Modern.az

Kanadada “Qarabağ” klubu yaradan azərbaycanlı: “Bu ölkəyə gəlmək planım yox idi” - MÜSAHİBƏ

Kanadada “Qarabağ” klubu yaradan azərbaycanlı: “Bu ölkəyə gəlmək planım yox idi” - MÜSAHİBƏ

26 Noyabr 2019, 15:52

Kanadanın Vaterloo Universitetinin məzunu, Torontoda süni intellekt üzrə konsaltinq şirkətinin təsisçilərindən biri, eyni zamanda “Qarabağ” futbol klubunun yaradıcılarından olan Turqut Cabbarlı uğur hekayəsi haqqında Diaspor FM-ə danışıb. Modern.az saytı onunla müsahibəni təqdim edir.

Turqut Cabbarlının 27 yaşı var, Naxçıvanda dünyaya gəlib, Bakıda Özəl Türk Liseyini bitirib və 2009-cu ildə Kanadanın Vaterloo Universitetinə təhsil almağa gedib.


- Universitet seçiminizdən başlamaq istərdim, Vaterloo Universitetinə müraciətinizin səbəbi nə oldu?

- Əslində nə mənim, nə də ailəmin Kanadada təhsillə bağlı hər hansı planı yox idi. Mən liseydə bərabər oxuduğun sinif yoldaşlarımla birgə ali təhsil almaq üçün İngiltərəyə getməyi planlaşdırırdım. Təsadüfən atam Təhsil Nazirliyində olarkən ona deyilib ki, Vaterloo Universitetinin azərbaycanlı professoru bizim ölkədən 5 tələbə üçün yer ayırıb. Atam bir imkan olduğunu deyəndə Kanada, Vaterloo Universiteti haqqında hər hansı məlumatım olmamasına baxmayaraq, düşünmədən razılaşdım. Orada azərbaycanlı professorun çalışması, ayrılan yerlərin isə riyaziyyat fakültəsində olması və dövlət tərəfindən maliyyələşdirilməsi bizə çox cəzbedici gəldi. Beləlilə, 2009-ci ildə biz Kanadaya getdik,  mən Vaterloo Universitetində riyaziyyat və biznes üzrə ixtisaslaşdım. 2014-cü ildə bu proqramdan məzun olduqdan sonra iki il data elmlərinə dair araşdırmalar şirkətində işlədim, sonra isə süni intellektlə bağlı fəaliyyətə başladıq.


- Vaterloo Universitetindəki haqqında danışdığınız professor İlham Axundovdur?

- Bəli, Vaterloo Universitetində 60-70 azərbaycanlı tələbə varsa, onların əksəriyyəti İlham müəllimin böyük əməyi ilə ora gəlib. Onun fəaliyyəti, azərbaycanlı tələbələrin yüksək nəticələri təhsil ocağında Azərbaycana və azərbaycanlı gənclərə böyük maraq yaradıb. İlham Axundovun bu istiqamətdə gördüyü işlər bizim üçün nümunədir,  onunla ünsiyyətimiz hələ də qalır, yəqin ki, İlham müəllim olmasaydı, bizim üçün Kanada hekayəsi heç vaxt başlamayacaqdı.


- Dediniz ki, azərbaycanlı gənclər yüksək nəticələr göstərir. İstərdim ki, azərbaycanlı tələbələrlə orada yerli və ya müxtəlif ölkələrdən gəlmiş gəncləri müqayisə edəsiniz. Azərbaycanlı gənclər onlardan çoxmu fərqlidir?


- Kanadada doğulub böyüyən, təhsil alan, bir neçə nəsil orada yaşayan insanlar çox rahatdılar. Deyərdim  ki, bizdəki həyatla bağlı aclıq, mübarizə hissi onlarda yoxdur. Bu səbəbdən biz yan-yana gələndə dərhal o enerji, istək hiss olunur və bu fərq görülən işlərdə də özünü büruzə verir.  Vaterloo, eləcə də digər universitetlərdən məzun olan azərbaycanlı tələbələr hazırda hər biri öz sahəsində ciddi sayılan şirkətlərdə uğurla çalışır. Onların müəyyən hissəsi startaplar, müəyyən hissəsi araşdırmalarla məşğuldu. Hətta bir çoxunun araşdırmaları böyük banklarda tətbiq olunur. Son 10 ildə Kanadada bizim əlaqədə olduğumuz azərbaycanlı gənc nəsli çox uğurlu sayıram və növbəti 10 ildə artıq onların sədası Bakıya daha çox gələcək. Getdikcə, bu gənclər daha qərarverici mövqelərə yüksəlir, onların qərarlarının, görüdüyü işlərin həm Kanada, həm də Azərbaycanda səs salacağına inanıram.



- Xaricdə uğur qazanmış azərbaycanlı gənclərin gələcəkdə ölkəmizə qayıdıb biliyini, təcrübəsini burada tətbiq etməsi nə qədər real ola bilər?


- Mən öz işlərimlə bağlı deyə bilərəm ki, biz artıq bu fəaliyyətə başlamışıq. Bakıda olduğumuz müddətdə bir sıra şirkətlər, banklarla əlaqə qurub onları çalışdığımız ən son texnoloji yeniliklər barədə məlumatlandırırıq. Mənim tərəfdaşım, bizimlə çalışan gənclərin hər biri bu sahədə Kanadada ən yaxşı professorlardan dərs alıb, onlarla işləyib, araşdırma aparıblar ki, bu da çox az insana nəsib olur. Ona görə biz orada əldə etdiyimiz bilik və təcrübəni Azərbaycanda da tətbiq etməyə, bura üçün faydalı olmağa çalışırıq. Çünki kadr çatışmazlığı nəinki Azərbaycanda, bütün dünyada ciddi problemdir. Hazırda təkcə Kanada yox, Çin, ABŞ, Avropa ölkələri bu istedadları axtarıb tapmaq üçün böyük çərtinliklərlə üzləşirlər. Azərbaycanın ən ucqar kəndində belə olsa, həmin şirkətlər bu insanları taparaq, üzə çıxarmaq istəyir. O ki qaldı, azərbaycanlı gənclərin Azərbaycana qayıtmasına, düşünmürəm ki, Vətənə faydalı olmaq üçün mütləq Azərbaycana köçmək lazımdır. Oradakı uşaqların hər bir müsbət işi yalnız bizim öz adımıza deyil, Azərbaycan adına da böyük uğurdur. Biz siyasətçi deyilik ki, hər gün ölkənin təbliğatı ilə məşğul olaq. Biz gördüyümüz işlərlə, göstərdiyimiz rəftar, qurduğumuz əlaqə və münasibətlərlə bu təbliğatı səssiz, amma daha effektiv şəkildə aparırıq. Və bunu heç kəs də planlı şəkildə etmir. Sadəcə, hər kəs özünün bacardığı ən yaxşı işi görərək, buna nail olur.


- Sizin çevrənizdəki kanadalılar üçün Azərbaycan adı nə deməkdir? Azərbaycan deyəndə onların təsəvvüründə necə bir ölklə canlanır?


- Bizim çevrəmizdəki insanlar Azərbaycanı artıq tanıyır. Ümumiyyətlə, Kanadada böyümüş insanlar nəinki Azərbaycanı, bu regionu az tanıyırlar. Bu da onların təhsil sistemindəki boşluqlarla bağlıdır ki, əslində normal qəbul edilən hal deyil. Onlar elə bilir ki, dünyada bir Kanada və bir də Amerika var. Avropanın və Asiyanın istənilən ölkəsindən gəlmiş insanlar isə Azərbaycan haqda məlumatlı olur. Kimi futbolla maraqlandığı üçün “Qarabağ” klubuna görə, kimisi “Formula 1”ə görə, başqa biri Lütfi Zadəyə, digəri SOCAR-a görə tanıyır. Yəni tanınma səbəblərimiz çoxdur və artıq elə bir yerə gəlib çatıb ki, hər hansı kanadalı ilə tanış olduqda deyir "mən Azərbaycanı tanıyıram, hətta azərbaycanlı dostum var" və belə hallarla getdikcə daha çox qarşılaşırıq. Bir vaxt düşünürdüm ki, Torontoda hər bir azərbaycanlını tannıyıram, amma artıq belə bir iddiam yoxdu, mümkün də deyil. Son vaxtlar hər cür təbəqədən, hər yaşda olan çox sayda soydaşımız Kanadaya köçüb və artıq burada çox böyük azərbaycanlı icması yaranmaq üzrədir.


- Kanadadakı Azərbaycan icmasının fəaliyyətini necə qiymətləndirirsiniz?


- Orada fərqli yaşda, fərqli vaxtlarda gələn insanlar olduğu üçün qruplaşmalar var və bu da qaçılmaz bir haldır. İstənilən ölkənin icması belə qruplaşır, hər kəs öz marağına görə insanlarla münasibət qurur. Mənin əsasən gənclərlə ünsiyyətim var, çünki birlikdə təhsil almışıq, marqlarımız üst-üstə düşür, oxşar işlərlə məşğuluq. Amma Azərbaycanla bağlı tədbirlərdə yaşından, məşğuliyyətindən və digər amillərdən asılı olmayaraq, kəs iştirak edir. Çox maraqlıdı ki, oradakı hər bir azərbaycanlı bir-birilə ünsiyyət qurmağa can atır. Bu hal tək bizə yox, çinliyə də, avropalıya da, amerikalıya da məxsusdur. Çünki insan öz dəyərlərini anlayan, tanıyan, isti münasibət göstərən adamlarla tanış olmağa ehtiyac duyur. Biz Vaterloo Universitetinə üç dost olaraq getmişdik və mənim dördüncü dostum da azərbaycanlı oldu. Düşünürəm ki, bu təsadüfi deyil və bunu dəyişmək bizim gücümüz xaricindədir.


- Oradakı azərbaycanlıların bir-biri ilə sıx ünsiyyəti onların yerli cəmiyyətə inteqrasiyasına mane olmur ki?


- Əlbəttə, müəyən bir yaşdan sonra istənilən yerə inteqrasiya olmaq, iş tapmaq, sistemə qoşulmaq çox çətindir. Çünki Kanadada da insanlar şəxsi münasibətlərə çox üstünlük verir. Sən şəxsən birini tanımırsansa, ona güvənmirsənsə, onunla iş görməyin, münasibət qurmağın yetəri qədər çətindir. Yəni biz burada tanışlıq deyirik, onlar orada “referans” deyirlər. Məncə, bütün dünya bu çarxda işləyir: insanlar birinə güvənmədən addım atmaq istəmir ki, bu da anlaşılandı.


- Kanadada yaratdığınız “Qarabağ” futbol klubu haqqında danışardınız. İdeya necə meydana çıxdı, məqsədiniz, hədəfləriniz nədir?


- Bu komandanı ilk dəfə tələbə olarkən Vaterloo Universiteti nəzdində yaratdıq, yarımfilallara, finallara çıxdıq, amma təəssüf ki, çemion ola bilmədik. Universitetdən sonra isə hər kəs öz işilə  məşğul olmağa başladı və komanda dağıldı. Keçən yay biz yenidən yığışdıq, həm futbol oynayıb stress atırdıq, həm da hal-əhval tuturduq. Elə orada qərara gəldik ki, belə bir komanda quraq. İlk mövsümdə komandamızın bütün üzvləri istisnasız azərbaycanlılar idi və qeyri-peşəkar olsaq da, hamı bir-birini tanıdığı üçün çox zövq alır, həftənin hər beşinci gününü səbirsizliklə gözləyirdik. Amma teziklə başa düşdük ki, yaxşı nəticə üçün komandamızı gücləndirməliyik ki, bu da ancaq yerliləri komandaya cəlb etməklə mümkündür. Bundan sonra həqiqətən də nəticələrimiz yüksəlməyə başladı.
Sonra qərar verdik ki, artıq gördüyümüz işləri tanıdaq. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq, dərhal bizə reaksiya verdilər və bunun nəticəsi olaraq biz “Qarabağ” klubundan formalar aldıq. Biz o formalarla elə ilk rəsmi mövsümdə çempon olduq. Hədəfimiz gələn sezon üst diviziyaya keçib çempion olmaq, bununla da komandamızı bütün şəhərdə tanıtmaqdır. Eyni zamanda, bizim bu istiqamətdə hədəfimiz “Qarabağ” komandası adı altında akademiya quraraq Kanada liqasında iştiraka nail olmaqdır. Kanada liqasında serblərin, ukraynalıların və digər millətlərin komandaları peşəkar şəkildə rəqabət aparır. Düşünürəm ki, buna nail ola bilsək, “Qarabağ” klubunu bütün Kanadada tanıtmış olarıq. Çünki futbol insanları öz çətiri altında asanlıqla birləşdirən maraq dairəsidir ki, bu səbəbdən fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq. Hər halda Azərbaycanın “Qarabağ” klubu ilə də əlaqə saxlayıb bu işlər planlaı şəkildə həyata keçirmək daha məqsədəuyğun olar.


- Təşəkkür edirik, vaxt ayırıb studiyamıza gəldiniz və bizə müsahibə verdiniz.


- Bu haqda danışmaq xoşdur. Ümid edirəm ki, bizim hekayəmizi dinləyənlər yaşadıqları yerlərdə eyni işləri görə bilərlər.



E.Xəlilova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər