Modern.az

Səudiyyə Ərəbistanının Bakıdakı səfiri: “Xanımlarımız artıq xaricə təkbaşına da səyahət edə bilirlər” - MÜSAHİBƏ

Səudiyyə Ərəbistanının Bakıdakı səfiri: “Xanımlarımız artıq xaricə təkbaşına da səyahət edə bilirlər” - MÜSAHİBƏ

Müsahibə

4 Noyabr 2019, 11:51

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Haməd bin Abdullah bin Səud bin Xudeyr Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Cənab səfir, öncə Azərbaycan haqqında fikir və təəssüratlarınızı öyrənmək istərdik. Ölkəmizə səfir təyin olunmazdan əvvəl Azərbaycan haqqında məlumatlıydınızmı?


- Azərbaycanda səfir olduğum 9 ay müddətində ölkəniz haqqında bir çox müsbət fikirlərim yarandı. Azərbaycanın bir çox dilbər güşələrinə səfərlərim olub və hər birindən xoş təəssüratlarla ayrılmışam. Təbii ki, Azərbaycana səfir təyin olunmazdan öncə ölkəniz haqqında məlumatlıydım. Eşitmişdim ki, bu ölkənin insanları çox gülərüz və qonaqpərvərdirlər. Ölkələrimiz arasında məsafələrin uzaq olmasına baxmayaraq, mədəniyyətimizdə bir çox oxşar cəhətlərin olduğunu yəqin etmişdim və Azərbaycana gəldikdən, bölgələrə səfər etdikdən sonra buna bir daha əmin oldum. Həmçinin, Azərbaycanın zəngin ədəbiyyata malik olduğunu bilirdim və məşhur şair və yazıçıları haqqında eşitmişdim.


- Hansı bölgələrimizə səfərləriniz oldu və o bölgələrimizdən hansı sizcə daha çox inkişaf edib?

- Azərbaycanın Quba, Qəbələ, Şəki, Şamaxı və digər bölgələrinə səfərlərim olub və hər birindən xoş təəssüratlarla ayrılmışam. Azərbaycanın məftunedici təbiətini sevməmək heç cür mümkün deyil. Bölgələr arasında seçim etməyə gəlincə isə elə bilin ki, mənə bir meyvə səbəti vermisiniz və içindən ən yaxşısını seçməyimi istəyirsiniz. Əgər meyvələrin hamısı eyni bir ağacın məhsuludursa, mən onlar arasında heç cür seçim edə bilmərəm. Təbii ki müəyyən qədər fərqlər ola bilər, amma onu deyə bilərəm ki hər meyvənin öz dadı və gözəlliyi olduğu kimi, Azərbaycanın bölgələrinin də hər birinin özünəməxsus gözəlliyi və mətbəxi vardır. Azərbaycanın bölgələrindəki fərqli mətbəxlər və yeməklərindəki nəfis dadlardan yan keçmək və ləzzət almamaq mümkün deyil.



- Azərbaycan mədəniyyəti ilə Şərq və ərəb mədəniyyətləri arasındakı hansı oxşarlıqlar var?


- Əgər biz tarixə nəzər salsaq, Azərbaycanın çox zəngin keçmişə malik olduğunu görərik. Bu zənginlik ədəbiyyatda, tarixdə, mədəniyyətdə müxtəlif cür təzahür edir. Bu mənada Azərbaycanın tarixi kimi, ədəbiyyatında da Şərq mədəniyyətinin təsiri hiss olunur.

Ümumiyyətlə, oxşarlıqlarımız çoxdur. Buna misal olaraq, dilinizdəki ərəb  sözlərinin çoxluğunu göstərmək olar. Müxtəlif elmlərin qarşılıqlı təsiri olaraq, riyaziyyatda, ədəbiyyatda ərəb dilinin və ərəb dilçiliyi qaydalarının çox böyük rolu var. Azərbaycan poeziyası və mədəniyyətində də oxşarlıqlar özünü büruzə verir. Bildiyim qədər, bir neçə böyük Azərbaycan ədibi öz yaradıcılığını ərəb dilində də nümayiş etdirib.

Əlbəttə ki, iki ölkənin mədəniyyəti və incəsənəti arasında da bənzərliklər kifayət qədər çoxdur. Azərbaycan mədəniyyətinə həm Şərq, həm də Qərb mədəniyyətinin zamanla təsiri olub. Lakin buna baxmayaraq, ölkə ərazisində yaşayan insanların əksəriyyətində İslam dininə rəğbət  duyulur. Bu mənada ortaq dinə etiqad göstərməyimiz, ortaq mədəni dəyərlərə sahib olmamıza gətirib çıxarıb. Həmçinin, burada olduğum müddətdə mətbəxlərimiz arasında da bənzərlik olduğunun gördüm. Hər iki millətin ədəbiyyatında olan poeziya nümunələrində, həmçinin musiqilərimizdə, xüsusilə də muğamlarımız arasında bənzərliklər var.


- Səfir olaraq Azərbaycanla bağlı  hansı layihələri həyata keçirmisiniz və ya həyata keçirməyi planlaşdırırsınız?


- Səfir kimi çalışdığım müddət ərzində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bir çox qarşılıqlı səfərlər baş tutub və bunun nəticəsində də bir neçə anlaşma memorandumu, əməkdaşlıq müqavilələri imzalanıb. Bəzi  layihələrimiz var ki, bunlar üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Bir neçə layihələr də var ki, bu layihələr iki ölkə xalqlarını daha da yaxından bir-birinə bağlayır.  Buna misal olaraq, infrastrukturun inkişafına əsaslanan layihələri göstərmək olar.


- Bizdə olan məlumata əsasən, bu ildən etibarən Səuduyyə Ərəbistanı tarixində ilk dəfə turist vizalarının verilməsinə başlanılacaq. Bu məlumatlar doğrudur?


- 2018-ci ildən etibarən ölkəmizdə bu barədə müzakirələr aparılmaqdadır. Bütün ölkələr üçün tətbiq olunmasa da, artıq bir neçə ölkə üçün rəsmiləşdirilmiş turist vizaları var. Hətta turist səyahətləri də başlayıb. Bu növ vizaları verən ayrıca sistem də fəaliyyət göstərməkdədir.  Bu vizalarla ölkəmizə gələn turistlər Səudiyyə Ərəbistanı Krallığında 9 min illik tarixi yerləri, Saleh mədainlərini və s. abidələrimizi gəzə bilərlər.


- Bəs hazırda Səudiyyə Ərəbistanına getmək istəyən əcnəbi vətəndaşlara vizalar hansı istiqamətlərdə verilir? İslam dünyasının müqəddəs torpağı olan Məkkəyə getmək üçün vizaların alınması Azərbaycanda necə həyata keçirilir?


- Hazırda Həcc və Ümrə ziyarəti üçün alınan vizalardan başqa, iş vizaları da var ki, bunu işlə bağlı Səudiyyə Ərəbistanına səfər edən vətəndaşlar alırlar. Ümrə üçün viza almaq istəyənlər Azərbaycanda xüsusi turizm agentliklərinə müraciət etməlidirlər. Həcc ziyarəti üçün alınan vizalarla bağlı isə Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmək lazımdır. İdarə bu işi ən yaxşı şəkildə icra edir.


- Dünyanın ən zəngin ölkələrindən biri olan Səudiyyə Ərəbistanının əhalisi hazırda hansı sektorlarda çalışırlar?


- Hazırda dövlətin əsas sahələri beynəlxalq ticarət, ümumi sənaye, neft sənayesi və kənd təssərrüfatıdır. Səudiyyə Ərəbistanı özünün 2030-cu il vizyonu vasitəsilə səudiyyəli gənclərə (xanımlar da daxil) dövlət və özəl sektorlarda qarşılıqlı əlaqələr quraraq, birgə çalışmağa imkan yaradır.



- Belə fikirlər eşidilir  ki, Səuduyyə Ərəbistanında məhrəm kişilərin (ata, qardaş və ər) müşayiəti olmadan qadınlar çölə çıxa və çalışa bilməzlər. Bu doğrudur?


- Tamamən yalnış fikirdir. Ölkə qanunları xanımların fəaliyyətini məhdudlaşdırmır, əksinə,  uğurlu işlərdə xanımların lehinə olaraq bir çox addımlar atır. Hazırda Səudiyyə Ərəbistanında yaşayan xanımlar müşayiətsiz çölə çıxıb gəzə, alış-veriş edə bilirlər. Xanımlarımız müxtəlif dövlət orqanlarında, o cümlədən parlamentdə də təmsil olunurlar. Hətta bu gün Səudiyyənin ölkə xaricindəki diplomatik orqanlarında xanım səfirlər də çalışırlar.  Həmçinin, hal-hazırda ölkəmizdə xeyli sayda ixtiraçı alimlərimizin məhz xanımlar olması da bizi çox sevindirir. Hətta ölkədə bizneslə məşğul olan və fəaliyyətində xeyli uğurlar qazanan bir çox xanımlarımız var. Xanımlarımız turist və biznes məqsədilə hətta ölkə xaricinə də təkbaşına səyahət edə bilirlər.


- Bəs ölkə ərazisində xanımların maşın sürməsinə icazə verilir?


- Əlbəttə icazə verilir. Bu gün Səudiyyə Ərəbistanında maşın sürən xanım sürücülərimizin sayı az deyil.


- Hazırda Krallıq necə idarə olunur?


- Dövlətin başında iki Müqəddəs Məscidin Xadimi - Kral Salman bin Əbdüləziz Al Səud dayanır, kraldan sonra vəliəhd Şahzadə - Məhəmməd bin Salman Al Səud, sonra Nazirlər Kabineti, sonra parlament və digər nazirliklər var ki,  hər biri vahid bir məqsəddə birləşirlər: Səudiyyə Ərəbistanı xalqına xidmət etmək…


- Xarici mediada yazılmışdı ki, Səudiyyə Ərəbistanında kinoteatrlar fəaliyyət göstərmir və əcnəbi filmlərin nümayişi qadağandır...

- Xeyr. Yalnış məlumatdır. Səudiyyə Ərəbistanında bir çox kinoteatr fəaliyyət göstərir. Kinoteatrlarımızda yerli istehsal olun filmlərimizlə yanaşı, əcnəbi filmlər də nümayiş etdirilir.  Dinə və Səudiyyə adət-ənənələrinə qarşı olmaması şərti ilə əcnəbi filmlərin nümayişiylə bağlı kinoteatrlarımıza heç bir qadağa yoxdur.


- Cənab səfir, Azərbaycan xalqına ünvanlamaq istədiyiniz hansı sözləriniz var?

- Mən Səudiyyə Ərəbistanına qardaş olan Azərbaycana daim üçrəngli bayrağını zirvələrdə dalğalandırmağı arzu edirəm. Müstəqillik ən böyük nemətdir və qardaş Azərbaycan xalqına yumruq təki birləşərək, ən yüksək şəkildə müstəqilliyinizi və suverenliyinizi qorumağı arzu edərdim. Azərbaycana və Azərbaycan xalqına iki Müqəddəs Məscidin xadimi- Kral Salman bin Əbdüləzizin, Səudiyyə Ərəbistanı Krallığının Höküməti, xalqı və öz adımdan Uca Allahdan sağlam və xoşbəxt günlər, firavan həyat arzu edirəm.



Leyla ŞAH

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır