Modern.az

Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL

Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL

Media

23 Noyabr 2019, 03:35

Bu günlərdə jurnalist Əntiqə Rəşid Aslanova uzun illərdir çalışdığı “Qarabağ” qəzetindən işdən çıxarılıb. Jurnalist yaydığı açıqlamada bildirib ki, noyabr ayının 3-də öz Facebook səhifəsində ölkə başçısına Qarabağla bağlı müraciət etdikdən sonra, çalışdığı “Qarabağ” qəzetinin redaksiya rəhbərliyi tərəfindən ona təzyiq göstərilib.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 

“Baş redaktor Çingiz İsmayılov, redaktor Salman Alıoğlu və digər iş yoldaşım cinayət işlətmişəmmiş kimi, “sən niyə Prezidentə müraciət etmisən”, - deyə sərt sözlərlə mənə hücuma keçdilər. Çox söz-söhbətdən sonra bildirdilər ki, “ya müraciətini və Facebook səhifəni siləcəksən, bizdən də üzr itəyəcəksən, ya da ərizə yazıb işdən çıxacaqsan, əks halda kollektivin iclasını çağırıb protokol tərtib edib səni o şəkildə işdən qovacağıq”. Mən heç bir günah işlətmədiyimdən, nə ərizə yazdım, nə də səhifəmi sildim. Həmin gün qəzetin kollektiv iclasını çağırıb, əllərində heç bir hüquqi əsası olmadan protokol tərtib edib məni işdən çıxartdılar. Beləcə, ayda cəmi 240 manat maaş aldığım işimdən azad edildim. 15 ildir canla-başla çalışdığım iş yerimdən bir qələmdə silindim”, - jurnalist qeyd edib.



Ə.Rəşidin Modern.az-a bildirdiyinə görə, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir və bədənində 22 qəlpə daşıyır. İşləmək qabiliyyətindən məhrumdur: “Bir övladımız var, evə çörək aparan yeganə mənəm. Bunu “Qarabağ” qəzetinin rəhbərliyi və kollektivi çox yaxşı bilir”.
 

Ə.Rəşid Mətbuat Şurasına müraciət ünvanlayıb, qurumdan işə bərpası üçün kömək istəyib.

Ə.Rəşid deyib ki, müxtəlif mətbu orqanlarda yazdığı məqalələrdə ölkə  Prezidentin fəaliyyətini təqdir edib: “Məsələn, zirzəmi və yataqxanalarda şəraitsiz məkanlarda məskunlaşan köckünlərə verilən yeni evlərdən, Qarabağ əlillərinə göstərilən qayğıdan yazmışam. Həyat yoldaşım da Qarabağ əlilidir və o da, məhz Prezidentin sərəncamı ilə evlə təmin olunub, biz ailəlikcə dəfələrlə Prezidentə öz təşəkkür və minnətdarlığımızı bildirmişik...”.

“Əgər mən baş redaktor Çingiz İsmayılovun dediyi kimi, Facebook səhifəmdə hansısa məmuru təhqir və ya tənqid etmişəmsə, məni buna görə cəzalandırmaq onun vəzifəsi deyil ki. Təhqir etdiyim məmur, əgər doğrudan da elə bir insident olubsa, məni coxdan məhkəməyə verə bilərdi. Baş redaktorun məni işdən cıxarmaq haqqında əmrini oxuyandan sonra ortada məlum olmayan bir qərəzin, eyni zamanda hüquq tapdalanmasının şahidi oldum”, - deyə o vurğulayıb.


“Ayna.az” saytı Ə.Rəşidin fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəflə - “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovla əlaqə saxlayıb.


Ç.İsmayılov deyib ki, “Qarabağ”ın əməkdaşı Əntiqə Rəşidqızı öz fəaliyyətində qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə və internet resurslarında dövlət başçısının komanda üzvlərinə qarşı təhqiramiz ifadələrə, redaksiyanın icazəsi olmadan, müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşdığına görə tutduğu vəzifədən azad edilib.

Sayt baş redaktordan jurnalistin işdən çıxarılması ətrafında yaşanan qalmaqal fonunda "Çingiz İsmayılovun anası ermənidir", "O, erməni əsilli olduğu üçün, qəsdən belə mövqe qoyur" kimi iddialara da cavab istəyib. 

Baş redaktor erməni əsilli olmasıyla bağlı suala belə cavab verib: “Birincisi, anaların milliyəti olmur. Allahın bu dünyada yaratdığı millətlərin - erməninin, azərbaycanlının, gürcünün, rusun və s. yaradıcısı Allahdır. Allah səni necə bilirsə, qəbr evinə də elə gedirsən”.

 

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, “Qarabağ” qəzetinin əməkdaşı Əntiqə Rəşid Aslanovanın müraciəti bu quruma daxil olub. O qeyd edib ki, prosedura uyğun olaraq, müraciət öncə Şura Katibliyində araşdırılıb:

"Katiblikdən mənə verilən bilgiyə görə, “Qarabağ” qəzetinin baş redaktoru və təsisçisi ilə telefon əlaqəsi saxlanılıb, baş vermiş hadisə onlarla müzakirə edilib. Prosedura uyğun olaraq, katiblik tərəfindən məsələ üzrə Mətbuat Şurasının Şikayətlər Komissiyasına məruzə ediləcək. Məsələ Komissiyanın iclasında müzakirə edildikdən sonar müvafiq rəy elan ediləcək. Öncədən nə isə demək mümkün deyil, müvafiq rəyin verilməsi Komissiya üzvlərinin səlahiyyətindədir".

M.Ələsgərlinin sözlərinə görə, planda dəyişiklik olmazsa, MŞ Şikayətlər  Komissiyasının iclası 27 noyabrda keçiriləcək:

"Qaydaya uyğun olaraq, həm şikayətçi, həm də şikayət olunan şəxslərin iclasda iştirakı təmin ediləcək, mövqeləri dinlənilərək nəzərə alınacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı