Modern.az

Azərbaycan diasporuna güc verəcək iş –   TARİXÇİLƏR DANIŞDI

Azərbaycan diasporuna güc verəcək iş –   TARİXÇİLƏR DANIŞDI

21 Yanvar 2020, 14:42

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxanası istifadəyə verildi.

 

İstifadəçilərə təqdim edilən bu elekton kitabxana 7 fəsil,19 bölmədən ibarətdir. Kitablar, məqalələr, diaspor təşkilatları haqqında məlumatlar elektron formada resursa yüklənib.

İnformativ xarakter daşıyan resurs xaricdə yaşayan azərbaycanlılarla bağlı ciddi informasiya mənbəyi və Azərbaycan diasporu ilə bağlı məsələlərin eyni ünvanda toplandığı bütövləşmiş şəbəkədir.

Bəs, belə bir şəbəkənin yaradılmasının Azərbaycan diasporu üçün, xüsusilə də mühacirət tarixinin işıqlandırılması üçün nə kimi əhəmiyyəti olacaq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan tarixçi-alim Boran Əziz belə bir saytın yaradılmasının təqdirəlayiq addım olduğunu deyir:

“Bugünki Azərbaycan cəmiyyətində varislik prinsipinin gözlənilməsi və vaxtilə Azərbaycan mühacirətinin yazdıqları ilə həm Azərbaycanda yaşayanların özlərini, həm də mühacirətdəkilərin yeni nəslinin tanış edilməsi çox əhəmiyyətlidir.

Belə bir saytın yaradılmasını alqışlayır və doğru hesab edirəm. Məsələ burasındadır ki, sovet işğal rejiminə qarşı mübarizə aparan Azərbaycan siyasi mühacirlərinin çoxsaylı əsərləri, bir neçə cildə sığan məqalələri, məsələn, istər Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Bayqaranın, Nağı Şeyxzamanlının, Mirzəbala Məmmədzadənin və çoxlarının yazdıqlarından, təəssüf ki, Azərbaycan gəncliyi xəbərdar deyil. Azərbaycan siyasi mühacirləri istər 20-ci illərdə, istərsə də indiki dövrdə təkcə dolanışıq səbəbindən xaricə üz tutmayıb. Onlar müxtəlif səbələrdən xaricdə yaşamaq məcburiyyətində qalsalar da, həmişə Azərbaycanla nəfəs almış, burada baş verən hadisələrə nəinki biganə qalmamış, onların mahiyyətini düzgün dərk edərək Azərbaycan əhalisinin də bu məsələdən xəbərdar olması üçün müxtəlif yol və vasitələrdən istifadə etmişdilər. Çoxlu sayda jurnallar çap etmiş, əsərlər, məqalələr  yazmışdılar. Ona görə də onların yazdıqlarının fərq qoymadan, xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq, yalnız Azərbaycan xalqına xəyanət və ya separatizmi təbliğ etmirsə, siyasi fəaliyyətindən, boy-buxunundan, yaxud da rəngindən xoşumuz gəlib-gəlməməsindən asılı olmayaraq, orada yerləşdirilməsi daha düzgün olardı. Bu istiqamətdə iş görən adamları alqışlayır və onlara uğurlar arzulayıram. Hesab edirəm ki, bu iş Azərbaycan diasporunun inkişafında böyük rol oynayacaq”.

 

Məhəmməd Əmin Rəsulzadə irsinin və mühacirət dövrünün araşdırmaçısı, tarixçi-alim Nəsiman Yaqublu isə görülən işin effektli olması üçün bu sahənin mütəxəssisləri ilə işləməyin vacibliyini vurğulayır:

“Faydalı bir işdir, həm də çox böyük zəhmət tələb edir. Mən bu işi təqdir edirəm, amma bu işin effekt verməsi üçün mütəxəssislərlə işləmək lazımdır”.

 

Əfsanə ŞƏRİF

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi