Modern.az

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır

Ədəbi̇yyat

1 Fevral 2020, 21:39

Müharibədən dön(məy)ənlər...


“Kim ki, müharibəni görüb, onun üçün müharibə heç vaxt bitmir” - Əlisafa Mehdi


Yəqin ki, mövzunun müharibə və şəhidlik olduğu aydındır. Hərçənd ki, şəhidliyin inkar şəkilçili “dönməmək”sözü ilə ifadə olunması o qədər də doğru deyil. Çünki, şəhidlər əslində geri dönmədiklərindən çox, ölümsüzlüklərini təsdiq ediblər.


1993-cü ildə bir şeir çıxmışdı qarşıma – “Mən ölmədim, Mən diriyəm”. Bir əsgər şəhid olmamışdan az öncə yazıbmış – sanki gələcəyi ürəyinə damıbmış kimi. Müharibəsi heç vaxt bitməyənlər bilir, cəbhədə heç kim öləcəyinə inanmır – əslində ölümü qarşılamğa hazırdır, amma inanmaq istəmir. Çaylı kəndində görüşdüyüm bir kurs yoldaşımı xatırladım. “Qızım olub”, - dedi. Amma sevinclə yanaşı gözünün dibində intəhasız bir kədər gördüm. “Amma ürəyimə damıb ki, görməyəcəyəm. Yolumuz ayrıldı, o, başqa hərbi hissədə idi, amma bir neçə gün sonra elə həmin döyüşdə şəhid olduğunu eşitdim.

 

 

“Mən ölmədim, mən diriyəm,
Mən görürüəm ataları, ağarmışdır dərddən başı,
Mən görürəm anaları, gözlərində ürək yaşı.
O gün bizə gül gətirdi, Vətənimin gözəlləri,
Bir az qəmli gözləriylə bir gözəl də baxdı mənə
İstədim ki, deyəm ki, mən: - Ay qız, hələ ölməmişəm,
Heyif, səni sağlığımda görüb sevə bilməmişəm.
Ölmərəm mən, qəbrim üstə tez-tez gəlsən,
Dirilərəm hər azadlıq günündə mən!
Mən ölmədim, mən diriyəm...

***


Bəşəriyyət bütün tarixi boyu müharibələr aparıb, başqa sözlə, müharibəyə fasiləsizlik  qanunu xasdır. Bu fikri irəli sürən Odiss Baro 3 min ildən çox dövr üçün təxminən 1 il sülh dövrü, 13 il müharibə olduğunu bildirir. Karl Krous isə deyir ki, müharibənin alovlanmasının səbəbi, diplomatların jurnalistləri aldatması və sonra qəzetdə oxuyanda bu yalana özlərinin inanmasıdır. Bu yəqin ki, işğalçı ölkələrin siyasətinə aiddir. Necə ki, ermənilərin saxtakar alimləri öz “dənizdən dənizə ərazi” nağıllarına inanıblar.


Fərqli filosoflar, siyasətçilər və sənətçilər müharibənin mahiyyətinə yanaşmalarında tamamilə fərqlidirlər – bəziləri müharibəni tərənnüm edir, bəziləri isə qınayır. Məsələn, Platon, Paskal, Russo, Kant, Lamartine, Viktor Hüqo, Qandi və L.Tolstoy müharibəni bir fenomen olaraq kəskin şəkildə pisləyirlər. Müharibəni müdafiə edənlər arasında isə Heraklit, Aristotel, Makiavelli, Hegel, Clausewitz, Nitsşe var.

 

Müharibəni ictimai-siyasi bir hadisə deyil, mədəniyyətlərin qarşıdurmasına söykənən həyat hadisəsi hesab edənlər də var.


 

1832-ci ildə Prussiya zabiti və filosofu Karl von Clausewitz  “Müharibə haqqında” əsərində müharibəni "düşməni iradəmizi yerinə yetirməyə məcbur edən bir zorakılıq aktı" olaraq göstərib. Clausewitz üçün müharibə fəlsəfəsi – “Tabula Rasa”dır (boş lövhə).  Bir neçə nəsil alman zabitləri bu irsi öyrənərək böyüdülər. Onun nəzəriyyəsi I və II Dünya Müharibəsində daha geniş miqyasda istifadə edildi. Almaniyada bu, siyasi konsepsiya, fəlsəfi bir doktrina olaraq ali hərbi məktəblərdə “ayrılmaz müharibə” kimi təbliğ olundu. Bu Clausewitz fəlsəfəsinin himni xalqların məqsədyönlü şəkildə məhv edildiyi, insanlar üzərində tibbi təcrübələr aparıldığı, ərazilərin dağıdıldığı, mədəni dəyərlərin məhv edildiyi II Dünya Müharibəsidir. Müharibə fəlsəfəsinin başqa bir növü ABŞ-da II Dünya Müharibəsi dövründə, müharibənin kapitalizmin maraqlarına tabe olduğu bir dövrdə yarandı. ABŞ düşmən qüvvələri olmayan iki şəhərə nüvə bombası atması və 1944-cü ildə Drezdeni bombalaması ilə göstərdiyi mənasız qəddarlıq, siyasi təsir və maraqların üstün olduğu hərbi əməliyyatların fəlsəfəsi mövqeyindən tamamilə yeni mövqedir.

Beləliklə, əgər qədim dövrlərdə müharibələr əsarət altına almaq üçün idisə, zaman keçdikcə siyasi aspektin başqa hissəsi daha da gücləndi. Planetin bütün bölgələrində siyasi təsir nisbətini dəyişdirən “azadlıq” kimi xüsusi müharibələr gedir. Beləliklə, müasir müharibə fəlsəfəsi informasiya müharibəsi problemlərinin və həqiqi hərbi hərəkətlərin həllinin simbiozu üzərində qurulur.

 

***

 

Bir az da müharibədən dönənlərdən danışaq. Hərbi biletində Qarabağda xidməti haqqında zəruri qeydləri olan adamlar tanıyıram, Müdaifə Nazirliyinin arxivindən “Çıxış əmri yoxdur” cavabına görə veteranlıq vəsiqəsini ala bilmir.



Bu yaxınlarda bir jurnalist həmkarım Sovet-Alman müharibəsindən qayıtmayan babası haqqında məlumat almaq üçün Rusiyaya məktub yazıb. Bir (!) aydan qısa müddətdə döyüşçünün bütün döyüş yolu haqqında arxiv məlumatını göndəriblər ona və Rusiyaya dəvət ediblər.


1996-cı ildə Türkiyədə hərbi ixtisasartırma kusunda olarkən, həftə sonları sürücülük kurslarına getdim. Nəzəriyyə imtahanını normal verdim. Praktik imtahanda isə maşını geri verərkən səhvə yol verdim. Həyacanla azərbaycanca etiraz edərkən müəllimlər, “Sən Azərbaycandansan?”, - deyə soruşdular və söhbət əsasında topçu zabit, Qarabağ veteranı olduğumu bildilər. Dərhal imtahanı saxladılar və “Əlbətdə, tank-top görmüş adamsan, maşın sürmək nədir ki”, - dedilər. (Amma maşını düzgün geri vermək qaydasını da başa saldılar).


Qarabağ veteranlarına belə yanaşma həm də vətənpərvərlik təbliğatının  səviyyəsindən xəbər verir...


Bu, bəlkə də cəmiyyət üçün daha da lazımdır. Axı, Zeun Marez deyir ki, “Ölüm hissi insanın mükəmməl davranmaq istəyini şərtləndirən yeganə şeydir”.  


Mükəmməllik arzusu ilə sağollaşıram. Müharibədən dön(məy)ənləri unutmayın. Torpaqlarımızın azad olunmasını istəyirsinizsə...

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü