Modern.az

Sınaq imtahanlarının qiyməti niyə qaldırılıb? - DİM-dən cavab

Sınaq imtahanlarının qiyməti niyə qaldırılıb? - DİM-dən cavab

29 Yanvar 2020, 11:00

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun ilk sınaq imtahanı keçirəcək. Ancaq sınaq imtahanlarının qiyməti ötən illə müqayisə bahadır. Belə ki, ötən il abituriyent 20 manat ödəməli olurdusa, bu il 40 manat ödəyəcək. Qiymətlərin iki dəfə qaldırılması isə abituriyentlər və onların valideynləri tərəfindən etirazla qarşılanır.

 

Modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edib.

 

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir:

 

“Yəni Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

 

İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb”.

 

Mərkəzdən o da əlavə olunub ki, hər il DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və  imtahanların mütəşəkkilliyini təmin etmək üçün Mərkəz tərəfindən kompleks tədbirlər həyata keçirilir:

 

“İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək  və digər istiqamətlərdə geniş hazırlıq işləri aparılır. Qəbul kampaniyası kütləvi proses olduğuna görə bu işə hazırlığa, imtahanların təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə, müxtəlif qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunur (məsələn təkcə 2019-cu il ərzində 63629 nəfər ştatdankənar işçiyə (mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan) DİM tərəfindən 5 061 721,04 manat əmək haqqı hesablanıb).

 

Qeyd olunanların qüsursuz və peşakar şəkildə idarə olunması mürəkkəb bir işdir və çoxlu sayda insan və maddi kapitalın sərf olunmasını tələb edir. Sınaq imtahanı üçün bundan əvvəlki müəyyən edilmiş qiymət artıq görülən işlərin həyata keçirilməsi üçün yetərli deyil və yuxarıda qeyd edilənlər nəzərə alınaraq yeni qiymət müəyyən edilib. Bundan əlavə,  əvvəlki illərdən fərqli olaraq cari imtahanlarda test bankları orta məktəblərdə qüvvədə olan yeni tədris proqramları-kurikuluma uyğun olaraq zənginləşdirilir. Əvvəlki illlərdə isə köhnə test bankından istifadə imkanları daha geniş idi”.

 

“Bir məsələni də qeyd edə bilərik ki, DİM tərəfindən abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilir. Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymət 3 manatdır”, - deyə sorğumuza əlavə olaraq cavab verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi