Modern.az

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - II YAZI

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - II YAZI

Ölkə

2 Aprel 2012, 12:13

Həzrət Məhəmməd (s) buyurmuşdur: Allah-Təala buyurdu: «Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər». Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı) özü əzizləməlidir. Qurani-Kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər ilahi dərgahın və Tanrı mülküdür.

Modern.az ötən həftədən Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazılara start verib. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər haqqında geniş məlumat təqdim edirik.

Bir müddət əvvəl İspaniyanın Sevilya şəhərində məscid tikintisinə mane olmaq istəyən radikallar inşaat yerinə donuz başı basdırmışdılar. Yerli müsəlman icma da murdarlanmış məkandan vaz keçərək məscidi başqa yerdə inşa etməyə başlamışdı. Analoji hadisə Cənubi Afrika Respublikasındakı “Mpumalanqa“ məscidində də baş vermişdi. Burada isə donuz başlarının basdırıldığı yerdə taxtanın üzərinə "Bütün dünya insanları İspaniydaan ibrət götürməlidir!" yazılmışdı.

Şükür olsun ki, hələ ölkəmizdə bu cür hallar baş verməyib və inanırıq ki, bundan sonra da baş verməz. Düzdür, Sovet dövründə məscidlərimiz anbarlara, tövlələrə çevrilib, amma müstəqillikdən sonra ibadətgahların qapıları inanclı insanların üzünə açılıb. Həmçinin yeni məscidlər tikilərək insanların ixtiyarına verilib.

Ötən yazıda ölkənin cənub bölgəsinin 5 rayonunda olan məscidlər haqqında məlumat vermişdik. Bu dəfə regionun davamı olaraq növbəti 5 rayon haqqında məlumat təqdim edirik.

Cəlilabadın məscidləri    

Cəlilabad bu dəfəki rayonlar arasında məscidlərin sayına görə birincidir. QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi Axudzadənin verdiyi məlumata görə hazırda rayonda 100-dən çox məscid var ki, bunlardan cəmi 3-ü qeydiyyata alınıb. Qalanlarının isə sənədləri hazırlanma mərhələsindədir.

Bələdiyyəyə verilməyən məscid

Ötən il çıxan bir qərarla məscidlərin yerləşdiyi torpaqlar bələdiyyələrin tabeliyinə verilmişdi. Cəlilabad rayonu sakinlərindən birinin verdiyi məlumata görə, rayonda demək olar ki, bütün məscidlər bələdiyyələrin balansına keçib. Amma Cəlilabad şəhərində fəaliyyət göstərən “Şəhidlər məscidi” bələdiyyənin balansına keçməyib. Məsələ burasındadır ki, məscidin tikildiyi ərazi şəxsi mülkiyyətdir və həmin torpağın sahibi fiziki şəxsdir. Dindarların verdiyi məlumata görə, bu məsələ isə bağlı hər hansı problem yaranmayıb. Məscid Qafqaz Müsəlmanları İdarəsinin balansındadır və Dini Qurumlarala İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb.

Cəlilabad şəhər Cümə məscidi - Məscid Cəlilabad rayonunun mərkəzindədir. XX əsrin əvvəllərində tikilib. 1988-ci ildə yerli camaatın təşəbbüsü ilə sökülərək yenidən inşa edilib. Həyətyanı sahəsi 1400 kv.metrdir. İç sahəsi 17x36 metrdir. Cəlilabad şəhər Cümə məscidinin bərpasında yerli sakinlər yaxından iştirak ediblər. Dövlət orqanları da bu işdə köməklik göstərib. Həyətyanı sahəsi mişar daşından tikilərək hasara alınıb. Məscidin binası bişmiş qırmızı kərpiclə işlənib. Giriş qapılarının ön tərəfində sahəsi 4x36 metr olan eyvan yerləşib. Eyvan İrandan gətirilmiş kərpiclə işlənib. Tək minarəyə malikdir. Döşəməsi bişmiş kərpicdəndir. Döşəmədən tavana qədər hündürlüyü 5,5 metrdir. Tavan düzbucaqlı formada olub, taxta sütun üzərində dayanıb. Məscidin mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşir. Mehrab tağvari formadadır və hündürlüyü 3 metrdir. İbadət zalı iki hissədən ibarətdir (qadınlar və kişilər üçün). Qadınlar şöbəsi iki mərtəbəlidir.

Neftçalanın yarımtikili məscidi   

Neftçala rayonunda 34 məscid var. Bu məscidlərdən 20-si Dini Qurumlarla İş üzrə Dövlət komitəsi tərəfindən qeydiyyata alınıb. Kəndlərin məscidləri qədim məscidlərdir. Belə ki, bunlardan biri Xıllı qəsəbəsində XIX əsrə aid Fatimeyi-Zəhra məscididir.

Kəndlərdən fərqli olaraq rayon mərkəzində əvvəllər məscid olmayıb. Son illərdə rayonun mərkəzində olan yarımçıq tikili rayon ağsaqqalların təşəbbüsü ilə məscid halına gətirilib. Belə ki, həmin tikili başqa məqsəd üçün tikilibmiş. Amma sonradan rayon camaatının vəsaiti hesabına uyğunlaşdırılmış bina olaraq məscid kimi istifadəyə verilib. Amma hələ də həmin bina məscid kimi tam yararlı vəziyyətdə deyil.

Neftçala şəhərində yerləşən digər bir məscidin inşa tarixi 1998-ci ilə aiddir. Həyətyanı sahəsi 400 kv.metr, iç sahəsi 12x20 metrdir. Məscid düzbucaqlı tormaya malik olub, başdan-başa mişar daşı ilə işlənib. Məscid yerli sakin Əsgərov Əli tərəfindən tikilib. Damının örtüyü ağ dəmir təbəqə ilə işlənib. 8 guşəli minarəsi mişar daşı ilə hörülüb. Minarənin üstündə ağ dəmirdən aypara rəmzi qoyulub. Məscidin dam örtüyü üzərində də iki yerdə aypara rəmzi qoyulub. Minbəri daşdan hörülüb və 12 pilləlidir. Mehrabı ağ mərmərlə işlənib. Tağvari formadadır, hündürlüyü 3 metrdir. Məscid 2 mərtəbəlidir. Hər iki mərtəbədə 12 pəncərə qoyulmuşdur. Pəncərələr tağvari formadadır. Bütün pəncərə və qapılar taxtadandır. Bu məscid Neftçalada yaşayan sünnə və vəhhabi firqəsinə aid məsciddir.

Salyanda bir tarix var...    

Regionun ən böyük rayonu olan Salyanda cəmi 42 məscid var. Salyan rayonunun axundu Hacı Seyfulla bu barədə məlumat verib. Bu məscidlərdən cəmi 6-sı qeydiyyata alınıb.

Hacı Seyfullanın sözlərinə görəŞ istər şəhər məscidlərində, istərsə də kənd məscidlərində gündəlik fəaliyyət var. Yəni məscidlərin qapısı heç vaxt bağlı olmur.

Salyanda mövcud olan məscidlərin və ziyarətgahların bir çoxu tarixi baxımdan əhəmiyyətlidir. Bu abidələr bu gün də tarixin bir parçası olaraq qalmaqdadır. Həmçinin insanların ibadət məskəninə çevrilib.

Salyanın tarixi məscidləri

Abdulsəməd Məscidi -  hicri qəməri tarixi ilə 1323, miladi 1903-cü ildə inşa edilib. Məscid  Salyan şəhərinin Təvəkkül Sultanov və Təbriz Xəlilbəyli küçələrinin kəsişdiyi ərazidə yerləşir.

Cümə məscidi - 1865-ci ildə Usta Kərbəlayı Hacı Mehdinin oğlu Ağa Hüseynin şərəfinə inşa edilib.  Sovetlər dövründə repressiya qurbanı olan (yol çəkilişi adı altında abidənin bir hissəsi dağıdılır, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub) məscidə əvvəlki statusu respublikamız müstəqillik qazandıqdan sonra qaytarılıb. 2002-ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə qəza vəziyyətinə düşmüş və 9 günbəzi dağılmışdı. 2011-ci ildə məscid dövlət vəsaiti hesabına əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu. Məscid Salyan şəhər H. Əliyev küçəsində yerləşir.

Hacı Tağı Məscidi - hicri qəməri tarixi ilə 1327, miladi tarixi ilə 1907-ci ildə inşa edilib. Hacı Tağının övladı olmadığına görə narahat idi ki, haqq dünyasına qovuşduqdan sonra ona yasin oxuyan olmayacaq . O, bilirdi ki dindarlar hər namazdan sonra məscid tikdirənə dua edirlər, bu səbəbdən də 2 məscid tikdirir ki, daim yaşasın.                               

Hacı Səməd məscidi - XIX əsrin II yarısında Hacı Səməd Ələkbərov tərəfindən tikdirilib.

Salyan şəhəri Şilli məscidi - 1903-cü ildə usta Abdulsəməd tərəfindən tikilib.

Ağa Mirəşrəf ağa məscidi - hicri qəməri 1324, miladi 1904-cü ildə Hacı Tağı tərəfindən inşa edilib. Ağa Mirəşrəf ağa məscidin Axundu olub.

Sarı Seyidan piri - Türbəsi 1721-ci ildə şəhid olmuş Seyid Saləddinin məzarı üzərində inşa olunub. Xalac kənd ərazisində yerləşir.

Xilə Şəkər piri - Türbəsi Yenikənd kəndində yerli sakinlərə şəfa vermiş mömin Xiləli Şəkərin qəbri üzərində tikilib. XIX əsr aid abidə, Yenikənd kənd ərazisində yerləşir.

Qovurğa piri - 1932-ci ildə ərazidə məskunlaşmış yerli əhali tərəfindən aşkar edilib. İnanclara görə yel xəstələri həmin pirdə şəfa tapıblar. Pirə adətən keçi qurbanları nəzir olunur olunurmuş.

Hacıqabulun Pir Hüseyin Xanəgahı

Hacıqabulda 40-dan çox məscid olsa da, bunlardan yalnız 6-sı qeydiyyata alınıb. Ancaq Hacıqabulda olan bir tarixi abidə var ki, bu ölkə əhəmiyyətlidir.

Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan xanəgah kompleksi, Hacıqabul rayonu ərazisində, Bakının 127 km. məsafəsində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşir. Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün samballığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqe tutur. 

Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbr sənduqəsi vaxtı ilə, çox böyük bədii ustalıqla düzəldilib, kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olub. Şeyx Pir Hüseyn Şirvaninin türbəsi memarlıq kompleksinin şimal-qərb bucağında qala divarına bitişik tikilib. Böyük yazı qurşağında türbənin zəngin bəzəg işinin tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilib. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məhşurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olub. Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixaloji emosional ruh və dərin inam doğururdu.
Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə bildirir ki, "Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılıb".
Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısında sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə hicri 654/miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilib. Minarədəki başqa daş lövhədə oyulmuş iki sətirlik yazıda "Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas, Mahmud İbn İbrahimin əməli" məlumatı həkk olunub. Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanıb.
Xanəgahı dünyada məşhur eyləyən kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olub. 1906/07-ci ildə Xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparıb. 1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarıb. Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırımı törədən erməni S.Lalayanın quldur dəstəsi vurub. Azğınlaşmış erməni yaraqlıları kaşı lövhələrini sındırmaqla kifayətlənməmiş, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək oranı tərk etmişlər.
Türbənin böyük pannosunun ulduz və xaçlarının çoxu 1925-ci ildə Sank-Peterburqa aparılıb. İndi oradakı Ermitaj muzeyinin kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçiraqlı ulduz, 325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır. 1936-cı ilin oktyabırında xanəgahda çilçıraq bəzəyinin cəmi üç kiçicik fraqmenti qalıb və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat muzeyinə köçürülüb. Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır. Bu yolla abidə dünya şöhrəti qazansada, onu vaxtında və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır. XX əsrin 50-ci illərində erməni Akopyanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi də xanəgaha vurulan ciddi zərbədir. Bu anbardan müntəzəm su sızmaqla rütubət əmələ gəlir və korroziya yaradır.

Hacıqabul şəhəri Qazıməmməd məscidi - ibadət zalı iki hissədən - kişilər və qadınlar şöbəsindən ibarətdir. Kişilər şöbəsinin sahəsi 17x13 metr, qadınlar şöbəsinin sahəsi 17x5 metrdir. Məscidin yerdən tavana qədər hündürlüyü 4 metr, yerdən günbəzədək hündürlüyü isə 6 metrdir. Qazıməmməd məscidi əsasən mişar daşı və betonla işlənib. Beş günbəzə malikdir. İkisinin diametri 7 metr, qalanlarının diametri 3 metrdir. Məscidin həyətində qoşa minarə üçün bünövrə qoyulub. Məscid 1993-cü ildən etibarən yerli sakin Seyidəli Mirfəttah oğlunun şəxsi vəsaiti ilə tikilib.

Şirvan şəhərində 8 məscid var

Bir vaxtlar hamımızın Əli Bayramlı kimi tanıdığım Şirvan şəhəri məscidlərinin sayına görə azlıq təşkil edir. Ərazisinə görə bəlkə də bu kifayətdir.

Şirvan şəhəri və Bayramlı qəsəbəsindən ibarət olan inzibati-ərazi vahidində hazırda yeni tikilməkdə olan məscid də mövcuddur.

Şirvan şəhərinin baş memarı Vüqar Nağıyev deyir ki, hazırda şəhər və qəsəbələrdə ümumilikdə məscidlərin sayı səkkizdir. Bunlardan yalnız biri tarixi abidədir.

Şirvan şəhər cümə məscidi - Məscid şəhərin köhnə hissəsində yerləşib. Əsas ibadət zalının kişilər üçün ayrılmış hissəsi 11x8 metrdir, qadınlar şöbəsinin sahəsi 8x4 metrdir. Şirvan şəhər Cümə məscidi 1990-cı ildə inşa edilmiş və 1992-ci ildən etibarən fəaliyyət göstərməyə başlamışdır. Məscidin bünövrəsi yerli sakin, mömin Ağaqasım Qasımov tərəfindən qoyulub. Tikinti işləri isə yerli sakin Eldar Soltanovun başçılığı və camaatın vəsaiti hesabına başa çatdırılıb. Memarı yerli sakin Xanbaladır. Məscidin yan tərəfində minarələr ucaldılıb. Minarələr qırmızı kərpicdən inşa olunub. Onlar dəyirmi formada olub, birinin hündürlüyü 20 metr, o birisinin hündürlüyü isə 10 metrdir. Minarələrin üstündə və habelə günbəzin üstündə bürüncdən aypara rəmzi qoyulub. Günbəzin diametri 4 metrdir. Şirvan şəhər Cümə məscidi yonulmamış sal daşlardan tikilib və divarlarının qalınlığı 0,80 metrdir. Yerdən tavanadək hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir.

Regionun məscidlərin bəzilərinin adları

(Bu siyahıda bütün məscidlərin adları olmasa da, fəaliyyətdə olan əsas böyük məscidlərin əksəriyyəti var)

Neftçala rayonu

Neftçala şəhər dindarlarının məscidi

Neftçala rayonu Xolqarabucaq kəndi «İmam Hüseyn» məscidi

Neftçala şəhəri «İmam Zaman» məscidi

Neftçala şəhəri «Sahib Əzzaman» məscidi

Neftçala rayonu 1 saylı Mayak kəndi «İmam Əli» məscidi

Neftçala rayonu Bankə qəsəbəsi «Həzrət Əli» məscidi

Neftçala r-nu «Böyük Oriyat» məscidi

Neftçala r-nu Həsənabad qəsəbəsi «İmam Cəfər Sadiq» məscidi

Neftçala rayonu Yuxarı Qaramanlı kəndi «İmam Rza» məscidi

Neftçala rayonu Xolqaraqaşlı kəndi «İmam Əli» məscidi

Neftçala rayonu Boyat kəndi «İmam Cəfər Sadiq» məscidi

Neftçala rayonu Aşağı Surra kəndi «İmam Zaman» məscidi

Neftçala rayonu Xıllı qəsəbəsi «Fatimeyi-Zəhra» məscidi

Neftçala rayonu Xolqaraqaşlı kəndi «Əlibala Səlimov» məscidi

Neftçala rayonu Xəzər kəndi «Həzrət Əbülfəz» məscidi

Neftçala rayonu Mirzəqurbanlı kəndi “Fatimeyi-Zəhra” məscidi

Neftçala rayonu II Qaralı kəndi “İmam Rza” məscidi

Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi

Neftçala rayonu Dördlər kəndi “İmam Baqir” məscidi

Neftçala rayonu Xoltəzəkənd kəndi “İmam Rza” məscidi

Hacıqabul rayonu

Hacıqabul rayonu Talış kənd məscidi

Hacıqabul rayonu Rəncbər kəndi «Cümə» məscidi

Hacıqabul rayonu Abdulabad kəndi «Cümə» məscidi

Hacıqabul rayonu Kolanı kənd məscidi

Hacıqabul rayonu Muğan qəsəbəsi “Cümə” məscidi

Cəlilabad rayonu

Cəlilabad şəhəri «Cümə» məscidi

Cəlilabad şəhəri «Şəhidlər» məscidi

Cəlilabad şəhəri “İmam Hüseyn” məscidi

Cəlilabad rayonu Alar kənd məscidi

Salyan rayonu

Salyan şəhəri “Mirəşrəf ağa” məscidi

Salyan rayonu Xalac kənd məscidi

Salyan rayonu Qarabağlı kəndi «İmam Hüseyn» məscidi

Salyan rayonu Ərəbqardaşbəyli kəndi «Keçmiş Ərəbbəbirxanlı» məscidi

Salyan rayonu Şorsulu kənd məscidi

Salyan rayonu Xıdırlı kənd məscidi

Şirvan şəhəri

Şirvan şəhəri Bayramlı qəs. «İmam Hüseyn» məscidi

Şirvan şəhər “Cümə” məscidi

Orxan Əli

***
İbadət yerləri: Hansı rayonda neçə məscid var? - I YAZI
//modern.az/articles/22295/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!