Modern.az

Ermənilər Qarabağda çoxalır? - Eks-nazir: “Normal adam təhlükəli bölgədə nə ev tikər, nə də orada yaşayar”

Ermənilər Qarabağda çoxalır? - Eks-nazir: “Normal adam təhlükəli bölgədə nə ev tikər, nə də orada yaşayar”

Qarabağ

18 Dekabr 2019, 13:19

Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşan ermənilər aprel döyüşlərindən sonra oradan qaçmağa can atırdılar. Son iki ildə isə bu durumun əksi iddia olunur. Mediada, cəmiyyətdə yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti Qarabağda yaşayışı canlandırmaq üçün müxtəlif tədbirlərə əl atır. Hətta Ermənistan parlamentində Qarabağda dünyaya gələcək erməni övladlarına 1000 dollar ödəniş ayrılması da təklif edilib.  

 

Modern.az-a bu barədə danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin Qarabağa axın etməsi iddialarının reallığına inanmır. Onun fikrincə, ermənilər özlərinə qarşı təzyiqi hiss etdikdə cavab vermək üçün Qarabağda canlanma olduğu barədə təəssürat yaratmağa çalışırlar:

 

“Ermənilər Qarabağda guya tikinti aparır, insanları kütləvi oraya köçürür. Düzdür, ermənilər hansısa obyektləri göstəriş üçün bərpa edirlər. Amma gəlin açıq danışaq ki, orada 50 minə yaxın insan yaşayır. Sovet dövründə, sonuncu dəfə qeydiyata alınanda 127 min erməni var idi. İndi 50 minə düşüb. Azərbaycanlıların sayı isə 42 min qeyd olunub. Orada 50 minə yaxın insan olduğunu da düşünmürəm. Çünki əhalinin əksəriyyəti iqtisadi problemlərə görə Qarabağdan ayrılıb. Azərbaycan ictimaiyyətini qıcıqlandırmaq, öz işğalçı ruhunu qaldırmaq üçün Ermənistan belə dezinformasiyalar yayır. Açıq danışaq ki, normal adam Qarabağ kimi təhlükəli bölgədə nə ev tikəndir, nə də orada yaşayandır. Hər kəs anlayır ki, bunun axırı ya müharibədir, ya da ermənilərin işğal etdikləri əraizlərimizdən təzyiq altında çıxarılmasıdır”.

 

T.Zülfüqarov ermənilərin etnik xüsusiyyətlərindən irəli gələn bəzi məqamları da vurğulayıb. O, qeyd edib ki, ermənilər üçün vətən deyə anlayış yoxdur, onlar yaşadıqları yerləri rahatlıqla dəyişə bilirlər:

 

“Çünki Sovet dövründə Ermənistanda 3 milyon əhalinin yaşadığı deyilirdi. Dünyada isə onların 8-9 milyona yaxın olduğu qeyd edilirdi. Ermənilər ilk növbədə Rusiyaya, digər xarici ölkələrə axışırlar. Rusiyanın özündə elə Qarabağdan çıxan emrənilərin kifayət qədər olduğunu görə bilərik.  

Ermənilər iddia edirlər ki, guya onların diasporu güclüdür, müharibə başlasa, Qarabağı müdafiə edəcək. Bu söz-söhbətlərə eks-prezident Levon Ter-Petrosyan açıqlama gətirmişdi ki, cəmi 20-ə yaxın insan diaspordan cəbhəyə yollanıb. Biz reallığı görməli, ermənilərin təxribatlarına çox da önəm verməməliyik. Mən demirəm ki, sakit dayanaq, belə məsələləri şərh etməyək, xaricdə yaşayan ermənilərin diaspora nümayəndələrini ifşa etməyək. Bu işlər paralel həyata keçirilməlidir. Bununla bərabər, biz anlamalıyıq ki, siyasi-iqtisadi vəziyyətin ağırlığı ermənilərə Qarabağda yaşamağa, çoxalmağa imkan vermir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?