Modern.az

“Deputat seçicilərin səsi olmalıdır, ictimai nəzarəti gücləndirməlidir” - YENİ DEPUTATLARI TANIYAQ

“Deputat seçicilərin səsi olmalıdır, ictimai nəzarəti gücləndirməlidir” - YENİ DEPUTATLARI TANIYAQ

Parlament

16 Mart 2020, 10:13

Modern.az “Yeni deputatları tanıyaq” rubrikasına start verir. Növbəti müsahibimiz 99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilən Nurlan Həsənovdur. Onunla müsahibəni təqdim edirik.

 

- Nurlan Həsənov kimdir sualını versək, bir neçə cümlə ilə necə cavablandırardınız?

 

- Mən Şəmkirdə anadan olmuşam, Gəncədə böyümüşəm, təhsilimi isə Bakıda almışam. Uzun müddət Almaniyada təhsilini davam etdirib, bu ölkədə əldə etdiyim bilik və təcrübəni doğma Azərbaycanın gələcək uğurları üçün tətbiq etməyə çalışan bir gəncəm deyə bilərəm.

 

- Uzun müddət Almaniyada yaşayıb təhsil aldığınızı bildirdiniz. Almaniyadakı həyatınız, təhsiliniz, fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

 

- Bəli, mən 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalvr təhsilimin son ilində təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Bu qərarı verməyimdə bir neçə səbəb var idi: yeni təcrübələr qazanmaq, inkişaf etmiş bir Avropa ölkəsinin hüquq sistemi ilə tanış olmaq və Azərbaycan hüquq sistemi ilə müqayisəli şəkildə öyrənmək, dünyanı kəşf etmək və eyni zamanda müxtəlif mədəniyyətdən yeni insanlar tanımaq…

Alman hüquq sisteminin Azərbaycan hüquq sistemi ilə müəyyən dərəcədə olan oxşarlığı, təhsil və yaşam xərclərinin olduqca ekonomik olması və təhsil keyfiyyətinin çok yüksək səviyyədə olması, Almaniyanın təhsil sahəsində sahib olduğu mükəmməl infrastrukturu, müxtəlif çoxsaylı sahələr üzrə aparılan elmi araşdırmaları və kitabxanaları, geniş hüquq ədəbiyyatının mövcud olduğunu düşünərək Almaniyada təhsilimi davam etdirməyi daha məqsədəuyğun hesab edirdim.

 

Bu planlarımı reallaşdırmaq üçün ilk öncə Bakıda 9 ay ərzində Alman dilini öyrəndim və daha sonra Almaniyannın Bremen Universitetinin Alman hüququ və Müqayisəli hüquq fakultəsində magistr pilləsinə qəbul oldum.

 

Magistr təhsilimi başa vurduqdan sonra 2010-cu ildə Bremen Universitetinin Avropa Siyasi Hüquq Mərkəzinin direktoru, sonradan elmi rəhbərim olan Prof. Dr. Josef Falkenin təklifi ilə 22 yaşımda Bremen Universitetinin hüquq fakültəsində Doktorantura pilləsində təhsilimi davam etdirməyə qərar verdim. Doktorluq elmi işimin mövzusu “Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının möhkəmləndirilməsi və Avropa İttifaqının bu sahədə dəstəyi”.

 

2014-cü ilin yanvar ayında, 25 yaşımda, doktorluq elmi işimi uğurla müdafiə edərək, əla nəticə ilə, Almaniya Federativ Respublikasında Hüquq Elmləri Doktoru (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazandım. Yazdığım doktorluq işi Almaniya Milli Kitabxanasında qeydiyyata alınıb, kitab şəklində nəşr olunaraq Almaniya Universitetlərinin kitabxanalarının rəflərində özünə yer tapıb.

 

Elmi işimdə, müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət strukturlarının inkişafı üçün həyata keçirilən hüquqi islahatlar araşdırılmaqla yanaşı, eyni zamanda Avropa İttifaqının Azərbaycanda hüquqi dövlət strukturlarının inkişafı sahəsində Azərbaycanla olan birgə fəaliyyətini, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində atılan addımları, eyni zamanda Avropa İttifaqı və Azərbaycan Respublikasının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Programı çərçivəsində siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahəsində olan əməkdaşlığının hüquqi- və siyasi elmi təhlili aparılır.

 

- Təhsildən əlavə olaraq Almaniyada nə kimi fəaliyyətləriniz olub?

 

- Doktorluq elmi işimi yazdığım müddətdə, Bundestaq (Almaniya Federativ Respublikasının Federal Parlamenti) tərəfindən Beynəlxalq Parlament təqaüdünə laiq görüldüm və 5 ay Berlin şəhərində, Bundestagda, Sosial Demokratlar Partiyasından olan Federal millət vəkili Steffen-Claudio Lemmenin yanında iş təcrübəsi keçdim. Almaniya Federal Parlamentindəki iş təcrübəsi, mənə Almaniyanın tanınmış siyasətçiləri ilə şəxsən tanış olmaq və hətta Almaniyanın Federal Kansleri xanım Dr. Angela Merkellə tanış olmaq, ünsiyyət qurmaq və ölkəmizin sahib olduğu mədəni dəyərləri və beynəlxalq münasibətlər sistemində üzləşdiyi bir çox siyasi haqsızlıqları xüsusilə Qarabağ reallıqlarını tanınmış siyasətçilərə və digər xalqların insanlarına çatdırmaq üçün gözəl şans verdi.

 

Bu müddətdə “Dağlıq Qarabağ münaqişəsi – Siyasət və Hüququn mübarizəsi arasında” (Berg-Karabach-Konflikt im Spannungsfeld von Recht und Politik) adlı elmi məqalə yazdım, hansı ki, beynəlxalq hüquq normalarına əsaslanaraq, münaqişənin hüquqi aspektlərini aydınlaşdırır və siyasi maraqlar nəzərə alınmadığı halda Dağlıq Qarabağ münaqişəsində Ermənistanın bir çox beynəlxalq hüquq normalarını açıq aşkar pozduğu bir daha sübuta yetirilir.

 

Dağlıq Qarabağ Münaqişəsi haqqında yazdığım bu elmi məqalə, kitapça halına salınaraq Almaniya Federal Parlamentinin kitabxanasına daxil edilib.

 

- Bəs necə oldu ki, seçkilərə qatılmağa qərar verdiniz?

 

- Mən 2014-cü ildə Azərbaycana qayıtdıqdan sonra, ASAN Xidmətdə əmək fəaliyyətinə başladım. 2 ilə yaxın ASAN Xidmətdə çalışdıqdan sonra Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyində, daha sonra isə Prezident Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsində çalışmışam. Kifayət qədər iş təcrübəm var idi. Düşündüm ki, dövlətimizə və xalqımıza millət vəkili kimi daha faydalı ola bilərəm.

 

Digər tərəfdən, bildiyimiz kimi hazırda Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli icra strukturlarında dəyişikliklər, islahatlar aparılır. Mən 2018-ci ildən aparılan bu islahatların davamı olaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini düşünürəm. Cənab Prezident tərəfindən bu islahatlar davam etdiriləcək və bütün bu islahatların mərkəzində sadə dildə desək xalqın daha yaxşı yaşaması durur. Bu baxımdan hakimiyyətin qanunvericilik qolu da daha aktiv daha dinamik olmalı və aparılan islahatlara ayaq uydurmağı bacarmalıdır. Aparılan gəncləşdirmə siyasəti və indiyədək əldə etdiyim iş təcrübəsi millət vəkili seçilə biləcəyimə məndə inam yaratdı və YAP tərəfindən namizədliyimin təsdiq olunması, göstərilən yüksək etimad, dəstək və uğurlu aparılan seçki təşviqat kompaniyası ilə seçkilərdə qələbə qazandım!

 

- Sizcə, millət vəkili necə olmalıdır? Gələcəkdə əsas planlarınız, hədəfləriniz nələrdir?

 

- Hər millət vəkilinin fərqli hədəfləri, planları ola bilər. Seçicilərimlə, seçki dairəmlə sıx əlaqə mənim əsas hədəfimdir! Seçki təşviqatım zamanı seçicilərimə məni tez-tez öz aralarında görəcəklərinə söz vermişəm. Bu sözümün üstündəyəm! Seçki dairəmdə olan problemləri həlli üçün var gücümlə çalışacam. Bu baxımdan dövlət qurumlarının bu problemlərin həllində deputatlarla birgə işləməsi, onlara kömək olması çox vacibdir. Məsələn, mənim seçki dairəmdə çox ciddi su problemi var. Bu problemin həlli mənim qarşımda duran başlıca vəzifədir! İnanıram ki, bu problemlərin həllinə birgə nail ola biləcəyik!

 

Bilirsiniz, biz ölkəmizi 20-25 il öncəki vəziyyətlə müqayisə etsək, əlbəttdə böyük fərqlər olduğu açıq- aşkar görünür. Lakin bu o demək deyil ki, artıq bütün işlər görülüb və biz istirahət etməliyik, işləməməliyik, yatmalıyıq. Xeyr, elə deyil. Dayanmaq olmaz, çalışmaq lazımdır.

 

Mən seçki təşviqatım zamanı seçki dairəmə məxsus kəndlərdə oldum və elə bir kənd yox idi ki, orada problemlə qarşılaşmayım. Cənab Prezidentin dediyi kimi, bizdən, Milli Məclisdən gözlənti odur ki, hər deputat öz seçki dairəsində mövcud olan problemləri ortaya çıxarsın, problemləri səsləndirsin. Əgər biz problemləri səsləndirməsək, bu problemlər necə həll edə bilərik!? Bu mümkün olmaz axı! Nəticədə nə baş verər? Problemlər daha da artar ki, bu nə dövlətin, nədə ki xalqın marağındadır. Cənab Prezidentin başlıca tövsiyəsi də bu oldu ki, millət vəkili millətin vəkili, səsi olmalıdır, ictimai nəzarətin qurulmasında yaxından iştirak etməlidir.

 

Mən də öz seçki dairəmdə ictimai nəzarətin gücləndirilməsinə çalışacam. Bizim hədəfimiz vətəndaşlara xidmət etmək, onların problemlərinin həllinə çalışmaqdır. Bəlkə bütün problemlərin hamısını həll edə bilməyəcəyik, amma onların həll olunması üçün var gücümüzlə çalışacağıq, mübarizə aparacağıq.

 

Gələcəkdə millət vəkili kimi digər əsas hədəfim parlamentin xarici əlaqələrinin inkişaf etdirilməsində yaxından iştirak etməkdir.

 

Mən 2012-ci ildə Almaniya parlamentində iş təcrübəsi keçmişəm, bir çox siyasətçiləri şəxsən tanıyıram, onlarla dostluq münasibətlərim var. Düşünürəm ki, əldə etdiyim beynəlxalq iş təcrübəsi, mövcud əlaqələrim parlamentlərarası əlaqələr üzrə işçi qrupunda uğurlu fəaliyyət göstərməyim üçün mənə kömək göstərəcək.

 

Eyni zamanda, bir hüquqşünası kimi və Almaniya hüquq sistemi ilə tanış olan bir insan kimi ölkə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə, Azərbaycanda həyata keçirilən hüquqi islahatlara öz töhvəmi verə biləcəyimə inanıram.

 

Hər bir halda, qarşımızda dövlətimizin və xalqın daim dəstəyinə ehtiyac duyduğumuz uzun və çətin bir yol var!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır