Modern.az

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ  #evdəqal söhbəti

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ  #evdəqal söhbəti

26 Mart 2020, 17:12

Azərbaycanda təhsil eksperti deyəndə ilk Etibar Əliyev yada gəlir. Azərbaycanda ən çox mütaliə edənlər siyahısında da o, ilk yerdə dayananlardandır. Söhbət Milli Məclisin deputatı Etibar Əliyevdən gedir.

 

Bu səbəbdən də Etibar Əliyevlə Modern.az-ın YENİ DEPUTATLARI TANIYAQ layihəsində görüşmək doğru olmazdı. Axı onu hamı tanıyır.

Baxmayaraq ki, bu, Etibar Əliyevin deputat olaraq ilk müsahibəsidir.

 

Ona görə də deputatla “Evdə qal” rubrikasında görüşdük. O, bütün dünyanın koronavirusla mübarizə şəraitində evdə keçirilən vaxtın necə səmərəli etməyin yolları haqqında fikirlərini bölüşdü.

 

- Etibar müəllim, deyəsən altıncı çağırış Milli Məclis düşərli olmadı. Koronavirus dövrü başladı. Heç yeni deputatlarla bu barədə müzakirəniz olubmu?

- Koronavirusu qoyaq bir tərəfə. Milli Məclisin tərkibinə 42 yeni deputatın seçilməsi Parlament tariximiz üçün əhəmiyyətli hadisə oldu. Bura Parlament rəhbərliyinin, bir neçə Komitə sədrlərinin və müavinlərin dəyişməsini də əlavə etmək olar. Koronavirus iclasların keçirilməsində və iclasların vaxtının dəyişməsində rol oynadı. Bizə ancaq belə düşərli olmadı. Düşər- düşməməzlik məsələsinə qalanda seçkilərin tarixinin mart ayına düşməsi necə olardı? Mən misalı söz gəlişi dedim. Və fatalizmdən çox uzağam.

 

 - Xaraktercə ictimai aktiv şəxsiniz. Evdə qala bilirsiniz?

- Hər bir insanın müəyyən fəaliyyət rejimi var. Mən Milli Elmlər Akademiyasının əməkdaşı olmuşam. İşdən çıxandan sonra ən çox üz tutduğum yer “Libraff”, “Bakı Kitab Mərkəzi” və  Elsonun bukinisti olub. Müasir kitab mağazalarında kitablarla tanışlıq üçün olduqca gözəl şərait yaradılıb. Bir stəkan çay, yaxud qəhvə sifariş edib, saatlarla kitablarla tanış olmaq mümkündür. Artıq bir neçə gündür ki, həmin məkanlara gedə bilmirəm. Evdə qalmağın bir üstünlüyünü də deyim. Mənim tərtib etdiyim “Yeni təhsil, tərbiyyə və elm antologiyası” və “Məktəbli fəlsəfəsi” kitablarımın tirajları qurtarıb. İmkan tapıb onların yenidən redaktəsi və təkrar çap olunması ilə məşğulam. Əlbəttə ki, buna görə koronavirusa təşəkkür düşmür. (gülür)

 

- Siz daha çox təhsil adamısınız. Şagirdlər də, tələbələr də, müəllimlər də evdə qalırlar. Onlara vaxtlarının səmərəlıi keçməsi üçün təklifləriniz nədən ibarətdir?

- Koronovirusla bağlı təhsilin bütün pillələrində müəyyən fasilə yarandı. Bu hadisə onu göstərdi ki, tədrisdə alternativ üsullara üstünlük vermək lazımdır. Bir misal çəkim. Koronavirusun ilk baş qaldırdığı Çində valideynlər yalnız yığıncaqlar və "Açıq qapı” günlərində məktəbə gələ bilirlər. Bu günlərdə istənilən şəxs dərslərin necə keçirilməsini müşahidə edə bilər. Yerdə qalan gündəlik suallarla bağlı valideynlər müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlayırlar. Deyəsən biz də buna artıq öyrəşməyə başlayacağıq. Mövcud vəziyyət həm də onu təlqin etdi ki, müəllimi müəyyən mənada əvəz edə biəcək dərsliklər yazmaq lazımdır. Elə dərsliklər ki, şagirdlər onlardan sərbəst şəkildə istifadə edə bilsinlər. Mövcud vəziyyət həm də fədakar, peşəsinə hörmətlə yanaşan müəllimləri ayırdı. Şagirdlərinə fənn proqramını düşdüyü vəziyyətdən asılı olmayraq mənimsətməyə çalışan müəlliləri nəzərdə tuturam. Əslində bunun üçün müəyyən platformalar da var. Bu cür müəllimlər rəğbətləndirilməlidirlər. Ali təhsilə gəldikdə isə yalnız bir Universitet - UNEC distant təhsilə hazır idi. Universitet müəllimləri öz mühazirələrinin videolarını internetdə yerləşdirməklə tələbələrə kömək etmiş olardılar. Təəssüflər olsun ki, belə ənənə bizdə təşəkkül tapmayıb. Beynəlxalq təcrübədən bir misal çəkim: Süni intellek üzrə görkəmli mütəxəssis Sebastyan Trun elektron məlumat yaydı ki, onun internet vasitəsilə oxuduğu mühazirələr çalışdığı Stenfordun tələbələri ilə yanaşı bütün maraqlananlar üçün də faydalı ola bilər. Qısa bir vaxtda onun mühazirələrini 10 minlərlə insan dinlədi. Və onların 400 nəfəri Stenfordun tələbələrindən daha yüksək nəticə əldə etdilər.

  

- Etibar müəllim, seçicilərinizlə necə, Online əlaqə qura bilirsiniz?

- Seçicilərimlə ilk görüşüm mart ayının 20-də olmalı idi. Lakin məlum səbəblərdən təxirə salındı. Online əlaqələrimiz demək olar ki, hər gün olur. Bir məsələni qeyd edim ki, seçki zamanı mənim vəkillərimin 10-u da seçki dairəsinin ərazisində uzun illərdir yaşayan nüfuzlu şəxslər olublar. Onların içərisində həkim, müəllim, mühəndis və digər peşə sahibləri var. Vəkillərim vasitəsilə də seçicilərlə əlaqə qururam. Maraqlıdır ki, yaşlı nəslin nümayəndələri problemlərlə bağlı daha çox deputatı axtarırlar.

  

- Dostlarla necə əlaqə saxlayırsınız?

- Koronavirus həm də mövzu qıtlığı yaratdı. İndi yalnız mövzu odur. Dostlarla ünsiyyətdə dərhal düşünürsən ki, görəsən virusdan nə xəbər var.... Kronovirus mövzusundan kənara çıxıb, Antik yunan təmsil ustası Ezopdan bir təmsil deyim, bəlkə güldük. “Zevs bayram təşkil edib və bütün heyvanlar üçün yemək süfrəsi düzəldib. Qonaqlığa təkcıə tısbağa gəlməyib. Tısbağa fikirini belə izah edib: “Qonaqlıq yaxşıdır, ev ondan da yaxşıdır.”  Bundan hirslənən Zevs onu öz şəxsi evini kürəyində çəkməyə əbədi olaraq vadar etmişdi.”

 - Sizcə koronavirus cəmiyyətdə “İnternet xəstəliyi”ni gücləndirməyəcək ki?    

- Cəmiyyəti şərti olaraq iki yerə bölək. Kitab oxuyanlara və kitab oxumayanlar. Kitab oxuyanlar həm də internetlə münasibətləri tənzimləyirlər. Kitabı oxuyub qeydlər aparmaq, məqalə yazmaq və oxuduğunu bölüşə bilərsən. Təsadüfi deyildir ki, nüfuzlu sosial tədqiqat mərkəzləri ölkələrin əhalisini kitab oxuma reytinqini tərtib edirlər.  Maraqlı bir məsələyə toxunum.  10-12 il bundan öncə ABŞ-da elektron kitabların ortaya çıxması ilə yaranan bum son iki ildə sönməyə başlayıb. 2015-ci ilin sorğularına görə yalnız 12-14 faiz amerikalı elektron kitab alıb. 59 faiz respondent bildirib ki, elektron kitab almaq istəmirlər. Buna görə də dünuya “Hörümçək toru”ndan aludəçiliyin yollarını axtarır. Düşünürəm ki, orta məktəb şagirdlərinin də kitab oxumağa həvəslərinin artırılması istiqamətində maarifçilik işləri genişləndirilməlidir.

 

 - Millət vəkili kimi ölkədə koronovirusa qarşı mübarizəni necə qiymətləndiridrsiniz?

- Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar nümunəvi addımlardır: İanə fondunun yaradılmasını, karantin rejiminin tətbiq olunmasını müsbət dəyərləndirirəm. Qalır maarifçilik işlərinin miqyasının genişləndirilməsi. Düşünürəm ki, bu istiqamətdə müəyyən boşluqlar var. Sosial şəbəkələr insanları televiziyalardan ayırıb. Sayiələrin ən çox qaynaqlandığı yer isə sosial şəbəkələrdir. Bu yaxınlarda Kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt maraqlı bir ifadə işlətdi: "Əsas məsələ panikanı nəzarətə götürməkdən ibarət olmalıdır".İndi sosial şəbəkələrdə kiminsə dünyasını dəyişməsi haqqında məlumat veriləndə dərhal düşünülür ki, ölüm halı koronavirusdan baş verib. Bu məsələdə vətəndaşlar həm məsuliyyətli, həm də intizamlı olmalıdırlar. İntizamlılıq cəmiyyətin xeyrinədir. Məsuliyyətli olmaq isə insanın öz xeyrinə. Yaxşı olardı ki, indiki situasiyada insanlarımızda bu iki keyfiyyət birləşsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir