Modern.az

Azərbaycan parlamentinin qadın spikerləri - Qafarovalar

Azərbaycan parlamentinin qadın spikerləri - Qafarovalar

Parlament

10 Mart 2020, 16:21

Bu gün altıncı çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri Sahibə Qafarova seçilib.

 

Modern.az xəbər verir ki, Sahibə Qafarova müstəqillik dövründə Azərbaycan parlamentinin sədri seçilən ilk qadın deputatdır.

 

Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.

Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

Uzun illərdir ki, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında, AVRONEST-də təmsil edir.

Sahibə Qafarova IV və V Çağırış Milli Məclis deputatı, VI Çağırış Milli Məclisin spikeridir.

 

Xatırlatmaq lazımdır ki, Azərbaycanın SSR Ali Sovetinin dövründə də qadın spikeri olub. Bu Elmira Qafarova idi. O, 1990-1992-ci illərdə Azərbaycan parlamentinin sədri vəzifəsində çalışıb.

 

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olub. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirib.

1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU – indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.

ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955-58-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışıb.

1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilib.

 

E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışıb.

Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilib və 1966-1970-ci illərdə bu vəzifədə işləyib. E.Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi sahəsində xeyli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirib.

 

E.Qafarova 1970-1971-ci illərdə AKP MK-nın mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi, 1980-1983-cü illərdə isə Azərbaycan SSR maarif naziri olub.

 

E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunub. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilib, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti" qəbul olunub, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü