Modern.az

“Bəzi hallarda itkin düşənlərin öldürüldüyü məlum olur” - Kriminalist

“Bəzi hallarda itkin düşənlərin öldürüldüyü məlum olur” - Kriminalist

4 Noyabr 2019, 13:32

Daxili İşlər Nazirliyinin (DIN) yaydığı rəsmi məlumatlara görə, bu il 90 nəfər şəxs müxtəlif şəraitdə itkin düşüb. İktin düşənlərdən 52 nəfəri qadınlar, 38 nəfəri kişilərdir. Həmçinin, itkin düşənlərin əksəriyyəti azyaşlılar, gənclərdir. Rəsmi məlumatalara görə, onların çoxu bölgələrdə evini tərk edib izini itirmək üçün Bakıya üz tutan qadınlardır. Bakıda isə itkin düşənlər arasında azyaşlı uşaqlar və gənclər üstünlük təşkil edir. İtkin düşmə ilə bağlı axtarışa verilənlərdən cəmi 2 kişinin meyiti tapılıb. Onu da qeyd edək ki, rəqəmlər rəsmi məlumatlardan götürülüb.

 

Dinc dövrdə itkinlərin olması nədən xəbər verir?

 

Kriminalist Mahmud Hacıyev məsələ ilə bağlı Modern.az-a bildirib ki, itkinlər həmişə olub:

 

“Mən illər əvvəl də daxili işlər orqanlarında işləmişəm. Bu, daxili işlər orqanlarının əməliyyat xidmətlərinə aid olan hissədir. İtkin düşənlərlə cinayət axtarışı əməliyyat xidməti məşğul olur. Bəzi insanlar xəbərsiz gedir, ətrafına, yaxınlarına bu barədə bildirmir. İtkinlik obyektiv və subyektiv səbəblərdən olur. MDB ölkələrilə müqayisədə Azərbaycanda itkin düşənlərin sayı qat-qat azdır. Rusiyada, Ukraynada çoxdur, çünki onlar böyük ölkələrdir.

 

Bəzən ailə üzvləri arasında müəyyən konflikt olanda biri digərini narahat etmək üçün xəbərsiz olaraq evi tərk edir. Axtarışlardan sonra məlum olur ki, ailədaxili narazılıqlardan dolayı evi, rayonu tərk edib gedib.

Müstəqillik əldə ediləndən sonra sərhədlər açıldı, insanlar İrana, Türkiyəyə, Rusiyaya gedir və qayıtmır. Sonra da polis oranlarına müraciət edirlər ki, yaxını itkin düşüb”.

 

Kriminalist itkin düşdüyü ehtimal olunanların hansısa cinayətin qurbanı olması faktlarını da istisna etməyib:

“İtkin düşməklə əlaqədar yaxınlar, doğmalar ərazi polisinə müraciət edibsə, itkin düşmə ilə bağlı axtarış elan olunur. İş iki hissədən ibarət olur: məxfi hissə və ümumi hissə. Axtarış işi gedir, əməliyyat xidməti müəyyən işlər görür, əməliyyat tədbirləri keçirir. Axtarış işini prokurorluq orqanları 3-4 aydan bir təhlil edirlər. Təhlil zamanı itkin düşmə ilə bağlı axtarış işinin qəsdən adam öldürmə, yaxud insan oğurluğu olduğu aşkarlanır və bu istiqamətdə cinayət işinin açılması ilə nəticələnir. Bəzi hallarda itkin düşənlərin öldürüldüyü məlum olur. Mənim özümün də təcrübəmdə olub ki, itkin düşmə ilə bağlı son 5-10 il əvvəl açılmış axtarış işində sanki itkin düşənin “səsi gəlir”. Hiss edirsən ki, bu, ölüm faktına daha çox oxşayır, nəninki itkin düşməyə. İtkin düşmə faktı əməliyyatçı tərəfindən peşəkarcasına açılıbsa və peşəkarcasına əməliyyat-axtarış tədbirləri həyata keçirilirsə, vərəqləyəndə bunu duyursan ki, bu, cinayətdir. Təcrübədə belə hallar çox olub. İndi də var, gələcəkdə də olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır