Modern.az

“Bizi koronavirusdan sevgi xilas edəcək” - RƏŞAD MƏCİD ilə #evdəqal SÖHBƏTİ

“Bizi koronavirusdan sevgi xilas edəcək” - RƏŞAD MƏCİD ilə #evdəqal SÖHBƏTİ

24 Mart 2020, 17:07

“Nə qədər tələb olunursa, nə qədər xahiş edilirsə, o qədər evdə qalmaq vacibdir”

 

Modern.az saytı bu gündən “Evdə qal” rubrikasına start verir. Bu rubrikada ilk həmsöhbətimiz “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. O koronavirusla mübarizə şəraitində evdə keçirilən vaxtın səmərəli etməyin yolları haqqında fikirlərini, öz təcrübəsini bölüşüb. R.Məcidlə müsahibəni təqdim edirik:

 

- Rəşad müəllim, Azərbaycanda da virusla mübarizə üçün xüsusi vəziyyət elan olunub. İnsanlara evdə qalmaq tövsiyə edilir. Sizin üçün buna əməl etmək çətin deyil?

- Mənə evdə oturmaq, küçəyə çıxmamaq problemli məsələ deyil. Bizim nəsil müharibəni, 20 Yanvarı, fövqəladə vəziyyəti, küçəyə çıxma yasağını – hər cür çətinliyi görüb. Ona görə də, bu vəziyyət hiss edirəm ki, gənclər üçün daha çətindir. Mən isə dediyim kimi, günlərlə evdə otura bilərəm.

 

- Evdə oturub nəylə məşğul olacaqsınız?

- İndiyə qədər qaçaraq həyatdan o qədər şikayətlənmişəm ki, seçdiyim xeyli kitabı oxuya bilmədiyimin fərqinə vardım. Hazırda çarpayımın yanında təxmini 20 kitab var, hansı ki, oxumağı lazım bildiyim kitablardır. Artıq 4-cü kitaba keçmişəm – Firuz Mustafanın “Tarixin kölgəsi” kitabını oxuyuram.

Ötən əsrin 1920-22-ci illərində Stalin, Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun görüşündən bəhs edən, tarixi sənədlərlə zəngin kitabdır. Bundan əvvəl isə yarımçıq saxladığım Qabriel Qarsia Markesin  “Eşq və başqa cinlər” romanını, “Tarix və tale” romanını, Kamal Abdullanın Füzuli haqqında yeni kitabını oxuyub bitirdim. Hamıya məsləhət görürəm kitab oxumağı və kitab istəyənlərə də öz kitablarımdan çatdıra bilərəm.

#Evdəqaldığımız vaxtda köməyimizə filmlər də çata bilər. Mən sonu nikbin bitən filmləri sevirəm. Hətta bəzən olurdu ki, bazar günləri türkiyəli mərhum aktyor Kamal Sunalın “Şaban” xarakteri ilə çəkildiyi filmləri izləyirdim, ləzzət alırdım. Bu filmlər insanı bütün mənfi düşüncələrdən azad edir.

Sonuncu baxdığım film elə bu günkü hadisələri aiddır.  2010-cu ildə çəkilən “Yer üzündəki sonuncu aşk” adlı filmdə virusun yayılmasından, yer üzündə gərgin vəziyyət olduğu bir vaxtda insanların biri-biri ilə münasibətləri qabardılır. Bu filmi də tövsiyə edərdim.

#Evdəqaldığım vaxtda sosial şəbəkə statuslarımın artdığını, şeirləri daha çox paylaşdığımı hiss edirəm. Bir sözlə, həyat dinamik davam edir.

 

- Bu müddətdə qidalanmanıza necə diqqət edirsiniz?


- Mən koronavirusdan qorunmaq üçün qırmızı pancardan istifadənin daha faydalı olduğunu oxudum. Maraqlanıb, öyrəndim ki, qırmızı çuğundurdan söhbət gedirmiş. Evdə həyat yoldaşımdan xahş etdim, sarımsaqlı, çuğundurlu dadlı bir salat düzəltdi, üzərinə də limon sıxıb, onu yedim. Baxmayaraq ki, sarımsağı heç sevmirəm, amma bu günlərdə yeməyə məcbur oluruq.

Bununla yanaşı, mən zəncəfil yeməyə adət etmişəm. Bu bitkinin dadı bir az açı olduğuna görə, çox adam sevmir, ya da yeyə bilmədiyindən, çay üçün istifadə edir. Amma mən onu təmizləyib, yeyirəm. Virusa qarşı ən effektiv vasitələrdən biri də məhz zəncəfildir.

Uzun illərdir, hər səhər yuxudan duranda bir qaşıq bal udub, üstündən də su içirəm. Keçən dəfə izlədim ki, alimlər sağlamlıq üçün bu vasitənin də çox faydalı olduğunu deyirlər.

Bəzən internetdə qarşıma çıxan videolarda insanlara əllərini necə yumaq lazım olduğu, necə gigyenik qaydalara riayət edilməli olduğu haqqında fikirlər paylaşıldığını görürəm. Həmin “tapıntı”lara isə öz ironik yanaşmamla, hətta bəzən atmacalarla münasibət bildirirəm.

 

- Belə görünür ki, koronavirusla mübarizə vaxtında da həyatınız aktivdir.


- Əlbəttə. Aktivlik insanın öz əlindədir. Kitab oxuyanda da, filmə baxanda da aktiv olmalısan.

 

- Amma nə qədər evdə başımızı qatmağa məşğuliyyət tapsaq da, koronavirusun neqativ enerjisini üstümüzdə hiss edirik. Bu neqativdən qurtulmaq üçün nələr edirsiniz?

- Bu ani olan bir hisdir. Sosial şəbəkələrdə bəzən həddindən çox neqativ yayırlar. Uzun müddət olmasa da, anidən mən də bu cür neqativ informasiyaların içərisinə düşürəm. Amma ailə üzvlərimə də məsləhət görmüşəm ki, bu məqamda mümkün qədər pozitivliyi saxlamaq lazımdır. Mənim evdə bir pozitivim, həyatımın mənası, gözəl nəvəm – İpəyim var. Onu görəndə virus, dünyanın fırlanmağı yadımdan çıxır. Ümumiyyətlə, pozitivliyin tərəfdarıyam, hamıya da bunu arzulayıram.

 

- Bütün bunlara baxmayaraq, sanki biz XXI əsrdə, göz görə-görə dustaqlığın daha fərqli formasını yaşamağa məcbur oluruq. Siz də belə düşünürsünüz?


- Statuslarımın birində yazmışdım ki, sanki bu bir ekspertimentdir. Elə bil dünyanı nəyə isə hazırlayırlar, hansısa fəlakətdən sığortalanmaq üçün dünya bir sınaqdan keçir. Yoxlayırlar ki, lazım olarsa, dünya bir yumruq kimi birləşib, evdə qala bilərmi? Mən burada qorxulu bir şey görmürəm. Atalar sözümüz var, ellə gələn hər şey toy-bayramdır. Biz də bu virusa toy-bayram kimi baxıb, vəziyyətdən necə çıxmağın yollarını axtarmalıyıq.

 

- Belə deyilir ki, dünyadakı bütün münasibətlər sistemi sıfırlanacaq. Həm mədəni, həm siyasi, həm də insanlar arasındak şəxsi münasibətlərdə ciddi dəyişiklik olacaq. Bu iddialara münasibətini necədir?

- Mən belə bir status da yazmışdım: “Dünya yorulub, nəfəsini dərir, yenidən fırlanmağa başlayacaq”. Hərdən dayanıb, hər şeyə yenidən başlamaq lazımdır. Mən hesab etmirəm ki, dünyanın axırıdır. Qorxmaq lazım deyil. Sadəcə belə bir məqamda insanların biri-birinə münasibətində mərhəmət hissi də artır. Çünki virus varlıya, kasıba, yaşlıya, cavana baxmır.

 

- Axı həm də deyirik ki, münasibətlər sıfırlanacaq?


- Virusun insanların yaddaşına təsir etməyəcək. Düzdür, son zamanlar çəkilən filmlərin çoxu unutqanlıq, alzeymer kimi problemlərə həsr olunub. Elə bu filmlərdən də hiss edirsən ki, dünyanı idarə edən müəyyən bir güc var. Amma bəzi filmlərdə epidemiya, virus, qorxu vəziyyətində insanların özünü necə aparmasından söhbət gedir. Mən belə düşünürəm ki, bəzən unutmaq yaşamağa kömək edir.

 

- Unutmağa kimsə olmadıqda necə olur?


- Unutmağa həmişə kimsə var, keçmiş var...

 

- Valideynlər uşaqların texnologiyaya maraqlı olmasından, ünsiyyətdən qaçmasından şikayətlənir. Nisbətən yaşlı nəsil domino, nərd, loto, şahmat kimi oyunlara maraq göstərir. Uşaqlar və gənclər isə kompüter oyunlarına, telefon və planşetlə internetdə dolaşmaqdan yanadırlar. Bu zaman ortaq nöqtəni necə tapmaq olar?

- Mənim bu kimi oyunlara açığı, marağım yoxdur. Tez yoruluram. Həm də hesab edirəm ki, bu cür oyunlara sərf edilən vaxt itirilmiş vaxtdır. Ondansa, vacib işlərimizi həll edə, baxılmalı filmlərə baxa, oxunmalı kitablarımızı oxuya, dinləməli musiqiləri dinləyə, yazışmalı olduğumuz adamlarla ertələmədən yazışmalıyıq.

Texnologiyaya maraq göstərdiyinə görə uşaqları qınamıram. Onlar bunun içərisində böyüyüblər. Uşaqlar üçün valideynləri o qədər maraqlı deyil. Əllərindəki telefonda o qədər maraqlı oyunlar, proqramlar var ki...

 


- Sizin sevgi ilə bağlı şeirləriniz, statuslarınız, fikirləriniz var. Maraqlıdır, sizcə, koronavirus dövründə sevgilər necə olur? Koronavirus adama sevgi tapdıra bilərmi?

- Epidemiya, viruslar dövründə sevgilər haqqında maraqlı kitablar ərsəyə gəlib. İnsana eksterimal situasiyada, çıxış yolu qalmayanda ayaqda qalmağa kömək edən sevgidir. Mən 30 ilə yaxındır, Nitşenin fikrini tez-yez səsləndirirəm: Sevgi yaşamağın yeganə və sonuncu şansıdır. Bütün viruslardan sevgi ilə xilas olmaq olar.

 

- Rəşad müəllim, niyə rayona getmədiniz?

- Sözün düzü, İsmayıllıya, İvanovka kəndinə getmək istədim. Amma görürəm, hamı təkidlə evdə qalmağın lazım olduğunu deyir. Həm də rayona getsəm, 1-2 gündən artıq qala bilmərəm, darıxaram.

 

- Düşünürsünüz ki, ayrı-ayrı şəxslər ümumi qaydalara, qadağalara riayət etməlidirlər?

- Koronavirusla bağlı məşhur yazıçı Yuval Hararinin fikirlərini maraqla dinlədim. O qeyd edirdi ki, bir qədər daha avtoritar, qadağalara əməl edən ölkələrdə virusun yayılması zəif olur, tez can qurtarmaq mümkündür. Məsələn, Çin ciddi rejim tətbiq etməklə virusdan nisbətən sığortalana bildi. İtaliyanlar isə daha sərbəst təbiətli, qadağalara əməl etməyən olduqlarından virusla mübarizədə uduzurlar. Ona görə belə məqamlarda bir bayraq altında birləşməyi, deyilənlərə əməl etmək daha yaxşıdır.

 

- Eviniz üçün ərzaq almağa kimi göndərirsiniz?

- Oğlum, hərdən bir isə həyat yoldaşım gedir. Həyətimizə yaxın mağaza təhlükəsizdir. Yaxınlıqdakı mağazalara isə özüm də gedirəm.

 

- Gəzintiyə çıxırsınız?


- Mən adətən səhərlər gəzirəm. Gəzintini bitirəndən sonra isə səhər yeməyi yeyirəm. İndi kafe və restoranlar günorta saat 3-ə qədər işləyir.

 

- Bakıya giriş bağlanıb, təhsil müəssisələri fəaliyyətini dayandırıb, şəhər isə bu vəziyyətdə çox boş görünür...

- Amma mən şəhərin bu vəziyyətini çox sevirəm. Adətən, səhərlər gəzintiyə çıxanda da şəhəri bu cür boş  olur. Onda sanki şəhər bütün çılpaqlığı ilə insana xoş təsir bağışlayır.

 

- Azərbaycan mediasının koronavirusla bağlı yazıları, sujetləri sizi qane edirmi?


- Mediamız əsasən peşəkar işləyir. Amma bəzən olur ki, mən özüm də irad bildirirəm, bəzi informasiyaları oxuyanda. Elə xəbərlər var ki, onu verməyə ehtiyac yoxdur. Xüsusilə qeyri-peşəkar insanların həyəcanından yaranan informasiyalar yayırlar, xof yaradırlar. Ona görə, təklif edərdim ki, mediamız daha çox nikbin ovqat yaradan, xoş informasiyalara üstünlük versin.

- Rəşad müəllim, rubrikamızın adı “Evdə qal”dır. Evdə qalaqmı?

- Nə qədər lazımdırsa, nə qədər tələb olunursa, nə qədər xahiş edilirsə, o qədər evdə qalmaq vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı