Modern.az

“Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsl xəstəlik mənbəyidir” - Deputat həyəcan təbili çaldı

“Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsl xəstəlik mənbəyidir” - Deputat həyəcan təbili çaldı

20 Noyabr 2019, 19:41

"Ölkədə 2 mindən artıq səhmlərində dövlətin payı olan kommersiya müəssisələri mövcuddur ki, onların heç biri dividentdən büdcəyə bir manat da vəsait ödəmirlər. Dividentlərini gizlədirlər və illərdir kimsə onlara bir söz də söyləmir. Büdcəni doldurmaq istəyiriksə, ilk öncə bunlardan başlamalıyıq. Necə olur ki, sadə insan gəlirinin bir manatını belə vergidən gizlədə bilmir, bu iki min müəssisə rahatlıqla bəyan edir ki, heç bir gəliri olmayıb? Araşdırın baxın, əksəriyyətinin komfortu da, maaşı da yerində. Sadəcə imtiyazları olduğu üçün arxayındırlar ki, dəyib toxunan olmayacaq. Bu fakt barədə Hesablama Palatasının rəyində də qeyd olunub".

 

Modern.az-ın məlumatına görə, bu barədə deputat Fazil Mustafa bu gün Milli Məclisdə komitələrin birgə iclasında keçirilən büdcə müzakirəsində çıxışı zamanı bildirib.

 

O, həmçinin qida təhlükəsizliyi ilə bağlı da məsələ qaldırıb.

 

"Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsl xəstəlik mənbəyidir. Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir. Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır. Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar. Südün tərkibi də çox vaxt təmiz olmur. İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik. Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq", - deyə deputat bildirib.

 

F.Mustafa istehsalın təşviqi ilə bağlı məsələyə də toxunub:

 

"Bu gün əgər biz toxuculuq müəssisələri üçün ölkədə emal olunan pambıq satışından kvota ayıra bilmiriksə, bu sənaye sahəsini inkişaf etdirə bilmərik. Onlar xammalı xarici ölkələrdən valyuta almağa məcbur olurlar və bu da istehsal prosesinə mənfi təsir göstərir".

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...