Modern.az

Koronavirus yayılan ölkələrdəki tələbələrimiz: “Bakıdan hər gün zəng vurub axtarırlar”

Koronavirus yayılan ölkələrdəki tələbələrimiz: “Bakıdan hər gün zəng vurub axtarırlar”

Təhsil

2 Mart 2020, 11:18

Mənbəyini Çindən götürmüş koronavirus infeksiyası indi dünyanın 50-dən çox ölkəsinə yayılıb.

 

Qeyd edək ki, Çində təhsil alan azərbaycanlı tələbələr bu ölkədən çıxarılsa da, hazırda koronavirus aşkarlanmış bəzi ölkələrdə də azərbaycanlı tələbələr yaşayırlar.

 

Modern.az xaricdə yaşıyan tələbələrlə əlaqə saxlayaraq, mövcud vəziyyətlə maraqlanıb.

 

 

İtaliyada yaşıyan azərbaycanlı tələbə Emin Rüstəmovun saytımıza verdiyi məlumata görə, orada koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb, onlardan 30-dan çoxu həyatını itirib:

 

“Əsasən şimal bölgəsində Lombardia və Veneto regionunda vəziyyət yaxşı deyil. Virusun yayılmasının qarşısını almaq üçün bəzi qabaqlayıcı tədbirlər görülməkdədir. Belə ki, məktəblər, universitetlər və kino klubları bağlanıb, eyni zamanda, bir neçə əhəmiyyətli tədbirlər təxirə salınıb. İtaliyanın şimal hissəsində 55 min nəfər karantin altındadır. Xoşbəxtlikdən burada yaşıyan azərbaycanlılardan bu virusa yoluxan yoxdur. Davamlı olaraq Şimal regionunda yaşayan və təhsil alan gənclərlə əlaqə saxlayırıq. Sadəcə bəzi yerlərdə böyük marketlərdə ərzaq qıtlığı yaşanır.

Panikaya gərək yoxdur, sadəcə hər kəs gigiyenik qaydalara əməl etsə, özünü qorusa, yoluxmadan yayına bilər. Ümid edirik ki, yaxın zamanda bu virusun qarşısı alınacaq və dünyamız yenidən əvvəlki vəziyyətinə qayıdacaqdır”.

 

 

 

Almaniyada yaşıyan Fərid Əhmədlinin dediklərinə görə, hər bir Azərbaycan vətəndaşi kimi Almaniyada yaşayan azərbaycanlılar da koronavirusun yayılmasından narahatdırlar:

 

 

“Artıq Almaniyada 20 xəstədə təsdiqlənmiş koronavirus halı aşkarlanıb. Bu səbəbdən hər kəs çalışır ki, toplu yerlərdən mümkün qədər uzaq olsunlar. Digər tərəfdən, sevindirici hal odur ki, Almaniyada dövlət səviyyəsində gigiyenik və dezinfeksiya qaydaları çox yüksək səviyyədə icra olunur, bu səbəbdən bir az burada yaşayan azərbaycanlılar və digər vətəndaşlar  rahatlıq tapır. Son bir məlumatı verə bilərəm ki, bir neçə gün əvvəl Düsseldorfda koronavirus aşkarlandı və orada yaşayan azərbaycanlı tələbələrin valideynləri Bakıdan demək olar hər gün zəng vurub axtarırlar. Bildirmək istərdim ki, Almaniyada hazırda infeksiyaya nəzarət çox gücləndirilmiş şəkildə icra olunur və infeksiyaya yoluxma halı olarsa, dərhal izolyasiya olunur. Məsləhətim isə daim immun sistemlərini güclü tutacaq qida məhsullarından istifadə etmək və müəyyən müddət toplu yelərdən qaçınmaq”.

 

 

Fransada yaşayan Adela Naibovanın verdiyi məlumata görə, hal-hazırda Fransada 38 nəfərdə koronavirus tapılıb, 2 nəfər ölüb:

 

“Bir çoxu da müalicə alıb düzəliblər. Burada təkcə tələbələr deyil, bütün Fransa vətəndaşları narahatdır. Parisdə hər bir insan maska ilə gəzir. Bəli, tələbələrin valideynleri çox narahatdırlar.

 

Avropa ölkələrinə baxdıqda, burada vəziyyət o qədər də ağır deyil, amma virus getdikcə yayılır. İnsanların səhhətinin yoxlanılması üçün heç bir tədbir görülmür və səyahət etməsində məhdudiyyətlər qoyulmayıb. Çindən gələnlərə belə qadağalar yoxdur, yanlız onlara bildirilir ki, 2 həftə evdən çıxmayın, dərsə getməyin, heç kimlə təmasda olmayın. Onları məcburi yoxlanış etmirlər. Virus təhlükəsi olanlara qarşı xüsusi tədbirlər görülməyib”.

 

 

Gürcüstan Texniki Universitetinin Sosial elmlər fakültəsinin ictimai əlaqələr bölməsinin 4-cü kurs tələbəsi Elvin Tağıyevin verdiyi məlumata əsasən, İrandan quru yolla Azərbaycandan keçərək Gürcüstana daxil olan İran vətəndaşında koronavirus aşkarlandığı üçün dərhal karantinə alınıb:

 

“Bununla əlaqədar Gürcüstanın Baş Naziri Giorgi Qaxaria tərəfindən fövqəladə hallar üzrə koordinasiya qrupu yaradılıb. Fövqəladə hallar üzrə qrupun görüşündə İrandan hava və quru yolla ölkəyə girişin qadağan edildiyi ilə əlaqədar bəyanat verilib.

 

Xüsusilə vurğulamaq istəyirəm ki, virusla əlaqədar təşvişə düşmüş Gürcüstan sakinləri və tələbələr evdən çölə çıxmamağı qərara alaraq, virusa yoluxma risklərini azaltmağa çalışırlar. Tələbələrin əksər hissəsi bu səbəblə təhsildən yayınırlar.

 

Ancaq mən baş verənlərə görə tövsiyyə edərdim ki, heç bir təşvişə düşməyə əsas yoxdur və təhsildən də yayınmasınlar. Həkimlərin məsləhətinə görə açıq havada gəzən insanın virusa yoluxma ehtimalı yoxdur”.

 

Əminə Elaydin

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir