Modern.az

Türkiyədə təhsil alan jurnalist övladı: “Burada hər şey o qədər də asan deyil”

Türkiyədə təhsil alan jurnalist övladı: “Burada hər şey o qədər də asan deyil”

Media

30 Dekabr 2019, 09:47

Bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.

 

Modern.az ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə müsahibələrə davam edir. Bu dəfəki həmsöhbət tanınmış jurnalist, ssenarist, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltanın oğlu İntiqam-Soltan Həsənli oldu.

 

 

 

İntiqam- Soltan 2002-ci il yanvarın 19-da Bakıda anadan olub. 2008-ci ildə Bakı Atatürk Liseyində 1-ci sinfə gedib. Səkkizinci sinfin ilk yarısını Şimali Kipr Türk Cümhuriyyətində Doğa Kollecində oxuyub. Sonra yenidən Bakı Atatürk Liseyinə qayıdaraq, 2019-cu ildə bu liseyin məzunu olub. Bu il keçirilən “SAT” imtahanından yüksək göstərici ilə, Türkiyənin Eskişehir şəhərində yerləşən Anadolu universitetinin “Fizika” ixtisasına qəbul olunub.

 

İntiqam, nə üçün ali təhsilini Azərbaycanda yox, xaricdə almaq istədin?

 

Düzünü desəm, bu il ölkədə keçirilən qəbul imtahanlarında iştirak etmədim. Mən “SAT”-ın təşkil etdiyi imtahanda iştirak etdim. Bu imtahanda maksimum göstərici 1600 bal idi. Mən də 1400 bal toplayaraq Türkiyə universitetlərinin birində təhsil almaq şansını qazandım.

 

 Seçimindən nə dərəcədə razısan?

 

Seçimimdən çox razıyam. Düşünürəm ki, fizika ixtisası üzrə burada daha yüksək səviyyəli təhsil ala bilərəm. Qətiyən peşman deyiləm, əksinə xoşbəxtəm ki, bu ixtisası seçmişəm və Türkiyədə təhsil alıram.

 

Xaricdə təhsil almağın üstünlüyünü nədə görürsən?

 

Mənə görə bu məsələdə əsas faktor təhsil almaqda deyil. Belə hesab edirəm ki, xaricdə təhsil almağın əsas üstün cəhəti odur ki, özünü bir şəxsiyyət kimi tanıya bilirsən. Ən azından ayaqda durmağı bacarırsan.Yəni təkbaşına gedib yad bir ölkədə qalmaq, orada özünə bir həyat və karyera qurmaq, mənə görə ən böyük üstünlük bundan ibarətdir. Düşünürəm ki, hər bir kəs bu kimi məsələləri nə vaxtsa öyrənməlidir. Nə qədər tez öyrənsən, bir o qədər faydalıdır.

 

 

Bəzən valideynlər övladlarının ixtisas seçiminə müdaxilə edirlər. Səndə necə oldu? İxtisas seçimində müdaxilələr oldumu?

 

Valideynlərim hər zaman mənim fikirlərimi dəstəkləyiblər. Elə vaxtlar olub ki, öz fikirlərimə şübhə ilə yanaşmışam. Öz-özümə fikirləşəndə ki, bəlkə də mən səhv düşünürəm, bax, həmin anlarda valideynlərimin məsləhətinə ehtiyac duyuram. Onlar həmişə mənə ən çətin məqamlarımda kömək göstəriblər. Seçdiyim ixtisasda valideynlərimin müdaxiləsi olmayıb və seçimimə hörmətlə yanaşıblar.

 

Oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinliklərlə üzləşdin? Düşdüyün yad bir mühit sənə necə təsir etdi?

 

İlk gəldiyim zamanlarda biraz çətin oldu. Ona görə ki, heç kəsi tanımırdım, dost-tanış da yox idi. Düşünürəm ki, belə məqamlar hər çətinliyə öz töfhəsini vermiş oldu. Yəni çətinliklər məni daha da güclü edir. Ancaq buradakı həyatın, yaşam standartlarının Azərbaycan reallığından fərqli olması mənə çətinlik törədirdi,  burdakı insanların fərqli düşüncələri, yaşayış tərzləri mənə çox qeyri-adi gəlirdi.

 

Bir azərbaycanlı tələbə kimi, ölkəni xaricdə təmsil etməyi bacarırsanmı?

 

Əlbəttə ki,bacardığım qədər sosial tədbirlərdə iştirak edirəm. Məqsədim ölkəmizin mədəniyyətini və tarixini layiqincə tanıtmaqdır.

 

Boş zamanlarınızı necə dəyərləndirirsən?

 

Boş zamanlarda ixtisasımı təkmilləşdirmək üçün daha çox kitab oxuyuram. Universitetin böyük kitabxanası var və bu imkanlardan yararlanmamaq düz olmaz. Düşünürəm ki, hər bir tələbə arzuladığı nəticəni əldə etməkdən ötrü daha çox çalışmalıdır. Mən də bu prizmadan yanaşaraq, daha çox oxumağı özümdə bir borc hesab edirəm. Digər tərəfdən vaxtım olanda, dostlarımla Türkiyəni də gəzirəm.

 

Türkiyədə təhsil almaq istəyən tələbələrə nə demək istərdin?

 

Deyəcəyim odur ki, bura düşündükləri kimi olmaya bilər. Yəni burada təhsil almaq o qədər də asan deyil. Əgər bacaracaqlarsa, öz biliklərinə tam əmindirlərsə gəlsinlər.

 

 

Gələcək planların haqqında nə demək istəyirsən?

 

Gələcək planlarımda ilk yeri təbii ki, təhsil tutur. Düşünürəm ki, ixtisasım üzrə magistratura təhsili alım. Hətta doktorantura təhsili almağı da planlaşdırıram. Bütün bunlardan sonra, ölkəmizə qayıdıb çalışmaq istəyirəm. Ancaq bir məsələ var ki, təhsil aldığım ixtisas üzrə ölkədə iş imkanları bir az məhduddur. Düşünürəm ki, bu sahəni dirçəltmək mənim kimi gənclərin üzərinə düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir