatından məlumatlı olmaları baxımından çox böyük faydası olardı. Bir məqamı da qeyd edim ki, azərbaycanlı generalın adını daşıyan məktəbdəki Azərbaycan guşəsinin qurulmasında, burada mədəni-bədii tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun və Diasporla iş üzrə Dövlət Komitəsinin də böyük dəstəyi olub ki, Ramidə Qasımova məmnunluqla bu barədə danışdı. Rusiya azərbaycanlılarının fəal nümayəndəsi, tanınmış ziyalı, dil, təhsil, mədəniyyət üzrə ekspert Azər Səfərov isə bildirdi ki, Dağıstandan başqa, Rusiyanın heç bir yerində Azərbaycan dili tədris olunmur, bu da milli maraqlarımıza əngəl yaradan amillərdəndir. Düzdür, 2017-ci ildə Dağıstanda da Bakıdan gətirilən dərsliklərin istifadəsi qadağan edilib. İndi isə azərbaycanlıların təhsil aldığı məktəblərdə kirilcə dərsliklərin yazılması niyyəti ortaya çıxıb. Azər bəy deyir ki, Azərbaycan dilində nəşrlərin kirillə deyil, latın qrafikası ilə çap olunması istiqamətində aktiv fəaliyyətə keçiblər. Ancaq onlar Azərbaycan dövlətindən, Təhsil Nazirliyindən təşəbbüsə dəstək gözləyirlər. Hesab edirlər ki, Azərbaycan Təhsil Nazirliyi Rusiyanın aidiyyatı qurumların ilə əməkdaşlıq şəraitində bununla bağlı anlaşma əldə etsə, azərbaycanlı uşaqların ana dilində təhsili istiqamətində çox mühüm addım atılmış olar.

 

- Bəs Azərbaycan Diasporlarla İş üzrə Dövlət Komitəsi ilə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının əlaqəsi nə yerdədir?

 

- Açığı, soydaşlarımızın Diaspora Komitəsindən ciddi gözləntiləri var. Onlar hesab edir ki, Azərbaycan dövləti bu insanlara daim diqqət göstərməlidir. Əslində onlar özləri böyük qüvvədir. Söhbət milyonlardan gedir. Özü də onların böyük əksəriyyəti normal həyat tərzinə sahiblənib, vətəndaşlıq alıb, iş-güc, mənsəb sahibidirlər. Deməli, artıq özləri Azərbaycan boyda bir vətəndirlər. Lakin yenə də gözləri Azərbaycan dövlətinə dikilib. Fərdi müzakirələrimizdə də deyirdim ki, söhbət 3-4 milyonluq azərbaycanlıdan gedirsə, bir Dövlət Komitəsinin qısa müddətdə çox böyük işlər görməsi, bütün Rusiya azərbaycanlılarını əhatə etməsi real görünmür. Deməli, Diaspor Komitəsinin özünə də dəstək vermək lazımdır. Bədnam qonşumuza yardım xaricdən, erməni diasporundan gəlir, lakin təəssüf ki, bizim diasporumuz hələ də Bakıdan yardım gözləyir. Təbii ki, komitə ilə diaspora arasında təmaslar yalnız ümumi işimizə fayda verərdi. Əminəm ki, tezliklə bunun şahidi olacağıq. Hesab edirəm ki, Diaspor Komitəsi Rusiyadakı azərbaycanlıların əlaqələndirilməsi, konsolidasiyası işində mühüm rol oynaya bilər. Amma bu məsələni yalnız komitənin üzərinə atmaqla böyük uğura nail ola bilmərik. Rusiya böyük əraziyə sahib dövlətdir və soydaşlarımız ölkəboyu səpələniblər. Yerli diaspor təşkilatlarının istəyi olsa, hətta virtual əlaqələr də öz töhfəsini verə bilər.

İcazənizlə, bir məsələni də diqqətə çatdırmaq istərdim. Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda azərbaycanlıların sayı yarım milyondan çoxdur. Sevindirici hal budur ki, burada azərbaycanlı alim Heydər İmanovun rəhbərlik etdiyi institut fəaliyyət göstərir. Uzun illər ərzində Rusiyada yaşayan alim böyük zəhməti bahasına yüksək pilləyə qalxa bilib. Heydər müəllim çox arzusu edir ki, Türk-Slavyan Universiteti yaradılsın və söhbətimiz zamanı onun arzu-istəyini Vətəndə tirajlamağımızı təvəqqe etdi. Məncə, Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edən alimimizin bu təklifini dəyərləndirmək və mümkün olanı etmək lazımdır. Bu istiqamətdə Bakı-Ankara-Moskva arasında müzakirələrin aparılması və qərarın verilməsi ölkələrimiz arasındakı əlaqələrin inkişafına əlavə stimul verərdi. Belə olduğu halda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində də ciddi addım atılmış olar.

  

 

- Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyəti soydaşlarımızı razı sala bilirmi?

 

- Açığın desəm, mən bu istiqamətdə o qədər də nikbin fikirlər eşidə bilmədim. Daha çox narazıları dinləmək məcburiyyətində qaldım. Rusiyadakı azərbaycanlılar sonuncu dəfə səfirlə, səfirlik əməkdaşları ilə nə zaman görüşdüklərini xatırlamadılar. Məsələn, azərbaycanlıların ən böyük təşkilatı olan AzərRos-un tədbirində səfirliyin nümayəndəsi də iştirak etməli idi. Əgər Rusiya dövlətinə mənsub olan 3 nümayəndə tədbirdə iştirak edirdisə - hətta nümayəndələrdən biri erməni millətinə mənsub şəxs idi - deməli, orada Azərbaycanın Rusiyadakı səfirliyinin təmsilçisi mütləq iştirakçı olmalıydı. Azərbaycanı Rusiya kimi böyük bir ölkədə təmsil edən səfirin daha enerjili, daha çevik bir şəxs olmasına ehtiyac var. Prezidentin son çıxışlarından da izlədik, təqdir edirik təbii ki. Artıq hakim komandada ciddi mərhələ başlayıb, yenilənmə, gəncləşmə prosesi gedir. Yaşı 70-i ötmüş vəzifəli şəxslər dövlət başçısının mesajına müsbət qarşılıq verərsə, həm də dövlətimizə böyük xidmət göstərmiş olar. Hörmətli Polad Bülbüloğlu Azərbaycanın böyük sənətkarıdır, mədəniyyətimizin inkişafında, musiqimizin təbliğində uzun illər boyu öz töhfəsini verib. Eyni zamanda, xeyli müddətdir səfir olaraq ölkəmizi Rusiyada təmsil edir. Lakin etiraf olunmalıdır ki, Rusiya kimi nəhəng bir ölkədə yaşayan çoxmilyonluq azərbaycanlıların könlünü fəth etmək, onlarla ünsiyyət qurmaq, rabitə yaratmaq üçün enerjili bir diplomata ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə də müəyyən addımlar atılacaq. Polad müəllim artıq 75 yaşını tamamlamaq üzrədir. Çox yaxşı olar ki, diplomatik korpusda da ilk nümunəni məhz Polad Bülbüloğlu göstərsin. Əgər Hafiz Paşayev kimi təcrübəli bir diplomatımız XİN-dəki postundan istefa verdisə, bu, həm də qocaman səfirlərimizə mesaj sayıla bilər. 

 

- Ermənistan tərəfindən girov saxlanılan azərbaycanlılar -  Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Rusiyadakı Azərbaycan diasporu hansısa mövqe ortaya qoya bilirmi?

 

- Bununla bağlı bəzi təşəbbüslər olsa da, təəssüf ki, nəticə yoxdur. Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması istiqamətində Azərbaycan dövlətinin israrlı mövqeyi ortadadır və inanıram ki, bu səylər nəticə verəcək. Rusiyada da ümid onadır ki, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri bu məsələnin də müsbət həllində önəmli rol oynayacaq. Xüsusilə də Prezidentin “Valday” diskussiya klubunda çıxışı zamanı “Qarabağ Azərbaycanındır və nida” mövqeyi azərbaycanlılara ciddi şəkildə stimul verib. Soydaşlarımız hesab edir ki, təkcə Kəlbəcər girovlarını deyil, bütövlükdə Qarabağı azad etmək üçün var qüvvəmizlə hərəkətə keçməliyik. Bununla bağlı dövlətimizin, prezidentimizin qətiyyətli mövqeyi ortadadır. Azərbaycan əhalisi, həmçinin xaricdəki soydaşlarımız da savaş əhval-ruhiyyəsindədir. Əvvəlki illərdən fərqli olaraq, artıq Rusiya diasporunda nəzərəçarpacaq dərəcədə irəliləyişlər müşahidə olunur. Bu da Rusiyadakı ermənipərəst qüvvələrin neytrallaşdırılması, Bakı-Moskva əlaqələrinin daha da inkişaf etdirilməsi və son nəticədə milli maraqlarımıza əngəllərin aradan qaldırılması baxımından çox mühüm nəticələr doğura bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...