Arxiv
15 mart 2012, 21:49 | AKTUAL
Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri: “O türkün alicənablığına yaraşan şüar olmadı” - MÜSAHİBƏ

Necdet Ünüvar: “Azərbaycan mətbəxində  göyərtiləri çox sevdim, yeyəndə onların təbii dadını hiss etmək olur” 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun suallarını  bu dəfə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar cavablandırıb.

- Necdet bəy, sizin haqqınızda internet saytlarda oxumuşuq, amma sizin dilinizdən eşitmək istərdik Necdet Ünüvar kimdir? Özünüzü necə təqdim edərsiniz?

- Mən 6 iyun 1960-cı ildə  Adana  Ceyhanda   anadan olmuşam. Mersində məktəbi, Ərzurumda da гniversiteti bitirmişəm. İki ixtisasım var- biri daxili xəstələliklər, o biri endokronoloji. 2001-ci ildə  Ərzurumda professor adını qazandım, 2002–ci ildə səhiyyə nazirinin müşaviri vəzifəsində işləməyə başladım. Beş il bu vəzifədə çalışdığım müddətdə səhiyyə sahəsində çox önəmli işlər gördük. 2007 və 2011-ci illərdə Adana millət vəkili seçildim və hazırda da bunu işi davam etdirirəm.  İxtisasıma görə səhiyyə, bundan başqa qadın-uşaq siyasəti ilə çox yaxından maraqlanıram.  Məclisdə  siqarət, içki, narkotik  asılılığı ilə bağlı yaradılan komissiyaların rəhbəri olmuşam. Bu barədə 700 səhifəlik rapor da hazırlamışıq. Eyni zamanda da beş  aydır ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbərliyini edirəm.  Bu mənim arzum idi.  Çünki Azərbaycan Türkiyənin ürəyinin bir hissəsidir. Azərbaycanın Türkiyə üçün belə xüsusi önəmi var, Belə qənaətə gəldim ki, Türkiyə ilə Azərbaycan arasında daha yaxın dialoqlara ehtiyac var.
Ьən iki hadisəni xüsusilə qeyd etməliyəm. Fransa Senatında “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi ərəfəsində Azərbaycan həqiqətən Türkiyəyə çox önəmli dəstək verdi. Amma Azərbaycan bu dəstəyi verərkən bunun  tək Türkiyənin deyil, özünün də problemi olduğunu ifadə etdi. Bir neçə həftələr öncə Xocalı soyqırımını anma mərasimi ilə bağlı Türkiyə də çox böyük aktivlik nümayiş etdirdik. Orda da biz Xocalıdakı hadisəni sadəcə Azərbaycanın problemi kimi görmədik. Türkiyədə hər kəs Xocalını öz problemi kimi gördü.  
Beş  aylıq təcrübəm bunu deyir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, gediş-gəlişlər, danışıqlar tez-tez olmalıdır. Baxın, bir ay içində iki hadisə oldu. Birisi Türkiyə baş naziri  Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyənat son dərəcə önəmli idi. Hər bir ifadəsi dostluğumuzu, qardaşlığımızı möhkəmlətməyə xidmət edirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin TRT –yə verdiyi müsahibə də eyni dərəcə də önəmli idi. Hər ikisində də ortaya çıxan nəticə budur ki, Türkiyə və Azərbaycan bir- birindən ayrılmaz iki parçadır. Yəni ətlə dırnaq kimidir.  Bu mesajı bizim hər birimizin anlaması və qəbul etməsi lazımdır. 

- Sizcə, türklər arasında hamımız xocalılıyıq deyənlər çoxdur yoxsa hamımız erməniyik  deyənlər?

- Məncə, bunu qarışdırmaq lazım deyil. Taksim meydanındakı yürüşdə  50 mindən çox insan iştirak edirdi. Onlar türkə yaraşan şəkildə,  alicənablıqla əllərində Türk və Azərbaycan bayraqları ilə, sloqlanlarla Xocalıda şəhid olan şəhidlərimizi andılar. Bu əslində bütün dünyaya verilən  önəmli bir mesaj idi. Bundan başqa qeyd edim ki, Türkiyədə 70 mindən çox məscid var. 24 fevral tarixində bütün məscidlərdə xütbələrdə Xocalı anıldı – “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində 26 fevral 1992-ci il tarixində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik” deyildi. Mənə bir çox insanlar Xocalı hadisələrinin yeni olduğu barədə suallar verdilər. Bilirsiniz, insanlar həyatlarında bir acını yaşar, əsl acını yaşayan insanlar bunu heç unutmazlar, amma acını uzaqda hiss edənlər, eşidənlər unuda bilər və  bir qisminin də heç xəbəri olmaya bilər. Əgər Türkiyədə sorğu aparılsa, 90 faiz əhali “Azərbaycan Türkiyənin qədim dostudur, qardaşıdır” fikrini  dəstəkləyər. “Amma Xocalı nədir” sualına verilən cavab o qədər faiz göstəricisi toplamaya bilər. 
Bir daha təkrar edirəm, məscidlərdəki xütbələrdən sonra hamı soruşurdu – “ Xocalı yenimi oldu?”,  “Bəs biz niyə bu vaxta qədər bilməmişik?” . Ona görə bilməyiblər ki, biz insanların aldığı məlumat qaynaqlarına bu  vaxta qədər xitab etməmişik. Bəzi insanlar televizordan, bəziləri yazılı mətbuatdan, bəziləri internetdən, bəziləri radiodan, bəziləri də cümə namazına gedən insanlar kimi xütbədən məlumat alırlar.  Dolayısı ilə biz bu il bəlkə də o çatışmamazlığı  düzəldə bildik. Nəzərə alsaq ki, Türkiyədə cümə namazı qılan insanların faiz göstəricisi 70 -80 faiz təşkil edir , demək bu ciddi rəqəmdir.  Bundan başqa bəzi insanlar  Xocalı haqda məlumatı toplantı, simpoziumlarla öyrəndi.  Bəzi bələdiyyələrdə  parklar açdılar. Türkiyə Böyük Millət Məclisində, Xarici İşlər Nazirliyində Xocalı ilə bağlı sərgi təşkil olundu.  Taksimdən başqa  bir çox yerlərdə  yürüşlər həyata keçirildi. Ankara metrosunda sərgi açıldı. O şəhərdə olan əksər insanlar bu vasitə ilə məlumatlandı. Bütün gördüyümüz işlər cəmiyyətə Xocalı faciəsi haqda məlumat verməyə xidmət edirdi. Niyə bu günə qədər olmadı? Oldu, amma ola bilər az oldu. Lakin bundan sonra daha geniş həcmdə olacaq.  Ona görə hesab edirəm ki, bu müqayisəni aparmaq doğru deyil.

- Necdet bəy, zaman–zaman Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrini pozmağa çalışan qüvvələr peyda olur. Bu zaman daha incə mətləblərdən istifadə etməyə başlayırlar. “Türkiyə Xocalı soyqırımını niyə tanımadı?” , “Azərbaycan PPK-nı niyə terrorçu təşkilat kimi tanımadı?”  və s. bu səpkili nüanslar qabardılır.  Biz necə etməliyik ki, bu bölgədə qardaşlıq münasibətlərini pozmağa cəhd edənlərin planları boşa çıxsın?


- Mən beş aydır ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəriyəm. Məndən öncəki qrupun üzvləri də çox gözəl işlər görmüşdülər.  Qrup rəhbəri kimi ilk dəfə yanvarın 18-də Bakıya gəldim. Burda Prezident İlham Əliyev, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədovla, Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovla, Allahşükür Paşazadə ilə  və  media nümayəndələri ilə görüşdük. Türkiyə səfiri Hulisi Kılıç elə gözəl proqram qurmuşdu ki, hər kəslə tanışmaq imkanımız oldu və  Fransadakı qanunu müzakirə etmək adına vacib  addımlar atdıq.  Bu addımları aramızdakı dostluğu, qardaşlığı daha da sıx bağlarla bir- birinə bağlamaq üçün atırıq.  Amma əlbəttə, ölkələrimizin  arasını vurmağa çalışan fitnəkarlar da az deyil. Baxın,  hətta elə gözəl təşkil olunmuş Taksim meydanındakı yürüşdə belə bir insanın əlində tutduğu bir plakat səhəri gün bəzi  qəzetlərin  baş səhifələrində yer aldı. O plakatdakı şüarı  dəstəkləmirəm və məncə, bu  türkün alicənablığına yaraşan şüar deyil. Türk heç bir millətə küfr etməz. Amma bəzi  media qurumları onu baş səhifə edib, yalnış fikir oyatdılar. Halbuki , bir plakat... Bizim bunlara qarşı çox diqqətli yanaşmamız  lazımdır. Aramızdakı dostluğu, qardaşlığı belə kiçik məsələlərlə zədələməməliyik. Əlbəttə, hər bir ölkənin özünə görə həssas olduğu nöqtələr var və buna da çox hörmətlə yanaşmaq lazımdır. Ona görə də ölkələrarası münasibətlər bir çox faktorlara bağlıdır. İki il əvvəl Türkiyə Birləşmiş Millətlərin Güvənlik Şurasının müvəqqəti üzvi idi, indi isə Azərbaycan bu mövqedədir. Mən Azərbaycan adına çox sevinirəm. Əgər bir azərbaycanlı dünya çempionatında mübarizə aparırsa, sanki mənim idmançım kimi onu dəstəkləyirəm.  Bir sözlə, Türkiyə ilə  Azərbaycanın qarşılaşmadığı hər oyunda mən ürəkdən Azərbaycanı dəstəkləyirəm. Azərbaycanın da ürəkdən Türkiyəni dəstəklədiyini bilirəm. “Avroviziya 2011” musiqi yarışmasında Azərbaycanın qalibiyyəti elan olunan zaman  iştirakçıların əlindəki türk bayrağı ilə Azərbaycan bir daha  hamımızın ürəyini fəth etdi. Ona görə aradakı kiçik anlaşılmazlıqları da qardaşlıq çərçivəsində həll etməliyik. Dostluq və qardaşlığımızın da  gərəyi budur.

- Türkiyə - İsrail münasibətlərinin gərgin olduğu dönəmdə sizcə,  Azərbaycan bu sferada  vasitəçi rolunu oynaya bilərmi?

- Bununla bağlı ümumi cümlələrdən istifadə edəcəm. Türkiyə və Azərbaycanın üçüncü bir ölkə ilə münasibətlərində kimim əlaqələri daha yaxşıdırsa, o birinin daha  dəstək olması lazımdır. Bu mövzu daha çox xarici siyasətçilərin işidir. Mən  sadəcə Azərbaycan Türkiyə arasında çox qədim zamanlardan bəri var olan və hər gün artan münasibətlərin daha uğurlu olmasına çalışıram. Əlbəttə ki, Azərbaycanın öz siyasi iradəsi  və problemləri ilə əlaqədar olaraq bəzi ölkələrlə fərqli münasibətləri var. Bu söz Türkiyə üçün də keçərlidir.  Bildiyim budur ki, beynəlxalq  platformalarda Türkiyə Azərbaycan hər zaman bir- birilərini dəstəkləçisidir.

- Belə bir deyim var  “Türk yatıb, düşmənləri isə oyaqdı. Vay o gündən ki, türk oyana”. 20 ildir ki, Xocalı ilə bağlı biz müxtəlif tədbirlər keçiridik. Amma bu il çox möhtəşəm şəkildə tədbirlər təşkil olundu.  Həm İstanbulda, həm də Bakıda  baş tutan yürüşlər dünyaya, ermənilərə ciddi mesaj göndərdi.  Artıq demək olarmı ki, türk oyanıb və bundan sonra öz sözünü deyəcək? Bundan sonra necə edək ki, erməniləri tamamilə susduraq və  hədəfimizə çataq?

- Ermənilər bütün dünyaya çatdırmaq istəyirlər ki, 1915- ci ildə onlar soyqırıma məruz qalıblar. Amma tarixi sənədləri araşdırdıqda, tarixçilərə müraciət etdikdə belə bir  soyqırım faktının olmadığını görürük. 1915-ci ildə Anadolu torpaqlarında qarşılıqlı mübarizə olub, hər iki tərəfdən ölənlər olub, amma bu soyqırımı deyil. Onlar bir milyon erməninin qətlə yetirildiyini iddia edirlər. Rəqəmlər isə 150 min insanın itkin düşdüyünü deyir. Onların bir qismi başqa ölkələrə getmiş, bəziləri yer dəyişdirmiş - sənədlər bunu deyir. Baş nazirimiz dedi ki, bütün dünyanın qarşısında sənədlərin araşdırılmasını istəyirik. Amma ermənilər sənədlərin araşdırılmasını istəmirlər əvəzində fərqli ölkələrin parlamentlərində qərarlar çıxartmağa çalışırlar.  Tarixçilərin deməli olduğu nəticəni siyasətçilərlə çıxardırlar. Bu anlamda bizim beynəlxalq platformada çox ciddi iş görməmiz vacibdir. Biz öz tariximizi danışacaq sənədli, bədii filmlər çəkməli, kitablar yazmalıyıq. Ermənilər 1915 –ci ildə baş verən yalançı soyqırımı faktını dünyaya çatdırmaq üçün 1970 –ci ildə kitab nəşr etdilər. Kitabdakı bir rəsmi həmin iddia etdikləri soyqırımı şəkli kimi qələmə verməyə çalışdılar. Amma 1980-90 –ci illərdə Rusiyada araşdırma aparan türkiyəli mütəxəssis belə qənaətə gəlir ki, həmin şəkil 1878 –ci ildə Rus-Osmanlı döyüşünə aid bir rusun  çəkdiyi tablo  imiş. Biz isə dünyada erməni tarixçilərinin təsiri altına düşən insanlar üçün sənədli filmlər çəkməyə çalışmalıyıq. Bu mövzuya marağı olan insanların iki dili (ingilis və rus) bilməsi çox vacibdir.  Bu mövzunu iki dildə kitabxanalarda araşdıracaqlar və əldə etdikləri məlumatları ona uyğun şəkildə  istifadə edəcəklər. Eyni zamanda bu məsələlərdə sosial mediada da aktiv olmaq və ondan yararlı məqsədlər üçün istifadə etməliyik. Məsələn, mənim də çox aktiv istifadə etdiyim “tvitter” hesabım var. Orda tez –tez öz fikirlərimi, qənaətlərimi bəzən ciddi , bəzən də  ironik şəkildə bölüşürəm.  Bir “tvitter”də yazdığınız fikri dünyanın istənilən ölkəsində səni təqib edənlər insanlar görürlər. Məncə,  artıq biz bu istiqamətdə yeni metodlardan istifadə etməliyik. Media dediyiniz qələm və kameradan ibarət deyil, o həm də fərqli sosial şəbəkələr, saytlar, bloqlardır. Bizim fərqli peşələrdən, fərqli işləri görən adamlardan ibarət bir  platforma qurmağımız lazımdır.

- İndi isə gəlin, siyasi mövzulardan uzaq suallara keçək. Necdet bəy, ailə üzvləriniz tanımaq istərdik.. Və siz ailədə necə birisiniz?


- 27 ildir ki, evliyəm. Amma bu gün mart ayının 15-i  28- ci ilə qədəm qoyuram.   Üç övladım var.  Oğlum “İşlətmə” Fakültəsinin 3- cü kursunda oxuyur  və  bu gün ad günüdür.  Böyük qızım Ankara Böyük Şəhər Bələdiyyəsində işləyir. Kiçik qızım isə lisenin 3 -cü kursunda oxuyur. Yoldaşım isə ev xanımıdır.

- Türkiyədə çox məşhur olan qəhvə falına inanırsınızmı? 

- Həyatımı fala bağlamıram. Həm də qəhvə içməyi çox sevmirəm bəlkə də ondandır.

- Azərbaycanda olduğunuz müddətdə yəqin ki, bizim mətbəximizlə tanış olma imkanınız oldu. Bəyəndinizmi?

- Azərbaycan mətbəxində  göyərtiləri çox sevdim. Yeyəndə onların təbii dadını hiss etmək olur.  Ona görə salatların dadları xüsusi gözəl olur. Burda bir çox meyvənin, tərəvəzin təbii-ekoloji təmiz olduğu diqqətimdən qaçmadı.  Ondan başqa turşularınız, ət yeməkləriniz çox ləzzətlidir. Xüsusilə onu qeyd edim ki, Azərbaycanda  ət yağsızdır və bu çox yaxşı haldır.  Bir də dəniz balığı çox dadlıdır. Gözəl yeməkləriniz çoxdur amma mən kökəlməmək üçün az yeməyə üstünlük verirəm. 

- İdman edirsinizmi?

- İdman etməyi çox istəyirəm. Təəssüf ki, mütamadi edə bilmirəm. Axşamları gec gəlirəm və çox yorğun oluram, ona görə  fikirləşirəm ki, səhər qalxıb idman edə bilmərəm. Halbuki, bu hər kəsin istəyindən və özü üçün qurduğu proqramdan asılıdır.  Mən o proqramı edə bilmədiyim üçün az yeməyə çalışıram. Xüsusilə, hamıya  məsləhətim budur ki, çörəyi, duzu, şəkəri azaldın. Yeməniz gərəkən qədər yeyin və beləcə sağlam olacaqsınız. Mənim bir dostum var. Həmişə formadadır. Ondan soruşurlar ki necə buna nail olubsan? Deyir ki, cox xoşuma gələnin yarısını alıram. O yarısının da yarısını yeyirəm.

Bizi bilirik ki, bir neçə saatdan sonra təyyarəniz havaya qalxacaq, məhdud zaman çərçivəsində olsa da bizi qırmadınız, təklifimizi qəbul edib bizimlə görüşə gəldiniz, fikirlərinizi bizimlə paylaşdınız buna görə sizə sonsuz təşəkkürlərimizi bildiririk. Jurnalistlərimiz üçün çox əhəmiyyətli, dəyərli fikirlərinizi aldılar. Eyni zamanda qadınların ən çox diqqət verdiyi diyeta məsələsində də sizdən həkim məsləhəti ala bildilər.



Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50