Modern.az

Bazarlıq üçün namizəd olanlar: Ev, maşın, pul, mobil telefon, kostyum...

Bazarlıq üçün namizəd olanlar: Ev, maşın, pul, mobil telefon, kostyum...

Parlament

16 Yanvar 2020, 12:35

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiya iclaslarının birində namizədlərin “seçki sövdələşməsi”nə eyham vuraraq bildirib ki, bundan heç bir tərəf narahat olmamalıdır.

 

Komissiya sədrinin də dolayısıyla təsdiqlədiyi kimi Azərbaycanda seçkiöncəsi bu cür sövdələşmələr yaşanır. Və Azərbaycan o qədər də böyük ölkə deyil, namizədlər qeydə alınanda artıq insanlar bilirlər ki, kim maddiyyat güdərək seçkiyə qatılıb, kim deputat olmaq istəyində səmimidir.

 

Zaman-zaman namizədliyini avtobil, mənzil, yüksək məbləğdə pul, hətta mobil telefon üçün bazara çıxaranlar olub.

 

Modern.az-a bu barədə danışan Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı belə halların dünya təcrübəsində də olduğunu söyləyib:

 

“Əvvəllər Mərkəzi Seçki Komissiyası hər bir namizəd üçün vəsait ayırırdı ki, təbliğat-təşviqat kampaniyasını qura bilsin. Bəzi namizədlər o vəsaiti almaq üçün seçkilərə qatılırdı. Bəziləri isə imkanlı şəxslərdən vəsait alaraq, namizədliyini onların xeyrinə geri götürürdü.

Son illər bu tendensiya azılıb. Çünki MSK namizədlər üçün pul ayırmır. Hər bir namizəd seçki kampaniyasını özü aparmalıdır. Amma güclü namizədin xeyrinə öz namizədliyini geri çəkmək tendensiyası hələ də qalır. Onlar öz aralarında danışıqlar aparırlar. Hər hansı vəsait qarşılığında, yaxud könüllü şəkildə tərəflərdən birinin namizədliyini geri götürməsi təmin edilir”.

 

Bütün dünyada qəbul olunmuş seçki texnologiyasından danışan M.Zülfüqarlı xatırladıb ki, namizədin 3 resursu olmalıdır:

 

"Bunlar maddi, insan və vaxt resurslarıdır. Azərbaycanda namizədlər bunları nəzərə almırlar. Bəzən müəyyən imkanlı namizəd hesab edir ki, pulu varsa, mütləq qalib gələcək. Dünya praktikası isə bunu inkar edir. Ola bilər, namizədin vəsaiti olsa da, kampaniyanı düzgün qura bilməsin və uduzsun. Bunu nəzərə alaraq, namizədlər seçki kampaniyasına elmi şəkildə yanaşmalıdırlar. İmicmeykerləri, seçki texnoloqlarını işə cəlb etməlidirlər. Təəssüf ki, Azərbaycanda bu institutlar yoxdur. Namizəd öz qohumlarını, dostlarını başına yığır, seçki kampaniyası aparır. Onların da çoxu prosesdən məlumatlı olmurlar. Plakatları yapışdırmaq və seçicilərlə görüş təyin etməkdən başqa heç nə etmirlər”.

 

Seçki texnoloqu onu da diqqətə çatdırıb ki, Konstitusiyaya görə, namizədlərin biri-biri ilə danışığa getməsini, hər hansı şəkildə əngəlləmək mümkün deyil:

 

“Bu məsələdə qanunsuz addım yoxdur. Seçkilərin pulla alınması prosesi bütün ölkələrdə var. Bu, çox incə məsələdir. Hətta insanın şəxsi tərbiyəsindən, məsələyə necə yanaşmasından asılıdır. Şəxsiyyət kimi özünü göstərən, qazandığı seçici etimadını kiməsə satmayan şəxs ola bilmək lazımdır. Namizəd seçicilərin etimadını qazanıb, sonradan başqa bir namizədin xeyrinə hər hansı məbləğ qarşılığında geri çəklilirsə, seçicilər də özlərini aldadılmış hiss edə bilərlər. Ona görə, seçkilərdə də vicdanla iştirak etmək, şəxsi keyfiyyətləri ortaya qoymaq lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi