Modern.az

Sultan bəyin goru çatladı

Sultan bəyin goru çatladı

Ədəbi̇yyat

31 Oktyabr 2019, 15:05

Ötən əsrin əvvəlində Qarabağı, Şuşanı erməni  işğalından, daha dəqiq desək, Androniki   və onun  faşizm yaranmadan  faşistlik  edən  quldur dəstələrini məhv edən, çıxdıqları  yerədək qovan Sultan bəy Sultanovu  yəqin ki, gənclər tanımır. Bilmirəm  tarix dərsliklərində adı var, yoxsa yox.  Yəqin ki, olmaz.  Vaqif  Bayatlının  Səttar Bəhlulzadəyə həsr etdiyi şeirdə belə bir  misra var: 

Bəzən  insan  unudulanda 

Ölümlər də gerçək olur.

Tarix də unudulanda torpaqlar  işğal edilir. 

Nə isə… 

Sultan  bəyin  məzarı Qarsdan 60 km. aralıda yerləşən Köçköy (kəndin adına baxın – Köçköy, yəni  köçkünlər kəndi) adlı bir  kənddədi. Mən də bir gün  ürəyim  istədi getdim  həmin kəndə, Sultan  bəyin  məzarını  ziyarət  etməyə. Bu kəndin 60-70 faizi demək olar ki,  Laçından Sultan  bəylə bərabər Sovet  repressiyasından  canlarını  qurtarmaq  üçün Türkiyəyə köçənlərdi. 

Sultan  bəy  əvvəlcə İrana  keçmişdi, Sovet hökuməti  İrandan  təkidlə  tələb edirdi ki,  Sultan  bəyi  Sovetlərə   təhvil versin. Şah gördü ki, Bəyi burda  saxlamağa gücü çatmır, çağırıb  xahiş elədi ki, İranı  tərk eləsin. 

Onda Atatürk Sultan bəyə  sahib  çıxdı , Türkiyəyə  dəvət elədi, ona və qohumlarına, yəni  onunla gələnlərə   kənd bağışladı.  Və Sultan bəy  ömrünün  sonunadək  həmin  kənddə yaşadı. 

Qəbiristanlıqdakı başdaşıların demək olar ki,  əksəriyyətinin arxasına  kiril əlifbası ilə «Laçın» yazılıb.  Belə  məzarlar  adətən  əmanət  məzarı  sayılır. Haçansa  onların nəşini  qaytarıb  doğulduqları  torpaqda basdıracaqlar. 

Necə ki,  26 ildi  Qarabağdan  kənarda  dəfn olunan  bizlərin də məzarı   əmanət  sayılır.  Yəni  haçansa həmin məzarları  Ağdama, Şuşaya,  Kəlbəcərə, Laçına və sair və ilaxır  köçürəcəklər. 

Vaqif Səmədoğlu yazır:

 

Məzarıma 

Nə başdaşı  qoyun,

nə heykəl,

bir cüt ayaqqabı  qoyun,

ayaqyalın  geyib  getsin.

 

Sultan  bəyin məzarının  üstündə də nə başdaşı  var, nə heykəl. Heç bir  cüt  ayaqqabı da yoxdur ki, haçansa Laçın  azad olunanda geyinib gəlsin Laçına. 

Məzar  çox acınacaqlı vəziyyətdədi. Dedim də, başdaşı  yoxdu, başdaşının  yerində bir   kubik var.  Məzarın  üstündəki  torpaq  dağılmasın deyin  ətrafına  daş düzüblər.  Yəni   yerli  əhali deməsə, heç kim  bu məzarın  bu millətin  böyük  oğlu, qeyrətli oğlu, Andronikin  qulağını  kəsən  oğlu Sültan bəyin olduğunu  öyrənə  bilməz.  Mənim maşınımı  sürüb həmin kəndə aparan qarslı balası, Vurğun Əyyubun  ən sevimli  tələbəsi  Aykut  (bütün  ıqdırlılar, qarslılar, ərzrumlular  kimi azərbaycanlı kökənli ) orda təxminən  100-ə qədər  şəkil  çəkdi. Bakıya dönərkən  Gürcüstanda  maşını  bir çayxanada saxlayıb yorğunluğumu  çıxarmaq istərkən,  həmin şəkillərə   baxmaq  üçün  telefonu  açdım.  Mənim də  internetdən,  telefondan  «əla» başım  çıxır.  Nə isə, hansısa  düyməni  basdım, bir anda  bütün  şəkillər   məhv oldu.  Az qaldı  ürəyim partlaya.  Çox istədim geri qayıdıb həmin  kəndə  gedim və şəkilləri yenidən  çəkim. Təbii ki, bunu  edə bilmədim. 

Və bir anlıq  fikirləşdim ki,  yəqin Sultan bəyin  ruhu  istəməyib ki, Azərbaycan xalqı  onun belə bərbad və acınacaqlı qəbirini  görsün. Vallah, o şəkilləri onun  ruhu  pozmuşdu.

Türkiyədə çox gözəl bir qanun  var. Düzdür, mən  bəzən o qanunları qınayıram.  Deməli,  qardaş ölkədə  məzarlar  bir-birindən fərqlənməli deyil, bu bir. İkincisi, bir məzarın üstünü  götürmək  istəyirsənsə həm Türkiyənin Daxili  İşlər Nazirliyindən, həm də Mədəniyyət  Nazirliyindən  icazə  alınmalıdır. 

Yəni  bizdəki kimi, hər kəs  dədəsinin  qəbrinin  üstünə heykəl  yapa bilməz  və ya qara mərmərdən  yüz min dollarlıq nəsə qura bilməz və sair və ilaxır. 

Yəni  hansısa yüksək  dövlət məmurunun, bakanın, ya icra  hakimiyyəti  başçısının dədəsinin qəbri hansısa  bir imkansızın qəbrindən  fərqlənməli  deyil. Təbii ki, həmin şəxs dövlət və millət üçün böyük  önəm  daşımırsa. 

 Vaxtilə  Azərbaycanın  Qarsda Baş  konsulu  işləmiş  Həsən Zeynalov  Kərbəlayi  İsmayılın  Iqdırdakı məzarını   adına layiq götürmək  üçün bir neçə il çalışdı.  Daxili  İşlər Nazirliyi, Mədəniyyət  Nazirliyi ilə az qala  savaşa  çıxdı.  Təbii ki,  Azərbaycan iqtidarı da  Həsən Zeynalova böyük dəstək verirdi. Nəhayət, Türkiyə hökuməti Kərbəlayi İsmayılın  məzarının üstünün götürülməsinə və büstünün qoyulmasına   icazə verdi.  Amma onu da  qeyd edim ki, Həsən Zeynalov  Kərbəlayi İsmayılın  məzarını  abadlaşdırarkən Iqdırdakı  həmin qəbiristanlığı  tam abadlaşdırdı ki,   orda yatanların  əzizləri də  Həsən  Zeynalova  və Azərbaycan  hökumətinə təşəkkür elədi. 

Həsən  müəllimdən  sonra  Qarsda  Baş konsul  işləyən  Ayxan müəllim də  Sultan  bəyin  məzarının götürülməsinə  çox  çalışdı, amma alınmadı. Ya gücü çatmadı, ya da vaxtı.  Bilmirəm,  həmin  məzar yenə  əvvəlki kimidi, yoxsa  yox. Yəqin elə əvvəlki kimidi, yoxsa  qəzetlər (söhbət bizim yox, Türkiyə qəzetlərindən gedir) bunu bizə minnət kimi  manşetlərə  daşıyardılar.

 Azərbaycanı , Bakını rus-erməni  işğalından  azad edən  Nuru  Paşanın şəhid  olmuş  əsgərlərinə  ölkəmizin hər yerində abidələr ucaldılıb.  Heç  uzağa getməyək, Bakı-Şamaxı  yolunda bir türk əsgərinin  məzarı var. 

Mən uşaq  olarkən (onda Bakı-Kürdəmir yolu yoxuydu, maşınların  hamısı  Bakı-Şamaxı  yolu işləyirdi) haçan Bakıya  gələrdiksə  atam maşını həmin  əsgərin  dəfn olunduğu yerdə  saxladardı.  Məzar da yoldan   xeyli uzaqdadı,                 bizi  götürüb  aparardı  məzarın  üstünə.  Bir «Fatihə» surəsi  oxuyardı, sonra  bizə bu məzarın  sahibinin  kim olduğunu  anladardı.   O vaxtdan  bəlkə   60 il  keçir, mən həmişə  o yoldan  keçəndə ailəmlə, balalarımla  maşını  saxlayar, bir «Fatihə» surəsi  oxuyaram.  Sonra  Azərbaycan  hökuməti, daha dəqiq desək, Ulu Öndər  hakimiyyətə gələndən  sonra həmin yerdə bir  mavzoley yaratdı. Təkcə  mən yox, ordan  kim  keçərsə  ya maşınlarını  saxlayarlar, düşüb ziyarət edərlər, ya da ən azı  bir «Fatihə» surəsi  oxuyarlar.  Və Bakıda da Şəhidlər Xiyabanında  böyük bir  abidə  ucaldılıb.

Deyirlər  biz qardaşıq axı, mən də  elə  düşünürəm. Bəlkə də  Azərbaycanda  ən böyük  pantürklərdən biriyəm. Çünki  gözümü   açandan  atam  məni  belə  tərbiyə edib,  mən də övladlarımı  elə  tərbiyə  etmişəm. Yəni doğrudanmı Türkiyə hökuməti  Sultan bəyin  məzarını  götürə bilməz? Ola bilər bu gün Türkiyə  iqtisadi baxımdan bir az çətinlik  çəkir, kardeşim, icazə  verin, necə Kərbəlayi İsmayılın  məzarını  götürtmüşük, Sultan bəyin də məzarını  götürək.  Demirəm  üstünə  ya heykəl qoyaq, ya nə bilim nə, heç olmasa  səliqəyə  salaq.  Ən azı ona görə ki,  bugünki Türkiyənin  qurucusu, bugünki  Türk dövlətinin  banisi  Atatürkün ən yaxın arkadaşlarından  biri  olduğu  üçün. 

Yaxşı,  bunu  buraxdıq  Türkiyənin  üstünə,  onsuz da  həll etməyəcəklər.

Ermənistanda Sultan  bəyin  qulağını  kəsdiyi Andronikin  heykəlini   ucaltdılar.  Həmin  vaxt Sultan  bəyin  Qarsda həmin kənddəki  goru   çatladı.

Yəni  doğrudanmı ölkəmizdə Sultan  bəyə bir heykəl ucaldıla   bilməz?  

Ermənilər  Njdeyə , Andronikə heykəl  ucaldırlar, hətta gedib  Gürcüstanda  bir insan   qatilinə  heykəl  ucaldırlar, biz isə özümüzün  qeyrətli oğullarımızdan biri Sultan bəyə heykəl  demirəm,  Allahın adicə bir  büstünü  qoymuruq. 

Niyə görəsən?  Bəlkə qorxuruq ki,  ermənilərin  xətrinə dəyər?! 

Nə isə…  Amma  onu  bilirəm ki,  Sultan  bəyə  hardasa bir  heykəl qoyulmasa da, Azərbaycan xalqının  qəlbində  onun  çox  böyük  heykəli var. 

Sultan bəy, Laçın  azad olunacaq. Eybi yox,  onda nəşini   Laçına  daşıyarıq, heykəlini də Laçında  ucaldarıq. 

 

Aqil ABBAS

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi