Modern.az

“İlham Əliyevlə müsahibə istəyimiz yarım saata həll olundu”

“İlham Əliyevlə müsahibə istəyimiz yarım saata həll olundu”

16 Aprel 2012, 14:03


Xəbər verdiyimiz kimi ötən həftə Türkiyənin TRT - Televiziya və Radio Yayın Birliyinin Bakı bürosunun rəhbəri Yüksel Deyercan Modern.az saytının qonağı olub. Y.Deyercanla müsahibəni təqdim edirik.

- Yüksəl bəy, istərdik ki, öncə özünüz haqqında bir qədər məlumat verəsiniz.

- Mən 1964-cü ildə Ankara ilə İstanbul arasında olan gözəl bir şəhərdə - Boluda doğulmuşam. Bolu həm də Koroğlunun məmləkətidir. Koroğlu türk dünyasında Azərbaycanda, Türkmənistanda, Özbəkistanda tanınan bir qəhrəmandır. Ona hamı sahib çıxsa da, bütün ölkələrin bir Koroğlusu var. Mən də o Koroğlunun nəvələrindənəm. Ali təhsili Ankarada almışam, universiteti bitirdikdən sonra TRT-də çalışmağa başladım. Artıq 21 ildir ki, TRT-də işləyirəm. Bu müddət ərzində Türkiyədə TRT xəbər mərkəzində "Yurd xəbərləri" bölümündə rəhbər, daha sonra TRT xəbər rəhbəri, sonra isə TRT xəbər koordinatoru vəzifələrində işləmişəm. Azərbaycana isə, öz istəyimlə müxbir kimi işləməyə gəlmişdim, Bir müddət əvvəl təmsilçisi vəzifəsinə təyin olundum. Mən özümü qısaca olaraq belə tanıtdım. Evliyəm, iki övladım var və onlar indi Türkiyədədirlər.

- Televiziya sahəsini seçməyiniz hansı istəkdən qaynaqlanmışdı?

- Mənim fikrimcə peşəsindən aslı olmayaraq, istər həkim, istər müəllim, istər iqtisadçı kim olursa olsun hər kəsin ürəyində bu sənətə böyük istək var. Mən universitetdə iqtisadiyyat fakültəsində oxuduğum illərdə, jurnalist olmaq istəyirdim. "Bunu necə etməliyəm" deyə düşünərkən TRT-nin elan etdiyi imtahanlara qatıldım və qazandım. Bundan sonra TRT-də çalışmağa başladım. İçimdə bu istək əvvəldən var idi və mən müxbir işləməyə başladım. İşlədiyim yer TRT olduğu üçün daha çox maraqlıydım. Bu gün də TRT xəbər mərkəzi olaraq, Türkiyəni aydınlatmağa çalışıram və bunula da qürur duyuram.

- Kəskin rəqabət şəraitində TRT-nin Türkiyə telekanalları arasındakı yerini necə qiymətləndirirsiniz?
- Bir zamanlar həqiqətən də TRT ölkə televiziyaları ilə müqayisədə geri qalırdı. Ancaq son 10 ildə TRT önəmli məsafə qət edib. Bu gün TRT dünya mediasında ən önəmli yayın quruluşlarından, Türkiyə Cümhuriyyətinin ən önəmli qurumlarından biridir. 48 illik yayın təcrübəsi ilə TRT 14 televiziya kanalı, 18 radio  və 35 dildə internet yayımını həyata keçirir. TRT-nin müxtəlif jurnalları da var. Bundan əlavə TRT “Euronews”la, BBC ilə əlaqəli işləyir. Qarşıdakı dövrdə ingiliscə bir telekanalın fəaliyyətə başlaması da gözlənilir. Bu kanallar Türkiyənin hər yerinə, dünyanın 4 qitəsinə yayımlanacaq gücdədir. Dünyanın sayılan quruluşları arasında olmaq, söz sahibi olmaq son dərəcədə önəmlidir. Dünyanın ən sözükeçən qurumları arasındayıq və getdikcə güclənirik. Hazırladığımız xəbərlər, proqramlarla dünyanın hər yerinə yayımlanacaq gücdəyik.

- TRT ilə müqayisə edərkən, Azərbaycanda fəaliyyət göstərən telekanalların vəziyyəti haqqında nə deyə bilərsiniz?

- İlk öncə qeyd edim ki, Azərbaycan gənc bir cümhuriyyətdir və qurumlarının da bir çoxu çox yeni yaradılıb. Azərbaycan televiziyası, qəzetləri çox böyük bir inkişafdadır. Bunu görməmək mümkün deyil. Belə bir təcrübənin olduğu, mədəniyyəti, yazarları olan bir ölkədə televiziya da surətlə inkişaf etməlidir. Mən düşünürəm ki, Azərbaycanda da televiziyalar surətlə inkişaf edərək, qısa bir müddətdə Türkiyə ilə yarışa girə biləcək bir vəziyyətə düşəcək. Onu da deyim ki, Azərbaycan hələ 20 yaşındadır. Buradakı insanlar çox ağıllıdırlar. Onlar istədikləri kanalları izləyə bilərlər. Buradakı kanal rəhbərləri də dünya kanallarına baxaraq, öz əksiklərini düzəltməyə çalışmalıdırlar və çalışacaqlar. Həqiqətən media mənsubları çox zəkalı insanlardır. Mənim fikrimcə 3-5 ilə Azərbaycan televiziyaları da bəlli bir səviyyəyə qalxacaq.

- Bəs, Azərbaycan televiziyalarında serial çəkilişinin səviyyəsi haqda nə deyə bilərsiz? Bilirsiniz ki, may ayından Azərbaycan telekanallarında əcnəbi serialların yayımının dayandırılması gözlənilir...

- Mənə elə gəlir ki, burada başlıca məsələ ayrılan maliyyənin həcmidir. Bilirsiniz ki, Türkiyə son illərdə serial sahəsində böyük məsafə qət etdi. Bir zamanlar bizlər Cənubi Amerika ölkələrindən serial alırdıq. Bu gün Türkiyə serial ixrac edən ölkəyə çevrilib. Bunun əsas səbəblərindən biri bu sahəyə yetərincə maliyyə ayrılmasıdır. Azərbaycanda hələlik çəkilən serialların büdcəsi çox kiçikdir, Bu büdcə ilə geniş seyrçi toplayacaq, dünyaya çıxa biləcək seriallar çəkmək mümkün deyil.

- Xeyli müddətdir Azərbaycanın İctimai Televiziyası ilə TRT-AVAZ-ın ortaq yayımı dayandırılıb. Səbəb nədir və ortaq yayım nə zaman bərpa olunacaq?

- Bu daha çox Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi ilə bağlıdır. İctimai Televiziya hazırda bu məsələ ilə məşğuldur. “Eurovision” müsabiqəsindən sonra yəqin ki, ortaq yayım davam etdiriləcək.  

- TRT-nin Azərbaycanla bağlı önəmli layihələri olub. Qarşıdakı dövrdə nələr gözlənilir?

- Bunu hər zaman və hər yerdə söyləyirəm. Azərbaycanla Türkiyə bir-birinə ehtiyacı olan iki ölkədir. Soyu bir, dili, dini bir olan iki ölkə. Siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olması ilə yanaşı media sahəsində də əməkdaşlığın yüksək olması lazımdır. Bizim üzərimizə düşən ən böyük vəzifə bu qardaşlığın, bu dostluğun sonsuza qədər sürməsi və xalqların bir-birini daha yaxşı tanıması üçün əlimizdən gələni etməkdir. TRT Bakı ofisi yeni-yeni proyektlər üzərində çalışır. Biz buradakı televiziya kanalları ilə bir çox ortaq proyektlər həyata keçirmək niyyətindəyik. Bundan əlavə bizim "Qafqazlardan əsən yellər" adlı bir proqramımız var. Amma başqa bir proqram da hazırlamaq istəyirik. Qısacası biz burda daha çox proqram yaradıb, Türk Dünyasıyla Azərbaycanı bir-birinə yaxınlaşdıran proyektlər üzərində çalışırıq.

- Yüksəl bəy, bu yaxınlara Azərbaycan prezidenti İlham Əliyevlə geniş və özəl müsahibə götürdünüz. Fransa Konstitusiya Məhkəməsinin məlum qərarına ilk münasibəti də Azərbaycan prezidenti Sizinlə müsahibədə bildirdi. Belə operativ müsahibə götürməyi necə başardınız?

- Bu, gerçəkdən mənim üçün son dərəcə özəl bir reportaj idi. Başqa liderlərlə reportajlarım olub. Amma Azərbaycan prezidenti ilə olan reportaj mənim üçün çox önəmli oldu. Daha əvvəldən, müsahibə üçün müraciət etməmişdik. Bu müsahibə Xocalı soyqırımının 20 illiyinə və eyni zamanda Fransa Konstitusiya Məhkəməsinin məlum qərarı dövrünə təsadüf edirdi. Tam zamanı idi bu müsahibənin. Bilirsiniz ki, ondan daha öncə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bir özəl telekanalına müsahibə vermişdi. Azərbaycan Prezidenti ilə müsahibə də bizim istəyimizlə gerçəkləşdi və inanmazsınız, yarım saatın içərisində həllini tapdı. Fransa Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra Prezident Administrasiyasına müraciət etdik. İstəyimiz uyğun görüldü və yarım saat ərzində müsbət cavab gəldi. Tez-tələsik hazırlanıb müsahibəyə yollandıq. Gerçəkdən mükəmməl bir reportajdı. Mən müsahibəyə görə buradan hörmətli prezidentimizə təşəkkür edirəm.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər